Qadin.NET / "Cazibə qüvvəsi" (dedektiv povest) - III hissə

"Cazibə qüvvəsi" (dedektiv povest) - III hissə

 

 

"Cazibə qüvvəsi" (dedektiv povest) - III hissə

 

Cazibə qüvvəsi

Fərid Rüzgar
(dedektiv povest)

3-cü hissə – Mühakimə otağı 

 Səhəri gün, polis idarəsinə məxsus olan avtomobil böyük ərzaq mağazasının qarşısında dayandı. Zaman Poladov avtomobildən düşüb mağazaya daxil oldu. Mağazanın sahibi olan Rasif içəridə idi. Poladov ona yaxınlaşdı.

- Yenə neyləmisən? – Poladov kinayə ilə Rasifə baxdı.

- Nəyi deyirsən?

            - Nazirlikdən səni tapmağımı istədilər.

            - Hə. Anladım. – Rasif başını yellədi – Nişanlımın ölümünə görə sorğuya çəkəcəklər.

            - Nə danışırsan? İntihar edən qız? – rəis təəccübləndi. – O sənin nişanlın idi? Allah Rəhmət eləsin.

            - Hə, Zaman. Allah ölənlərinə Rəhmət eləsin.

Bu vaxt bir nəfər də mağazaya daxil oldu. Salam verəndən sonra üzünü Rasifə tutub:

           - Dünən yox, o biri gün gecə haradan gəlirdin? Təngə-nəfəs idin. Çağırdım, eşitmədin deyəsən. – dedi. Rasif ona göz ağartdı ki, içəridə polis var. Poladov şübhəli tərzdə Rasifə baxdı. Rasif bunu hiss edib:

            - Nə var, ay Zaman. Elə baxırsan, sanki nəsə xuliqanlıq eləmişəm.

           - Menə bax. – Poladov eynəyini biraz qaldırdı. - Bu dəfə, keçən dəfəki kimi deyil ha. Keçən dəfə, dava etdiyin adamın atası tanış çıxdı deyə, şikayətini geri götürdü. Bəxtin üzünə güldü ki, yaxşı qurtardın. Amma, bu dəfə səni tapmağımı mayor istəyib. Başa düşürsən bu nə deməkdir? Nişanlının ölüm işi ilə bağlı Daxili İşlər Nazirliyi, mayor Hacıyev şəxsən özü istintaq aparır.  Tanışımsan, dostumsan, bu öz yerində. Amma, qanun qanundur. Bu işdə əlin varsa, məndən aman gözləmə. Harda olsan belə, səni şəxsən özüm tapıb təslim edəcəm. İndi isə, gəl mənimlə, nazirliyə gedirik. – deyə, başı ilə işarə etdi. – Bu arada, onu da bil ki, haqqında bütün məlumatlar ona çatdırılacaq.

Rasif bir söz demədi. Sadəcə, başı ilə razılıq verdi. Köməkçisinə mağazaya nəzarət etməyi tapşırdı və gecə onu görən tanışını qəzəbli baxışla süzərək Poladovla birlikdə mağazadan çıxdı. Az sonra, polis avtomobili Daxili İşlər Nazirliyinin qarşısında dayandı. Öncə Poladov maşından çıxdı. Sonra da, iki polis əməkdaşı Rasifi düşürdülər. Mayor öz kabinetində idi. Məlumat aldıqdan sonra, kabinetdən çıxıb mühakimə otağına daxil oldu. Qapı açıldı şöbə rəisi Poladov, onun ardınca arxasında iki polis nəfəri olan Rasif içəri daxil oldular.  Rasif özünü çox sərbəst aparırdı. Onda zərrə həyəcan və kədər hiss olunmurdu. Deyəsən, doğurdan da, Xədicənin dediyi kimi Ləmanın ölümü onu elə də kədərləndirməyib.

Mayor Əkrəm Hacıyev ona stulu göstərib:

         - Keç otur. – deyə təmkinlə dilləndi və əli ilə Zaman Poladova otaqdan çıxmasını işarə etdi. Bölmə rəisi çölə çıxdı. Rasif və mayor Hacıyev mühakimə otağında qaldılar. Az sonra müstəntiq Vahab Qarayev də içəri daxil oldu.

            - Başın sağ olsun. – ilk olaraq yenə də mayor Hacıyev sükutu pozdu. Rasif başını yelləməklə kifayətləndi.

            - Nişanlının intihar etməsini sənə kim xəbər verdi? – Qarayev mətləbə keçdi.

            - Fikrət.

            - Ləman Hüseynovanın atası?

            - Bəli.

            - Bəs ondan əvvəl necə xəbər tutmuşdun? – Vahab Qarayev ayağa qalxıb gəzişməyə başladı.

            - Heç necə. Mənə Fikrət xəbər verdi. Mən də, ora getdim.

            - Amma, biz səni orada görmədik. – Gözlərini Rasifdən çəkməyən Mayor Hacıyev dilləndi.

            - Hə. Düzdür. Orada çox qalmadım. Yas mərasimi üçün hazırlıq görməyə getdim. O ki, nişanlım idi.

            - Amma, nəsə, hüzrdə iştirak etdiyindən, o qədər də əmin deyiləm. - Qarayev gəzişərək Rasifə yaxınlaşdı və birtərəfli əyilərək sağ əli ilə stola söykəndi. Onun üzündə qeyri-adi ifadə təsvir olunurdu. Baxışlarından nifrətəbənzər qəzəb oxunurdu. 43 yaşlı Vahab Qarayev 16-ildən çoxdur ki, DİN-də müstəntiq vəzifəsində çalışır. Əvvəllər, ali təhsilini başa vurduqdan sonra, hərbi xidmətə çağırıldı. Hərbi xidmətdə ağlı və davranışlarına görə, çox keçmədi ki, hörmət qazandı. Amma, bir gün, hərbi hissədə baş verən qətl hadisəsində onu şübhəli bilib sorğuya çəkdilər. Vahabın müstəntiqlə söhbətini lent yazısında izləyən polkovnik Nəcəfov, onun danışığını, davranışını, müstəntiqə verdiyi cavablarını, hətta sual verməyini belə çox bəyəndi. Hərbi xidmətdən dərhal, dövlət tərəfindən Polis Akademiyasına yazıldı. 3 il təhsil aldıqdan sonra DİN-də müstəntiq vəzifəsində işə düzəldi. Elə ilk iş günlərində öz məharətini yaxşı göstərdi.

            - Neyləyim ki, əmin deyilsiniz? – Rasif müstəntiqin sözünə əsəbiləşib sərt cavab verdi. – Mən olanları dedim.

            - Hamısını deməmisən. – Qarayev barmağını etiraz əlaməti kimi yellədi. – Qız ölən gecə harada idin?

            - Cəhənnəmin dibində. – Rasif getdikcə daha da əsəbiləşir və səbirsizlənirdi.

        - Suala adam kimi cavab verməsən səni kamerada saxlamalı olacam. – Qarayev səsini qaldırdı. – O gecə harada idin? Səni haradansa gələn görüblər.

       - Bilirəm. – Rasif bir qədər sakitləşdi. - Şəxsi vacib işim var idi. Bu barədə daha soruşmayın. O ki qaldı Ləmana, o gün ümumiyyətlə Ləmanı görməmişəm. Bir dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlamışıq.

            - Nə vaxt?

            - Günortadan sonra. Haradasa, saat 4 olardı. Bəlkə də, 4-ü keçərdi. Daha ondan xəbərim olmayıb.

            - Nə barədə danışdınız?

            - Toy barəsində danışırdıq. Bir gün sonra onu gəlinlik paltarı seçməyə aparacaqdım. – Rasif son cümləni çox zəif səslə dedi. Araya bir qədər sakitlik çökdü. Sonra Rasif dedi:

            - Əgər daha heç nə soruşmayacaqsınızsa, mən getməliyəm.

            - İndilik gedə bilərsən. – deyib, Vahab Qarayev yumruğunu stula döyəclədi. İki polis nəfəri gəlib Rasifi otaqdan çıxardılar. 

* * * 

  Oktay Qafarov bağdakı çarpayısında uzanmışdı. Ancaq, Yay fəslinin gözəlliyi haqqında yox, bir neçə gün əvvəl baş verən ölüm hadisəsi barədə düşünürdü. Onu ən çox düşündürən bir şey idi. Ləman Hüseynova, yuxu dərmanından niyə iki şüşə almışdı? İkinci şüşə nəyinə lazım idi? Hər halda, özünə lazım deyildi. Çünki, iki nəfəri yuxuya vermək üçün, bu qədər yuxu dərmanına ehtiyac yoxdur. Üstəgəl, intihar edən şəxs, özünü atmağı düşünürdüsə. Əgər, yuxu dərmanı içib intihar etsəydi, o başqa məsələ. Amma, bir tərəfdən də, xəfiyyə bunun intihar olmadığına daha çox inanır. Nə fərqi?! Yenə də ikinci şüşəyə ehtiyacı olmazdı. O zaman, belə halda... Qafarovun fikirləri qarışdı biraz. Bu gecəki yuxusuzluğun təsiri idi bəlkə də. Gecə bu hadisə barədə fikirləşdiyinə görə o çox gec yatmışdı. Bu səhər isə həmişəki kimi tez qalxmışdı. Bəlkə də, ona görə bir nəticə çıxarmağa çətinlik çəkirdi. Amma, fikirlərini arıtlamaq lazım idi. Ayağa qalxdı. Çarpayıdan bir qədər aralıda, bir başa avtomat su mühərrikinə qoşulmuş kranta yaxınlaşıb əl-üzünü sərin su ilə yaxaladı. Sonra yenidən çarpayıda oturub əvvəldən düşünməyə başladı.

Hər iki halda, yəni, istər intihar, istər əks halda Ləman Hüseynovaya ikinci şüşə dərman lazım deyildi. Bəs kimə lazım idi. Bəlkə Xədicəyə? Axı, o gün Xədicə ilə görüşəcəkdi. Amma, Xədicənin nəyinə lazım idi yuxu dərmanı? İkinci sual. Bəs, Ləman niyə əczaxanaya Xədicə ilə yox, tək getmişdi. Bəlkə heç Xədicə ilə görüşməmişdi. Amma, Ləman niyə evdəkilərə yalan desin ki. Bir də ki, Fikrət bunu çox asanlıqla öyrənə bilərdi. Oktay ondan bacarıqlı bir insan təsirini almışdı. Fikrət demişdiki Ləman evdən onunla birgə çıxmışdı. Amma, həmin gün işdən qayıtdıqda Ləmanı evdə görməyib, Xədicə gilə gedib. Xədicənin anası, öz qızının Ləmanla az əvvəl evdən bir yerdə çıxdığını deyib. Deməli, o gün onlar doğurdan da görüşmüşdülər. Amma, niyə az əvvəl evdən çıxmışdılar? Axı, Ləman xeyli vaxt idi Xədicə gilə getmişdi. Deməli, onlar əvvəlcə harasa gedib-qayıdıblar. İkinci dəfə isə, Fikrət o evə gəlməmişdən az əvvəl çıxıblar. Bəs, bu qədər vaxtı nə ediblər? Əsas müəmmalı olan başqa şey idi. Ləman əczəxanaya niyə tək girmişdi və ikinci şüşəni nəyə görə almışdı? Birini Xədicə üçün alacaqdısa, niyə birlikdə almadılar? Axı yuxu dərmanı Xədicənin nəyinə lazım idi? Bəlkə, o gecə - Ləmanın öldüyü gecə binanın damında Xədicə ilə görüşüb və Xədicə də evdən çıxmaq üçün Ləmanın etdiyi kimi edib? Amma, bu da Oktaya qaranlıq görünürdü. Düzdür, Xədicənin davranışlarından, onun yaxşı qız olmadığını anlamışdı Oktay. Lakin, onun adam öldürəcək qədər cəsarətli birinə bənzətmirdi. Əksinə, çox qorxaq olduğu bəlli idi. Bir də ki, Xədicənin çox sərbəst bir qız olduğunu hiss etmişdi. Ləmana yaxın sakinlər haqqında araşdırma aparanda, Xədicənin məktəbli vaxtı qızlığını itirdiyini, arabir gecələr evdən çıxıb harasa getdiyini öyrənmişdi. Yəni ki, evdən çıxmaq üçün valideyinlərini bərk yuxuya verməsinə ehtiyyac yox idi. Bəlkə var idi? Bəlkə, özü hər evdən çıdığı gecə, bu üsuldan istifadə edirdi və Ləmana da bu üsulu o öyrətmişdi? Yox.. O özbaşına belə bir yuxu dərmanını ala bilməzdi. Daha doğrusu, elə bir dərmanı Xədicəyə verməzdilər. Bəlkə, onun üçün Ləman alırdı bu dərmanı? Ləman belə bir cinayətə yol verərdimi? Bəlkə də, verərdi. Özü üçün yol vermişdi bu cinayətə. Deməli, rəfiqəsi üçün də verə bilərdi. Amma, yenə də qaranlıq qalan bir sual var. Xədicə niyə onunla birlikdə deyildi. Çöldə gözləməsi ağıla batmayandır. Oğlan olsaydı, yenə də ağılabatan olardı. Xədicənin bir az qorxaq olduğu hiss olunurdu. DİN-dəki ifadəsində bu Oktayın nəzərindən qaçmamışdı. Hətta, həyacandan dəsmalını götürməyi belə unutmuşdu. Bəlkə öldürdüyünə görə qorxmuşdu? Amma, bu necə ola bilər? Ləman öz ölümünə görə ona yuxu dərmanı almış və özünü öldürməyə icazəmi vermişdi? Bu axmaq fikir idi. Əks halda isə, iki rəfiqənin görüş yeri binanın damı olması bir qədər ağılasığmaz idi. Əgər Ləman Fərruxla görüşsəydi, o başqa məsələ. Amma, Xədicə ilə blokda da görüşə bilər. Bəs, ikinci dərman şüşəsi?

- Dayan... Dayan... – Qafarov əli ilə yanaqlarını ovuşdurdu. Elə bil nəyisə tapmışdı – Onlar evdən bir yerdə çıxıblar. Bu aydındır. Və artıq bu da aydın oldu ki, evdən çıxdıqdan sonra ayrılıblar. Bəlkə də...

Oktay son sözünü yarımçıq qoyaraq cəld qalxıb evə keçdi. Ağ köynək və tünd boz smokinqi geyindi. Sonra iş stolunun üstündən mərhum qızın ətrafındakı qıza yaxın insanların mayor Hacıyevin köməyi ilə əldə etdiyi şəkillərinin arasından lazım olanını götürüb evdən çıxdı. Avtomobilinə minib evdən uzaqlaşdı. Deyəsən, düyünü aça bilmişdi sonda. Yolda, mobil telefonunu açıb Zaman Poladova zəng vurdu. Xəttin o biri tərəfindən bölmə rəisinin səsi eşidildi:

- Buyurun, Qafarov. Sizi eşidirəm.

- Mümkünsə, iki polis işçisini mən dediyim ünvana göndərin. – deyə Qafarov yüksək səslə ünvanı səsləndirdi. Həmin əczaxanaya getdi. Avtomobildən enib içəri girdi. Satıcı həmin qız idi. Oktay sərt şəkildə qıza yaxınlaşaraq dedi:

- Etdiyiniz hərəkətin cinayət olduğunu bilirsiz?

- Anlamadım. – Qız qorxa-qorxa cavab verdi.

- Sizdən ikinci dərman şüşəsini alan, Ləman Hüseynova yox, bu idi. – deyib, cibindəki foto-şəkili çıxarıb qıza göstərdi. Qız əvvəlcə susdu. Sonra, titrəyərək başını təsdiq əlaməti olaraq tərpəddi.

- Siz necə böyük səhvə yol verdiyinizi bilirsiniz? Qanuna qarşı hərəkət etdiyinizi bilə-bilə, niyə belə etdiniz?

- Mən.. Mən.. – Qız elə tutuldu ki, sanki qarşısındakı bir qədər zəhmli və sərt adam ona bir kəlmə də desəydi dözməyib ağlayacaqdı. Bu vaxt, DİN-ə məxsus polis maşını əczaxananın yanında dayandı. İki polis işçisi avtomobildən düşüb əczəxanaya daxil oldular. Oktay onlara vəziyyəti izah edəndən sonra dedi:

- Qızı izahat almaq üçün şöbəyə aparın. Sonra da, buranın sahibini tapın və vəziyyəti ona bildirib, onu cərimələyin.

Ardı var...

14 mart 2015
GO BACK