Boz payız gecəsi. Şüşələrdə yağış damcıları. Həyat yoldaşım yan otaqda kompüterdə iş görür, oğlum isə gəzintidədir. Mən təkəm. Musiqi dinləyirəm. Musiqi məni burdan çox uzaqlara aparır. Hər dəfə bu musiqi altında ilk sevgimi xatırlayıram. Hansıki, əsl sevgiyə çevrilməyə macal tapmadı. Mən bacarardım, əgər hər şey başqa cür olsaydı. Yaşanılmış hiss haqqında danışmaq istədim. Ancaq kimə? Əlbəttə, kompüterə. Onda bu xatirələri qoruyacaq yaddaş var.
Bu 1986-ci ilin yayında idi. Biz bütün ailəmiz ilə birlikdə Müdafiə Nazirliyinin pansionatında istirahət edirdik. Anam, atam, iki qardaşım və mən. Atam istirahətdən sonra yenə öz iş yerinə qayıtmalı idi. Atam şən və məzəli adam idi, anam isə pis oxumurdu. Bəlkə buna görə valideynlərimin ətrafında insanlar həmişə yığışıblar. Axşam olanda hamımız bir yerdə toplanırdıq. Lətifə danışır, domino oynayır və mahnı oxuyurduq.
Üçüncü, bəlkə də dördüncü gün olduğu üçün pansionatda cavan oğlan bizim nömrəyə əlində gitarayla daxil olaraq salamlaşıb dedi: "Sizə qoşulmaq olar? Sizin mahnıları eşitdim, mənim isə gitaram var". Beləcə, mənim həyatıma İlqar daxil oldu. Atam kimi o da təyyarəçi idi. İndi bizim qrup gitaranın sədaları altında oxuyurdu. Bəzən İlqar özü də oxuyurdu. O, oxumağa başlayanda biz susurduq, çünki o, çox gözəl oxuyurdu və biz yalnız onu dinləmək istəyirdik. Onun oxuduğu mahnıları dinləyərək bəziləri öz göz yaşlarını gizlincə silirdi.
Təəccüblü deyil ki, mən aşiq oldum. Bu çox gözəl bir hiss idi, bütün dünya əlvan rəngdə görünürdü, mən hamıya gülümsəyirdim, və mənə təbəssümlə cavab verirdilər. Bizim aramızda heç nə olmayıb, heç ola da bilməzdi. Mənim 14, onun isə 28 yaşı var idi. Qız və yaşlı kişi, ötən müharibə. Amma mən bu barədə düşünmürdüm. Mən səhər onu düşünərək oyanır, və onu düşünərək yatırdım. O, mənə dünyada ən gözəl, ən ağıllı və ən yaxşı biri olaraq görünürdü. Hava işıqlaşmamış oyanıb dənizə qaçırdım, çünki bilirdim İlqar oradadır. O, səhərlər üzməyi sevirdi. Mən ona qoşulurdum. Mən onunla uzaq məsafələrə üzməkdən heç qorxmurdum. Bilirdim ki, ona inanmaq olar. Onunla mənə qorxulu deyildi, hərçənd mən yaxşı üzə də bilmirdim.
Bir dəfə mən özümü toplayaraq onu diskotekaya dəvət etdim. Fikirləşirdim ki, razılşmayacaq. Təəccüblüdür, o razılaşdı. Biz bütün gecəni rəqs etdik, fasilələrdə isə o, mənim əlimdən tutmuşdu. Bu mənim yaşadığım ən xoşbəxt gün idi. Sonra biz çimərlikdə gəzməyə qərar verdik. O, əlimi əvvəlki kimi saxlayırdı. Hər şey barədə danışırdıq. O danışırdı ki, onun valideynləri istəyirdilər ki, o, musiqiçi olsun, amma İlqar göydə olmağı arzulayırdı və ona görə də aviasiya məktəbinə getdi. Deyirdi ki, musiqisi ondan onsuz da getməyəcək, o, həmişə onunla olacaq, ürəyinə isə adrenalin gərəkdir. Ay işıq saçırdı, onun gümüşü işığı yolumuzu işıqlandırırdı. Artıq öz otağımın qabağında idim İlqar mənə dedi ki, sabah uçur. Məzuniyyət qurtardı, qayıtmaq vaxtıdır. O zaman mənə elə gəldi ki, yer ayağımın altından qaçır. Deməli hər şey bura qədər imiş! Sabah artıq mən onu görməyəcəyəm. Mən onun yazıları olan kasetli şəkli xahiş etdim ondan, xatirə ancaq bu ola bilərdi. O isə dedi ki, onda indi yoxdu, amma mütləq növbəti görüşümüz zamanı o mənə həmin hədiyyəni bağışlayacaq. Məndən ünvanımı götürdü. İlk fürsətdə yazmağa söz vermişdim. Səhər xidmətçi mənə zərf verdi, hansıki, orada onun şəkli və imzası "İlqardan Kamiləyə hədiyyə" yazılmışdı.
Sonra biz evə qayıtdıq, atam isə oraya yenə getdi, çünki müharibə davam edirdi. Mən İlqardan məktub gözləməyə başladım. Hər gün məktəbdən qayıdanda, mən ilk növbədə poçt qutusuna baxırdım. Amma günlər keçirdi, məktublar isə yox idi. Amma mən gözləməyə davam edirdim. Yaşayış yerimizi dəyişəndən sonra məktub gözləmədim. Onda qərara gəldim ki, mən özüm hər şeyi uydurmuşam, İlqar məni çoxdan unudub, deməli mən də unutmalıyam. Yeni tanışlığım onu unutmağa kömək oldu. Yeni məktəbdə Vasif adlı oğlanla bir parta arxasında oturdum. Biz dostlaşdıq. Mən ona aşiq olmamışdım. Amma hiss edirdim ki, mən onsuz yaşaya bilmərəm. Mən ikinci kursda oxuyanda biz ailə həyatı qurduq.
Vaxt keçdi, mən artıq İlqarı xatırlamırdım. Oğlum böyüdü. Amma atam birdən zəng vurdu, o itkin düşənlərin axtarışı ilə məşğul olmuşdu. Atam dedi ki, İlqar əsir düşüb və iki ay sonra vəfat edib. Onda başa düşdüm nəyə görə o mənə məktub yazmırdı. O, yaza bilməzdi. Niyə axı mən bu barədə heç düşünməmişdim? Mən var gücümlə göz yaşlarımı boğmağa cəhd etdim, ancaq bu məndə alınmırdı. Qayınanamı gördüm. Soruşdu ki, kim xətrimə dəyib? Mən, ağlaya-ağlaya hər şeyi ona danışdım. O, mənə tək qalmağı və bütün göz yaşlarımı axıtmağı məsləhət gördü və sonra dedi ki, bu barədə Vasifə heçnə deməyim. O, hesab edirdi ki, kişilərə qadın sirlərini bilmək lazım deyil. Ertəsi gün o, məni qəbirstanlığa apardı və biz İlqar adlı döyüşçünün məzarı üstünə gül dəstələri qoyduq. O vaxtdan mən ağlamaq üçün İlqarın məzarına gedirdim. Bu mənə lazım idi. Vəssalam. Mənim balaca sirrim kompüterin yaddaşında indi də saxlanılır. Ümid edirəm ki, o onu saxlayacaq.
Bununla da bitirmək istərdim.Yox, İlqar dirilmədi. Hətta, əgər o, hansısa möcüzə ilə qayıtsa idi, mən onunla dostluq münasibətləri saxlayardım. Lakin möcüzələr yalnız hekayələrdə olur.