Qadin.NET / Anamın hədiyyəsi

Anamın hədiyyəsi

Anamın hədiyyəsi

Gözəl bir payız axşamı işdən evə qayıdırdım. Öz-özümə düşünürdüm ki, insanın özündən başqalarını görməsi üçün hökmən gözəl əhval-ruhiyyədə olması lazımdır. Bax, hər dəfə səhər işə get, axşam gəl... Hər gün eyni yolu get, gəl. Kişi kimi bir dəfə sual vermisənmi özünə, getdiyin yolda hansı dükanlar var, kiminlə tez-tez qarşılaşırsan, həmin yolda ağaclar varmı, və s. Sadə bir misal çəkim, hər gün ən azı iki dəfə qalxıb-düşdüyüm binanın pilləkanlarını saymaq fikrimdən kemişdimi? Bir dəfə keçmişdi. Saymışdım da. İndi yadımdan çıxıb neçə pilləkan var idi. Əşşi, nə isə...

            Həə, deməli, əhval-ruhiyyədə qalmışdım. İndi hər şey mənə sanki: "Ey oğlan, mənə bax, məni görürsənmi?" - deyirdi. Barmağımı dişlədim, səbəbini anladım. Axı bu gün maaşımı qaldırmışdılar. Həm də əlli faiz. Beş ildən sonra nəhayət ki, maaşımı qaldırmışdılar. Çox xoşbəxt idim. Sanki içimdən bir səs mənə deyirdi ki, götür pullarını bir şeyə xərclə. Yəqin sizdə də olub, artırılan maaşı və ya əlavə bir pulu aldıqda – onun xərclənməsi yolu ilə bağlı plan qurmadığımıza görə özümüzü bir anlıq dövlətli hiss edirik. Amma gələn ay bu cür olmayacağını da bilirik. Çünki hansısa bir "qəmbərqulu" çıxacaq və həmin artıq gəlir hansısa bir kreditinin ödənməsinə gedəcəkdi. Mən də bu pulu hara xərcləyəcəyimi düşünürdüm ki, qəfil ağlıma bir fikir gəldi: Nərgiz! Həyat yoldaşım. İnanın, desəm bəlkə də gülərsiz, amma, axırıncı dəfə, haradasa dörd, ya da beş il olardı ki, Allahın dönərini də bir yerdə yeməmişdik. İndi qonaqlıq-zad başqa. Amma konkret harasa gedib, oturub yemək adlı bir şey yox idi.

            Tələsik evə qaçdım, sayını da unutduğum pilləkənlərlə yuxarı qalxıb qapını döydüm. Hə, yadımdan çıxmışdı, gələndə ev üçün lazım olan bəzi şeyləri almaqdan əlavə, yoldaşım üçün bir ananas – Ananası çox sevirdi – oğluma da – nə idi onun adı? Hmmm... Hə, yadıma düşdü – "spayderman"in paltarını almışdım. Əllərim dolu olduğuna görə, gülməyin ha, başımla qapını döydüm. Yoldaşım qapını açar-açmaz, kefini-halını soruşdum. O da çaşıb qalmışdı. Hər gün evə, bağışlayın ifadəmə görə, it kimi yorğun gələn adam kimi görürdü məni. Bəzən elə olurdu ki, mənə çay gətirərkən, gəlib görürdü ki, yatmışam. Elə əlimdəkiləri almışdı ki, ona dedim:

– Nərgiz, sənə sürprizim var...!

– Nə sürpriz? Adə, gəl keç içəri. Dayanmısan burada. Danışarsan indi, uşağı da öp dəə. Gör necə baxır sənə...

– Ay daa, yaddan çıxmışdı... – Üzümü oğluma çevirdim – Gəl bura, gör ata nə alıb sənə?

Yazıq uşaq tez qaçdı üstümə. Mən də paltarı verdim ona. Sevincək olub qaçdı o biri otağa:

– Hə, ay Nərgiz. Sözüm yarımçıq qaldı. Sabaha hazırlaş, gedirik.

– Hara? Yavaş-yavaş aramla danış daa...

– Yimeyə, səni yimeyə aparacam.

– Dəlidiye – gülümsəndi – nə yimey? Evə nə gəlib ki?

– Yox, bu “asobenni” yimeydi, şam yimeyi. Gör nə vaxtdı ki, sənlə baş-başa, yəni ailəlikcə yimey yemiriy...

– Əşşi mən burada, sən burada, qaçmırığ ki.. – üzünün ifadəsi birdən dəyişdi, ciddiləşdi – Ehtiyac yoxdu. Ged yimeyi başqa bir qadınla yi...

– Nə qadın, ay qız? Mən sənə nə diyirəm, sən mənə nə diyirsən. Başqa qadınla yiyən idimsə sənə nöş diyirəm day?

– Zarafat eləmirəm, bu səfər mənlə yox, başqa bir qadınla gediceysən...

– Nə qadın? Nə qadın-qadın salmısan? – Səsimi qaldırdım, uşaq qapıdan başını çıxartıb boylandı – Keç içəri!

Yazıq uşaq cəld içəri keçdi.

– Mənim əvəzimə sabah ananla gediceysən...

            Mən daha bir söz deyə bilmədim. Bilmirəm sizdə də belə hallar olur, ya yox. Bəzən insana deyilən bir kəlmə bir dastanlıq ifadəni əvəz edir. Bu kəlmə ilə artıq başa düşmüşdüm ki, yoldaşım nəyə eyham vurur. Anamın üzünü görməyəli altı ay olardı. Ancaq zəngdən-zəngə danışırdım onunla. O da üç-dörd dəqiqə. Mən yoldaşımın bu cür dəqiq sözünə nə deyə bilərdim ki? Haqlı idi.

– Hmm... – Başımı aşağı saldım.

***

            Səhəri gün yuxudan ayılanda gördüm ki, yoldaşım ən yaxşı paltarlarımı səliqə ilə ütüləyib sərib divanın üstünə. Onun bu cür bacarıqlı və zirəng olması heç vaxt dəyişməmişdi. Uşağı da xəbərdar edirdi ki, paltara yaxın düşməsin. Yerimdən durub əl-üzümü yumağa gedirdim ki, gördüm əlindəki telefonu mənə uzatdı. Heç nə demədi amma. Nə deyəcəyini başa düşdüm. Anama zəng etdim:

 – Alo, salam ay maa, necəsən?

 – Aloo, can bala, quzu balam, mamasının cubbulusu, dooşanı. Neynirsən, necəsən? Mənəm də, şükür, yaxşıyam.

 – Mən də yaxşıyam ay maa. Mamaa, əynivi giyin, hazırlaş, gediriy.

 – Hara?

 – Səni oppa aparacam.. – Gülüşməyə başladıq. Anamla danışanda uşaqlaşırdım. İndiyə qədər görməmişəm ki, ana balası ilə zarafatlaşsın, amma araya inciklik düşsün.

– Bə Nərgiz, Polad? Ay oğul, məni neynirsən, olarnan ged.

– Yox, ay maa. Səninlə gedirəm. Giyin. Çıxıram indi. Yaxşı, sağ ol.

Əynimi geyinib, yeməyimi yedim. Tanış bir kafemi deyim, ya restoran, nə isə, bir yer var idi. Fikrimdə tutmuşdum ki, ora gedək. Niyə ora? Çünki zatən oradan başqa bir yer tanımırdım. Uşaq vaxtı anam ora məni çox gətirmişdi. Mən də bu ənənəni sındırmadan Nərgizlə ora iki-üç dəfə getmişdim. Anam gilə çatıb, qapını döydüm. Anamı götürüb restorana tərəf yola düşdük. Anam qoluma girir, hərdən küçənin ortasında məni öpür, əlini kürəyimə atırdı ki, görsün tərləmişəm ya yox. Mənim 35 yaşım vardı. Amma anam mənimlə 5 yaşlı uşaq kimi davranırdı. Mən özümü narahat hiss etsəm də, bu mənim xoşuma gəlirdi. Uşaqlığımı xatırladırdı.

            Həmin gün anamla çox gözəl bir gün keçirdik. Düzdür, nə yedimsə elə mən yedim. Anam yazıq bir şey də yemədi, ancaq oturub mənə baxdı. Söhbət etdik, bir az piyada gəzdik. Ha nə qədər ona bir şey almaq istəsəm də razı olmadı. Duranda mənə dedi ki, gələn dəfə bura gəlmək mənim boynuma. Hər şeyin hesabını da mən ödəyəcəm. Dedim ki, ay ma, sən Allah belə eləmə. Mən ola-ola sən pul ödəyəcəksən? Razılaşmadı arvad, amma mən razı oldum. Anam idi çünki, razılaşmaya bilməzdim.

            Mən indiyə qədər ana ilə birlikdə restoranda yemək, onunla gəzişmək deyə bir şeyi heç kəsdə müşahidə etməmişdim. Uşaq vaxtı analarımız bizi yanına salar çox yerlərə aparar, gəzdirər, yedizdirərdi. Amma biz böyüdükdən sonra valideynlərimizi unudurduq. Onun yerini də həyat yoldaşı alırdı. Anaya gül almaq, onunla gəzişmək, söhbət etmək və s. – evli insanlara, hətta subay insanlara da yad bir şeydir. Amma bunu edən şəxslərə həqiqətən də eşq olsun!

***

            Bu hadisənin üstündən altı ay keçməmiş anam dünyasını dəyişdi. Qəfil, lapdan. Bilmədim bu necə oldu. Axı bu necə ola bilərdi? Cəmi altı ay bundan əvvəl saçlarımı oxşayırdı, məni öpüb bağrına basırdı, gülürdü. Anam məni hara qoyub getdi? Axı mən onsuz nə edəcəkdim? O gün bütün dünya mənim üçün qaralmışdı. Özümə lənət edirdim ki, mənim kimi bir oğuldansa qara kötük olardı. Camaat gəlib üstündə oturar, pişiklər onu murdarlayardı. Təki həmin kötük heç kəsə zərər və ziyan vurmazdı. Mənim kimi naxələf olmazdı.

            Anamın vəfatından beş ay keçdikdən sonra yoldaşımla qərara gəldik ki, onunla həmin "Ana və uşaq" restoranına gedək. Uşağı da götürdük, bir yerdə getdik ora. Oranı görən kimi, içəri keçən kimi iştahım kəsildi. Amma bunu ailəmə hiss etdirmək istəmədim. Oturub yüngülvari yedik, içdik. Uşağa da xətri istədiyi yeməyi sifariş verdik və s. Oradakı oğlana dedim ki, hesabı gətirsin. Oğlan mənə baxıb, "baş üstə" – dedi, amma başqa bir otağa keçdi. Dörd-beş dəqiqə sonra otaqdan bir qadın çıxdı. Onu tanıdım. Neçə illər idi ki, həmin yerin baş administratoru işləyirdi. Bizə yaxınlaşdı, görüşdü. Əlini uşağın başına çəkib dedi:

– Yeməyinizin hesabı ödənib.

– Nə danışırsız, ay xanım? – Təəccüblə ona dedim. Axı belə bir şey ola  bilməzdi.

– Hə, hardasa 5 ay bundan əvvəl ananız bura gəlmişdi. Konvertin arasına 50 manat və bir də iki-üç cümləlik bir şey yazmışdı. Buyurun, özünüz oxuyun.

            Əlindəki məktubu mənə göstərdi. Açdım məktubu, həqiqətən də içində 50 manat vardı və bir də kiçik bir vərəq. Vərəqi çıxartıb oxudum: "Çox güman ki bura mənim oğlum və gəlinim yanlarında bir uşaqla gələcək. Mən onu yeməyə dəvət etmək üçün söz vermişdim. Lakin mən xəstələnmişəm, balamın da işi başından aşır. Ailəsinə güclə vaxt çatdırır. Əgər bir də oğlumla bura gəlsək həmin pulu yemək hesabımızdan çıxarsız. Mən olmasam o, ailəsilə birlikdə olsa, onların hesabını bu puldan çıxarsız."

            Qadına baxdım, Nərgizə baxdım, uşağa baxdım. Arxamı itələyib stulu kənara çəkdim. Cəld qaçdım ayaqyoluna. Güzgüdə sifətimə baxa-baxa ağladım. Qışqırdım, hönkürtü vurdum. Axı mənim kimi naxələf övlad bu dünyada niyə yaşayırdı? Niyə?

Oradan çıxıb anamın məzarını ziyarət etməyə getdik.

Anamın hədiyyəsi

    PS: Bu hekayəni olmuş hadisənin üzərində yazmışam. Bu hekayəni bir alim öz çıxışında söyləyirdi. Mən də ona əlavələr edib hekayə şəklinə saldım. Bunu oxuyandan sonra kimin imkanı varsa, anası ilə əlaqə saxlasın.

Fərid Abdullah

2 fevral 2015
GO BACK