Qış bərk gəlmişdi. Yer-yurd qalın qar örtüyü altında qalmışdı. Düzənliklərdə cövlan edən soyuq şimal küləkləri qalın qarı bir az da təpib bərkitmişdi. Günəş işıldasa da, onun şüasının istiliyi qarı əridə bilmirdi. Səthdən azacıq əriyən qar isə təkcə nazik buz örtüyünə çevrilirdi. Diqqətlə baxanda qarın üzü sədəfə bənzəyirdi. Təkcə yol qarsız idi. Asfalt örtüyü uzaqdan böyük axar çayı xatırladırdı.
Günəş şüalarını udduğuna görə qarsız qalmış asfalt yol bu qar səltənətində yeganə əriş-arğac mənbəyi idi. Qar geniş, göz işlədikcə uzanan düzləri yorğan kimi örtdüyünə görə yerli quşlar yem sarıdan korluq çəkirdilər. Onlar qışda dəstə halında həyat sürürlər. Hər dəstədə 2-3 min sərçə olur. Qışda bu balaca yazıqlar yeganə ümidlərini asfalt yola bağlayır, dəstə halında yola tökülür, yem axtarırlar. Yol işlək idi. Maşınlar tez-tez bir-birini arxada qoyurdu. Yemsiz sərçələrin faciəsi də məhz bu maşınlar idi. Hər maşın ötüb keçdikcə sərçə dəstəsi qara duman kimi yoldan qalxır, maşının üstünə qayıdırdı. Hər maşın keçdikcə yolda yüzlərlə, minlərlə sərçə zərbədən tələf olub yola, yol kənarına tökülürdü. Daha maraqlısı isə yolun kənarında nişangah kimi düzəldilmiş daşların üstündə oturan iri qara qarğalar idi.
Demə, onlar maşınların keçməsini gözləyirmiş. Elə ki, maşın ötdü, yol boşaldı, qarğalar tezcə uçub yola qonurdular. Onlar hələ ölmüş sərçələri yemək barədə düşünmürdülər, çünki maşının gəlməsi təhlükəsini yaxşıca bilirdilər. Odur ki, xeyli sərçə leşini dimdiklərində yol kənarına çıxarıb ehtiyat yığırdılar. Bu minvalla yem dalınca getməyib müftəxorluq edirdilər. Elə ona görə də camaat bu qarğalara çox vaxt müftəxor qarğa da deyirlər.