Qadin.NET / Xəstəliyin aşkarlanması

Xəstəliyin aşkarlanması

Xəstəliyin aşkarlanması

Bir gün dünyaya bir uşaq gəldi. Hər kəs sevincli, nəşəli idi. Gözəl hədiyyələr alan kim, gözəl adlar düşünən kim, hər kəs çox xoşbəxt idi. Həmin an bir şeyin fərqinə vardım. Bu uşaq da öləcək. Onda niyə yaşlaşınca bir ayağın çuxurda olur ki? Onsuz da doğulanda bir ayağın çuxurda doğulursan. Sonra sual verdim görəsən hansımız ilk öləcəyik ? Cavab tapa bilmədim, həyatda başımıza nə gələcəyi haqqında heç bir məlumatımız yoxdur. Bu fikirlə küçəyə çıxdım, qarşıma heç vaxt sevmədiyim, görəndə yolumu dəyişdirdiyim qonşumuz çıxıdı. Həyatımda ilk dəfə ona:

- Salam. Dedim

O - Ələyküm salam, necəsən ? Evinizdəkilər necədir?

 - Çox sağ ol yaxşıdılar. Mən də yaxşıyam, heç vaxt olmdığım kimi yaxşıyam.

 Uşaq vaxtı elə düşünürdüm ki, mən yeridiyimdə günəş də mənimlə yeriyir, ətrafıma işıq saçmaq üçün, bu gün də elə hiss etdim. Böyüyəli bunları heç xatırlamırdım. Sonra sürətləndim, günəşi sınamaq istədim baxdım ki, yenə mənimlə addımlayır. Bu gün uşaqlaşmışdım, ya böyümüşdüm, anlamadım. Getdiyim evdə başqaları haqqında danışırdılar. Mən filmi irəli çevirmiş kimi onları izdəyirdim. Hərəkətlərini görürdüm, lakin eşitmirdim. Sonra məndən nəsə soruşdular, mövzudan xəbərsiz idim deyə donuq gözlərlə onlara baxdım.

 “Onsuz da bu dünyanın adamı deyildi. İndi lap betər olub“, dedilər. İlk dəfə idi bu söz məni incitmədi. Çünki çox doğru deyirdilər. Mən bu dünyanın adamı deyiləm. Çox sevindim, çox, hər kəs fərqindədir. Kimsə bu dünyanın adamı deyil ki, onları da sevməyə başladım. Evə qayıdarkən yenə o xoşum gəlməyən adamı gördüm, bayaq salam vermişdim deyə ikinci dəfə vermədim. Amma üzünə gülümsədim. O da gülümsədi.

Evə çatanda anamın iş gördüyünü gördüm, tez ona kömək etdim. Daha doğrusu ona icazə vermədim, bütün işi özüm gördüm. Sonra çay dəmlədim, gedib onun sevdiyi konfeti alıb gətirdim, birlikdə çay içdik. Hər ona baxdığımda qucaqlayıb öpdüm. Anam bu dəyişikliyə məəttəl qaldı. Əslində həmişə etdiyim hərəkətlərdi. Amma bu dəfə həddi aşmışdım. Anam dedi : - Yuxuda mənim öldüyümü filan görmüsən, ya xəstələnmisən? Çiyinlərimi çəkərək yox dedim. Əslində yuxuda idim, oyandım. Hər kəs bir gün gec, bir gün tez öləcəkdir. Amma mən bunu daha tez öyrəndim. Dəyişməyə qərar verdim. Hər kəs məndən qorxmağa başladı, xəstə olduğumu düşündülər. Yediyim yeməkdən pişiyə verəndə diaqnozlarında haqlı olduqlarına tam əmin oldular. Əslində mən heyvanları da, insanları da sevirəm. Bu gün bazarda pulumun çoxunu dilənçilərə verdim. Əslində dilənçiləri heç sevmərəm, oğru ilə bir tutaram onları, amma bu gün nədənsə onları da sevdim, həm də çox, hətta dua edəndə də onlara çox sağ ol deməyi unutmadım. Bu gün evə köhnə bir geyimdə gəldim, amma evdən çıxanda təzə aldıqlarımı geyinmişdim. Anam soruşdu, geyimin hanı ? Ehtiyacı olana verdim, dedim. Sən həqiqətən xəstəsən dedi. Özünün geyimin belə çoxdur? Təzə geyimin bircə onlar idi. Mənim heç nəyə ehtiyacım yoxudr ki, ölənə qədər bu köhnələrlə keçinərəm. Həm ölü insan nə bilir ki, üstündəki təzədir, ya köhnə? Məgər biz diri insanlarıq?

Ölmüş birinin gündəliyi: 30 fevral 200?

4 sentyabr 2015
GO BACK