Qadin.NET / Unudulmaz zəng (3)

Unudulmaz zəng (3)

Geriyə baxdığında uşaqlıq rəfiqəsi olan Nəsibəni gördü. Sevincinin həddi-hüdudu yox idi. Gərgin günün sonunda bundan gözəl hədiyyə ola bilməzdi sevinc üçün. Bir neçə dəqiqə qucaqlaşmış vəziyyətdə heykələ dönmüşdülər. Sanki son 2 illik həsrəti bir anın içində dəf etmək istəyirdilər. Nəhayət, yaxınlıqdakı restoranların birində oturub söhbət etməyə qərar verdilər.

- Necəsən? Nə var, nə yox? Evdəkilər necədir? Elə darıxmışdım ki, sənin üçün, canım Mədinəm. Evimizdən köçəndən səninlə olan əlaqəm kəsildi deyə neçə ilimi ən yaxın dostum olmadan keçirməli oldum (Üzünə kədər çökür). Sizin nömrə də işləmirdi... Bilsən, nələr oldu bu illər ərzində.

- Məni demirsən. Səni bir neçə dəfə axtarmaq istədim. Amma özün bilərsən, o illər ərzində telefon nömrələrində dəyişiklik baş verdi. Ona görə bütün nömrələr yeniləndi. Sən neynirsən, necəsən? O vaxt səni bir oğlan istəyirdi. İndiyə evlənmiş olarsız, hə?

Bir anlıq sükutdan sonra Nəsibə cavab verdi.

- Yox, evlənmədik. Çünki, o artıq evli imiş (göz yaşları anidən Nəsibənin üzünə hakim kəsilir).

Mədinənin almış olduğu cavabdan nitqi quruyur. Çünki Eldar Nəsibənin qohumu sayılırdı. Həm Nəsibə çox ağır, ağıllı, tərbiyəli qız idi. Vicdanlı oğlanın bu cür bir qızın hissləriylə oynaması ağla sığmayan bir hal idi. Lakin görünür, Eldarın iradəsizliyi onun nəfsinə qalib gələ bilməmişdi heç cür. Nəsibə olub-bitənləri Mədinəyə nəql etdi. Eldarın sona kimi həqiqəti bildirməməsini, sadəcə bir təsadüf nəticəsində hər şeyin üzə çıxmasını.

- Təsəvvür edirsən, iş yoldaşımın yeznəsi imiş. Bacısının toy şəkillərini gətirmişdi. Bəy kürsüsündə onun şəklini görüncə elə bildim Yer kürəsi bir anlıq dayandı. Donub qalmışdım. İş yoldaşım bu reaksiyamı görüncə təbii ki, sual verdi. Amma danışa bilməzdim. Həmin an həyatımın çökdüyünü hiss etdim. Eqoist ruhlu olsaydım, onun da həyatını məhv edə bilərdim. Açıb danışa bilərdim hər şeyi. Amma bununla bir neçə günahsız həyatı məhv etmiş olardım. Ən əsası da yenicə doğulmuş körpələrinin gələcəyini. Eldar bunları düşünməsə də, mən düşünməyə bilməzdim, mən kiminsə haqqına girə bilməzdim onun kimi. Ona görə barmağımı gəlinlə bəyin arxasında duran bir qıza tuşlayıb, həmin qızın həyatda olmayan bir qohumumuza çox oxşadığını dedim... Nəysə, məni boş verək, həyatda hər şey xeyirədir. Allah bilən məsləhətdir. Sən neynirsəne, buralarda nə edirdin?

- İş axtarışındayam, məzun günündən bir həftə sonra düşmüşəm bu yollara. Ancaq hər döydüyüm qapı təcrübəli axtardığını deyir. Elə bil, əzəldən özlərinin i təcrübəsi olub...

- Təki dərdin iş olsun, bacın nə günə durub bəs? Bizdə kadrlarda bir vakansiya var, sadəcə ali təhsilli və kompüter bilikli olmağın kifayət edir. Hər iki nüans da səndə var. Nə deyirsən, sənə daydaylıq edim? (Gülümsəyir)

- Sən hər zaman Xızır kimi yetişmisən də yanıma. Əlbəttə ki, et. İstəyim iş idi, yetirdi Pərvərdigar. Hələ üstəlik canım rəfiqəmə də qovuşdum. 

Bir neçə dəqiqə yenə söhbət edib sağollaşdılar. Nəsibə polis idarəsində mühasib işləyirmiş. Nəsibənin atası da həmin idarədə məhz vakansiya bölməsinə nəzarət etdiyindən Mədinənin əmrinin elə ilk gündə veriləcəyi dəqiq idi. Həm buna onun özünün potensialı da şərait yaradırdı. Sabah erkəndən görüşüb işə birgə getməyi qərara aldılar. 

Yol boyu havadan-sudan xeyli söhbət etdilər.

- A, yaxşı yadıma düşdü. Həcər də mənimlə işləyir axı. Sənin virtual ruh əkizin (bunu deyib, gülümsəyir). Yadındadır, sən telefonla bir oğlanla tanış olmuşdun. Mənim qrup yoldaşım və rəfiqəm Həcər də sənin kimi. Hər ikiniz yaxın dostum idiniz, eyni gündə də dünyaya gəlmişdiniz. Ona görə də bunu sizlərə bildirəndə ruh əkizi olduğunuzu qeyd etmişdiniz ikiniz də. Hətta bu qeydiniz də eynilik təşkil etmişdi. Tanışlıq demişkən, nə idi o oğlanın adı (Başını qaşıyaraq yada salmağa çalışır və tapdığı anda başına bir şillə vurur. Bu Nəsibənin çoxillik vərdişi idi)? Hə, Eltac. Necə oldu hekayənizin davamı? Həcərlə Müşfiq nişanlanıblar. Ümid edirəm siz də.

- Yox, bu dəfə ruhumuz əkizlikdən çıxıb, görünür. Bəlkə də bizi birləşdirən qüvvə sən idin. Səninlə olan bağım itincə Həcərlə olan eyniliyimiz də pozuldu. Eltac ikinci kursun son aylarında sessiyaya bir az qalmış, səssizcə yoxa çıxmışdı. Daha sonra mənə tək qalmaq istəyini bildirdi bir neçə gün. Bir zamanlar mənə səsimlə yaşadığını demişdi. Ancaq hər şey və hər kəs adiləşir sonunda. Məni də bilirsən də, o andaca kəsdim, doğradım. İyun ayında ad günü idi, təbrik mesajı yazmışdım. O də səhərisi günün sonunda zəng edib təşəkkür etmişdi. Sonra mənə gizli zənglər gəlməyə başladı. Zəngləri onun etmiş olduğundan əmin idim. Mən də ona edirdim çünki. Bircə “alo” kəlməsini eşitmək mənə bəs edirdi. Bir gün mənə gizli zəng gəldikdən dərhal sonra mən də ona yığdım. Birdən evə zəng gəldi və bacım məni səslədi. Elə bildim, dünya bir anlıq başıma fırlandı. O idi. Eltac bacılarımla səsimin kəskin oxşamasına rəğmən bunu ayırd edə bilən yeganə adam idi desəm, yalan olmaz. O hətta tanışlığımızın səhərisi günü bacım telefona yanaşanda, “-Zəhmət olmasa, dəstəyi Mədinəyə verərdiniz” demişdi. Üzərindən zaman keçməsinə baxmayaraq bu dəfə də tanımışdı. Bir qədər söhbət etdik. Məni günahlandırdı olanlarda. Guya ad günündə zəng edərkən yenidən sənə yığa bilərəm deyə soruşubmuş, mən də etiraz etmişəm. Amma belə bir hadisə qətiyyən yadıma gəlmir. O, təşəkkürünü bildirdikdən dərhal sonra sağollaşmışdı çünki. Sonra mənə tək qalmaq istəyinin səbəbini bildirdi. Başqa bir qızla əlaqəsi var imiş. O qızla əlaqəsi ola-ola mənimlə də danışmağı özünə sığışdırmırmış. Həmin an onun zənginə o qədər sevinmişdim ki, dediyi bu səbəb mənə təsir etməmişdi. Sağollaşdıqdan bir qədər sonra, bir neçə ay, hər gecə səbəbsiz gedən dosta görə tökdüyüm göz yaşlarımı xatırladım. Demək, hansısa bir qıza görə mən əşya kimi oyundan çıxarılmışdım. Halbuki, dost kimi onun bu rəftarı heç düzgün deyildi. Beynim qızdı, növbəti kəsici sms-imi yazdım. Ardınca zəng etdi. “Mədinə, sən özün indi dost kimi davranmırsan. Dost dediyin "Dediyin səbəb içimi yandırdığı üçün səninlə danışa bilmirəm," deyə yazmazdı mənə” dedi. Mən də cavabımda bir də ona gizli zəng gəlsə, məndən bilməməsini dedim və vidalaşdım. Sonra Eltacdan xəbərim olmayıb. Bax belə.

Nəhayət gəlib çatdılar. İdarə iki mərtəbəli bina şəklində idi. İşıqlı, çox da böyük olmayan otaqlardan təşkil olunmuşdu. Polis idarəsi olduğu üçün işçilərin əksəriyyəti təbii ki, kişi idi. Nəsibə oturan otaq digərləri ilə müqayisədə daha təmiz və işıqlı idi. Elə ilk baxışdan bu otaqda xanımların işlədiyi bəlli idi. Həcərlə real tanışlıq da, nəhayət ki, baş tutdu və qızlar iş başına keçdilər. Mədinə kompüterə yaxşı bələd olduğundan işi demək olar ki, anındaca mənimsədi. İşi gün ərzində yazılmış olan əlyazmazların kompüterə yığmaqdan ibarət idi.

Mədinə həvəsli şəkildə əlyazmaları kompüterdə sənədləşdirir, diqqətlə yazdıqlarına nəzarət edirdi. Birdən içəriyə hardasa özüylə həmyaşıd olan ortaboylu polis işçisi daxil oldu.

- Boy, idarəmizə təzə xanım gəlib, Nəsibə? Bəlkə bizi tanış edəsən.

İmkan ver də, Ramil! İndi gəldin ki, otağa. Bu mənim uşaqlıq dostum və yeni işçimiz Mədinə. Mədinə, bu da bizim ən zarafatçıl polisimiz Ramil.

Ardı var...

10 fevral 2015
GO BACK