Bir şəhidin ləpirləriylə
(VII yazı)
İnsan memarı
"O, (İsmayıl) yüyürüb qaçmaq çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, məni səbrlilərdən görəcəksən!”" (Saffat, 102)
Övlad sahibi olanlara tərbiyə məsələsinin nə qədər çətin olduğunu izah etməyə gərək ki, gərək yoxdur, onlar bunu onsuz da çox yaxşı bilirlər; çox yaxşı bilirlər ki, xüsusən indiki dövrdə sağlam övlad yetişdirib cəmiyyətə sözün əsl mənasında sağlam, yetkin, şəxsiyyətli bir fərd təqdim etmək əsl möcüzəyə bərabər bir işdir. Şişirtmirəm, xeyir, övlad ruhdan sonra, sanki insana verilən ikinci ilahi əmanətdir, onun saflığı, sağlamlığını qorumaq, o əmanəti cəmiyyətə lazım olduğu kimi ötürmək çox ali bir borcdur!
Təlim-tərbiyə məsələsi çox incə, həssas məsələdir. Üstəlik bir də görürsünüz ki, adam müəllimdir, səhər-axşam təlim-tərbiyə işləriylə məşğul olur, di gəl ki, övladı tərbiyəsizin yekəsidir; adam axunddur, gecə-gündüz onu-bunu haqq yoluna dəvət edir, di gəl ki, öz oğlu avaranın öndə gedənidir... Bu niyə belədir, verilən tərbiyədə çatmayan, düzgün olmayan nədir, tez-tez rast gəlinən bu təzaddın qaynağı və ya qaynaqları nədən ibarətdir... Bütün bunlar araşdırılsa, məlum olacaq ki, heç də təsadüfi deyil və ortada əsaslı səbəblər mövcuddur!
Ona görə də tərbiyə məsələsi ən qəliz və ən həssas məslələrdəndir ki, bu məsələnin üzərində dayanmaqda fayda var. Siz dahilərin, böyük insanların həyatını tədqiq edin, bəzi hallarda hətta insanın məqamını onun tərbiyə etdiyi, cəmiyyətə, bəşəriyyətə təqdim etdiyi insanların sayı, keyfiyyəti ilə ölçmək olar; belə ki, bir insan yaxşı insandır, olsun, bu öz yerində, amma baxaq, görək o, ətrafındakı insanları-ailəsini, doğmalarını, dostlarını necə yetişdirib, necə formalaşdırıb, tərbiyə edə bilibmi?! Əslində budur insanın ən ali uğuru, budur onun ən qürurverici zəfəri-bu olmalıdır!
Məsələn, yazırlar ki, peyğəmbərimiz həzrət Məhəmməd (s.a.s) peyğəmbərliyə çatmazdan əvvəl 40 gün 40 gecə Hira mağarasında qalıb, ibadət və razu-niyazla məşğul olur. Nə az, nə çox, düz 40 gün! Bu 40 günü ona lazım olan azuqəni kim çatdırırdı? Axı o, 40 gün boyunca nə iləsə qidalanmalıydı. Bəs kim idi ona xidmət edən Allah bəndəsi?! Tarix şəhadət edir ki, o kəs həzrətin həyat yoldaşı Xədicə xanım olub. Təsəvvür edirsiniz? Heç bir etiraz, af-uf etmədən 40 gün boyunca çox çətin bir zəhmətə qatlaşmaq və bunu sevə-sevə etmək. Necə də təqdirəlayiqdir! Bu idi Peyğəmbərin (s.a.s) 25 yaşından 40 yaşınacan olan 15 illik evlilik müddətində öz sevgisi, insaniyyəti və şəxsiyyəti ilə yaratdığı Xədicə möcüzəsi! Məsələ budur ki, Peyğəmbər (s.a.s) o dağa ticarət səfərinə deyil ibadət səfərinə getmişdi, dönüşdə heç bir maddi qazanc, hədiyyə filan olmayacaq, buna rəğmən ortada təmənnasız bir xidmət var. Bəli, bu bir möcüzədir! Bu, əsl möcüzədir! Bu, insan memarlığıdır!
Biz yalnız, Peyğəmbərin belə sosial-ictimai yönlü möcüzələrini qabartdıqda onu sevdirə biləcəyik. Biz o həzrətin İlahi möcüzələrinin (hörümçək toru, şəqqül-qəmər və s.) kənarında bu tip möcüzlərini də işıqlandırmalıyıq. Çünki bunu insanlar duya bilirlər, bu dəyər onlara daha yaxındır-doğmadır. Axı Peyğəmbərin (s.a.s) İlahi möcüzələrindən əlavə belə möcüzələri də var: məsələn, Əli (r.a) möcüzəsi! Əli peyğəmbərin əsəridir, onun tərbiyəsini alıb, onun himayəsində böyüyüb, Əlini Əli edən həzrət Peyğəmbərimizdir! Əlinin memarı həzrət Məhəmməddir (s.a.s)!
Ümumiyyətlə, məncə, gəlin bu "tərbiyə" məsələsinin adını bir az aliləşdirək, "tərbiyə" söz olaraq çox sadə və primitiv səslənir nədənsə, gəlin, onu dəyişib "insan memarlığı" adlandıraq ki, tərbiyənin əhəmiyyətini açsın bu söz. Deyək ki, tərbiyə adi iş deyil, insan memarlığıdır!
Hamımız Hüseyndən (r.a), onu ali şəxsiyyətindən danışırıq, çox gözəl, amma unutmaq lazım deyil ki, o Əlinin (r.a) möcüzəsidir, Hüseynin (r.a) memarı Əlidir! (r.a) Zeynəbin (r.a) memarı Əlidir! (r.a) Aşuradakı şücaətin, rəşadətin, haqqın və ədalətin təməli Əli evində, onun kiçik daxmasında qoyulub. Həzrət ailənin təməlini elə sağlam, elə möhkəm qurub ki, qızı Zeynəb hələ aşuradan xeyli qabaq nikah şərtlərindən biri olaraq bunu şərt edir: "İstədiyim zaman qardaşım Hüseyni ziyarət edə bilmək hüququm olsun, buna heç bir siyasi və s. səbəblər mane ola bilməsin". Ən xoşbəxt günündədir xanım, amma qardaşını, onun daşıdığı missiyanı düşünür, bilir ki, qardaşının vəziyyəti qarma-qarışıqdır, başı dərddədir, öz məsuliyyətini hiss edir, belə bir şərt əlavə etdirir nikah şərtləri arasına.
Amma gəlin, Tolstoyun "Dirilmə" romanındakı baş qəhrəman Noxlyudovun bacısıyla olan kiçik bir dialoquna baxaq, ilk dəfə oxuyanda bu dialoq məni elə sarsıtmışdı ki; Noxlyudov platonik bir sevda dalıyca düşüb, özünü Katyuşaya qurban edib, indi isə həyatdan əlini üzmüş halda bacısına "Mənə heç nə lazım deyil, bütün əmlakım sənin uşaqlarının olacaqdır!" dedikdə bacısı Natalya İvanovna simasına kədərli bir görkəm verib "Dmitri, xahiş edirəm, bəsdir!" desə də, Noxlyudov bacısının gözələrindəki iyrənc sevinc parıltısını aydın sezirdi. Bacının vecinə də deyildi qardaşının aqibəti, hara gedəcəyi, nə edəcəyi və s. Əsas odur ki, mirası onun uşaqlarına çatacaqdı.
"O, (İsmayıl) yüyürüb qaçmaq çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, məni səbrlilərdən görəcəksən!”
Bu ayədə isə həzrət İbrahimin necə insan memarı olmasından söz açılır. Oğlu İsmaili elə yetişdirib ki, belə həssas bir məqamda "Atacan, sənə əmr olunanı et" deyir; ölümlə üz-üzədir, amma üsyan etmir, atasının hörmətini qoruyur, razılaşır onunla. Üstəlik, baxın, necə də nəzakətlə danışır atasıyla. Belə övlad yetişdirmək asan işdirmi sizcə? Bu işə necə sakit-sakit sadəcə tərbiyə deyək axı, xeyr, bu, insan memarlığıdır!
Lev Tolstoyun başqa bir əsəri, "İvan İliçin ölümü"-ndə İvan İliçini narahat edən məsələ nə idi, bilirsiniz? İvan İliç yaxşı ailə yetişdirməmişdi, təməli laxlaq idi ailəsinin. O, ağır xəstəliyə tutulmuşdu, ölüm ayağındaydı, ailəsininsə vecinə belə deyildi, gedişat pozulmamışdı ataya görə proqramlar dəyişməmişdi, necə deyərlər, həyat öz axarıyla davam edirdi. İvan İliçi ən çox narahat edən məsələ də bu idi; o, sağlam, mənəvi dəyərlər əsasında idarə olunan ailə yetişdirə bilməmişdi; ailəsi, dostları, iş yoldaşları... hər kəs ondan sonranı, irsi-mirası və s. məsələləri düşünürdü. Oğul bir dəfə də olsun atasının qarşısına keçib "Ata, kaş sənin xəstəliyini canıma çəkə biləydim" deyib ağlamırdı, ümumiyyətlə, onun ailəsi belə şeyləri düşünəcək dünyabaxışına sahib deyildi.
- Bizim günahımız nədir, elə bil biz salmışıq papanı bu günə!-Bu, İvan İliçin minbir zəhmətlə böyütdüyü qızı Lizanın xəstə atasının kaprizlərindən anasına etdiyi gileyidir.
Nə qədər üzücü giley, necə də etibarsız şikayətdir! Qızın ata vecinə deyil, o ərə getmək xülyalarındadır! Demək, İvan İliç ona verilən bu müvəqqəti həyatda insan memarı ola bilməmişdi, bəli, bəli, dərd olan bu idi.
"Aşura ziyarətnaməsi"-ni oxumuş olsanız, ən ali salamlaşması belədir:
Salam olsun Hüseynə (r.a),
salam olsun Hüseyn oğlu Əliyə (r.a),
salam olsun Hüseynin övladlarına,
salam olsun Hüseynin dostlarına...!
Bəli, belə övladlar, belə səhabə və dostlar ən ali salamı haqq edir! Gəlin, Aşuraya bir də bu yöndən baxaq; gəlin, imamı bir də bu baxış bucağıından tanıyaq; Aşurada Hüseyn (r.a) 72 misilsiz insan memarıdır. Peyğəmbərin (s.a.s) səhabələri arasında belə ona xəyanət edənləri vardı, Əlinin də, Həsənin də... amma aşura karvanında Hüseynə xəyanət edən olmadı, olmadı. Aşurada Hüseynin ən böyük möcüzəsi bu idi, təsəvvür edin, bütün əzablara, çətinliklərə, susuzluğa və s. rəğmən heç kim dönmədi Hüseyndən! O, dəfələrlə "Bunların işi mənimlədir, siz çıxın gedin!" deyirdi, eşitdiyi şücaət dolu cavablarsa onu valeh edirdi, heç kim gedəsi deyildi, hamı qalmaq istəyirdi-sabah şəhid olacaqlarını bilə-bilə. Bu idi onun möcüzəsi.
Elə isə gəlin, birlikdə biz də ətrafımıza baxaq, bəs biz də belə ailə, övladlar, dostlar, silahdaşlar yetişdirə bilmişikmi, biz necə, insan memarı ola bilmişikmi?!
Bilməmişiksə...
Mənə görə dünyada qazanıla biləcək ən ali titul "insan memarı" tituludur!
İlqar Kamil