Mən gülməli adamam. İndi mənə dəli deyirlər. Onlara hələ də gülməli görünməsəydim, dəli sayılmağım rütbəmin qalxması olardı. Amma daha heç acıqlanmıram, indi onların hamısı mənə əzizdir, üstümə güləndə də niyəsə lap əziz gəlirlər. Onlara baxanda bu qədər kədərlənməsəydim, özüm də gülərdim, əlbətdə, özümə yox — onları sevdiyimdən gülərdim. Kədərimin səbəbi budur ki, mən həqiqəti bilirəm, onlarsa yox. Ooh, həqiqəti tək bilmək adama necə də çətindir! Amma onlar bunu başa düşməz. Yox, başa düşməz. Əvvəllər isə gülməli göründüyümə görə yaman sıxılırdım. Yox, gülməli görünmürdüm, elə gülməliydim ki var. Mən həmişə gülməli olmuşam, bunu bəlkə də doğulduğum gündən bilirəm. Ola bilsin, artıq yeddi yaşımdaykən gülməli olduğumu bilirdim. Sonra məktəbdə oxudum, daha sonra universitetdə, amma, nə işin, oxuduqca gülməli olduğumu daha çox aşkarlayırdım. Axırda bütün universitet elmi elə bil ona görə mövcuduydu ki, onun dərinliklərinə vardıqca gülməli olduğumu mənə daha çox anlatsın. Həyatda da beləydi. İldən-ilə gülməliliyim haqqda fikrim hərtərəfli artıb möhkəmlənirdi. Mənə hamı və həmişə gülüb, amma onların heç biri bilmir və ağlına da gətirmirdi ki, dünyada gülməli olduğumu ən çox bilən adam varsa, o da elə özüməm. Bax, mənə ağır gələn də bu idi ki, bunu bilmirdilər, ancaq günah özümdəydi: hər zaman o qədər qürürlu olmuşam ki, bunu heç kimə açmaq istəməmişəm. Bu məğrurluğum ilbəil artırdı, birdən kiminsə yanında da gülməli olduğumu təsadüfən boynuma alsaydım, məncə, onda oradaca, elə o axşam başımı tapançayla dağıdardım. Ooh, yeniyetməlik çağlarımda dözə bilməyib qəflətən yoldaşlarıma e´tiraf edəcəyimdən necə də əzab çəkərdim. Gəncləşdikcə bu dəhşətli xüsusiyyətim haqqda getdikcə daha çox öyrənsəm də, nədənsə bir az sakitləşdim. Məhz nədənsə, iş orasındadır ki, bunun nədən belə olduğunu hələ indi də tapa bilməmişəm. Bəlkə də buna səbəb məni son dərəcə üstələyib qəlbimə yığışan qorxunc bir kədər idi. Dünyanın hər yerində hər şeyin eyni olduğu fikri ağlımı sarmışdı. Çoxdan bunu hiss etmişdim, amma axırıncı il birdən-birə buna tamam əmin oldum. Dünyanın mövcud olub-olmamasının mənə fərq etmədiyini hiss etdim birdən. Bütün varlığımla ətrafımda heçnəyin olmadığını duymağa başladım. İlk əvvəl mənə elə gəlirdi ki, bunun əvəzində öncələr çox şey olub, ancaq sonra başa düşdüm ki, heç o vaxtlar da heçnə olmayıb, ancaq elə gəlib ki, guya nəsə var. Yavaş-yavaş yəqin etdim ki, heçvaxt da heçnə olmayacaq.
Bundan sonra birdən-birə adamlara acıqlanmağımı yerə qoyub, demək olar, heçkəsə fikir vermədim. Doğrudan da, bu hətta lap boş şeylərdə özünü büruzə verirdi: məsələn, yolda adamlarla toqquşurdum. Fikirli olduğumdan yox: nə haqda düşünə bilərdim ki, o vaxt düşünməyin daşını tamam atmışdım: heçnəyin fərqi yoxuydu mənə. Öz suallarıma cavab axtarsam yaxşı olardı, eh, onlar o
qədəriydi ki, amma heç bircəciyini də həll etmədim, mənə fərqi olmadığından suallar da yoxa çıxdı. Sonra da həqiqəti tapdım. Həqiqəti keçən noyabrda, özü də üç noyabrda tapdım, o vaxtdan da hər bir anım yadımdadır. Çox tutqun, zülmət qaranlıq idi. Axşam saat onbirdə evə qayıdırdım, dəqiq yadımdadır, fikirləşdim ki, görəsən, bundan da ürəksıxıcı qaranlıq olarmı? Hətta fiziki cəhətdən. Yağış
bütün gün yağırdı, bu, ən soyuq və zülmətli yağışıydı, hətta vahiməli idi, yadımdadır, sanki adamlara qarşı aşkar bir düşmənçiliklə yağırdı. Saat onbirdə yağış birdən-birə kəsdi, əvvəlki nəmişlik və soyuğu daha betər rütubət əvəzlədi. Hər şeydən də - hər küçədəki daşdan, hər görünən döngədən buğ qalxırdı. Birdən ağlıma gəldi ki, hər yanda qaz sönsəydi, bundan yaxşı olardı, axı qaz hər şeyi işıqlandırıb ürəyi sıxır. O gün, demək olar ki, nahar etməmişdim, axşamdan da bir mühəndisgildə idim, məndən başqa ora iki səfeh qonaq da gəlmişdi. Elə hey susduğumdan, deyəsən, camaatı da bezdirmişdim. Onlar nədənsə mübahisə edir, hətta birdən-birə özlərindən çıxırdılar da. Amma gördüm ki, onlara fərqi yoxdur, elə-belə qızışırlar. Elə birdən bunu onların üzünə dedim.
“Cənablar, axı sizə fərqi yoxdur,” — dedim. Küsmədilər, eləcə gülüşdülər. Ona görə ki, tə´nəsiz-filansız dedim, sadəcə mənə fərqi olmadığından dedim. Onlar da bunu görəndə sevindi. Küçədə qazı düşünərkən göyə baxdım. Göy dəhşət tutqun idi, param-parça buludların arasından da aydınca çox tünd ləkələr görünürdü.
Bir qara buludun üstündə gözümə xırda ulduz dəydi. Diqqətlə ona baxdım. Səbəb bu idi ki, ulduz ağlıma bir fikir saldı: bu gecə özümü öldürməyi qət etdim. İntihar etmək fikrinə hələ iki ay öncə gəlmişdim. Nə qədər kasıb olsam da, ə´la bir tapança alıb elə həmin gün də içini doldurmuşdum. Amma üstündən iki ay keçsə də, o hələ də qutudaydı. Hər şeyə o qədər biganə olmuşdum ki, axırda biganə olmadığım barı bircə dəqiqə tapmaq istəyirdim, niyə - heç özüm də bilmirəm. Beləliklə, bu iki ayda hər gecə evə qayıdarkən özümü
güllələyəcəyimi düşünürdüm. Elə hey o dəqiqələri gözləyirdim. Bu balaca ulduz isə indi ağlıma fikir saldı, mən də qərara gəldim ki, məsələ hökmən elə bu gecə olacaq. Balaca ulduzun bunu ağlıma salma səbəbini isə bilmirəm.
Həə, göyə baxdığım vaxt birdən bu qızcığaz dirsəyimdən yapışdı. Küçə artıq boşalmış, demək olar, heç kəs yoxuydu. Uzaqda dayanan arabada bir faytonçu yatırdı. Qızın səkkiz yaşı olardı, başında kiçik yaylıq, əynində də don, tamam islanmışdı, yadımda isə əsasən onun cırıq yaş başmaqları qaldı, indi də yadımdadır. Onlar xüsusi gözümə dəydi. O, qəfildən dirsəyimdən dartıb məni çağırmağa başladı. Ağlamırdı, amma qızdırma içində tir-tir titrədiyindən düzəməlli tələffüz edə bilmədiyi sözləri qırıq-qırıq qışqırırdı. O, nəyəsə görə
vahiməyə düşüb “anacan! anacan!” deyib çığırırdı. Bir istədim üzümü ona tərəf çevirim, amma heçnə deməyib yoluma davam etdim, o isə arxamca qaçıb məni dartır, səsində də ürkək uşaqların dilindəki çarəsizlik duyulurdu.
Bu səsi tanıyıram. Sözləri qırıq-qırıq desə də, anladım ki, hardasa anası ölür, ya da orda başlarına bir iş gəlib, o da kimisə anasına yardıma çağırmağa, nəyisə tapmağa cumub. Lakin onun dalınca getmədim, tərsinə, birdən onu qovmaq istədim. Əvvəl ona dedim qorodovoyu tapsın. Qızcığaz isə balaca əllərini büküb hıçqıra-hıçqıra, tövşüyə-tövşüyə hey böyrümcə qaçır, məni buraxmırdı. Bax, onda
ayağımı yerə vurub üstünə çığırdım. O, yalnız “cənab, cənab!” deyərək qışqırdı, sonra da birdən-birə məndən əl çəkib cəld küçəni keçdi: yolda bir başqası görünmüşdü, yəqin, məndən ona qaçdı. Beşinci mərtəbəmə qalxdım. Kirayə evdə yaşayıram. Otağım kasıb,
balaca, pəncərəm də çardaxlı, yarımdairəvidir. Mənim müşənbə divanım, üstü kitablı masam, iki oturacağım və rahat, çoxdanın köhnəsi olsa da bir volter kürsüm var. Əyləşdim, şamı yandırıb fikirləşməyə başladım. Yanımdakı o biri otaqda, arakəsmənin dalında mərəkə davam edirdi — ayın üçündən davam edirdi. Orda istefaya çıxmış bir kapitan yaşayırdı, yanında da altı avara qonağı varıydı. Onlar araq içib köhnə kartlarla ştoss oynayırdı. Keçən gecə aralarına dava düşmüşdu, bilirəm, iki nəfər saçyolmaya da qalxmışdı. Sahibə qadın
şikayət etmək istəyirdi, amma kapitandan yaman qorxur. Bizdən başqa bu kirayə evlərdə alçaqboy arıq bir hərbçi xanımı yaşayır, üç balaca uşağı burda xəstələnmiş. Bu qadın da, uşaqları da kapitandan elə qorxur ki, bütün gecə əsir, xaç çevirirlər. Körpəsininsə qorxudan tutması tutmuşdu. Bu kapitan, dəqiq bilirəm, hərdən Nevskidən keçənləri dayandırıb pul istəyir. Onu xidmətə
götürmürlər, amma, qəribə işdir (elə buna görə danışıram), kapitanın burda yaşadığı cəmi bir aydır, amma mənə heç bir dilxorçuluq yaratmayıb.
Tanışlıqdan, əlbəttə, lap əvvəldən boyun qaçırdım, elə onun özü də ilk gündən mənimlə darıxdı, arakəsmədən nə qədər bağrışsalar da, neçə nəfər olsalar da, mənə heç vaxt fərq eləmirdi. Bütün gecə otururam, inanın da, heçkəsi eşitmirəm — o dərəcədə hamını unuduram. Axı artıq bir ildir ki, gecələr səhərədək yatmıram, bütün gecə masanın yanında kürsüdə boş-bekar otururam. Kitab
yalnız gündüz oxuyuram. Oturub heçnə də fikirləşmirəm, sadəcə beynimdə cürbəcür düşüncələr fırlanır, mən də onları azadlığa buraxıram. Gecə şam tamamilə əriyir. Sakitcə masanın arxasına keçib tapançanı çıxartdım, qarşıma qoydum. Onu qoyarkən, yadımdadır, öz-özümdən “Eləmi?” — soruşdum, özümə qət´i cavab da verdim ki, “Elə!”. Yə´ni özümü güllələyəcəyəm. Bilirdim
ki, özümü dəqiq bu gecə öldürəcəyəm, amma masanın arxasında hələ nə qədər oturacağam — bunu bilmirdim. Əlbəttə, özümü güllələyərdim də, bu qızcığaz olmasaydı.
Fikir verin: mənə heç nəyin fərqi olmasa da, ağrını ki, məsələn, hiss edirdim. Bir adam məni vursaydı, ağrını hiss edərdim. Beləcə də mə´nəvi cəhətdən: ürəkağrıdan bir hadisə baş versəydi, heçnəyə biganə olmadığım çağlarımdakı kimi narahat olardım. Yazığım da gəldi: kimə də eləməsəm, uşağa hökmən yardım edərdim axı. Onda qıza niyə kömək eləmədim? Ağlıma gələn bir fikrə görə: o qız məni dartıb çağıranda qəflətən qarşıma bir sual çıxmışdı, mənsə onu həll edə bilmirdim. Boş sualıydı, amma hirsləndim. Ona görə hirsləndim ki, bu gecə öz-özümlə vidalaşacağıma qərar vermişəmsə, onda, deməli, başqa vaxta nisbətən indi mənə heçnəyin fərqi olmamalıdır. Bəs mənə fərqi olduğunu və qıza yazığım gəldiyini niyə hiss etdim? Yadımdadır, yaman yazığım gəldi ona; hətta öz çətin və qəribə vəziyyətimdə dözülməz bir ağrı yaşadım. Doğrusu, içimdəki ötəri duyğuları daha yaxşı dilə gətirə bilmirəm, amma o hiss evdə də, masanın arxasında oturanda da davam edirdi, çoxdan belə acıqlı olmamışdım. Fikir fikrə qoşulurdu. Aydın olurdu ki, hələ ki
insanamsa, hələ sıfır deyiləmsə və sıfıra dönməmişəmsə, deməli yaşayıram, beləliklə öz hərəkətlərimə görə əzab, xəcalət çəkib, hirslənə bilərəm. Qoy olsun. Lakin, özümü öldürəcəyəmsə, məsələn, iki saatdan sonra, onda qız nədir,
utanmaq-zad nədir? Mən sıfıra dönürəm, mütləq sıfıra. Birazdan tamamilə yoxa çıxacağımın, heçnəyin də, deməli, daha mövcud olmayacağının dərki nə qızcığaza qarşı mərhəmət hissinə, nə etdiyim əclaflıqdan sonrakı xəcalət hiisinə təsir etməmişdimi görəsən? Axı mən elə bu səbəbdən ayağımı yerə döyüb bədbəxt uşağın üstünə vəhşi səslə bağırdım: “yəni, nəinki yazığım gəlmir, zalımlıq da eləsəm, elə indi edərəm, çünki iki saatdan sonra hər şey sönəcək”. İnanırsınızmı, buna görə qışqırdım?
Ardı var...
Müəllif: Fyodor Mihayloviç Dostoyevski
Tərcümə edən: İlahə Ucaruh