Qadin.NET / Unudulmaz zəng (1)

Unudulmaz zəng (1)

Yanvar ayının 17-si idi. Axşam saat 9 olardı. Artıq iki imtahan geridə qalmışdı və Mədinə sayca üçüncü imtahanına hazırlaşırdı.

Mədinə universitetin ikinci kurs tələbəsi idi. Əlaçı deyildi. Bu onun üçüncü sessiyası idi və artıq əvvəlinci iki imtahanının birindən 5, digərindən isə 4 almışdı. Beləliklə, əgər 3 almasaydı, növbəti dəfə zərbəçi olacaqdı. Həmişəki kimi yenə gərgin idi. Çünki, hər nə qədər oxumağa çalışsa da, imtahana qədər tam hazırlıqlı getdiyi heç olmamışdı. Hətta 5 almış olduğu fənlərdə də imtahana kəsilmə qorxusu ilə gedirdi. İmtahan biletini əlinə almayıncaya qədər də bu həyəcanını dəf edə bilmirdi.  Bu səfərki imtahan isə həm də qeyri-profil fənnindən (İngilis dili) idi. Ona görə hər suala baxdıqca, "ay ana, kəsiləcəm" deyə mızıldanırdı.

Bu il qış o qədər də sərt keçmirdi, lakin buna baxmayaraq, evləri daim soyuq olardı. Evin ən isti guşəsi isə mətbəx idi. Ona görə mətbəx boş olan vaxtlarda Mədinə hər zaman imtahanlarına orada hazırlaşardı.

Qəfil telefon zəng çaldı. Bacılardan heç biri telefona yaxınlaşmadığı üçün Mədinə əlindəki kitabı stola qoyub cəld qonaq otağına qaçdı.

-Alo, alo, aloo?

Lakin dəstəyin digər tərəfindən heç bir səs eşidilmirdi. Mədinə də bunu görüncə dəstəyi asdı. Ancaq elə otaqdan çıxmaq istəyirdi ki, yenidən zəng gəldi.

- Aloo. Alo?

Növbəti dəfə səssizlik. Mədinə dəstəyi yerinə qoymaq istərkən birdən digər tərəfdən səs eşidildi.

- Çox gözəl səsiniz var. 

Unudulmaz zəng (1)

- Alo? Kimdi? Lakin yenə də heç bir səs gəlmədi. Bu kimi hallarda Mədinə sadəcə dəstəyi qoyardı. Ancaq ya imtahan gərginliyini bir anlıq da olsa unutmaq üçün, ya da sadəcə qanunu pozaraq -"Deməyə başqa sözünüz yoxdursa, dəstəyi qoyuram." -dedi və dəstəyi asdı. Elə həmin an yenidən zəng.

- Alo.

- Salam, xanım. Siz orta məktəbdə oxuyursunuz? (Mədinənin yaşına görə səsi çox zərif idi. Telefonda isə bu səs daha da incə eşidilirdi. Məhz buna görə də hamı onu uşağa bənzədirdi.)

- Xeyr. Mən məktəbi bitirmişəm.

Lakin bu cavab artıq üçüncü dəfə evdəki sükutu pozan bu gəncə inandırıcı gəlmədi. Ona görə də, təkidlə -"hansı ali məktəbdə oxuyursunuz ki?" sual verdi.

Mədinə özündən asılı olmadan nə dəstəyi asmadı, nə də sualı cavabsız qoymayaraq - "qoy deyim də, onsuz gəlib məni tapan deyilsiniz ki." -deyib, gəncin sualını heç bir yalan demədən cavablandırdı.

- Mən sizinlə nəsə çox danışdım. Həm bu nömrə sizdə haradandı?

- Dostuma yığırdım, əlim bir rəqəmə səhvən dəydi. Mən də bəlkə bu bir qismətdir deyə fikirləşib, nömrəni yığmağa qərar verdim. Səsinizi eşitdikdən sonra susa bilmədim. Bəlkə, bir-birimizi daha yaxından tanıyaq?

- Bu qismət olmayıb, sadəcə bir yalnışlıqdır. Növbəti dəfə yığmaqla səhvinizi təkrarlamış oldunuz sadəcə. İndi isə bir doğru hərəkət edin və bu nömrəni bir daha yığmayın.

Unudulmaz zəng (1)

- Xanım, bəlkə belə sərt danışmayasınız. Alın yazısına inanmırsınız yoxsa?! Bəlkə, doğrudan da bu bir qismətdir. Mənim qardaşım da həyat yoldaşıyla məhz bu şəkildə tanış olmuşdu. Söz verirəm, əgər mənimlə danışdıqdan sonra da fikriniz dəyişməsə, bir kəlmənizlə sizi bir daha narahat etməyəcəm.

Mədinə bir az fikrə daldı. Danışığında bunu hər nə qədər bildirməsə də, gəncin səsində və danışığında onu cəlb edən nə isə var idi. Hər nə qədər də, deyilənlərin yalan olduğunu ehtimal etsə də, hansısa bir qüvvə onu müsbət cavab verməyə vadar edirdi. Ona görə pis bir şey etmədiyini düşünərək, tanışlığa razılıq verdi.

- Siz deyən kimi olsun. Amma söz verdiniz a. Mənim bir cümləmlə heç bir narahatçılıq verməyəcəksiniz mənə.

- Oldu, söz verirəm. Mənim adım Eltac. 26 yaşım var. Bəs sizin?

- Mən Mədinə. Yaşım isə 21.

Bu tanışlıq beləcə davam etdi. Eltac Mədinənin harada oxuduğunu artıq ilk sualında öyrənmişdi. O özü isə işləyirdi. Dediyinə görə özəl sektor işçisi idi və onun işi polislə əlaqəli imiş. Mədinə daha konkret cavab almaq istəməsinə baxmayaraq ilk dəfə üçün bu cavabla qənaətbəxş olmuşdu.

Artıq üç gün sonra Eltac görüş istəyini irəli sürdü. Lakin Mədinə qətiyyən belə bir fikri olmadığını bildirərək, bunun üçün hələ çox tez olduğunu dedi.

- Axı niyə Mədinə? 

 

Ardı var...

2 fevral 2015
GO BACK