Hər il olduğu kimi bu ilin yayında da Cəmilə kəndə getməyə hazırlaşırdı. Hər kəs üçün çox darıxmışdı. İstirahətə, təmiz havaya da ehtiyacı var idi. Yol çox uzun idi, ona görə də sübh tezdən avtobusla yola düşməyə qərar verdi.
- Xoş gəldin, Cəmilə, üzünü görək. Axır ki, gələ bildin.
- Xoş gördük, xala. Sizlər üçün çox darıxmışam.
Cəmilə ətrafa göz gəzdirərək uşaqlıq dəcəlliklərini xatırlayırdı. Uşaqlıq illəri kənddə keçmişdi. Sonra isə Bakıya köçməli oldular. Kəndə ancaq yay tətilində gedə bilirdi.
- Xala, hara gedirsiniz?
- Gülzar xalangilə gedirik, sən də hazırlaş, bir yerdə gedək.
Yolboyu yaşıllıqları seyr edən Cəmilə xalasıgilə çatdıqlarını belə hiss etməmişdi.
- Salam,qızım, sən nə vaxt gəlmisən?
- Üç gündür gəlmişəm, xala.
- Salam, Cəmilə, necəsən?
- Salam, Azər, yaxşıyam. Sən necəsən?
- Mən də yaxşıyam. Xoş gəlmisən.
- Çox sağol.
Azər Cəmilədən gözlərini çəkmirdi. Cəmilə isə xalasının nəvələri ilə oynayırdı. Uşaqları çox sevirdi.
- Cəmilə, mən bağa gedirəm. İstəyirsənsə, sən də mənimlə gəl.
- Gəlirəm, Azər, qoy, xalaya deyim, sonra narahat olar.
- Yaxşı, sən xalaya de, mən səni gözləyirəm.
Yolboyu uşaqlıq illərini xatırlayıb gülürdülər. Birdən Azər Cəmiləyə baxaraq dedi:
- Cəmilə, mən səni sevirəm.
Bu sözü Cəmilə heç gözləmirdi. Nə deyəcəyini bilmədi.
- Azər, bağışla, xətrinə dəymək istəmirəm. Sən mənim xalam oğlusan. Mənə çox əzizsən. İncimə məndən, gəl, bu söhbəti buradaca bağlayaq.
Azər susdu. Cəmilə onun xətrinə dəydiyinin fərqinə varırdı. Azər dəymədüşər idi. Cəmilə onunla danışanda həmişə ehtiyatlı olmağa çalışırdı. Çünki Azər hər sözü səhv başa düşər, inciyərdi.
Bir həftə keçdi. Cəmilə artıq Bakıya yola düşmüşdü. Yaxın rəfiqəsi Sonanın xınayaxdısı idi.
- Qızım, telefonun zəng çalır.
- Eşidirəm, ana.
Tanımadığı nömrə idi. Götürmək istəyən anda zəng artıq kəsilir. Sonra yenə zəng gəlir. Cəmilə telefonu açır:
- Alo.
- Salam, Cəmilə, mənəm, Azər.
- Salam, xala oğlu.
- Mən səni sevirəm. Xahiş edirəm, mənə şans ver. Mənə inan. Fikrim tam ciddidir.
- Azər sənə sual verəcəyəm və tam səmimi cavab verməyini istəyirəm. Bu sənin istəyindir? Yoxsa səni xalam məcbur edir?
- Bu mənim istəyimdir. Anamın heç xəbəri də yoxdu. Mənə şans ver. Sənə sevgimi sübut etmək istəyirəm.
Cəmilə razılaşır. Azərə şans verir. Ancaq başına gələcəklərdən heç xəbəri də yoxdur.
Ardı var...