Qadin.NET / Bir şəhidin izləriylə -5

Bir şəhidin izləriylə -5

 Bir şəhidin izləriylə -5
Bir şəhidin ləpirləriylə

(V yazı)

Məsuliyyət

"İnsanlar yalnız: “İman gətirdik!”–demələriylə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?" (Ənkəbut, 2)

İnsan yaradılış olaraq elə bir varlıqdır ki, böyümək, inkişaf etmək istəyirsə, mütləq öhdəsinə müəyyən məsuliyyətlər almalı, öz ixtiyarıyla çiynini öhdəliklər altına verib bütün maneələrə sinə gərərək onların öhdəsindən gəlməlidir! Bu əsrarəngiz həyatda böyümək, yüksəlmək, ucalmaq... yalnız tapşırıqları lazımınca icra edə-edə mümkün olur. Başqa yol yoxdur!

Məsuliyyətlər insan memarıdır!

Hər hansı bir tədqiqatçı yüksək elmi nailiyyətlər əldə etmək istəyirsə, bu, yeyib-yatmaqla mümkün olmayacaq, o, bir xeyli qəliz və mürəkkəb elmi məsələlər üzərində ciddi tədqiqatlar aparmalı, belə ağır məsuliyyətlərin altına girməlidir! Bu elmi qəlizliklər nə qədər qəliz və mürəkkəb olarsa, onların tədqiqi bir o qədər şöhrət gətirəcək!

Yeni qəbul olduğu cinayət şöbəsində rütbəsinin ucalmasını istəyən məmur təhlükəli, bəzən həyati riski olan cinayətlərin üstünü açan əməliyyatlara qol qoymalıdır, bu, labüddür, yoxsa ömrü boyu elə yerində sayacaq. Eyni şey jurnalist üçün də belədir, tədiqatçı üçün də, yazıçı üçün də...

Gəlin, sizə bir başqa şey deyim: əslində insan fitrətən məsuliyyətsevər bir varlıqdır, o, sonradan mühitin, ətrafın, təbliğatın vasitəsi ilə korlanır; əyləşib yazı yazırsınız, birdən uşaq bütün oyuncaqlarından bezib ağlamağa başlayır. Siz uşağınızın sakitləşməsini istəyirsinizsə, ona bir tapşırıq verin: "Qızım, lütfən o biri otaqdan atanın telefonunu gətir". Dərhal əlinin arxasıyla gözünün yaşını silə-silə qalxıb buyuruq dalınca gedəcək, hətta qaçacaq. Məsələn, yenicə həyət-bacaya çıxmağa başlayan oğlunuzu çağırıb mağazaya, çörək almağa yollayın, elə fərəhlənəcək ki, elə qürrələncək ki, sevincdən o balaca sinəsi şişəcək. Hə, hə, biz sonradan korlanırıq; bu tənbəlliklər, məsuliyyətdən boyun qaçırmalarımız, filan... hamısı sonradan olur. Bunun səbəbləri isə, başqa bir yazının mövzusudur.

Ən böyük insan ən ağır məsuliyyətlərin öhdəsindən gələn insandır!

Siz heç nəsə bir şey itirdinizmi? İlahi, adamın gözü hər yerdə onu axtarmaqdan yorulur, evdə də onu axtarırsan, bayırda da onu axtarırsan, işdə də, dərsdə də... Tapşırıq kamillik yolunda yürümək istəyən insanın itirdiyi şeydir; o hər yerdə, hər tərəfdə tapşırıq axtarır, axtarmalıdır: mən nə etməliyəm, bu xeyirli işdə mən necə dəstək ola bilərəm?

Bəlkə də biz ona görə ucalmırıq ki, ətrafımızda gördüyümüz bütün xeyirli işlərin tamaşaçısıyıq. Bəli, müasir insana bir kəlməylə ad vermək istəsək, "tamaşaçı insan" ən uğurlu ad olacaq. Müasir insan tamaşaçıdır, indi ya tamaşanı bəyənib vəsf edəcək, ya da bəyənməyib qulp qoyacaq, vəssəlam, daha eyni məsuliyyəti özünün daşıması haqda düşünməyəcək belə.

Məhşur rəssamın eksperimenti də dediyimizə sübutdur: bir rəsm əsəri yaradıb küçədə qoyur, yanında da boyalar, fırçalar, bir elan da yapışdırır əsərin kənarına: "Bəyənmədiyinizin üstündən xətt çəkin!" Axşam gəlib baxır ki, əsəri bütünlüklə qaralanıb. Sabah eyni işi edib bu dəfə başqa bir elan qoyur: "bəyənmədiyinizi düzəldin!" Axşam gəlib hər şeyin yerində olduğunu görür. Belə də olmalıydı, çünki biz düzəltməyə, məsuliyyət altına girməyə meyilli deyilik, yalnız uzaqdan uzağa tamaşa edib qiymətləndirəcəyik, vəssəlam!

İnsan çiyninə aldığı tapşırıqlar boydadır!

Bir şəhidin izləriylə -5

Baxın çiyninizə: siz bir insan olaraq hal-hazırda hansı ali tapşırıqları daşımaqdasınız, baxın, diqqətlə baxın, yoxsa çiyinləriniz köhnə kitabxanaların adamsız salonları kimi bomboşdur? Yox, yox, məsuliyyətsiz çiyin, sınaqsız, imtahansız kürək bir dərdə dəyməyəcək! Ayəmizin də dediyi kimi elə mən iman etdim, deməklə iş bitmir, hər şey yeni başlayır: Sınaqlar olacaq, tapşırıqlar, öhdəliklər, imtahanlar, bəlalar... hamısına sinə gərmək lazımdır!

Colin Farrelin baş rolda oynadığı "Qış məsəli" (Winter's tale) filmi isə daha mistik danışır bu mövzuda. Deyir ki, dünyaya gələn hər bir insan mütləq bir hədəf üçün-kimisə xilas etmək, kiminsə qəhrəmanı olmaq üçün gəlir və bu missiyasını tez bitirən tez, gec bitirən gec ölür... Maraqlıdır, deyilmi?

Filmi izləyə-izləyə düşünürsən: bəs mənim missiyam nədir? Sonra Kərbəlanı xatırlayırsan, düşürsən əziz şəhidin ləpirlərinə, baxırsan ki, İlahi, nə boyda öhdəliyin altına verib çiyinlərini o şəhid? Caaan, caaan, deyirsən, göynəyir için, sızlayır qəlbin. Ay Allah, nə ağrılı-acılı məsuliyyəti qəbul edib şəhid? Nəyə razılaşıb, nələrindən keçib bu öhdəliyin icrası üçün?

Elə bilirsiz çiynini məsuliyyətin altına verənlər az olub tarixdə? Kifayət qədər olub, fəqət onun altından qalxa bilənlər, verilən tapşırığı tamam-kamal icra edənlər barmaq sayı qədərdir! Axı hər şey həmişə rahat olmur, bəzi tapşırıqların icrası can bahasına başa gəlir axı. Bəs nə etməli, qoyub qaçmalımı? Şəhid göstərir ki, xeyir, qaçmaq olmaz, haqqa verdiyim sözün üstündə durmalı, son damla qanımacan onun icrasına çalışmalıyam! Aşura günü ağrılar çoxaldığı zaman şəhidin etdyi münacata bir baxın: "İlahi, sənin qəzavü-qədərin qarşısında səbrliyəm. Ey misli olmayan Allah! Ey fəryad edənlərin köməyinə çatan! Mənim səndən başqa məbudum yoxdur. Sənin hökmünə, təqdirinə dözümlü və səbrliyəm".

Şəhidi bu işdən çəkindirmək istəyənlər, öz aləmlərində ona dostca tövsiyə edənlər az olmadı Kərbəla yolunda. Mən deyərdim ki, həzrətin ən böyük məzlumiyyəti də elə bu idi: o, imam olaraq belə bir ciddi qərar verir, kimlərsə onu nəsihət edərək yolundan çəkindirməyə çalışırlar: Ya Hüseyn, bu iş təhlükəlidir, faydasızdır və s.

Ağrılıdır deyilmi? İmam nə deyir onların cavabında, bilirsiz? Gözlərində qan, əlini sinəsinə qoyub kövrək səslə "Təşəkkür edirəm!" deyir. Necə ağrılı təşəkkürdü bu təşəkkür, necə dərdli təşəkkürdü, aman Allah. Belə qafalı insana imam nə desin axı, nəyi izah etsin, nəyi başa salsın?! Elə ən yaxşısı təşəkkürdür!

Müslim ibni Əqil imamın əmisi oğludur, Kufədən gələn 18 min məktuba ilk reaksiya olaraq imam Müslimi yolayır Kufəyə ki, get gör vəziyyət necədir, şərayit münbitdirmi, gəlmək olarmı? Müslim çatır Kufəyə, ürəyi açılır əvvəl, vəziyyət münbitdir görür, tez imama bir məktub yazıb çaparla yola salır ki, Mövlacan, hamı səni gözləyir burda, gecikmə!

Bir şəhidin izləriylə -5

Amma İbni Ziyadın Kufəyə gəlməsiylə Kufə camaatı istiqamətini dəyişir, günü-gündən Müslimi ətrafı boşalır... Ax, Kufə əhli, ax!!! İmam Əli (r.a) sizdən boş yerə bu qədər gileylənmirmiş,-indi anlayır Müslim. Təkləyirlər Müslimi İbni Ziyadın adamları, həbs edirlər, qərar belədir: öldürülməlidir! Baxırlar ki, Müslim narahatdı, ağlardı gözləri, titrəkdi səsi... Düşmən ölümdən qorxduğunu düşünür, qələbəsini qeyd etmək məqsədiylə soruşur:

- Son bir istəyin, arzun varmı?

- Həəə, var, var!!!-deyə bağırır Müslim.

Hamı qulaq kəsilir.

- Hüseynə çatdırın ki, Kufəyə gəlməsin!

Bundan narahatmış Müslim,-düşmən məyus olur,-tapşırığını düzgün icra etmədiyindənmış narahatlığı. Axı o, imama Kufədə vəziyyətin münbit olduğunu yazmışdı. Ölüm ayağında belə yeganə narahatlığı budur Müslimin, yeganə dərdi budur! Belə məsuliyyətli şəhidləri var Kərbəlanın, belə mərd oğulları!!!

İlqar Kamil

10 fevral 2015
GO BACK