Qadin.NET / Qəfil zəng (hekayə)

Qəfil zəng (hekayə)

 

Qəfil zəng (hekayə)

 

Qulağıma gələn səs daha da gücləndi. Artdı, artdı. Billmirdim nə səs idi. Amma bəynimi çəkicləyən səsin telefonumdan gəldiyini anladım. Zəhrimara qalsın, hər dəfə bu zəngi dəyişdirmək istəyirdim. Lakin sonra dəyişərəm deyib, yadımdan çıxırdı. Nə isə... Söyə-söyə yuxudan ayılıb, nömrəyə də baxmadan dedim:
- Alo...
- Zəhrimar alo, çor alo. Niyə zəngimə cavab vermirsən? (Tanımadığım bir qadın səsi idi. Təxmin etdim ki, hardasa 35-40 yaşı olardı)
- Ay anam-bacım, kimə zəng vurmusan?
- Tanımadın məni? Yadından çıxıb ki, zənginə, mesajına cavab vermiyəndə it kimi sürünürdün?
- Əstafrullaaa!!!
"Adboy" verib, yerimə uzandım. Sağa baxdım. Yatmışdı. Şükr Allaha - deyib gözümü yumdum. Zırrr-zırrr... Yenə də zəng gəldi. Telefonun səsini alıb gözümü yumdum. Uşaq kimi yatdım. Əmin olmaq üçün bir daha gözümü açıb yaxşı-yaxşı baxdım. Həəə... Yatmışdı.
Səhər heç nə olmamış kimi durdum. Sözün doğrusu yadımdan da çıxmışdı ki, gecə nə olmuşdu. Yemək də yemədim. Tez-bazar çölə çıxdım. Çünki işə gecikirdim.
Axşam işdən evə qayıdanda dükandan bir-iki şey alıb evə yüyürdüm. Elgizin verilişinə baxacaqdım. Düzdür, çatdırmamışdım. Hər nə olsa da, dedim ki, baxdığıma baxım, baxmadığıma gecə internetdə baxaram.
Evə girən kimi arvadın sifətini gördüm. Aha... Hazır idi. Bilmirəm bunu necə izah edim, "Ögey anada" bir ifadə var idi, "gözüm bu qara buluddan su içmir." Belə deyirlər də, hə? Nə isə. Adamın içində qəribə hiss var idi. Amma bu təcrübədən idi. Bilirdim ki, başlayacaq. Özü də necə. Ən sancmalı sözlərini mənə deyəcək.

 

Qəfil zəng (hekayə)

 

Sən demə, kişinin qızı səhər telefonumu eşələyib. Pay atonnan, gecə də yatmayıbmış. Sadəcə, özünü yuxuluğa vurubmuş. Mən uşaq kimi yatanda bu da durub telefonumu qurdalayıb. Deyirəm axı, nə əcəb, səhər nə buraxılmış zəng var idi, nə sms. Arvad səhər həmin qadının nömrəsini yazıb bir vərəqə. Mən gedəndən sonra zəng vurub ki, bəs, alo kimdir? Siz dünən kimə zəng vurmuşduz? O da deyib ki, sən də kimsən telefonu götürmüsən? Əclaf indi yanına tutub birini salıb? Yoldaşım əsəbləşib. Aralarında söz davası düşüb. Arvad deyib ki, utanmırsan evli kişiyə gecənin bir vaxtı zəng vurmusan? O da deyib ki, sən bu kişidə fərasətə bir bax. "Uje" evlənib də? Arvad deyib ki, 8 ildir evlidir, hələ üstəlik iki uşağı da var. Nəcəbsə arvadımın ağlına gəlib ki, bir soruşub-görsün bu qadın kimə zəng vurub. Soruşur, arvad da deyir ki, Rəşada zəng vurmuşam. Arvad da deyir ki, bu nömrə Rəşadın deyil, Muradındır.
Deyirəm axııı... İndi yadıma düşdü. Günorta arvada "mesaj" yazmışdım ki, evə gələndə nə alım. O da yazmışdı ki, evə gələndə 30 qəpiklik çörək və bir də tomat alarsan, Rəşad. Yarım saat sonra yadıma düşmüşdü ki, dayan e, Rəşad da kimdi? Cavab yazmışdım ki, Rəşad kimdi, amma cavab yazmamışdı. Sonra müdir bir-iki iş tapşırdı, dərinə gedə bilmədim. İndi başa düşürəm ki, əsl məsələ nə idi.
Nə başınızı ağrıdım. Arvad gözün yumdu ağzın açdı, dişindən çıxanı mənə dedi. Atan yaxşı, anan yaxşı. Mən nə bilim kim idi o qadın.
- Sən camaatı belə aldadırsan, hə? Xalxın arvadından evli olduğunu gizlədirsən, heç uşağlarının olduğunu da demirsən. Özü də özüvə Rəşad adı da qoymusan.
- Ay qız, nə Rəşad, Rəşad da kimdi?
- Özümdən deyirəm? Deee, arvadın dedi də.
- Aaa, işə düşdüm də.
- Nə iş e, sən Allah!
- Dayan bir dəqiqə. (Əlimi atdım telefona zəng vurdum). Alo, alo.
- Hə, kimdi? ("Qromkoqovaritelə" qoydum) Ay xanım, siz dünən hara zəng eləmişdiz?
- Bağışla sən Allah, səhv düşmüşəm.
- Ay xanım, səhv-səhv deyirsiz, mənim evimdəysə qırğındı.
- Vayyy, nə bilim axı. Mən Rəşada zəng eləmişdim. Sora gördüm ki, sən demə nömrənin axırını 55 yığmağdan 53 yığmışam. Bağışla, sən Allah.
- Yaxşı, ay xanım, yaxşı. Allah bağışlasın. ("Adboy" verdim) Gördüüün, ay qız? Gördüüün? (Əsəbləşmişdim. Belə də iş olar?..)
- Mən sənçün uşaq deyiləm. Bu oyunları get özünkülərlə oyna. Elə sən də atovun tayısan.
- (Şappp... Bir şillə çəkdim) Atamı bura niyə qatırsan? Sözün var, mənlə danış! Atam ayrı, mən ayrı!
- Mən bu dəqiqə şeylərimi yığıb atamgilə gedəcəm. Sənə "mesajla" Rəşad yazan kimi, hər şeyi başa düşmüsən. Bilmisən ki, zibilin açılıb. Tez zəng edib düz-qoş etmisən. Buna görə arvad elə deyirdi.
- Vallah-billah! Anamın qəbriyçün, mən elə bir adam tanımıram! Aaaa... Adam səhv edib də. Belə qəlllət edib zəng edib mənə. İndi neynəyək? Hər adamın sözünə inanacaqsan? Mənim sözümə inanacaqsan, ya onun? Heç indiyə qədər belə şey olub? Gör neçə ildi ki, evliyik.
- İş olanda bir dəfə olur da. Vsyo, mən gedirəm.
- Hara gedirsən, ay bala! Bu nədi, zənn-gümana uyub ağzına gələni danışırsan?
- Əl çək məndən (yataq otağına girdi).
Bilirdim ki, heç yana gedən deyildi, onsuz da. Sadəcə hələ də anlamıram. Axı niyə belə qərar verdi ki?!
O məsələnin üstündən üç ay keçdi. Mənlə bir söz danışmadı. Ona heç nə sübut da edə bilmədim. İndi yavaş-yavaş düzəlib münasibətimiz. Çox şükr. Amma hər gecə ayıq yatıram. Birdən yenə də tanımadığım nömrədən zəng gəlsə?

Fərid Abdullah

18 yanvar 2015
GO BACK