Qadin.NET / Turpsatan çocuq

Turpsatan çocuq

Turpsatan çocuq

Elektrik qatarının içi adət üzrə şey-şüy satan uşaqlarla dolu idi. Bu vaqondan o birisinə keçmək mümkün olduğu üçün gün ərzində kim bilir neçə dəfə qatarı əvvəldən-axıra, axırdan da əvvələ gəzir, əllərindəki güclə götürdükləri və ya yüngül şeyləri satmaq üçün dolaşırlar, bərkdən elan edirlər: “limon var”, “peçenye, şokolad var”, “corab var”, “kətə var” və s. və ilaxır.

Bu yavrular soyuqda, istidə, bürküdə, boranda beləcə nə isə satır, çörəkpulu qazanırlar. Bu uşaqlar valideyn qucağından hələ təzə ayrılmışlar və top gülləsi kimi həyatın içinə, çətinliklərə atılmışlar. Kimisinin valideyini zalımdır, göndərir,  kimisininkinin də valideyini ürək ağrısı ilə, ürəyindən qara qanlar axa-axa göz yaşlarıyla, məcburən bu yavrusunu çörəkpulu üçün göndərir. Üst-başları çirkli, his-paslı, paltarları sökük-cırıq, ayaqqabıları yırtıq-sökük halda vaqonları dolaşırlar. Onlar da gözəl yaşamaq istərlər. Gözəl, yaraşıqlı geyinmiş uşaqları görəndə başdan-ayağa süzürlər və köks ötürürlər.

Turpsatan çocuq

O gün də mən qatarla evə qayıdırdım. Qatar marşrut avtobuslara nisbətən ucuz idi. Vaqon yenə şey-şüy satan uşaqlarla “zəngin” idi. İki vaqon arasındakı keçid xəttində durmuşdum, necə deyərlər, koridorda. Bir uşaq gördüm. Əlində bir dəst turp var idi. Onun iri, qara gözləri vardı. Onun gözlərinin dərinliklərində bir qorxu vardı: indi məmur gələrək hirslənəcək: ay uşaq, keç görüm! 

O, digər vaqona keçmək üçün əlini qapıya atdı. Amma qapı açılmadı. Gördü ki, bir “kişi” gülümsəyərək vaqonun qapısının açılmasına mane olur. Arabir də ətrafdakılara baxır, sanki zarafat etdiyini bildirmək istəyirdi. Uşaq keçmək üçün israr edir, “böyük”sə mane olurdu. Bilirdim ki, kişi zarafat edir. Amma buna baxmayaraq ona sərt baxırdım. Az qalırdım dillənim. Çünki o uşağın gözlərindəki kədəri görürdüm. Ürəyim parçalanırdı, dağlanırdı. Ürəyimdən keçirdi ki, o uşağa pul verim. Amma o an pulum yox idi.

Üzümü adamlardan çevirdim ki, gözlərimin yaşarmasını kimsə görməsin.

Uşaqların məsum çöhrəsini, onların sönük gözlərini görməyə taqətin varmı?

1 fevral 2015
GO BACK