Qadin.NET / Həsrət

Həsrət

Şuşanın başı üzərinə yağan alovlu mərmilərdən ürkərək meşəyə doğru qaçmışdı. Atəş birdən kəsildi. Şuşa tamam boşalmış, tərk edilmişdi. O da atılmışdı. Doğma həyətə girəndə bunu anladı. Həmişə hay-küylü olan evdən səs-səmir gəlmirdi. Saatlarca həyətdə vurnuxdu, o tərəf-bu tərəfə qaçaraq sahibini axtardı, axtardı... tapmadı. Qapqara gözlərindən iki damla yaş süzüldü. Ağlına sığışdıra bilmirdi ki, hər gün onu tumarlayan əllər necə yox ola bilər, hər gün belində gəzdirdiyi kəslər onu necə unuda bilər. Ama unudulmuşdu.

Həyətə bir dəstə qara geyimli adam doluşdu. Onların atəş açaraq insanları öldürdüyünü görmüşdü. Ona görə də gizlənməyə yer axtardı. Lakin qara geyimlilər onu gördülər, qulağına tanış olmayan dildə bir-birlərinə nəsə deyib güldülər. Dövrəyə alaraq fit çala-çala onu tutmağa çalışdılar. Biri evdən yataq örtüyünü gətirdi, örtüyü başına atdılar. Gözləri qaraldı, çırpınaraq xilas olmaq istəsə də, bacarmadı, onu tutdular! Köməkləşib zorla yük maşınına qaldıranda dırnaqları ilə son dəfə yeri eşdi və doğma yurdunun torpağının bir parçasını özü ilə apardı.

O gündən ayağı torpağa dəymədi, gözləri yaşıllıq görmədi. Sonra onu kiməsə satdılar. Yeni sahibi də erməni idi, neçə illər İsveçrədə yaşasa da, Qarabağ atlarını çox sevirdi. Atı oxşayıb əzizlədi, qarşısına ot qoydu. Acından az qala dizləri bükülən at ağzını ota uzatdı, tez də geri çəkdi. Erməni bir neçə yerdən cürbəcür ot gətirtdi, at heç birini yemədi. Ermənini fikir götürdü, belə getsə, at acından ölə bilərdi. Axı onu bura gətirmək üçün bir ətək pul tökmüşdü ki, ayın sonu keçiriləcək cıdır yarışında iştirak etsin. Amma nə qədər edirdisə, at onun üzünə belə baxmır, hey ətrafa boylanaraq nəyisə, kimisə axtarırdı. Erməni yenə bir ətək pul tökərək Qarabağdan ot və su gətirməyə məcbur oldu. Otun iyini alan at dəli kimi kişnədi, əvvəlcə otu yaladı, sonra acgözlüklə qırpmağa başladı. Suyu da bol-bol içəndən sonra dizlərini bükərək başını otun üstünə qoydu, qoxusunu içinə çəkməyə başladı.

Həsrət

Acından arıqlamış at bir neşə gün içində özünə gəldi və atılıb-düşməyə başladı. Atın genişlik istədiyini anlayan erməni onu gəzintiyə çıxardı, bir neçə dəfə minib doyunca çapdı. At artıq yeni sahibinə öyrəşmişdi, çünki sahibi ona istədiyi otu, suyu gətirmişdi. Bundan başqa o, atın dilini tapmışdı, onunla Azərbaycan dilində danışırdı.

Nəhayət, yarış günü gəlib çatdı. İsveçrənin ən gözəl yerlərindən birində minlərlə insan toplanmışdı. Aparıcı ilk sırada yarışa çıxacaq atların adını elan etdi. "Qarabağ gözəli" də onların arasında idi. Atı həmin erməni-Armen Papazyan sürəcəkdi. İşarə verilən kimi at ildırım sürəti ilə irəli atıldı. At bütün rəqiblərini bir-bir arxada qoyaraq irəlilədikdə Armen sevindiyindən öz dilində bağırdı. Beyni gicəlləndirən hay-küy içində at belində daşıdığı adamın yad dildə dediyi sözləri eşitdi, sürəti yavaşıdı. At artıq ayaqları altındakı torpağın yadlığını hiss etdi. Özündən ixtiyarsız başını qaldırdı və gözləri qarşısında açılan geniş düzəngaha, onun sonunda görünən dağlara sataşdı. Elə bildi ki, qarşısındakı Cıdır düzüdür, bütün qüvvəsi ilə irəli atıldı.

Həsrət

Finişə çatmağa bir neçə addım qalmış Armen öz dilində "Qələbə!" deyə bağırdı. Bu bağırtı atı diksindirdi. O, iki ayaqları üstə şaxə qalxaraq dəli bir nərə ilə kişnədi. Armen qamçı ilə atı sakitləşdirməyə çalışdı, lakin o, yenə ayaqlarını qaldırdı, bir də şaxə qalxdı və ayaqlarını qəzəblə yerə çırpanda sanki yer titrədi. At üçüncü dəfə şaxə qalxaraq dəli bir kişnərti ilə ermənini belindən atdı və finişi tək başına keçərək öz cıdırına sarı irəlilədi.

Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmədilər. Qarabağ atını həsrət çulğamışdı. Lakin nə qədər qaçdısa, doğma torpağının qoxusunu ala bilmədi. Bu yerlər nə qədər gözəl olsa da, yad idi, yadların idi. Nəhayət, ürəyi dözmədi, ağzı köpükləndi. Atın dizləri büküldü, yerə yıxıldı. Bir neçə dəfə qüvvəsini toplayıb ayağa qalxdı, hətta iki-üç addım irəlilədi də. Amma artıq yaşıllıq qurtarmışdı. Atın gözləri qaraldı, dizləri yerə toxundu, yorulmuş, üzülmüş vücudunu daşımağa gücü qalmamışdı. Torpağa sərildi.

Bayaqdan onu izləyən helikopter yerə endi. İçindəki adamlar yaxınlaşana qədər at artıq can verirdi.

Papazyan atın ölümünü seyr edə-edə telefonunu götürdü. Qarabağ uğrunda Ermənistan ordusunda vuruşan oğluna zəng etdi. Armen oğlunun səsini eşidən kimi dedi:

-Təcili bilet al, İsveçrəyə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qarabağ bizim olmayacaq. Özgə torpaqdan Vətən olmaz.

19 noyabr 2014
GO BACK