Hava artıq qaralmışdı. Dənizkənarı parka gəlmişdi. Ora təklikdə qalmaq üçün ən əlverişli yer idi. Dənizkənarı parkın bu hissəsi hava qaraldıqda, demək olar ki, boş olurdı. Əvvəl buralarda çayxanalar vardı, insan əlindən dayanmağa yer tapmaq olmazdı. Sonra bir müddət sevgililərin yığışdığı yerə çevrildi. Aralarında bir neçə metr məsafədə sevgililər yaranmış fürsətdən istifadə edər, özlərini yalnız hiss edərdilər. Sonra polislər bir çoxunu cərimələdi. Qucaqlaşan cütlük görən kimi oğlanı yanlarına çağırar, “sən qızın nəyisən, indi zəng edib qızın atasına deyəcəyik.” - kimi sözlərlə oğlana hədə-qorxu gələr, cibindəkiləri alardılar. Amma indi buralara polis də gəlmirdi. Heç sevgililər də.
Adil bu geniş sahədə tək idi. Əllərini dəmir tutacaqlardan tutub dənizə baxırdı. Onun gözünün yaşı axıb birbaşa Xəzərə tökülürdü. Dəniz də onun göz yaşlarını qoynuna almaqla sanki bu qəmgin oğlana dəstək və təsəlli verirdi. Dənizin ləpələri, əsən külək insanları oralardan qovmuşdu. Belə ki qışqırsan belə heç kim səsini eşitməzdi. Adil üçün bu, yeganə macal idi ki, ürəyini boşaltsın. Hıçqırmaq, hönkürmək istəyirdi, lakin özünü güclə saxlayardı. Deyirdilər ki, kişilər ağlamaz. Əksər kişilərdə, yaşları artdıqca bu bir kompleksə çevrilir. Əslində bunun səhv fikir olduğunu demək olmaz. Kişi fiquru güc mənbəyi olduğu üçün ona bel bağlayıb arxalananlar həmin kişini aciz gördükdə məyus olur, ondan ümidlərini kəsirdilər. Adil bunları heç düşünmürdü. Çünki onun dərdi başqa idi.
Üç il idi ki ailə həyatı qurmuşdu. Nişanı, toyu elə də təmtəraqlı keçməmişdi. Çünki "həri"dən sonra anası dünyasını dəyişmişdi. Təmtəraq Adili heç maraqlandırmırdı. Lakin onun bəxti bir şeydə gətirmişdi. O da ki, elə bir qızla ailə həyatı qurmuşdu ki, qarşılıqlı sevgi onların ayrılmaz parçası idi. Anası, qızı Adilin özündən çox istəyirdi. Elə qız da qayınanasını. Bəzən saatlarla telefonda danışardılar, dərdləşərdilər. Bu hələ ailə qurmamışdan əvvəl idi. Hətta bəziləri deyirdilər ki, çətini evləndikdən sonradır, hamısı itib gedəcək. Lakin ailənin içi buna heç inanmırdı.
Toydan sonra Adil gəlini evlərinə gətirdi. Çox xudmani bir evləri var idi. Ev, sevgi, hörmət... Hər nə arzulanırdısa o evdə tapılardı. Bu ailə təkcə daxili potensiala bağlı deyildi. Çünki Adillə yanaşı Ayan da gözəl idi. Onun gözəlliyi vəsf olunmayan tərzdə gözəl idi. Məktəb çağlarından tutmuş universitetə qədər Ayanın həyatı keşməkeşli keçmişdi. Ayanın qardaşı, atası heç vaxt onu yanlarından ayırmazdılar. Çünki beş dəqiqə təkbaşına qalsaydı, iki-üç “ac çaqqal” ona yaxınlaşacaq və söz atacaqdılar. Onların bu yanaşması, əlbəttə, ciddi deyildi. Heyvanlar kimi ən gözəl dişini cəlb etmək və bununla kənardakılara nəyisə sübut etmək istəyirdilər. Lakin Ayanın öz daxili də xarici kimi gözəl idi. Heç kəsi yanına buraxmazdı. Ömründə bircə dəfə könül verdi. O da Adilə. Heç peşman da deyildi. Adil və Ayan sevgisi dillər əzbəri idi. Onlara qibtə edənlər, paxıllıq edənlər o qədər idi ki.
Ayanın ailəsi Adili öz oğulları kimi sevirdi. Məhəllədə hamı onlardan danışırdı. Ayan eşiyə çox çıxmasa da onu tanımayan yox idi. Ər-arvad qol-qola evdən çıxıb məhəllədən üzüaşağı düşdükdə, hamısı ağzını aralayıb onlara baxar, xəyal qurar, bu ailənin xoşbəxtçiliyinə ağız əyərdilər. Lakin bəziləri o cütlüyü sevər və onlara xeyir-dua verərdi, oğul və qızlarına onları misal çəkərdilər. Niyə belədir? Nə üçün insanların çoxu onlarda olmayan bir şeyin başqalarında olduğunu görəndə ürəkləri partlayır? İşığı yanmayan şəxs nə edir? Cəld çıxıb qonşuların işığının yanıb-yanmamasını yoxlayır. Xəstə adamların çoxu sağlam insanları görmək istəmir. Bəzi ağır xəstələr sağlam insanları da yoluxdurmaq istəyirlər ki, onlar kimi xəstə olsunlar. Bəzi nadürüst qonşu kişilər, hətta qadınlar da Ayan üçün söz qoşmağa çalışırdılar. Təmiz insanın arxasınca danışmaq olmur axı! Siz abırlı və təmiz insanın arxasınca danışsanız sizə irad bildirərlər, qeybət etmə deyərlər. Amma hansısa bir əxlaqsız barədə danışsaz, sizə fikir verən də olmayacaq. Odur ki, bəziləri söz qoşar, guya Ayanın gəzəyən olduğunu deyirdilər. Düzdür, çoxu buna inanmırdı. İnana da bilməzdilər. Lakin pis insanlar hamını pis görmək istədikləri üçün bunun qarşısını almaqmı olardı? Əsla! Məşhur bir deyim var, deyir kiməsə palçıq atmaq istəsən ilk bulaşan sənin əllərin olacaq. Bunu düşünən vardımı?!
Ailə qurandan bəri Adil üçün də min söz deyirdilər. Uşaqları olmadığına görə məhəllədə durar və bu ailənin həkimliyini edərdilər. Saatlarca mübahisə edərdilər ki, görəsən, uşaq olmama səbəbi hansındadır – Adildə, yoxsa Ayanda? Gah deyirdilər ki, Ayanda ola bilməz. Gah deyirdilər ki, Ayan ərə getsə mütləq uşağı olacaq, gah deyirdilər ki, Adil qısırdır, daha nələr, nələr...
Amma bir müsbət cəhət var idi, bunlar bu gənc ailənin vecinə də deyildi. Əksinə günü gündən xoşbəxtliklərindən daha artıq həzz alırdılar. Onların evindən heç kəs dava-dalaş səsləri eşitməmişdi. Kişilər arvadlarını döyəndə, arvadlar küçədə başqa arvadları döyəndə, hətta kişilərlə küçə davası aparanda bu gənc ailə sevinc və fərəh içində idi. Bu da qonşuların əsəbləşməsinə səbəb olurdu.
Lakin bir gün... Həmin gün hər şey bir-birinə dəydi. Qara əllər ağlıq və saflığa uzandı. Məhəllənin narkomanlarından biri kənar məhəllənin üç narkomanı ilə əlbir olaraq, həm də Adilin işdə olduğundan istifadə edərək, onun evinə soxuldular. Evini alt-üst etdilər. Nə var idisə taladılar. Lakin bütün bu qarət sadəcə oyun idi, gözdən pərdə asmaq idi. Onlar bura ayrı məqsədlə gəlmişdilər. Ayana görə! Abır-həyanı ləkələməyə, bir namusu sındırıb özləri kimi namussuzluq adı ilə kirlətməyə gəlmişdilər. O qədər nakişi idilər ki, üzlərinə qadın corabı keçirtmişdilər. Kişi siması qadın corablarında gizlənəndə alçaqlıq belə olnlar üçün fəxr sayılardı. Onlar Ayana əl uzatdılar, onun namusunu ləkələdilər. Saflığa palçıq atdılar. Həm də nakişi kimi. Dörd çirkli və bulaşıq əl məsum qadına tərəf uzandı... Qəlblərində bu ailəyə qarşı o qədər nifrət vardı ki, çirkin işlərini telefonla kameraya da çəkdilər. Ayan ağlayır, yalvarırdı. Onların da analarının, bacılarının olmasını xatırladırdı. Lakin onlar ona alçaldıcı söyüşlər söyürdülər... Ayan köməksiz idi. Bir şey edə bilmirdi. Ağlayır, hönkürür, onları qarğıyırdı. Onlar isə gülür, onu ələ salır və söyürdülər. Onlar Ayanı elə o halda da buraxıb getdilər...
***
Adil evə qayıdıb bu mənzərənin şahidi olduqda, artıq məhəllə hər şeydən xəbərdar idi. Adili görən kimi: "Mən deyirdim də, bu filankəs olmuş bir fahişəni alıb gətirib gül kimi məhləmizə. Ay biqeyrət, ay binamus, məhləmizin adını batırdın. Arvadın gedib atasının xarabasında fahişəliyini edərdi də!" - ifadələri hər yanı bürümüşdü. Deyəcəksiniz ki, Adil niyə reaksiya vermədi. Axı kimə? Qəlblərdəki kin hər yanda idi. Bir nəfər deyildi, iki nəfər deyildi. Onlara heç kəs acımırdı, heç kəs! Əksinə, məhəllədən rədd olub getmələrini tələb edirdilər! Onlar öz uşaqlarına öyrədirdilər ki, gedib Adilgilin qapısını bulaşdırsınlar, murdarlasınlar. Evlərinin divarlarına ədəbsiz sözlər yazırdılar.
Hətta dükançılar belə onlara mal satmadı. Qısa vaxt ərzində Ayanı çəkdikləri video internetdə yayıldı, hətta xarici saytlar belə bu barədə yazdı, müzakirə obyektinə çevrildi, xəbərlər bundan yazdı və s. Onları müdafiə edənlər də oldu, əksinə, hücum edənlər də.
***
Adil bir kişi idi. O ağlamağını saxlaya bilmirdi. Xoşbəxtliyi əlindən çıxmışdı. Amma özünü bundan artıq saxlaya bilmədi. O, arvadının videosuna baxmamışdı. Lakin yoldaşına toxunan yad əllər yadına düşəndə havalanırdı. Qışqırır, haray salırdı. Dənizkənarı parkda heç kəs yox idi ki, ona da yaxınlaşsın. Lap olsaydı da, dəlidir deyib yanından keçəcəkdilər. Adilin harayı dənizə tərəf gedir, lakin geri qayıtmırdı. Adil nə edəcəyini bilmirdi. Nə işə gedə bilirdi, nə adam içinə çıxa bilirdi, nə pulu vardı ki, xarici ölkəyə getsin. Heç nə! Hətta yaxın dostları belə, ona "Boşa onu, getsin" deyirdilər. Adil bunu edə bilmirdi. Boşaya bilmirdi. Çünki həmin hadisədən sonra Ayanın atası və qardaşı belə ona yaxın düşmürdü. Nə etməli idi? Sevdiyi qadın ləkələnmişdi. İntihar da edə bilmirdi, çünki vicdanı buna icazə vermirdi. Ayanın bundan sonrakı halını düşünür, geriyə çəkilirdi. Nə duaları eşidilirdi, nə bir kəs ona yardım əlini uzadırdı! O, daha taqətdən düşmüşdü. Düşünürdü ki, mən çəkdiklərimin iki qat artığını Ayan çəkir. O, öz başına gələnlərə dözmək əvəzinə, mənə təsəlli olmağa çalışır. Hətta Ayan dəfələrlə Adilə onu boşamasını demişdi. Lakin Adil bunu edə bilmirdi ki bilmirdi. Lakin Ayanla bərabər də qala bilmirdi. Onların şən ailələri matəm ocağına çevrilmişdi. Onlar nə bir-birilərinə yaxın düşə bilirdilər, nə də uzaq qala bilirdilər. Bu, bir bəla idi!
Adili bunlardan əlavə də düşündürən bir fikir vardı! O da Ayanın bətnindəki körpə idi...
Fərid Abdullah