Qadin.NET / Bir şəhidin izləriylə-6

Bir şəhidin izləriylə-6

Bir şəhidin izləriylə-6
BİR ŞƏHİDİN LƏPİRLƏRİYLƏ...
(VI yazı)
HƏDƏFİN İDRAKI
"...Və o kəslər ki, yerin və göylərin yaradılışında düşünər, deyərlər: ey bizim Rəbbimiz, sən bunları boş yerə yaratmamısan..." (Ali-İmran, 191)
Mütləq ki, siz də də belə hallar olub; bəzən hansısa bir şey (misal üçün kartof) almaq üçün evdən çıxıb və mağazaları bir-bir axtara-axtara üzü aşağı gedirsiniz. Hardasa 20-30 mağaza keçdikdən sonra nəhayət ki, axtardığınız şey - kartof rast gəlir, alır və geri dönürsünüz. Amma nədənsə dönərkən qət etdiyiniz yol sizə gedərkən getdiyiniz yoldan daha qısa görsənir. Bir anlıq dayanır, düşünürsünüz: yol həmən yol, məsafə eyni məsafədir, bəs niyə eyni yol mənə gedəndə uzun, qayıdanda isə qısa gəldi?!
Ümumiyətlə fikir versəniz, gedib-gəlmə prossesində gedilən yollar həmişə daha uzaq, gəlinən yollarsa daha yaxın görünür insana. Bu, niyə belədir əcəba?!
Bir az dərindən fikir verəndə anlayırıq ki, sən demə yolumuzu uzun göstərən -hədəfimizin naməlumluğuymuş. Axı, gedərkən məsələn, kartofu harada tapacağımızı bilmirdik. Qayıdanda isə hədəfimizin - evimizin yeri dəqiq bəllidir.
Keçən yay İstanbulda olanda yadımdadır, ilk dəfə olduğuma baxmayaraq "Sultan Əhməd" camisini tapmaq elə də çətin olmadı, çünki xeyli uzaqlardan belə o möhtəşəm caminin uzun minarələri görünürdü, minarələri özümə hədəf edib onlara tərəf istiqamətləndikdə "Laləli"dən camiyəcən olan yol uzun olduğu halda mənə elə yaxın göründü ki. Müqəddəs Məşhəd ziyarətində olanda da eyni şey baş vermişdi, Hərəmin qızıldan olan minarələri şəhərin hər yerindən görünürdü deyə şəhərin harasında oluramsa olum özümü ziyarətgahın kənarında, beş adımlığında hiss edir, onu tapmaqda çətinlik çəkmirdim. Niyə? Çünki qarşımda hədəfimi görür, hara getdiyimi bilirdim. Hərəkətim kor-koranə deyil, aydın və gözüaçıqca idi.
Demək ki, yolu uzaq göstərən - hədəfin naməlumluğudur. Və demək ki, mayaklar gəmilərə təkcə yolun istiqamətini bəlli etmək üçün deyil, həm də hədəfi müəyyənləşdirib, yolun yaxın olduğunun mesajını vermək üçündür!
İnsanın həyat hədəfi bəlli olmazsa, dünya ona çox anlaşılmaz, qəliz və mürəkkəb bir yer kimi görünəcək. O, dünyada yaşaya-yaşaya, dünyanın dörd bir yanında sərgərdan olub, dünyanı tapa bilməyəcək! Ulu Yaradan məhz bu məntiqlə kamil insanların vəsfində deyir:
"...Və o kəslər ki, yerin və göylərin yaradılışında düşünər, deyərlər: ey bizim Rəbbimiz, sən bunları boş yerə yaratmamısan..."
Ayədən məlum olur ki, ilk mərhələ bir hədəfin olmalı olduğunu, yəni hədəfin zərurətini dərk etməkdir! Kamil insanlar yerin və göylərin yaradılışında və başqa neçə-neçə şeylər üzərində düşünər və öz-özlərinə etiraf edərlər ki, yox, bütün bunlar boş yerə, "elə-belə" ola bilməz, bir hədəf olmalıdır, mütləq olmalıdır!
Bəli, ilk mərhələ bu zərurəti dərk etməkdir - hədəf zərurətini.
Ayədəki yer və göylər misalı şərtidir, kainatda üzərində düşünüləsi şeylər təkcə yer-göy deyil ki. Ətrafımızdakı hər şey - ən xırdasından ən böyüyünə qədər aqil insana bu mesajı ötürür: bu nizamlı yaradılışın mütləq bəlli bir hədəfi var, bu yaradılış bəzilərinin düşündüyü kimi, "elə-belə" deyil, ola bilməz, yox, bu qədər nizam-intizamlı bir xilqət boş-boşuna, hikmətsiz, hədəfsiz yarana bilməz! Əsla!
Beləliklə o özündən soruşacaq: elə isə, bəs yaxşı, nədir bu hədəf? Bu, sonrakı, ikinci mərhələdir - hədəfin axtarışı mərhələsi. Ən əsası, hədəf zərurətinin idrakıdır, o idrak varsa, insanı hədəfin axtarışına çıxaracaq; hədəf zərurətini anlayan gündən hər kəs özündən asılı olmayaraq hədəfin axtarışına çıxacaq. Bundan sonra onun ən vacib sualı bu olacaq: yaradılışın və mənim varoluşumun hədəfi nədir?!
Bu axtarışın özü artıq bir məqamdır, səviyyədir, bu axtarışdır insanı bütün başqa canlılardn fərqləndirəcək amil. Başqa heç bir canlının belə bir sualı, axtarışı yoxdur, ola bilməz; sualı ola biləcək yeganə varlıq insandır bu kainatda. Amma əfsus ki, insanların az qala yarısından çoxu bu suala əhəmmiyyət vermir, onlar bu haqda soruşmaq, axtarmaq istəmir, - əşş, - deyir, - nəyimə lazımdır, hamı necə mən də elə. Siz istənilən bir tədbirdə əlinizə bir mikrofon alıb kiçik bir sorğu keçirin, soruşun ki, ay millət, sizin həyat hədəfiniz nədir, niyə yaşayırsınız? Böyük əksəriyyət konkret cavab verə bilməyəcək, ən yaxşı halda dilini süründürə-süründürə belə deyəcək: nə bilim, yaşayırıq də, baxaq görək necə olacaq. Siz israr edəcəksiniz ki, axı necə, axı niyə yaşayırsınız bu həyatda? Onlar əsəbiləşib cavab verəcəklər ki, yaradılmışıq yaşamalıyıq də, bəs neyniyək, özümüzü öldürək?
Vay, vay vay!!! Uşaqkən az qala gördüyü hər şey haqda kiçik əlini uzadıb "ata, o nədir, ata bu nədir?" deyə öz suallarıyla valideyinlərini girinc eləyən uşaq indi öz ən ali imtiyazından - sualından imtina edib. Bəs bu necə olub, axı o, sualverən bir yaradılış idi...?!
Keçən yazılarından birində sizə demişdim, demişdim ki, bəni-adəmin ən gerçək, ən təbii və ən həqiqi siması uşaqlığında olur, onun ən təbii halını tədqiq etmək istəyən kəs onu uşaqlığında axtarmalıdır, baxın, bu da yeni bir məsələ: uşaqlığına nəzər edəndə bəlli olur ki, insan əslində suallı bir yaradılış imiş, onun indiki, susqunluq və sualsızlığı təbii halından çıxması, insanlığından uzaqlaşması deməkdir!
Gəlin məsələyə bir də məntiq aspektdən girişək: L. Tostoyun "İvan İliçin ölümü" povestində belə bir məntiqi silloqizm keçir:
"Kay adamdır, bütün adamlar ölməlidir, demək ki, Kay da ölməlidir!"
Öz məsələmizə də eyni məntiqi silloqizmlə yanaşsaq belə olacaq: dünya nizam-intizamlı bir yaradılışdır, hər nizam-intizamlı bir yaradılışın məlum bir hədəfi olmalıdır, demək, dünyanın yaradılışının da məlum bir hədəfi olmalıdır!
Yaxşı, bəs nədir bu hədəf?!
Hər bir hədəfə çatmaq üçün vasitələr vardır, vasitələr insanı hədəfə çatdırmaq üçündür, vasitələrin - adlarından bəlli olduğu kimi - varoluş funksiyası budur, fəqət, hədəf axtarışına çıxmayan, bu məsələyə səhlənkar yanaşan insan bəzən vasitəylə hədəfi qatışdırır və vasitə olacaq şeyi özünə həyat hədəfi edir.
Vasitə isə hədəfə çevrildikdə vasitə deyil də maneə rolunu oynayır - çatdırmalıydı, qarşısını alır!
Məsələn, pul, sərvət, yeyib-içmək, əylənmək və s. bunlar hamısı vasitə olmalıdır, hədəf deyil, amma reallıqda necədir, reallıqda da belədirmi?!... Hətta elm, elm kimi ali dəyərin özü belə hədəf deyil, vasitə olmalıdır. Elm vasitə olarsa faydalıdır, hədəf olarsa maneədir.
Baxın, "Kitablar insanları assosial edir, ona görə də onları yandırmaq lazımdır" deyirdi Amerikalı yazıçı Rey Bredberi. Rey hardasa haqlıdır, siz dəmi rastalaşmısınız belə, gözü eynəkli, cəmiyyətdən təcrid olunub yalnız kitablarla, kitablarda yaşayan insanlarla? Mən çox rastlaşmışam. Onlar sanki həyata yalnız kitab oxumaq üçün gəliblər, bu, normaldırmı?! Bəli, elm hədəf olarsa insanı sosiallaşdırmaq, insanlıq zirvəsinə çatdırmaq əvəzinə assosiallaşdıracaq, cəmiyyətdən tədric edəcəkdir!
Dinin missiyası insana hədəf təqdim etməkdir, din məlum həyat hədəfini insanın ovuclarına qoyaraq onun təsbeh dənələri kimi pərakəndə və dağınıq həyatını bir ipin ətrafına yığır, həmahəngləşdirir. Ona görə də dini olan, dolayısıyla, hədəfi olan insan üçün dünya qəliz, mürəkkəb və anlaşılmaz deyil, su kimi aydın, bəlli və konkretdir!
Bəs Aşura, Aşurada da hədəf var idimi? Aşura hadisəsinə ən öyük haqsızlıq edənlər onun spantan (qəfil, gözlənilmədən coşan) bir hadisə olduğunu iddia edənlərdir! Böyük şəhidin ləpirlərinə düşdükdə görürük ki, əsla, əsla bu hərəkat spantan və fövri bir hərəkat deyil, əksinə, özündə böyük hədəflər daşıyan, ölçülü-biçili, planlı bir hərəkatdır! Təsəvvür edin, imamın (ə) karvanı Kərbəla adlı əraziyə daxil olduğu ilk gün, yəni Məhərrəm ayının ikinci günü imam (ə) nə edir? O ərazidə yaşayan qəbilə başçılaryla danışıb o torpaqları satın alır. Satın alır ki, biz burada, bu yerin üstündə şəhid olacaq, burada dəfn olunacağıq; bura ziyarətgah olacaq, sevənlərimiz gəlib bizi ziyarət edəcək, elə isə bu yer halal yer olmalıdır, qəsbi yer üstündə böyük amallar qurmaq olmaz! Hədəfə baxın bir, bu dəqiqliyə, belə uzaqgörənliyə necə valeh olmayasan axı?! Ona görə, Kərbəla ziyarətgahının indiki ərazisi İmam Hüseynin (ə) şəxsi mülküdür!
İmamın (ə) Tasua gecəsi, eləcə də Aşura günü bacısı xanım Zeynəbə "məndən sonra" ifadəsiylə başlayan dediyi sözlər, etdiyi vəsiyyətlər var: bacı, məndən sonra belə edəsən, elə edəsən... bütün bunlar Aşura hərəkatının hədəfdar bir hərəkat olduğunun sübutlarıdır! Zatən, spantan olan bir hərəkat 14 əsr yaşaya, sevilə bilməzdi axı...
Yox, yanlış bilirsiniz yenə də, Aşurada imamın (ə) hədəfi şəhidlik deyildi, şəhidlik kimi ali dəyər belə hədəf ola bilməz, yox, şəhidlik deyildi imamın (ə) hədəfi. Belə deyildi ki, imam aşurada özünü oxun-qılıncın qabağına verir, tez-tələsik şəhid olmaq, qurtulmaq, beləliklə hədəfinə çatmış olmaq istəyirdi, xeyir, əksinə, döyüşçülərin tapşırığı bu idi aşurada: "bacardıqca dirəniş göstərin, tez yenilməyin!" Şəhidlik hədəf deyildi, haqqın keşiyində durmaq, ilahi dəyərləri qorumaqdı hədəf olan, şəhidliksə, o gün bu hədəfə çatmaq üçün ən ülvi, ən ali, ən gözəl... və yeganə vasitə idi.
Bax, belə. Dönək bayaqkı məntiqi silloqizmə: Sən insansan, hər bir insanın hədəfi olmalıdır, demək, sənin də hədəfin olamlıdır!
Elə isə, bəs yaxşı, sənin hədəfin nədir?
İlqar Kamil
12 fevral 2015
GO BACK