Göz
Anası qızını çox sevir, həmişə ona "dünya gözəli" deyirdi. Elə o özü də buna şübhə etmirdi. Badam gözlü, ağ bənizli qızı kim sevməzdi ki? Ancaq məktəbə gedəndən sonra hər şey dəyişdi. Yoldaşları ona o qədər də gözəl olmadığını deyirdilər. Hətta çirkin deyənlər də tapılırdı. Qız əvvəlcə onlara inanmadı. Çünki onu qısqananlar da ola bilərdi. Ancaq çox keçməmiş həqiqət ortaya çıxdı. Onun "badam gözləri" çaş idi. Üstəlik, o, anası dediyi kimi "ağ bənizli" də deyildi. Deməli, anası uzun illər ona yalan danışmışdı. Get-gedə qızın anasına olan sevgisi "nifrətə" çevrildi. Ailə qurmaq vaxtı çatsa da, adını çəkən yox idi. Üstəlik, nə qədər müalicə etsələr də, gözləri düzəlmirdi. Hətta həkimlər gözlərinin nə vaxtsa tutulacağını deyirdilər. Nəhayət o, anasının yalanlarına dözməyib evdən getmək qərarına gəldi. Ancaq anası başqa bir şəhərdə iş tapdığını bəhanə edərək ondan əvvəl evdən getdi. Çox keçmədi ki, həkimlər dediyi kimi qızın gözləri tutuldu. O,öz qaranlıq dünyası ilə tək qalsa da, anasına olan nifrəti soyumurdu. Bir gün həkimlər onun gözlərini dəyişmək üçün yeni göz tapdıqlarını dedilər. Qız əvvəlcə razı olmaq istəmədi. Çünki gözü açılandan sonra eyni üzü görməkdən qorxurdu. Ancaq kor yaşamaq da çətin idi. Heç olmasa, başqalarına yük olmayacaqdı.
Əməliyyat çox uğurla keçdi. Qız əməliyyatdan sonra qorxa-qorxa güzgüyə yaxınlaşdı. Güzgüdə özünü görüb var gücü ilə qışqırdı. Qarşısında sanki dünya gözəli dayanmışdı. Üzündəki ləkələrdən əsər-əlamət qalmamışdı. Qulaqları əvvəlki kimi yöndəmsiz deyildi. Saçları da dalğa-dalğa olmuşdu. Qız yanındakı yaşlı həkimi bağrına basdı. Sevinclə: "Gözlərimə inana bilmirəm. Elə bil, dünyaya yenidən gəlmişəm. Yoxsa, üzümü, burnumu, qulağımı, saçımı da dəyişmisiniz?"-deyə soruşdu. Yaşlı həkim gülümsəyərək cavab verdi: "Yox, biz heç bir şey dəyişməmişik. Sadəcə olaraq, sənə ananın gözlərini qoymuşuq. İndi sən özünə onun gözləri ilə baxırsan".
İşarə
Usta evinin zirzəmisində xarratlıqla məşğul idi. Qapı-pəncərə düzəltməkdə ad çıxarmışdı. Ancaq xeyli vaxt idi ki, plastik qapı-pəncərələr çıxmış, buna görə də taxta qapı-pəncərələrə "rəğbət" azalmışdı. İşlər əvvəlki kimi yaxşı getmirdi. Üstəlik, uşaqları da böyümüş, kiçik oğlundan başqa hamısı məktəbə başlamışdı. Xərcləri artdığı üçün şagirdi ilə də "vidalaşmalı" olmuşdu. İndi o hər səhər işə bir az da tez başlayır, şagirdinə ayırdığı pulu isə uşaqlarına xərcləyirdi...
Bir gün yenə öz işi ilə məşğul idi ki, birdən işıqlar söndü. Xeyli gözləsə də, işıqlar yanmadı. Tərslikdən, o gün axşama kimi bəzi sifarişlərini çatdırmalı idi. Boş dayanmağı sevmədiyi üçün vaxtının bir hissəsini dəzgahı yağlamağa, bir hissəsini də sexi səliqəyə salmağa sərf etdi. Ancaq işıqlar hələ də yanmırdı. Çarəsiz qalıb evinə qalxdı. Pilləkənlə qalxırdı ki, gözü elektrik lövhəsinə sataşdı. Kimsə işıqları buradan söndürmüşdü. Elektrik açarını yuxarı qaldıran kimi işıqlar yandı. Təəccüblü olsa da, bunu kim edə bilərdi? Əgər zarafat idisə, bu heç zarafata da bənzəmirdi. Əgər düşmənçilik idisə, bu iş düşmənçiliyə də oxşamırdı...
Aşağı düşüb işə başlamışdı ki, işıqlar yenidən söndü. Ancaq bir fərqlə ki, bu dəfə "səbəbkar"-ı tapmışdı. 10 yaşlı oğlu pilləkənlərdən səssizcə aşağı enmiş, elektrik açarını aşağı salıb yuxarı çıxanda atasını qarşısında görmüşdü. Əlbəttə ki, bu yaşda bir uşağın bu səhvini bağışlamaq olmazdı. Ən azı ona görə ki, bütün günü onun bu yaramazlığı ucbatından alt-üst olmuşdu. Əgər oğlu bu səhvi bir dəfə etsə, bəlkə onu bağışlaya bilərdi. Ancaq onun eyni səhvi bir daha təkrar etməsi usta üçün az qala bir "fəlakət" idi. Buna görə də cəld oğlunu tutdu və ona bərk bir sillə vurdu. Əlbəttə ki, bu sillə oğlunu cəzalandırmaq üçün yox, "ağıllandırmaq" üçün idi. Bəlkə də vurduğu bu sillə nə vaxtsa onu adam edə bilərdi. Usta oğlunun göz yaşlarına məhəl qoymadı və iti addımlarla birbaşa evinə qalxdı...
Gün axşam olsa da, o hələ də oğlunun hərəkətini düşünürdü. Çünki indiyə qədər oğlundan belə bir hərəkət görməmişdi. Kim bilir, bəlkə də "yoldaşlarının" təsiri altına düşmüşdü. Bir qədər də fikirləşəndən sonra bunu yoxlamaq üçün ən asan yolun oğlunun gündəliyini oxumaq olduğunu qərara aldı. Yəqin ki, o, burda kiçik də olsa, bir "işarə" tapa bilərdi. Bu fikrini həyat yoldaşına açanda həyat yoldaşı əlbəttə ki, razı olmadı. Ancaq o öz fikrində qəti idi. Və çox keşmədi ki, oğlunun gündəliyini çantasından çıxararaq oxumağa başladı. Oğlu ən son səhifədə bu sözləri yazmışdı: "Bu gecə çox pis yuxu gördüm. Gördüm ki, atam sexdə işləyəndə onu elektrik vurur. Allahım, Sən atamı qoru. Mən də əlimdən gələni edəcəyəm".