Qadin.NET / Bir şəhidin izləriylə -3

Bir şəhidin izləriylə -3

 Bir şəhidin izləriylə -3

Bir şəhidin ləpirləriylə...

(III yazı)

Dərdin sözü

Təsəvvür et ki, bir tədbirdəsən, aparıcısan, qarşında, qəhveyi rəngdə stulların üstündə əlifba sralaması ilə 10 nəfər müxtəlif görünüşlü adam əyləşib. Əllərini qoltuğunun altında çarpazlayıb, qaşlarını çataraq, hamısından bir-bir, tək-tək soruşursan: Sənin dərdin nədir? Sənin dərdin nədir? Üzünü çevirirsən: Bəs sənin? Bəs sənin?... Sonra sualın daha da aydın olsun deyə yaxınlaşıb əlinini birinin qəlbinin üstünə qoyaraq: - bax, sənin buranı göynədən məsələ nədir? - soruşursan. Şəhadət barmağını başqa birinin gicgahına dayayırsan: bəs sənin buranı məşğul edən nədir?

Cavablar görünüşlər qədər müxtəlif və fərqli olacaq və ... -məsələn, biri deyəcək ki, arvadım! Və ardını gətirə bilməyəcək; bir başqası, dərdim, kreditlərimdir, deyəcək; bir başqası, solda əyləşən deyə bilər ki, anam xəstədi və bu məni narahat edir; daha bir başqasının dərdi insanların soyuqluğu, saxtakarlığı, xəyanəti və s. də ola bilər... -və sən bu cavablar əsasında onları tanıyacaqsan, ən çox da sonuncu, "mənim heç bir dərdim yoxdur" deyəni.

Sən yenə də bunu qulağına sırğa et: insan dərdi boydadır! Daha Sokratın zamanı deyil, rəhmətlik elə yenicə ağzını açıb "danış, bilim kimsən!" demişdi ki, insanlar əl-ayağa düşüb gözəl danışmağı öyrəndilər və bununla da bu ölçü vahidi öz aktuallığını itirdi. İş elə gətirdi ki, dünyanın ən iyrənc, ən qəddar, ən keyfiyyətsiz insanı belə hamıdan gözəl danışmağa başladı. Demək, insanı tanımaq üçün ən optimal yol onun dərdinin nə olduğunu öyrənməkdir!
Əslində insan bu yolla özünü də tanıya bilər e, hə! Məsələn, bir gecə, əlin başının altında çarpazlanmış halda, evinin tavanını seyr edə-edə özün özündən soruşasan ki: ay qardaşım hey, indi bu saat səni ən çox narahat edən, buranı (əlini ürəyinin üstünə qoyasan) ağrıdan, buranı (barmağını gicgahına qoyasan) məşğul edən məsələ nədir? Nədir sənin dərdin? Nədir sənin gecəni gündüzünə qatan müşgül? 
Bəlkə də görəcəksən ki, səni narahat edən məsələ həmişə haqqında yazdıqlarından, gileyləndiklərindən başqa, tamam başqa bir şeydir! Məsələn, mətbuatda tez-tez insanların savadsızlığını özünə dərd edib, ahlı-fəryadlı yazılar yazırsan, amma indi, öz aranızda, gizli-gizli maraqlananda görürsən ki, kiminsə kitab oxuyub oxumaması sənin heç vecinə də deyilmiş. Məlum olur ki, vay, anam, sənin dərdin elə bunlarmış ki: dişimi-dişimə tutub evimi genişləndirə bilsəydim; əlimə bir maşın keçirə bilsəydim; bu yay yaxşı bir istirahət edə bilsəydim; necə edim ki, hamı mənə sayqı duysun; nə yazım ki, hamı məndən danışsın; axı niyə mənim addımlarım səs-küy doğurmur; axı niyə mənim etdiklərimi görən yoxdur... Baxırsan ki, dərdlərinin hamısında dünya rəngi var, baxırsan ki, onların hamısında SƏN varsan, Sən-yoxdur bir başqası...

Bir şəhidin izləriylə -3

İnsan dərdi boydadır! Bir yazıçını, bir şairi tanımaq üçün onun yazılarına, misralarına baxıb yaradıcılığının ana xəttinin (oxu: ana dərdinin) nə olduğunu öyrənməlisən! Hər bir dahinin xırda dərdlərinin böyründə bir ana dərdi olur, olmalıdır! Bax, o dərdin mahiyyətini tanımaqla o dahini tanımaq olar! Şəxsən mən belə edirəm; istənilən dahinin yaradıcılığnı oxuyanda onun ana dərdini axtarıram: 

nədir Lev Tolstoyun ana dərdi? Hansı dərddir "Hərb və sülh"ü, "Anna Karanina"nı, "İblis"i, "Sergi ata"nı, "İvan İliçin ölümü"nü yazdıran dərd?! Və nə boydadır o dərd?! Bu, boy məsələsi çox mühümdür! Məsələn, mənim aləmimdə binayi qədimdən ta bu günə kimi insanlar arasında ən böyük dərdi olan adamlardan biri - imam Əlidir! Həm də ən böyük adamlardan biridir, demək. "Nəhcül-bəlağə"ni vərəqləyin bir, dərdinin ehtişamını görüb dəhşətə gələcəksiniz, məktublarından belə dərd süzülür Mövlanın!

Tarixdə baş vermiş müxtəlif inqilablar, hərəkatları da bu yolla tanımaq olur: bu hərəkatın dərdi nə idi, nə istəyirdi bu hərəkat, paymı, yoxsa haqqmı? Dəqiq izləyəndə bilmək olur dərdin rəngini, anlamaq olur məsələnin mahiyyətini.

Nədir Aşura hərəkatının ana dərdi? Bax, bunu öyrənmək lazımdır! Ustad Mürtəza Mütəhhəri yazır ki, bəzi hərəkatların dərdi keçəridi, müvəqqətidi, ona görə, hərəkat özü də müvəqqəti və müəyyən bir zaman üçün olur, ümumbəşəri, əbədi ola bilmir! Tutaq ki, bir şəhərin əhalisi sosial təminat uğrunda ayağa qalxır, iqtidardan güzəranının düzəldilməsini istəyir. Belə bir hərəkatın ömrü nə qədər ola bilər? Elə ki, iqtidar onların istədiyini verdi, hərəkat da bitəcək!

Tütünü boldur bu dərdin, 
"çəkmək" ilə bitən deyil!

Bəs Aşuranın dərdi nədir? Bəs Aşuranın bu bitməyən dərdi nədir? Bizə ən çox "Oliver Tvistin macəraları" əsəri ilə tanış olan dünya şöhrətli yazar, Çarlz Dikkensin "Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər?" -ritorik sualıyla qarşılaşırıq birdən. Şəhidin ləpirlərinə düşüb bəlli ki. Çarlz burda da Oliverlik edir, onun yumor və satira ustası olması bu hüzün və həqiqət dolu sualı verməsinə mane olmur! Əslində bu sual hər sağlam və qərəzsiz məntiqin sualıdır: nə üçün imamın bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişdilər?

Aşuranı əbədiyyətəcən daşıyan, ona əbədiyyət imtiyazı verən məsələ budur ki, aşura hərəkatının dərdi Ən böyük dərddir, ən ümumbəşəri, ən həyati... "Heyhatə minnəz zilləh" - zillət bizdən uzaqdır - şüarıdır aşuranın ən böyük şüarı. Zillətə, əzilməyə, köləliyə elə uca səslə YOX deyir ki bu hərəkat, "yox"un simvoluna çevrilir.

Aşura azlığın çoxluğa "yox!" deyə bilmə örnəyidir; haqlı azlığın haqsız çoxluğa "yox!" deyə bilməsi bir zirvədir və aşura bu zirvənin fəthidir!

Aşura "azlıqdasansa, susacaqsan" stereotipini darmadağın edən bir hərəkatdır! Ona görə təhlükəlidir, ona görə qorxuludur! Bu stereotipin qırılması dünya despotlarının, fironlarının, tiranlarının sonu deməkdir, bu məntiqlə Aşura hərəkatını Yezidə qarşı olan hərəkatda xülasələşdirmək ona ən böyük haqszlıqdır! Aşura gəlib keçmiş və gələcək bütün tiranlara qarşı olan hərəkatdır, məhz buna görə Hər gün aşuradır, hər yer Kərbaladır!

Məhz buna görə sanki hər il yenidən yezidlərə "yox!" deyir o şəhid, hər il yenidən ailə-uşağını yığıb yola çıxır; məhz buna görə hər il yenidən etibarsızlıqla qarşılaşır, Kufə əhlinin xəyanətinə tuş gəlir; məhz buna görə hər il yenidən mühasirəyə düşür o şəhidin haq karvanı; məhz buna görə yenidən suzuz qalır körpələri, məhz buna görə hər il yenidən bir-bir şəhid olur əzizləri, əsir düşür ailəsi...

Aşuranı bu cür yaşatmaq lazımdır - günün hadisəsi kimi, tarixin deyil! Təsəvvür edin məhz bu günlər haq-batil qoşunu qarşı-qarşıya dayanıb Kərbəla çölündə. Və məhz bu gün "eheyy, varmı mənə kömək edən?!" -deyə fəryad edir Mövla o, zülmü dünyanı bürüyən isti qumlar üstündə. Hər şey məhz bu günlər baş verir

və sən hardasan...?!

İlqar Kamil

30 yanvar 2015
GO BACK