Şəhərdə ustad Almas "sehrli" içkilər yaradıcısı kimi məşhur idi. Onun müxtəlif nemətlərin qarışığından aldığı dadlar istənilən ağzı cuşa gətirməyi bacarırdı. Təbiətcə sakit və həlim olmasından işinə gərəkən səbri əldə etmək üçün çətinlik çəkmirdi. İllərin təcrübəsi ustadda bu xasiyyəti onun əsas iş yoldaşına çevirmişdi. Elə bir dad yox idi ki, onun sınağına tuş gəlməsin. İnsanın gözlərinə baxanda onun hansı içkini sevəcəyini dəqiq bilirdi. Bu istedadı bütün keçən illər ərzində onu yanıltmamış, işinə axsaqlıq gətirəcək heç bir şübhə doğurmamışdır.
Bir sakit payız günü Ustad Almasın qapısı döyüldü. Ustad heç tələsmədən bağdan yeni toplayıb yuduğu meyvələri qablara yerləşdirib qapıya yaxınlaşdı. Astanada dayanan cavan oğlanı soyuqqanlılıqla salamladıqdan sonra içəri dəvət etdi. Bu cavan adam sanki uzun illərin dostu kimi otağa keçib rahat oturacaqda əyləşərkən ev yiyəsi sobaya kiçik çaydanda qaynamağa su qoyurdu. Qonaq sözə başlayanda qoca ustad hələ mətbəx guşəsində nəyləsə məşğul idi. Otağın müxtəlif ədviyyatların qarışıq ətrindən ibarət qəribə bir havası vardı.
- Ustad Almas, mən sizə uzaq həmsoy eldən salam gətirmişəm. Şöhrətiniz dörd bir yanı öz təvazökar ətri ilə silkələməkdədir.
Ustad eyni etinasızlığı ilə qısa cavabla kifayətləndi:
- Aleykum-salam!
Qonaq simasındakı xoş ifadəni pozmadan davam etdi:
- Yəqin ki, bu illər şöhrətinizin təməli olan məsuliyyətinizi və yeniliyə həmişə davamlı olduğunuzu da sizə unutdurmayıb. Buna zərrə qədər şübhəm olsaydı, mən bu uzun və məşəqqətli yolu keçib sizin hüzurunuza gəlməzdim.
Ustad bayaqdan quru əski ilə sürtüb təmizlədiyi kəfkiri ehmalca yerinə qoydu.
- Cavan oğlan, ehtimal ki, yeniliyə hansı tərəfdən baxılmasından asılı olmayaraq yenə köhnə baxışların hökmünün əzəmətini bilirsən. Hər şey təkrarlanır, sadəcə bu dövriyyənin başlanğıc və son nöqtəsini təyin etməklə yenilik və köhnəlik məhfumunu məhv etmiş olursan. Mənimlə bu dövriyyənin saysız şahidi kimi tanış ola bilərsən.
Sonuncu cümlənin hədsiz təsirindən qonaq kefini pozmadı, əksinə üzündəki ilıqlıq bir az da alovlandı.
- O zaman əsl yeniliyə hazır olun, ustad!
Ustad qəfil çevrilib bu cürətli təhdid sahibinin gözlərinə baxdı. Bunun mümkünsüz olacağını heç vaxt ağlına gətirməzdi. Qonağın gözləri ömrü boyu gördüyü gözlərin heç birinə bənzəmirdi. Onlar çox heyrətamizdirlər. Ustad bəbəkdə parlayan rəngi ya ilk dəfədir görürdü, ya da bu, tanıdığı bütün rənglərin qüsursuz birləşməsindən yaranan yeni rəng idi. Yalnız nəcibliyin hökmranlıq etdiyi həmin parıltılar, həqiqətən də, yeni ümidlər vəd edirdi. Bu baxışlardan insanın vücuduna xüsusi fərəh və mehribanlıq hissi süzülürdü. Ustad bir anın içində bütün ömrünə yetəcək xoşbəxtliyi daddığını anladı.
Sobanın üstündəki çaydan artıq qaynayırdı və ev yiyəsinin bir toxunuşu ilə öncəki səssizliyinə qovuşdu. Ustad yenidən çevrilib qonağın gözlərinə baxaraq onun qarşısında əyləşdi. Cavan oğlan cibindən kiçik bir bağlama çıxarıb ortadakı masanın üzərinə qoyandan sonra sual dolu baxışlarını ustada yönəltdi.
- Ustad, bilirəm, bu insanlar sizdən artıq təəccüblənəcəyi içkilər tələb etmirlər. Onlar sizin məsləhətlərinizə inanaraq ömürlərinin içkilərini və ağızlarının daha möhtəşəm dad ala bilməyəcəklərini sadəlövhlüklə qəbul etmişlər. Sizcə, bu ədalətlidirmi?
Ustad sağ əlini qonağın bağlamasının üstünə toxundurub sonra həmin əlini burnuna yaxınlaşdırdı. Qoxunu lap dərinə kimi içinə çəkəndə sifətindəki buzlar azacıq isinməyə başlamışdı.
- Bunun ədalətli olduğunu nə zaman iddia etmişəm ki? Mən insanlara heç vaxt yol göstərməyə cürət etməmişəm. Sadəcə olaraq işimin tələb etdiyi məsləhətlə kifayətlənmişəm. Əksinə, onlar məni tənbəl görmək istədilər. Bütün bu illər ərzində bir şeyin daha da dərinləşdiyini aydın görməkdəyəm: insanlar arzu etməyi tərgitdilər. Onlar gerçəkliklə müticəsinə barışıb yeni şeylər istəməyi unutdular. İndi onları olmayan bir xəyalın mövcudluğuna inandırmaq əyani olaraq mümkün deyil.
Qonaq bağlamanı ehmalca açaraq sanki pıçıltı ilə ustadın sözünü kəsdi.
- Ustad, mənim babam sizin uşaqlıq dostunuz olub, hansı ki, ilk dəfə sizi öz gözlərinə diqqətlə baxmağa dəvət etməklə insanların oxşarlıq və fərqliliyini bu yolla təyin etməyi öyrətmişdi. Sizin dadbilmə istedadınızın gələcəyinə ilk inanan, bəlkə də, o olmuşdur. Atam uşaq olarkən duyğuları daha dərinə kökləyə biləcək bir bitkinin calaq edilməsinin mümkünlüyünə ümid bəsləyən də babamdır. Sizin ayrılığınız babamın atama, atamınsa mənə ötürmək istədiyi o böyük arzunun gerçəkməsilə sona yetmiş sayılır. Belə ki, babam bu bitkinin yetişə biləcəyi münbit dağ şəraitini axtarmaq üçün sizdən ayrılanda atama bitki tam yetişəndən sonra onu sizə çatdırmağı vəsiyyət etmişdi. Özü isə bu bitkinin yetkinliyini görmədən vəfat etdi. Atam da mən doğularkən gözlərimə ilk baxanda babamın ömrünü həsr etdiyi bu arzunun nəsə İlahi bir vəhy olduğunu anlamışdı. Beləliklə, mənim yaşamımın mənası sayılan bu bitkini sizə çatdırmaq şərəfini sonsuz həzz kimi qəbul edirəm. Amma bütün bunlara baxmayaraq bunu sizə böyük ehtiyatla təqdim etmək istəyirəm.
Cavan adam bağlamadan saysız xırda bitkilərin arasından götürdüyü girdə meyvəni ev yiyəsinə uzatdı. Bu zaman ustadın gözlərindəki nəmi üzündəki qırışların titrəməsilə vəhdətdə gördü. Bu evə gəldiyi vaxt ərzində bu baxışlardakı doğmalığı ilk dəfəydi duyurdu. Ovcunu bir az da irəli aparıb şəfqətqarışıq intizarla dilləndi:
- Babam bu bitkinin adını arzu meyvəsi qoymuşdu. Ustad, mənə arzulamağı öyrədin!
Ustad meyvəni alıb o ecazkar gözlərə yenə də heyranlıqla baxdı.
- Sən birdən-birə çox şey istəyirsən...
- Elə bir arzu ki, dünyanı bərqərar edən belə ona həsəd aparsın! Qoy, bütün ürəklər onun qüdrətilə nəfəs alıb həsrətilə çırpınsın! O arzu ki, rəzilliyin varlığını şübhə altına alsın, onun qəlblərdəki hakimiyyətini tarixin yalan qəbirstanlığına çevirsin!
Ev yiyəsi xəfifcə gülümsədi, indi onun simasındakı nuraniliyi daha aydın sezmək olurdu.
- Sən bu arzuya yetişəcəksən!
Ustad Almas çaydana yaxınlaşıb onun qapağını götürdü. Əlindəki meyvəni ovub asta-asta qaynanmış suyun içinə tökdü. Bu səhnəni heyrət və xoşhallıqla izləyən qonaq ustadın hansısa bir müqəddəs ayin həyata keçirdiyini anlamaqda çətinlik çəkmirdi. Bunu onun babası, sonra isə atası uzun zaman xəyal etmişdi. Hələ buxarlanan suyun səthi qəribəliklə köpüklənəndə ustad əyilib bu qoxunu yenə həmin acgözlüklə sinəsinə çəkdi. Bir neçə saniyə bu vəziyyətdə dayanıb gözlərini açmadı. Qonağın gördüyü mənzərəni hansı sevinclə izləməsinin sirri yalnız onun özünə aid ola bilərdi. O, ustadın bu saniyələr ərzində neçə firavan ömür yaşadığını dəqiqliklə duya bilməzdi, əgər ustadın hazırdakı duruşu ilə həmin ağac arasında sonsuz bənzərliyi görməsəydi...
Ev yiyəsi çaydanın qapağını örtüb hazır olan içkidən iki fincana süzdü. Cavan adam bu ətirdən otağın havasının əsaslı dəyişdiyinin fərqindəydi. Yenə qarşı-qarşıya oturdular. Ustad səssizliyə qapılıb qonağın düşüncəli simasına xeyli tamaşa etdi. Bir müddət sonra cavan dilləndi:
- İllər öncə bəşərin qəlbində sonuncu arzunu öldürən nəfs də elə bu bəşərin bir övladıydı. O, gerçəkliyi yaradan bünövrənin mümkünlüyü inanılmaz istək olduğunu çox aydın dərk edirdi. Yalnız o dürüstlükdən sapmış quru labüdlük tərəfdarı mövcudatda sonuncu anlayışının nisbiliyini nəzərdən qaçırmışdı. Son deyilən bir şey yoxdur, ustad! Bunu babamın qəlbinin dərinliyində gizlətdiyi bu səbəbkar arzu subut etmiş oldu. İnsan arzu etmədiyi müddətdə yaşamış sayılmır. Bunun əksini düşünməklə özümüzü qorxuya salmayaq! Sizin insanların unutduğu bu ecazkar və həyati əhəmiyyətli hissi oyatmaqda çətinliyinizin xofunu babam heçə endirmişdir, sizin uşaqlıq dostunuz, sizin bu gücə sahib olduğunuza ürəkdən inanan insan. Yeniliyə hansı gözlə baxmağınızdan asılı olmayaraq onun mahiyyəti dəyişmir. Mən indi həm babamın, həm də atamın əvəzindən bu içkini içəcəyəm və mənim nəslim yeni arzuların səbəbilə özünə yeni ruh qazanmış olacaq. Mən buna tamamilə inanıram.
Fincana ilk əlini uzadan da qonaq oldu. Ustad bu titrəyən əlin fincana necə ehtiyatla toxunduğunu, onu hansı ehtirasla qaldırıb dodaqlara tərəf apardığını üz qırışlarındakı titrəyişlə müşayiət edirdi. Dərinlikdən qabaran bu hissinə nəzarət etmək qarşısında acizliyi danılmaz idi. İlk qurtumunu içərkən cavan adamın qaşları çatıldı, lakin növbəti qurtumlar onun simasındakı gərginliyi azaltmağa müvəffəq oldu. Qurtumlar o qədər həzin və dərin idi ki, sanki onların arasında əsrlər hökm sürürdü. Fincandakı içki bitəndə qonağın gözlərindəki yeni ifadəni qoca ustad sezə bilmişdi.
Cavan adam ayağa qalxıb sanki getməyə hazırlaşırmış kimi üst-başını qaydaya saldı. Ustad Almas da öz növbəsində fincanından bir qurtum içib yerindən durdu:
- Bu müqəddəs yolun başlanğıcında sənin babandan öncə dostumun ruhuna salam göndərirəm! Hərçənd ki, çox qocalmışam və mənim hər hansı bir yeni yola çıxmağıma ümidim o ağacın yaşama müddətindən daha kövrəkdir, lakin illərin mənim üzərimə qoyduğu məsuliyyəti böyük güc hesab edirəm. Sənin sayəndə arzunun mahiyyətinə vardım. Bu, məndə heç vaxt olmadığı qədər səmimi duyğuyla baş verdi. Doğrusu, sənin kimi övlada həsəd apararaq arzusuz böyüdüb labüdlük bataqlığında itirdiyim öz övladlarıma acıdım. Necə ki, mən onları öz yanımda arzulamamışam, eləcə də indi mən onlar üçün sadəcə qoca adamam. Ömrümdə ilk dəfə nəvələrimi bağrıma basmaq istədim və get-gedə bu istəyin bütün varlığımı zəbt edəcəyinə şübhə etmirəm. Arzu tədricən böyüyən və sürətlə çoxalmağa meylli olan bir təxəyyül övladıdır. Onu yaratmaq yatırtmaqdan qat-qat asan işdir. Bunu tamamilə anlayıram.
Qonaq gülumsəyib ustada minnətdarlıq hissilə baxmağa davam edirdi.
- Ustad, bu müqəddəs ağac hələ yeddi il bar verəcək. İnanıram ki, bu müddət ərzində çox işlər görmək olar.
O, üstünü tam qaydaya saldıqdan sonra qapıya yaxınlaşdı.
- Geri yolum uzundur. Hiss edirəm ki, qayıtdığım yollarda yeni arzunun şəfəqləri məndən ətrafa bərq vurduğu qədər eyni sürətlə çoxalacaq. Babamın qədəm basdığı bu yolun sizin davam etdirəcəyinizə inanmaq necə də xoşdur! Mən hələ bir neçə il meyvələri sizə gətirmək üçün buralara gələcəyəm. Hər dəfə də yeni arzuyla sizdən ayrılacağıma ümid edirəm!
Qoca ustad qonağa yaxınlaşıb ehmalca onun əlini sıxdı, bununla kifayətlənməyib cavanı qucaqladı.
- Baban kimi məni tək qoyma! Sən bu yolun layiqli qığılcımısan, buralar sənin hər gəlişini mənim səbrimə qurban verməyəcək. Özündən muğayət olmağını istəyirəm...
Qonaq razılıq əlaməti olaraq başını tərpətdi. Onun şəfqətli baxışı qocaya kəpənək qanadlarına yük ola biləcək arzudan yaranan firavan gələcək vəd edirdi. Qapı açıldı. Cavan adam ətrafı təzəlikcə tökülmüş xəzəl olan yolun mərkəzinə düşüb qocadan uzaqlaşmağa başlayanda ustad öz fincanında qalan içkini onun arxasınca səpdi. Qonaq isə bura gəlişinin yeddinci ilində arzu içkisini özü hazırlayıb tək içəcəyini bilmirdi.
Səbuhi Şahmursoy