Qadin.NET / Bir şəhidin izləriylə...(8)

Bir şəhidin izləriylə...(8)

Bir şəhidin izləriylə...(8)
"HƏM DƏ" MƏSƏLƏSİ
(Münafiqlər) ikisinin arasında tərəddüd edib nə (tam olaraq) bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər... 
(Nisa, 143)
Tutaq ki, həkim nevroloq ona müraciət edən pasiyentinə belə bir ressept yazır: "Hər gün minimum 10 min metr piyada gəzməlisən!" Pasiyent bir qərblisə, mütləq öz gündəlik proqram dəftərçəsinə baxıb günün münasib bir vaxtından yarım saatını məsələn, evinin qabağındakı parkda gəzmək üçün ayıracaq; bir şərqlisə, xüsusən də əgər müsəlmansa, oturub uzun-uzun haqq-hesab edəcək: "burdan iş yerimə kimi hardasa 2 min metr yoldur, üstəgəl qayıtmaq, bu da elədi 4 min metr, sonra... - fikirləşəcək - ... sonra bir müddətlik uşağı bağçaya mən aparıb-gətirim, əla, min metr, üstəgəl, qayıtmaq da min metr, hamısı bir yerdə edir 6 min metr; gündəlik məhlənin o başında olan mağazaya gedib-gəlməyi də buna əlavə eləsəm, hə də, vəssəlam, gündəlik 10 min metr gəzintim hazırdı". Yəni, adətən "həm ziyarət, həm ticarət psixologiyasıyla böyüyən müsəlmanımız həkimin gəzinti tövsiyəsi üçün konkret bir zaman ayırmayacaq, o "ziyarətin" böyrünə mütləq bir "ticarət" də dürtəcək! Halbuki tədqiqatlar göstərir ki, orqanizmi aldatmaq mümkün deyil, sən işə, bağçaya, mağazaya gedib, bunu ona gəzinti adıyla yedirdə bilməzsən, gəzintisə, gəzəcəksən - günün konkret bir vaxtından yarım saat ayırıb hansısa bir parkda qəşəng-qəşəng addımlayacaqsan. Yalnız bu zaman orqanizm təmin olacaq, yox, onu başqa cür aldatmaq mümkün deyil.
"Həm Xuda, həm xurma olmaz!" - Bir başqa deyimdə isə bu məsələyə belə, daha aydın toxunulur; bu deyimdə Xuda axirəti, xurma dünyanı simvolizə edir; yəni, sən həm dünyanı, həm axirəti istəsən, ikisindən də olacaqsan. Niyə də yox, ay başıdaşlı müsəlmanım, millət bir dünyayla baş edə bilmir, sənsə iki dünyayla giriftarsan, əlbəttə ki, öhdəsindən gələ bilməyəcəksən. Demək, mövzunu, mövqeyini, tərəf və istiqamətini konkretləşdirəcəksən, ayəmizin dediyi kimi, iki dəstənin arasında girinc-giriftar qalmayacaqsan! Bu, təkcə ona görə pis deyil ki, ikiüzlülükdür, həm də ona görədir ki, çətindir, ağırdır, öhdəsindən gəlmək imkansızdır; hər iki tərəfi qazanmaq istərkən, sən hər iki tərəfi itirmiş olursan!
Bəli, necə deyərlər, bir əldə iki qarpız tutmaq olmaz, buna cəhd etsən salıb ikisini də qıracaqsan. Necə düşünürsünüz, bəlkə müsəlmanı geridə qoyan səbəbərdən biri də elə bu dediyimiz məsələdir? Bəlkə bu psixologiyadan xilas olmağın zamanıdır?! İşsə, iş, gücsə, güc, istirahətsə, istirahət, ziyarətsə ziyarət... ziyarət demişkən, yadımdadı, ustad 7-8 inanclı qardaşı ilk dəfə Məşhəd ziyarətinə aparanda ter-telefonlarını alıb, yalnız bir həftə sonra, qayıdanda qaytaracam, demişdi. Ziyarət o zaman ziyarət olacaq ki, sən bütün aləmdən təcrid olasan! Namaz o zaman namaz olacaq ki, sən bütün dünya və dünyadakılardan ayrılıb yalnız Onun hüzurunda dayanasan!
Namaz sarıdan elə ağrılıyam ki... sizi inandırım, müsəlmanın təkcə və yalnız namazı düzəlsə, bütün işləri - dünya və axirəti düzələr. Məsələ budur ki, müsəlmanın namazı bərbaddır, dədrd budur ki, namazımızda namazlıq bir şey yoxdur. Bir dost var idi, səmimi etiraf edirdi, deyirdi, mənə ən gözəl ideyalar məhz namaz üstündə gəlir. Niyə beləydi, bilirsiniz? Çünki o, namazı boş vaxt olaraq görürdü, namazda Allah hüzurunda dayandığımızı hiss etməsək, namaz sadəcə neçə dəqiqəlik boş vaxt, düşünmək üçün qəşəng fürsətdi, bu halda ən maraqlı ideyaların məhz namaz üstündə gəlməsi təbiidir! Bəs belə namaz bizi necə adam edə bilər axı?
Kərbəla çölündə, Aşura günü böyük şəhidin o qədər qanın-qadanın arasında günorta namazını bərpa etməsi elə belə məsələ deyil, vallah deyil, bir anlıq təsəvvür edin hələ, sanki həzrət gözüylə namaza işarə edir, əlini uzadıb namazı göstərirdi bəşəriyyətə: ey insanoğlu, mən bu dəyər üçün vuruşuram, namazınızdan muğayat olun!
Namaza bizi dünyanın giriftarçılıqlarından, tozundan-torpağından qurtaran bir kiçik nəfəslik kimi baxmasaq, onun bizə faydası olmayacaq, olmayacaq; mömin namaza, astma xəstələri halları pisləşəndə, nəfəsləri çatmayanda inhalyasiya cihazına cumduqları kimi cummalıdır. Namaz möminin inhalyasiya cihazı olmalıdır!
Qurani - kərimdə maraqlı bir məqam var, Allah hüzuruna gələn Musadan (ə) ayaqqabılarını çıxarmasını istəyir:
"Çıxar nəleynini (ayaqqabılarını), (ey Musa) çünki sən müqəddəs vadidə - Tuvadasan!" (Taha, 12)
Əslində ayaqqabı bu ayədə ayağa dolaşan artıq şeyləri, bütün ağırlıqları simvolizə edir, bu ağırlıqlarla Onun hüzurunda dayanmaq olmaz, onları çıxarıb bir kənara qoymaq lazımdır! Məşhəd ziyarətinə getmiş olsanız, o ziyarətgahda da belə bir kültür var: böyük qapıların kandarında ayaqqabı yerləri var, amma məscidlərdəki kimi, sən ayaqqabılarını çıxarıb özün yerləşdirmirsən o rəflərə, hərəm xidmətçiləri var, onlar üzlərində xoş bir təbəssüm, ayaqqabılarını səndən təhvil alır, cütləyir, bir köşədə yerləşdirir və sən qayıdanacan qoruyur. Niyə? Təki sən rahat-rahat, fikirin onlarda qalmadan ziyarət edəsən, təki ziyarətdəykən sözün əsl mənasında ziyarətdə olasan! Necə də gözəl mədəniyyətdir!... Allahın hüzurunda, namaza dayananda da belə etmək lazımdır, üstündəki dünyanı çıxarıb onun sahibinə, - Allaha tapşırmaq lazımdır ki, onun hüzurundaykən bütün varlığınla onun hüzurunda olasan, fikrin dünyanda qalmasın! Ümumiyyətlə, namaz insana dünyadan qopmağı aşılayan ən unikal bir ibadət növüdür, o sənə ayrılmağı öyrətmirsə, bəs nəyi öyrədir?!
Müsəlman, namazdaykən yalnız namazda olmağı öyrəndiyi gün xilas olacaq, məhz bu məntiqə əsasən "namaz dinin sütunudur!" Hardan başlayaq, deyirsizsə, əzizlər, namazdan, namazımızdan başlayaq; sən öz namazından, mən öz namazımdan, o öz namazından... özümüzü xilas etmək istəyiriksə, namazımızı düzəldək. Tələbəykən böyük ustadların hüzuruna gedib tövsiyə istəyəndə, açıb dediyimiz ağrımız, dərdimiz nə olursa olsun, "namazınızdan muğayat olun!" deyirdilər. Anlamırdıq onda çox da, bir əlaqəsizlik görürdük dərdlə dərmanın arasında, fəqət, böyüdükcə anladıq ki, hə, ay dili-qafil, ustadların qoyduğu diaqnoz necə də dəqiqmiş...
Aşurada namaz lap əvvəl vaxtında qılınır, gecikdirilmir, dolayısyla, Yaradana - gözlə müharibə bitsin, səbirli ol, ara bir az səngisin sonra rahat qılarıq, deyilmir, çünki... namaz Yaradanın bəndəsini hüzuruna çağırmasıdırsa, namazı gecikdirmək Yaradanı intizarda qoymaqdır, axı o gözləyir...
Əbu Səmameyi Seydavidir Aşura günü namaz vaxtını yada sallan adam. İmam (ə) kövrəlir və cavabında ona belə dua edir:
"Əba Səmam, qoy Allah səni namaz qılanlardan etsin!"
Əba Səmamə onsuz da illərdir ki, namaz qılırdı, bəs bu dua nədir belə? Məlum olur ki, "namaz qılmaq" bir statusdur, bir dəyərdir, bir məqamdır - bu misralarda deyildiyi kimi:
Tələs Ulu Haqqın dərgahında diz çökməyə,
dizlərin qocalır;
səcdə zirvədir,
insan ora əyilmir - ucalır! 
İlqar Kamil. 
19 fevral 2015
GO BACK