İndi, demək olar ki, buna əminəm. İndi həyatın, dünyanın sanki tək məndən asılı olduğunu aydınca görürəm. Hətta, belə deyək, dünya indi elə bil tək məndən ötrü yaradılıbmış: özümü öldürüm — dünya da olmayacaq, hər halda mənim üçün. Hələ onu demirəm ki, bəlkə, həqiqətən də, məndən sonra heç kim, heç nə olmayacaq və yalnız mənim şüuruma mənsub bir şey kimi, bir kabustək bütün aləm də yoxa çıxacaq, sönəcək, çünki, bəlkə də bütün bu dünya və bütün bu insanlar tək elə mən özüməm. Yadımdadır, oturub düşünərkən, ard-arda yığışan bütün bu yeni sualları tamam bir tərəfə qoyub lap yenisini uydururdum. Məsələn, birdən ağlıma qəribə fikir gəldi ki, görəsən, əvvəllər Ayda və yaxud Marsda yaşasaydım nə olardı, qorxulu yuxularda yalnız təsəvvür edilə bilən həyasız və şərəfsiz iş görsəydim orada, ona görə də orada söyülüb rüsvay olsaydım, sonra da yerə qayıdıb başqa planetdə etdiklərimi idrak etsəydim, bundan da əlavə oraya artıq bir də heçvaxt qayıtmayacağımı bilsəydim, Yerdən Aya baxanda mənə fərqi olardı, ya yox? O hərəkətə görə xəcalət çəkərdim, yoxsa yox?
Suallar mənasız və artıq idi, çünki tapanca gözümün qabağındaydı, mən də bütün varlığımla bilirdim ki, bu mütləq olacaq, amma suallar məni qızışdırır, mən də cinlənirdim. İndi nəyisə əvvəlcədən həll etməmiş ölə bilməzdim sanki. Bir sözlə, bu qızcığaz məni xilas etdi, çünki suallarla atəşi gecikdirdim. Bu arada kapitanın da otağı sakitləşməkdəydi: onlar kart oynamaqlarını bitirib yatmağa hazırlaşır, hələlik isə mırtlana-mırtlana, ərinə-ərinə söyüşmələrini başa vururdular. Bax elə burada məndən çıxmayan iş. Birdən masanın arxasında özümdən xəbərsiz kürsüdə yuxuya getdim. Məlumdur ki, yuxular çox qəribə olur: bəzən bir şeyi zərgər dəqiqliyiylə olduqca aydın görürsən, bəzən də sanki məkan və zamanın üstündən tullanırsan. Deyəsən, yuxuları zəka yox — istək, baş yox — ürək yönləndirir, amma bununla belə ağlım hərdən elə hoqqalar çıxarır, gəl görəsən! Bəzən yuxuda elə şeylər baş verir ki, lap mat qalırsan. Misal üçün, qardaşım beş il bundan öncə rəhmətə gedibdir. Hərdən onu yuxuda görürəm: o işlərimdə iştirak edir, başımız nəyəsə qarışır, bununla bərabər onun öldüyünü və basdırıldlğını bütün yuxu boyu bilirəm, unutmuram. Onda o ölü olsa da, burada, yanımda mənimlə birgə çalışmağına necə təəcüblənmirəm? Ağlım niyə bunlara yol verir? Ancaq daha bəsdir. Keçirəm yuxuma. Hə, bu yuxunu onda gördüm, üç noyabrdakı yuxumu! Onlar indi bunun sadəcə yuxu olduğunu deyib mənə sataşırlar. Bu yuxu mənə həqiqəti açıbsa, onun yuxu olub-olmamasının nə fərqi var axı? Bir dəfə həqiqəti görüb tanıdınsa, bilirsən ki, yuxu və ya gerçəklikdə olursa, olsun. Bu həqiqətdir və bundan başqası yoxdur. Yuxudursa, qoy yuxu olsun, ancaq siz tərifini göyə çıxartdığınız bu həyatı mən intiharla söndürmək istəyirdim, yuxum isə, mənim yuxum — ah, o mənə yeni, böyük, təzələnmiş, güclü həyat xəbərini verdi!
Dinləyin.
Demişdim, yuxuya birdən-birə getdim, elə bil həmin o materiyalar haqda yuxuda da düşünürdüm. Birdən yuxuda gördüm ki, tapancanı götürüb oturduğum yerdəcə düz ürəyimə tuşlayıram, başıma yox – ürəyimə. Axı mən əvvəldən gülləni hökmən başımdan vurmağı düşünmüşdüm, özü də sağ gicgahımdan. Tapancanı döşümə dirəyib sonra bir ya iki saniyə gözlədim, birdən şamım da, masam və divar da qarşımda tərpənib yırğalanmağa başladı. Dərhal çaxmağı basdım. Hərdən yuxuda hündürlükdən yıxılırsınız, ətinizi kəsir ya da sizi döyürlər, amma heç vaxt ağrı hiss etmirsiniz, həqiqətən, çarpayıda zədə almamışsınızsa, onda ağrıdan oyanırsınız. Mənim də yuxumda belə oldu: ağrını hiss etmədim, ancaq mənə elə gəldi ki, atəşim içimi yerindən oynatdı, hər şey də birdən söndü, hər tərəfimi dəhşət qaranlıq bürüdü. Elə bil lal-kor oldum, bir bərk şeyin üstündə uzanmışam, gözüm heç nə görmür, kiçik bir hərəkət belə edə bilmirəm. Ətrafımda gedib-gəlirlər, qışqırırlar, kapitan bağırır, sahibə ciyildəyir, sonra ara birdən sovuşur və artıq budur, məni örtülü tabutda aparırlar. Tabutun yırğalanmağını da hiss edirəm, o haqda düşünürəm. Bu vaxt öldüyümə qəfildən təəccüblənirəm, öldüyümü bilirəm, buna şübhə də etmirəm, heç nə görmür və tərpənmirəm, amma bununla belə hər şeyi duyur və düşünürəm. Lakin tezliklə bununla razılaşıb yuxuda adət edildiyi kimi həqiqəti dinməzcə qəbul edirəm. Budur, indi məni yerə basdırırlar. Hamı gedir, tək qalıram, tamam tək. Tərpənmirəm. Qəbirdə necə basdırılacağımı əvvəllər təsəvvür edəndə qəbri həmişə rütubət və soyuqla bağlayırdım yalnız. İndi də hiss etdim ki, üşüyürəm, əsasən də ayaq barmaqlarımın ucu donur, amma başqa heç nə hiss etmədim. Uzanmışdım, qəribədir ki, ölünün heç nə gözləməyə lüzum olmadığını mübahisəsiz qəbul edib heç nə gözləmirdim. Amma nəmişlik idi. Nə qədər vaxt keçdiyini — bir saat, bir neçə gün, yoxsa daha çox, bilmirəm. Birdən tabutun qapağından örtülü sol gözümə bir su damcısı düşdü, bir dəqiqədən sonra onun dalınca ikincisi, daha bir dəqiqədən sonra üçüncüsü və sair və ilaxır, hər dəqiqədən bir. Qəflətən ürəyimdə dərin hiddət alışdı və bu hiddətimdə fiziki bir ağrı duydum: “Bu mənim yaramdı, — fikirləşdim, — bu atəşdi, orda da güllə...
Damcı isə elə hər dəqiqə bir gözümə damırdı. Birdən hərəkətsiz olduğumdan səslə yox, bütün varlığımla başıma gələn bütün bunların Hökmdarını çağırdım: “Kim olursan ol, həqiqətən də varsansa və beyinlərin qəbul etdiyindən daha ağıllı bir şey varsa, onun burada da olmasına izin ver. Yox, gələcək varlığımın eybəcərliyi və yömdəmsizliyilə səfeh intiharımdan qisas alırsansa, onda bil ki, mənə verilən bu işgəncə heç vaxt və heç cür lap milyon il davam etsə də, nifrətimə bərabər ola bilməyəcək!..”
Çağırıb susdum. Dərin sükut bir dəqiqə davam etdi, hətta yeni damcı da düşdü, amma bilirdim, sonsuz dərəcədə bilir və inanırdım ki, indi mütləq hər şey dəyişiləcək. Budur, birdən-birə qəbrim aralanır. Daha doğrusu, onun qazılıb açılmasını bilmirəm, amma bir qara naməlum məxluq məni götürüb fəzaya qaldırır. Birdən gözlərim görməyə başlayır. Gecədən xeyli keçmişdi, heç zaman, heç vaxt da belə qaranlıq görməmişdim! Artıq yerdən çox uzaqlardaydıq. Məni aparan varlıqdan heçnə soruşmur, gözləyib fəxr edirdim. Özümü qorxmamağıma inandırırdım, qorxmadığıma da heyrətlənirdim. Yadımda deyil, nə qədər uçduq, təsəvvür də edə bilmirəm: hər şey yuxudakı kimi məkan-zaman, varlıq-şüur qanunlarından adlayıb yalnız ürəyin arzuladığı nöqtələrdəki kimi baş verirdi. Yadımdadır, qaranlıqda bir kiçik ulduz gördüm. “Bu Siriusdur?” – heç bir sual vermək istəməsəm də, özümü saxlaya bilməyib soruşdum. “Yox, bu, sən evinə qayıdarkən buludların arasında gördüyün ulduzdur.” – məni aparan cavab verdi.
Bilirdim ki, o, bir növ insanabənzərdir. Qəribə işdir, bu məxluqdan xoşum gəlmirdi, hətta ona dərin nifrət bəsləyirdim. Gülləni düz ürəyimə vurmağımın səbəbi mütləq bir yoxluq həsrətiydi. İndi isə bir canlının, əlbəttə, insan yox, amma mövcud olan bir məxluqun əlindəyəm. “Elə çıxır ki, qəbirdən sonra da həyat var!” – adətən yuxuda keçirilən yüngül təəccüb hissiylə fikirləşdim, qəlbimin mahiyyəti isə bütün dərinliyiylə mənimləydi: “Bir də olmaq lazımsa,— düşündüm, — yenə də kiminsə dəfedilməz idarəsiylə yaşamalıyamsa, məni yenildib alçaltmalarını istəmirəm!”
“Bilirsən ki, səndən qorxuram, ona görə də mənə nifrət edirsən,” – alçaldıcı sualdan özümü saxlayammayıb birdən yol yoldaşıma bunu etiraf edib ürəyimdə alçaldılma sancısı keçirdim. O, sualıma cavab vermədi, amma duydum ki, heç kim mənə nifrət etmir, gülmür, hətta yazıqları da gəlmir, yolumuzun da naməlun, sirli və tək mənə aid məqsədi var. Ürəyimdəki qorxu artırdı. Bilinməz bir bilgi səssizcə, lakin əzabla susqun yoldaşımdan mənə ötrülür, sanki içimə yayılırdı. Tutqun və əsrarəngiz fəzada uçurduq. Tanış bürclər artıq çoxdan gözümə dəymirdi. Göyün dərinliklərində şölələri yalnız min və milyon illərdən sonra yerə gəlib çatan ulduzların olmasını bilirdim. Bəlkə bu fəzaları da uçub keçmişdik.
Möhtəşəm və haldan düşmüş ürəyimdə nəyisə kədərlə gözləyirdim. Qəflətən bir tanış və olduqca çağırıcı bir hiss məni silkələdi. Birdən günəşimizi gördüm. Bilirdim, bu, bizim yerimizi yaradan günəş ola bilməz, günəşimizdən hədsiz uzaqdayıq, ancaq bunun bizim günəşin təkrarı və oxşarı olduğunu nədənsə bütün varlığımla anladım. Qəlbimdə şövqlə bir şirin, çağırıcı duyğu coşdu: məni də yaratmış bir işığın doğma gücü ürəyimi diriltdi və həyatı, keçmişdəki həyatı qəbrimdən sonra ilk dəfə duydum. Lakin bu günəşdirsə, bu tamamilə bizim günəşdəndirsə,- qışqırdım, - bəs Yer hanı? – Yoldaşım da qaranlıqdakı zümrüd işiğı saçan balaca ulduza işarə elədi. Düz ona sarı uçurduq.
Kainatda belə təkrarlar mümkündürmü, təbiətin qanunu doğrudanmı beləymiş? Orada da Yerdirsə, görəsən, o da bizim Yer kimi ... tamamilə bədbəxt, yazıq, lakin əziz və həmişə seviləndir? Görəsən, bu Yer də bizim Yer kimi ən nankor övladlarında da özünə məşəqqətli sevgi yaradan Yerdirmi? — tərk etdiyim əvvəlki doğma yerə olan heyrət dolu coşğun məhəbbətimdən həyəcanlanıb qışqırırdım. İncitdiyim o fağır qızcığazın surəti keçdi ağlımdan.
-Hər şeyi görəcəksən, - kədərli səslə yoldaşım cavab verdi.
Ardı var...
Müəllif: Fyodor Mihayloviç Dostoyevski
Tərcümə edən: İlahə Ucaruh