Qadin.NET / Kimdir müqəssir?

Kimdir müqəssir?

 

Kimdir müqəssir?

 

Vüsal məktəbə gedəcəyini eşidəndə çox sevinmişdi. Çünki onun bütün dostları artıq bu il məktəbə gedəcəklərini deyir və bununla fəxr edirdilər. Hələ gombul Adilin qarnını qabağa verərək, 

- Ay Vüsal, bəs sən oxumuyacaqsaan? - deyib mırışmağı Vüsalı özündən çıxarırdı. 

Bir tərəfdən Adilə, digər tərəfdən də valideynlərinə əsəbiləşirdi ki, onu niyə məktəbə yazdırmırlar. Məktəbə gedəcəyini eşidəndə isə sevincindən yerə-göyə sığmırdı. Sən bir işə bax ki, artıq bir aydır məktəbə gedir, amma bu bir ay ərzində o çatdırıb iki də ala bilmişdi. Özü də ən yağlısından. 

Axşam anası ona dərsini bitirməyini tapşırmışdı? amma Məsi ayaqlarına dolaşır və oynamaq istəyirdi. Vüsal dəftərini qabağ;na qoyub yeni öyrəndiyi rəqəmləri diqqətlə yazmaq istəyirdi. Amma Məsi tək qalmalı olacaqdı axı, Vüsalın buna ürəyi dözmürdü. Axı pişiklə oynamaq lazımdır! 

Heç belə də iş olar ki, Məsi səninlə oynamaq istəyə, sən isə ona fikir verməyəsən. Məsi Vüsaldan əl çəkmirdi deyə dəftər bağlanmış və oyun saatına başlanılmışdı. Vüsal pişiklə o qədər oynamışdı ki, dərsini etməyə vaxtı qalmamışdı. 

- Vüsal, dərsini bitirdinmi? 

Ay amaan, artıq çox gecdir. Etmədiyini desə, danlanacaq. Hətta anası ondan küsə də bilərdi. Etdiyini də deyə bilməzdi, axı heç nə etməmişdi. Götür-qoy etdikdən sonra, 

 

Kimdir müqəssir?

 

 

- Həə, ana. Bitirmək üzrəyəm, - deyib tez-tələsik rəqəmləri yazmağa başladı. 

Rəqəmlər xanaların içində uçuşurdu, hətta kökəlib xanadan çıxanları da olmuşdu. Bax, elə buna görə də yağlı iki alaraq suyu süzülə-süzülə evə gəlmişdi. İndi isə dəftərini anasına göstərmək istəmirdi. Çünki yaxşıca danlanacağından qorxurdu. Axı Məsi də ən az onun qədər günahkar idi. Məsi onu məcbur etməsəydi Vüsal, yəqin ki, dərsini səliqəli şəkildə yazacaqdı. Amma sən bir işə bax ki, anası ikini görəndə kefini heç pozmadı: 

- Kimsə dünən Məsi ilə çox oynayıb, deyəsən. Ona görə də iki ilə gəlib evə. Oğlum, unutma ki, hər zaman oynamaq olar. Amma dərsini hər zaman rahatlıqla edə bilməzsən. Belə tələsik etdikdə isə nəticə gördüyün kimi pis olur. Demək, nə etmək lazımdır? Əvvəlcə dərsləri rahatlıqla bitirmək lazımdır. Ondan sonra isə istədiyin qədər oynaya bilərsən. 

Vüsal utandığından anasının üzünə baxa bilmirdi. O, bir də dərslərini bitirməmiş oynamayacağına dair özünə söz verdi və sözünün üstündə də durdu. Bunun sayəsin də isə yarım illiyin sonunda sinif birincisi oldu!

Sevər Bayramova

6 avqust 2015
GO BACK