Qadin.NET / Qara pişik

Qara pişik

Qara pişik
O gün toy günümüzün səkkizinci ildönümü idi. Qərara almışdıq ki, bunu evdə deyil, gözəl bir yerdə keçirək. Həm də, bütün texniki vəsaitləri evdə buraxmaq şərtilə. Nə telefon, nə maşın. Heç nə. Eynən universitetdəki dönəmlərimizi yada salmaq üçün. Yenə də sərsəri kimi küçədə sevincimizdən uşaq kimi atdanıb-düşməyimizi yada salmaq naminə. Təki, səkkiz il keçməsinə baxmayaraq, yenə də təzə tanış olduğumuz günləri yenidən yaşayaq. Yenidən bir-birimizə vurulaq!
Yadıma gəlir, Banunun bir qəribə xasiyyəti var idi. Hər zaman mistik fikirlərə qarşı həssas idi. Bu adət-ənənələrə qarşı olan inanc ona güc gəlmişdi. Hər nə qədər ona başa salsam ki, bunlar boş şeylərdir, inandıra bilmirdim bu qızı. O da, bəzən mənimlə saatlarca mübahisə edərdi. Amma öz aramızdır, mənim də onu qıcıqlandırmaqdan xoşum gəlirdi. 
O gün də, elə bil tərslikdən qabağımızdan qara pişik keçmişdi. Gedəcəyimiz restorana qədər, hətta yemək yediyimiz zaman belə, bu qız: "Ee, bu qara pişik hardan çıxdı, zəhirmara qalsın elə. Nəsə bir xoşagəlməz bir şey baş verəcək" - deyə, tutdurmuşdu. Mən də zarafata salır, onu bir az daha əsəbləşdirirdim. Bircə görsəniz, o əsəbləşəndə necə gözəl görsənir. Mavi gözləri bərəlir, yanaqları qızarır və əlləri ilə sanki, zəruri bir çıxış edər kimi sağa-sola yellədirdi. Mən də arada onu çimdikləyir, "Qara pişiyi çağıracağam səni dişləsin" deyə, ona acıq verib gülürdüm. Bu cür gözəl danışa-danışa küçədə gəzişirdik. O qədər gülüb-danışmışdıq ki, saat 03:00 olduğunun fərqində belə deyildik. Şəhər elə sakit idi ki, elə bil bərkdən əl çasan səsindən bütün şəhər ayılacaqdı.
Yolun bir qismində təmir işləri getdiyi üçün, ara küçələrlə evə getməyi qərarlaşdırdıq. Banu qoluma girmiş, başını çiynimə qoymuşdu. Mən də həmişəki kimi çinar kimi düppədüz durmuşdum. Nəsə xoşum gəlirdi, onun məni nəvaziş etməsindən. Elə bu minvalla yeriyirdik ki, işıqsız küçədə bir neçə qaraltının bizə tərəf yaxınlaşdığını gördüm. Özümü bir az düzəltdim. Bizə yaxınlaşan qaraltı:
- Salam qaqani, nətərsüz?
Özümü itirmədən:
- Sağol, axşamınız xeyir - deyə, cavab verdim. Dedim yəqin hansısa, küçə bomjlarıdır.
- Ay qa, bəs bilmirsüz ki, gecənin bu aləmində küçədə iki-iki gəzmək qadağandır? -deyə qaraltının yanındakı ikinci şəxs mırıldadı.
- Bəs o zaman, siz niyə üç nəfər gəzirsiz? -deyə səsimi sərtləşdirdim.
- Ala, bizə olar. -deyib, üçüncü şəxs də söhbətə qoşuldu.
- Yaxşı, di sağolun. İşimiz gücümüz var, getməliyik. Xudahafiz. Gedin ilişməyə başqa adam tapın. - deyib yoluma davam etmək istəyirdim ki...
- Sən diyəsən bir şey anlamadun. Qaqaşdaruvu baxım-görüm elə. Acdığdı. Gör neynirsən. -deyib,üstümə gəldi onlardan biri.
- Xeyr ola, borcum-zadım var sizə? Gedin iş tapın, işləyin. Burada durub camaatdan dilənməyin. Şikəst deyilsiz, çolaq deyilsiz. Sizi dolandırmağı öhdəmə almışam? - deyib, səsimi bir az da qaldırdım.
Qara pişik

- Aha ha - şaqqanaq çaldı onlardan biri - Səs eləmiyün İraseeem gəlib. Ala, mənə bax görüm, qulaqlarıvı kəsib səni qoyunitinə döndərərəmaa, eşitdün? Davay, cibindəkiləri tök bura.
Banu, arxamda durmuşdu. Yazıq qız qorxudan nəfəsini az alıb verirdi. Elə qısılmışdı ki, mənə. Amma nədənsə birdən birə, o da durmadı, irəliləyib:
- Nə istəyirsiz, ay dilənçilər?! İndi zəng edib polis çağıraram. Rədd olun başımızdan. Atam Baş Prokurorluqda işləyir. Elə etmiyin ki, başınıza toy açım.
Aralarından biri:
- Ooo, Tomrisimiz də var ki. Kişisini müdafiə edir. Uşaqlar vaz keçdim fikrimdən. Gəlin, elə bu qızı özümüznən aparaq. Yaxşı rəqs edər bizimçün. Bir az da qır-qızılı var. Onu da götürərik, hə, nə deyirsiz?
Bu sözü eşidən kimi dünya başıma dar oldu, gözlərim qaraldı. Sanki, ruhum bədənimdən uçdu. İnanın, inanın... Heç bilmədim necə oldu... Qəfil bir yumruq... Özümdən ixtiyarsız, qəfil bir yumruq vurdum. Bilmədim necə oldu... Bircə bunu eşitdim ki "Ay mamaaa" deyib, yerə sərələndi oğlan. Üç-dörd dəfə yerdə çırpındı və sakitləşdi. O biri iki nəfər yerə sərələnmiş dostlarına yaxınlaşıb, onu ayağa qaldırmaq istədilər. Lakin tərpənmədiyini görüb, "Qaqaş sən neynədün, ala?!" deyib, hadisə yerindən cəld qaçdılar. Yoldaşım həkim idi. Əyilib nəbzini yoxladı... Ölmüşdü...
Bircə o yadıma gəlir ki, mənə baxıb:
- Rauf, neynədin?! Axı, sənə demişdim... Bu qara pişik... Demişdim axı.
İnanın, yerimdə elə donub qalmışdım ki, Banunun bərələn gözləri, qızaran yanaqlarını belə görmürdüm. Axı, bu necə oldu? Necə oldu?!
***
İndi həbsdəyəm. Düzdür, elə də çox iş verməyiblər mənə. Qayınatam, hər nə qədər çalışsa da, mənə 3 ildən aşağı iş vermədilər. İndi, bu barmaqlıqlar arasından həsrət içərisində yaşayıram. Banu üçün də çox darıxmışam...

Vurduğum bir yumruq, gicgaha tuşlanıbmış sən demə. Onun dediyi bir söz, mənim vurduğum bir yumruq. Hələ də, bu sualın cavabını tapa bilmirəm. Görəsən, mən nə etməliydim?! Axı, mən nə etməliydim? Hər gün, hər gecə bu sualı özümə verirəm. Amma cavabını tapa bilmirəm. Susmalıydım, ya ... Onu bilirəm ki, buradakı dustaq yoldaşımın qara pişiyi var.  Və hər bu haqda düşündükdə, pişik gəlib ayaqlarıma sürtünüb miyoldayır. Bəlkə də, cavabını o bilir. Mən də onu anlaya bilmirəm. Bu qara pişiklər qara taleyim kimi məni hər yerdə izləyir.  Qara pişik və yumruqla qara torpaqlara gedib məni qara günə qoyan o qaraltı...


15 fevral 2015
GO BACK