Qadin.NET / Talehin taleyi...(İkinci hissə)

Talehin taleyi...(İkinci hissə)

Talehin taleyi...(İkinci hissə)

Aylardır maaş almayan ərinin məhlədəki dükana, aptekə borcunun olmasını Zemfira onun ölümündən sonra Talehə danışdı.Dükandan aldıqları gündəlik tələbat malları,ərzaqlar idi.Aptekdənsə ağrıkəsici dərmanlar, iynələr almışdılar.Hələ bu borclar bir yana, indi yenə pul lazımdır.Dəfn, cümə axşamları, qəbiristanlıqda torpaq pulu və s.üçün.Bu yaşadək belə çətinliyə düşməmişdi hələ Taleh.Qardaş yox, qohum yox.Məsləhət , ən əsası isə maddi kömək alacaq bir kimsə yox.Səlim kişi ilə Zemfira toylarından az sonra  ucqar bir rayondan gəlmişdilər bu qəsəbəyə.Burada qohum-əqrəbaları demək olar yox idi.Atasının dostları, yoldaşları da müəllim yoldaşlarıydı.Onların da vəziyyəti ürəkaçan deyildi.

...Səlim kişini dəfn etdilər.Qəbiristanlıqda dəfn üçün götürülmüş yerin haqqı isə hələ ödənilməmişdi.Yol boyu  ana ilə oğul dinib-danışmadılar.Hər ikisini düşündürən eyni sual idi:”Bu qədər borcu necə qaytaracağıq?”Qəbiristanlıqdan evə qədər olan 20 dəqiqəlik yol 2 saat kimi gəldi keçdi.Zaman da dayanmışdı elə bil...Xoşbəxt dəqiqələr sanki uçur, belə ağır dəqiqələrsə heç keçmək bilmir.Nəhayət evə gəlib çatdılar.Üzücü bir sükut var..

-Nə fikrə getmisən oğlum?-Zemfira cansıxıcı sükutu pozaraq soruşdu.

-Zamanımız çox azdır.Üç gün içində həm dəfn, həm ehsan üçün pul tapmalıyıq.

-Allah yoxun üzünü qara etsin, bala.Olan qır-qızılımı da satıb atanın dərmanlarına xərclədik.Satılası qiymətli bir şeyimiz qalmayıb daha.

-Atama layiqincə ehsan verməliyik.Nə olursa-olsun.Mən bir azdan çıxacam.Gedim məhlədəki tay-tuşlarla, qonşularla da məsləhətləşim.Soraqlaşım, görüm kimdən pul tapa bilirəm.

-Gözlə, gedim sənə çay-çörək gətirim.Səhərdən acsan.Axşam da Allah bilir nə vaxt qayıdacaqsan.

Taleh yeməyini yeyib evdən təzəcə çıxmışdı ki, həyət qapısı yenidən döyüldü.Zemfira elə bildi gələn Talehdi.Yəqin nəyisə unutduğu üçün qayıtmalı olub.

Gələn Sevda idi.Qonşuları Sənəm arvadın qızı.Talehlə on il bir sinifdə oxumuş, bir parta arxasında oturmuşdular.Talehin xətrini çox istəyirdi.Elə Taleh də onu həmişə hər yerdə müdafiə edərdi.Məktəb illərində ən yaxın dost olmuşdular.Bir-birlərindən gizli sirrləri demək olar ki, yox idi.Məzun olandan sonra az-az rastlaşırdılar.Sevda ali məktəbə hazırlaşdığı üçün bütün yayı evdə dərslərilə məşğul olrdu.9-cu sinfədək əlaçı olan Talehsə  axırıncı il həm oxuyub həm də işlədiyi üçün dərslərindən bir az geri qaldı.Gecə işdən evə yorğun gələndən sonra çox vaxt yeməyini də yemədən yatırdı.Dərs oxumağa vaxtı hardaydı?Ancaq məktəbdə oxuya bilirdi.Qiymətləri o qədər də pis olmasa da arzuladığı ixtisas üçün yuxarı qiymətlər almalı idi.Arzusu hüquqşünas olmaqdı.İmtahana üç ay qalmış işdən çıxıb ancaq dərslərilə məşğul olsa da imtahanları verə bilmədi.Yenidən işinə qayıtdı.Sevda isə tələbə oldu.Atası kimi müəllim olacaqdı o da.Qonşu olsalar da bir-birlərini görmürdülər..Elə gün olurdu ki, Taleh sübh tezdən hamı yuxudaykən evdən çıxar, gecə isə hamı yatandan sonra evə qayıdardı.İşlədiyi müddətdə xeyli arıqlamışdı.Zemfira oğlunun bu halına qəlbi sızlasa da, işləməməsi üçün yalvarsa da Talehi fikrindən döndərə bilməmişdi.18 yaşı tamam olandan sonra hərbi xitmətə növbəti çağırış zamanı könüllü olaraq hərbi komissarlığa getdi.O zamandan iki ilə yaxın bir vaxt keçib.Bu iki ildə Sevda Talehin üzünü görməsə də onu unutmamış, o əsgərlikdə olanda tez-tez gəlib Zemfiraya baş çəkərdi.Boş vaxtı olan kimi onlara gələr, Zemfiranı tək qalıb darıxmağa qoymazdı. .Ev işlərində ona kömək edər, bəzən xörək də bişirərdi.Zemfira da ona çox öyrəşmşidi.Sevdanın dərsləri çox olub gəlməyəndə, gözü qalardı həyət qapısında.Çox yaxınlaşmışdılar.Ana-qız olmuşdular...

 -Sənsən, qızım?Taleh elə indicə çıxdı.Elə bildim gələn odu, nəyisə yadından çıxarıb.Nə yaxşı gəldin.Təklikdən lap bağrım çatlayırdı.

-Talehin getdiyini gördüm.Bildim ki, təksiz.Ona görə gəldim.

-Bayaqdan həyətdəcə oturmuşam.Evə keçməyə həvəsim yoxdur.Ayağım da getmir.Səlimin otağına necə keçim, yatdığı çarpayını boş görməyə necə dözüm?

-Hava soyuqdur, xala, xəstələnərsiz.Gəlin keçək evə.Mən yanınızdayam, qorxmayın.Bir-iki günə keçib gedər bu qorxularınız da.

Birlikdə evə keçdilər.Zemfira mətbəxə keçdi ki, çay hazırlasın.Adəti idi, hər gün gördüyü adam da olsa evinə gəlibsə onu qonaq kimi qarşılayardı.Heç nəyi olmasa da mürəbbəli, şirniyyatlı çaya qonaq edərdi.Bu xüsusiyyət oğluna da keçmişdi.Elə dəfn pulundan, köhnə borclardan daha çox hər cümə axşamı atasına layiqincə ehsan verməkçün pul axtarırdı.

Zemfira mətbəxə keçəndə Sevda da otaqlara baş çəkdi.Onun da adəti bu idi.Hər dəfə gələndə bir-bir otaqlara baxar, sahmana salardı.Talehin əşyalarını da ayırıb səliqə ilə otağına yığmış, bu otağa xüsusi diqqət edərdi.Dağınıq halda olan məktəb şəkillərinin itməməsi üçün şəkil albomu alıb şəkilləri ora yığmışdı.Bu şəkillərin çoxunda Talehlə yanaşı dayanmışdılar.

Yenə həmin otağa keçmək istədi.Açıq qapıdan içəri nəzər saldı.Taleh gələndən otağın görünüşü bir az dəyişsə də o şəkil albomu yerindəydi.Stolun üstündə.Sevda onu bura qoymuşdu ki, Taleh gələn kimi görsün.Həmişəkindən fərqli olaraq bu dəfə otağa girməyə tərəddüd etdi. Sanki Taleh otaqdaymış kimi utandı.Otağa girmədən geri döndü.Zemfira çay süfrəsi açmışdı.

-Gəl, qızım.Gəl, əyləş,çay içək.Boğazım quruyub.Bir qurtum içim boğazım yaşlansın,rahat danışaq..

Çay içib bir az söhbət etdilər.Başları söhbətə elə qarışmışdı ki, vaxtın necə keçməsindən xəbərləri də olmadı.Həyət qapısının döyülməsinə hər ikisi həyətə çıxdı.Hava artıq qaralmışdı.Gələn Taleh idi.Talehlə həyətdə üz-üzə gələn Sevda bu qəfil rastlaşmadan özünü itirdi.Taleh də onu görəcək həyəcanlandı.Onunla öz həyətlərində rastlaşacağını gözləmirdi.

-Sağ olun, mən artıq getməliyəm.Çox gecikdim.Gecəniz xeyrə qalsın-Sevda tələm-tələsik ayaqqabılarını geyinib getmək istədi.

-Dayan, bu qaranlıqda tək hara gedirsən?Qoy Taleh ötürsün səni-Zemfira dedi.

Bu  təklif ürəyincə olduğu üçün Sevda etiraz etmədi..Yolboyu dinib-danışmadılar.

Ürəkləri danışırdı ancaq bir-biriylə:

-"Nə gözəl olmusan, Sevda.İndi sən hara, mən hara.Yəqin daha bəyənməzsən mənim kimiləri."

-"Səni görəndə tanımadım heç. Taleh.Çox dəyişmisən.Daha yaraşıqlı olmusan."

Sağollaşıb ayrıldılar.Hər ikisinin beynində eyni sual dolanırdı:-"Görəsən sevdiyi varmı??"

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

24 yanvar 2011
GO BACK