Bu gün günlərdən hansı idi? Xatırlamadım. Xatırlasam, nə dəyişəcəkdir ki? Məgər ayın, günün bir fərqi var? Ən əsası da bir ölü üçün?
Deyilənə görə xəstəliyim şiddətlə davam edirdi. Amma mən heç nə hiss etmirdim, əksinə hər ötən gün özümü daha yaxşı hiss edirdim. Nəfəs alanda da ciyərlərimə qədər havanın getdiyini düşünürdüm, əvvəllər isə elə bil boğazımda düyümlənib qalırdı.
Bu gün gedərkən yolum qəbristanlığın yanından düşdü. Yanındakı evlərə baxdım bir də səssiz-səssiz boylanan məzar daşlarına, düşündüm bunlar evdirsə, soyuq-soyuq baxanlar nədir? Həm hansı bizim evimizdir? Burada ucalan yaraşıqlı bina, yoxsa orada boyumuzu aşmayan soyuq daşlar? Üç otağa sığmayanlar orada necə yaşayacaqlar? Görəsən buradakı evi ora aparmaq mümkündür? Qəribə suallarla ötüb keçdim oradan, bəzilərinə cavab tapdım, bəziləri cavabsız qaldı.
Bu gün yenə o, xoşum gəlməyən adamı gördüm, birilərindən ona yardım etməsini istəyirdi. Sonra onun yanından ötüb keçəndə məndən də yardım istədi. Əvvəllər üzünə baxmazdım, keçən günlərdə də salam vermişdim. Əvvəllər olsaydı “üz verdim deyə astar istəyir”, deyə düşünərdim. Amma elə düşünmədim, lap ürəkdən kömək etdim. Məmnun baxşılarla baxıb “təşəkkür” etdi. Artıq özümü hər hansı sağalmaz bir xəstəlikdən sağalırmışam kimi hiss etdim.
Amma məni tanıyanlar və ona yardım etdiyimi görənlər "Sənin halın-hal deyil", dedilər, "səndən nə əcəb?" Mən artıq heç kimi dinləmirdim, çünki onlar mənə yaxşı təsir bağışlamırdılar. Onların yanında yorulurdum, insanlarla söhbət etmək məni yorurdu.
Bu gün kor birini gördüm, əlində yemək yeyirdi, yaxından baxanda yeməyin onu yediyini demək daha doğru olardı. Yemək bütün ətrafına saçılmışdı, o, isə boş qaba əlini sürtüb ağzına bir şeylər aparmağa çalışırdı. Ürəyimdən nəyinsə qırıldığını hiss etdim, hətta səsini də eşitmiş kimi oldum. Kor olan o idi, ya biz? Axı insanlar niyə belə qəddardı? Onun yerində özümü düşündüm yəqin ki, diqqətsizlikdən ürəyim dayanardı. O, isə heç nə olmamış kimi boş qabdan yemək yeməyə çalışırdı. Əvvəllər hər kəs öz əməlinin cəzasını çəkir deyirdim, düzünü deyim, indi də elə düşünürəm. Əgər elədirsə, sabah mən də bu əməlimin cəzasını çəkəcəm. Bu niyyətlə yanında oturdum. Doydunmu? - deyə soruşdum. Əslində yerə səpilmiş yeməklərdən cavab bəlli idi. İlk dəfə uşaqlar istisna olmaqla birinə əlimlə yemək yedizdirirdim.
Evə bitkin gəldim. Bu gün həyatımda “ilk”lərin günü idi. Çünki bu gün ilk dəfə səsli ağladım, hətta gözümdən yaş da süzüldü. Necə də gözəlmiş səsli ağlamaq İlahi!
Bu gün sağalmaq yolunda yeni bir addım atmış kimi hiss etdim özümü, hər nə qədər mənim xəstə olduğumu düşünsələr də. Əslində xəstə olan mən deyildim, məndəki o biri mən idi. Mən də onu sağaltmaq istəyirdim.
Kimsə məni anlamır, heç istəmirəm də anlasınlar. Onlar özlərini anlasalar, mənimlə işləri olmaz. Özlərini sağaltmaqla məşğul olarlar. Onlar məndən də xəstədirlər, ən azından mən sağalmaq istəyirəm, onlar isə xəstəliyin onlara verdiyi ağrı ilə digərlərinə təzyiq göstərirlər.
Ölmüş birinin gündəliyi: bu gün hansı gündə olduğumu xatırlamadım.