Qadin.NET / Bir şəhidin izləriylə -2

Bir şəhidin izləriylə -2

Bir şəhidin izləriylə -2

Bir şəhidin ləpirləriylə

(II yazı)

Allah adamı

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edərlər..." (Ali-İmran, 191)

İslam təlimlərində keçən zikrin (Allahı yad etmənin) üç mərhələsi var:

1) Dilin zikri

Bu mərhələ üçün hədis kitablarımızda kifayət qədər gözəl nümunələr var. Məsələn, elə sadəcə "həzrət Zəhra (ə) təsbihatı" kimi tanınmış "Allahu əkbər, əlhəmdülillah, sübhanəllah" zikirlərinə baxsaq, bu sözlərin hər birinin necə dərin məzmuna malik olduğunu görəcəyik. Axı "Allahu Əkbər" (Allah ən böyükdür!) deyən, belə düşünən, bu həqiqətə bütün varlığıyla inanan kimsəni nə, kim oynada bilər yerindən? Şeytanmı? Şeytan kimi cılız bir varlıq ona təsir edə bilərmi? Dünya bütün cilvələrini bir araya yığsın, eləsini aldada bilərmi? Qara qüvvələr gecə-gündüz təhdidlər yağdırsın, onu qorxutmağa qadirmi? Əsla və əbəda! Onun üçün Allah ən böyükdür, hər şeyin - bütün qüvvələrin, qüdrətlərin, sərvətlərin, despotların, fironların, tiranların... fövqündədir! Ən böyükdür Allah! Hər şeydən-hər növ qorxudan, hürküdən, arzu və istəklərdən böyükdür! Laxlada bilərmi beləsini qəzalar, bəlalar, olanlar, bitənlər? Bilməz! Bəli, ani refleks olaraq müəyyən şeylərin qəlbinə gəlməsi təbiidir, fəqət astma xəstələri nəfəs çatışmazlığı zamanı inhilyasiya cihazını ağızlarına tutub rahatladıqları kimi, belə insanlar da Allahı yad edən kimi sakitləşər, əvvəlki sakit hallarına qayıdarlar.

Bir şəhidin izləriylə -2

"Həqiqətən yalnız Allahın zikri ilə qəlblər aram olar!" (Rəd, 28)

Bu konteksdən baxanda Yaradanın da buyurduğu kimi namaz ən böyük zikirdir. (Ənkəbut, 45) Namaz möminin mənəviyyat çatışmazlığı zamanı inhilyasiya cihazıdır! İstənilən cansıxıcı hadisə baş versin, tez dəstəmaz alıb, Haqqın dərgahında dayandı ki, qəlbinə hüzur dolacaq onun, damarına sakitləşdirici iynə vurulmuş insanlar kimi gözləri xumarlanacaq, ruhu hüzur bulacaqdır!

İmam Səccadın "Səhifeyi-Səccadiyə" kitabındakı möhtəşəm münacatına baxın: "Ya mən zikruhu şərəfun lizzakirin!" Ərəbcəsini (transkripsiyası) də yazdım, çünki orjinalı belə o qədər gözəl səslənir ki. "Zakir" zikir edən deməkdir, imam deyir, ey o kəs ki, zikiri zakirlər üçün şərəfdir! Bəli, zikrin ləzzətini bilənlər üçün zikir bir şərəfdir! Namaz bir şərəfdir!

Tələs ulu haqqın dərgahında diz çökməyə
dizlərin qocalır;
səcdə zirvədir,
insan ora əyilmir-ucalır!

2) Qəlbin zikri

Siz heç aşiq gördünüzmü? Bir rəsmi tədbirə dəvət etmisiniz onu, tədbir bütün ciddiyyətiylə davam etməkdə, fəqət o, yoxdur burada, o, bu tədbirdə deyil; tez-tez saatına baxır, narahatdır, oturduğu yerdə sağa-sola vurnuxur, tədbirin nə zaman bitəcəyini gözləyir ki, məşuquna qovuşsun!

Bir şəhidin izləriylə -2

Siz heç dərdli adam gördünüzmü? Dərsdədir- sinifdə, amma ruhu orda deyil, ruhu dərdinin yanındadır; xəstə anasının, problemli atasının, ac balasının yanında, məsələn. Gözü yol çəkir ya da, dalıb gedib ta uzaqlara, əlinizi gözlərinin qabağında bayraq kimi yellədir, "heeey" deyirsiniz, - "hardasan?"

Mühüm bizim fiziki hüzurumuz deyil, mühüm budur ki, bizim fikrimiz-zikrimiz hardadır? Bütün günü məsciddə oturub yalnız dünya və dünya nemətlərinin dərdini-fikrini çəkirsənsə, sən dünyalıq adamsan! Mühüm budur ki, sənin fikri-xəyalın hardadır? Bəzən məcburiyyətdən ən pis məclisdə olduğuna rəğmən zikir əhli sayılarsan! Necə? Əgər sən orda, mıx üstündə oturmuş kimi oturmusansa, əgər oranın rəngini almayıbsansa, əgər fikrin-zikrin oradan nə zaman qurtulmaqdırsa... həzrət İbrahim (ə) də dişini-dişinə tutub, qatılmadımı aya, ulduza sitayiş edənlərə?...

Bu, ölçüdür: baxma ki, hardasan, bu, bəzən çarəsilikdən ola bilər - bax ki, fikrin-zikrin hardadır! Məcburiyyətdən dindar olanlarımız da az deyil; ata dindar, ana dindar, el-oba, nəsil dindar, sən dindar olmasan, ayıb olar axı, ona görə məcburən sən də dindarlıq edirsən, amma fikri-xəyalın dində deyil, dinsizlikdə. Ağzının suyu axır dinsilik üçün, amma olmaz, arzunu qurşağında boğursan. Bu əhval-ruhiyyə ilə gündə min rəkət namaz qıl, ilin bütün günlərini oruc tut, yox, sən Allah qatında elə dinsizsən ki, dinsizsən! Belə dindarlıq sənə zəhmətdən başqa bir fayda verməyəcək!

Rəvayətlərdə var, bir zahid (dünya və nemətlərindən uzaq olan adam) gəlib bir varlını danlayır ki, sən bu qədər var-sərvət yığıb dünyaya bulaşmısan, Allahı unutmusan və s. Varlı adam: - zahid, - deyir, - nə edim, çarəm nədir? Zahid, sərvətini at, mənimlə dağa-daşa çəkilib ibadət edək, deyir. Razılaşır varlı adam, onlar hazırlaşıb yola çıxmaqda, birdən zahidin xirqəsi (yun geyimi) yadına düşür, baxır ki, xirqəsini götürməyib özüylə. Qaydıb xirqəsini götürmək üçün icazə istəyir varlı adamdan, icazə vermir adam, zahid israr edir və elə bu vaxt varlı adam ona vücudunu silkələyəcək söz deyir: "Mən Allah üçün bütün sərvətimdən keçdim, sən bir xirqəndən keçə bilmirsən, indi kimdi zahid, sən, yoxsa mən?!"

Bir şəhidin izləriylə -2

3) Bütün vücudun zikri

Bu mərhələ zikirin ən üstün mərhələsidir! Sənin dilin də, fikrin də, zikrin də, əməlin də, rəftarın, davranışın da, baxışın da, yerişin də, gülüşün də... hamısı "Allah-Allah" deyir. İlahi rəngə boyanmısan sən, ilahiləşmisən, başdan başa zikirsən, təpədən-dırnağa hüzursan!

Epiqraf olaraq qeyd etdiyimiz ayə də zikrin bu mərhələsinə işarə edir: o kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edərlər, yəni, bütün hallarda, bütün vəziyyətlərdə zakirdirlər!

Baxın, pak məhsullar iki qisimdir, qidalar, meyvələr, səbzələr və s. kimi yalnız özləri pak olanlar, bir də özləri pak olmaqla yanaşı həm də paklaşdırmaq gücündə olan məhsullar. Məsələn, su. Su belədir; o təkcə pak deyil, həm də paklayıcıdır, onunla təmasda olan istənilən çirkinlik təmizlənir, onu istənilən çirkabın üstünə axıt, yuyub təmizləyəcək! Zikrin bu mərhələsində zakir həm də "müzəkkir" olur, yəni nə? Yəni həm özü zikr edir, həm zikr etdirir. Belə ki, onu görən - Allahı xatırlayır, onunla təmasda olan - özü də ilahiləşir. O həm özü sakitdir, həm də sakitlik verəndir.

Həzrət İsadan soruşdular, ən yaxşı dost necə dostdu, deyə. Cavab verdi: ən yaxşı dost, görünüşü Allahı yada salan dostdur!

Allah adamıdır belə adam! Analarımız deyərdiye, filankəs Allah adamıdır, bax, belə adamı nəzərdə tuturdular. Aşuğunda bir dünya dərd-sər, Allah adamının yanına gəl, beş-on dəqiqə təmasdan-söhbətdən sonra elə yüngülləşəcək, elə xumarlanacaqsan ki, bayaqkı gileyli halından əsər-əlamət qalmayacaq! Tarixdə var, döyüşlərdə hamı özünü peyğəmbərin böyrünə verir, məhz onun kənarında döyüşmək istəyirdi. Niyə? Çünki başdan-başa zikir idi peyğəmbər, əsl Allah adamıydı, onun böyründə vuruşmaq sakitlik, aramlıq verirdi səhabələrə, döyüş qorxusunu, cəng təlaşını çıxarırdı canlarından.

Qəlb hərəmgahında "Allah" qərarlaşmayan insan çox yüngüldür, çox! Çəkisizdir hətta; onu istənilən külək, istənilən istiqamətə süpürüb aparacaq! Ona görə, ustad deyərdi ki, bir-Allahdan, bir də Allahsızdan qorxaram mən; beləsi ən etibarsız adam olar, bir saat qabaq yanında, böyründəykən, bir saat sonra toyuq lələyi kimi, ən xəfif külək belə onu səndən uzaqlaşdıra bilər! Bu konteksdən yanaşanda intiharı həm də yüngüllük olaraq dəyərləndirmək olar: qəlbində ilahi ağırlıq olmayan insan əlbəttə bir ipdən asılı qalacaq qədər yüngül olacaq! Dünyada nə qədər sosial, psixoloji və s. baxımdan problemli olan insanlar var, onların qəlb hərəmindən Allah inancını çıxar, vəssəlam, sanki maşının əyləcini çıxarıb atdın, ən kiçik dərd belə onları intihar uçurumunun ta dibinə yuvarlada biləcək!

Düşək əziz Şəhidin ləpirlərinə...

Ən böyük zakir və müzəkkirdi imam (ə) Kərbəla çölündə. Kərbəla-uşağıyla, böyüsüylə, susuzuyla, yaralısıyla, şəhidiylə, sahibsiz atıyla, qanlı üzəngisiylə zikir meydanıdır! Orada zikrin bütün növləri var; dil zikri, qəlb zikri, vücud zikri. Orada zikirdən başqa bir şey yoxdur! Susuzluqdan qurumuş dodaqlar da zikirdir, qeyrətdən düyünlənmiş yumruqlar da zikirdir, çatılmış qaşlar da, gözdən axan yaşlar da, kəsilmiş başlar da...

Tarixdə var ki, əsirlərlə birgə Kufəyə aparılarkən, imamın (ə) kəsilmiş başı da zikir edirmiş...

İlqar Kamil

26 yanvar 2015
GO BACK