Qadin.NET / O da bizdən biridir (2)

O da bizdən biridir (2)

 

O da bizdən biridir (2)

 

Bütün yolboyu heç kim danışmadı. Başqa vaxt olsaydı, səs-küydən qulaq tutulardı. İndi isə... Namiq də susurdu. Ərköyünlüyündən əsər-əlamət qalmamışdı. Samirgilin qapısına çatdılar. Hamı bir-birinin üzünə baxdı. Müəllim irəli keçib astadan qapını döydü.

Qapını Samirin anası açdı. Həyatın hər üzünü görmüş qadın gözəlliyini itirməmişdi. Amma gözlərindəki kədəri, ağrını-acını heç nə gizlədə bilməzdi. Hamı ilə salamlaşdı. Üzünü müəllimə tutub:

- O daha oxumaq istəmir, – dedi.

Bu zaman kimsə dilləndi:

- Samiri görmək istəyirik – deyəsən, Namiq idi. Bəlkə  də bununla günahını bir qədər azaltmaq istəyirdi.

Ana əlacsız:

- Yaxşı, keçin içəri – dedi.

Müəllim minnətdarlıqla Namiqə baxdı. Uşaqlar sakitcə içəri keçdilər. Samir divanda oturmuşdu. Dərslikləri, dəftərləri qarşısına tökmüşdü. Hiss olunurdu ki, nə edəcəyini bilmir. Əlbəttə, ona da məktəblə, uşaqlarla vidalaşmaq çətin idi. Başını qaldırıb sinif yoldaşlarına baxdı. Bu baxışdan nələr oxunmurdu: ittiham, qəzəb, töhmət, bir az da yalvarış var idi bu baxışlarda.  Sınıq bir ömrün, yarımçıq bir taleyin nağılı əks olunmuşdu bu baxışlarda. Bir də ki, bu baxışlara kim dözə bilərdi?!

Ana narahat idi. Gah oğluna, gah uşaqlara, gah da müəllimə baxırdı. Bu gəlişin səbəbi anaya hələ də aydın deyildi. Övladının yenidən sınacağından, yenidən sındıralacağından qorxurdu. Axı bu zamana qədər nələr görməmişdi?!

Birdən Samir:

- Ana, uşaqlara çay verməyəcəksən?

- Niyə vermirəm, ay bala? Bu saat.

Ana mətbəxə keçdi. Namiq bunu gözləyirmiş kimi bir gözü mətbəxin qapısında tez dilləndi:

- Samir, biz istəyirik ki, yenə bizim sinif yoldaşımız olasan.

Namiqin bu sözünə bənd imiş kimi uşaqlar:

- Bizimlə oxuyasan.

- Mənimlə oturarsan.

- Maşın şəkillərimi sənə də göstərəcəyəm.

- Partamdakı bayrağı sən də öz partana qoya bilərsən.

- Bizimlə bir qrupda olarsan.

 

O da bizdən biridir (2)

 

Uşaqlar hamısı bir ağızdan danışırdılar. Artıq kimin nə dediyi aydın deyildi. Samir çaşqın halda gah onun, gah bunun üzünə baxırdı. Mətbəxdən səsə gələn ana qapının ağzında dayanmışdı. Gülümsəyirdi. Təşəkkür dolu baxışlarla müəllimə baxdı. Onun da üzündə təbəssüm var idi. Sanki müəllimin üstündən ağır bir yük götürülmüşdü. Çünki bu qapıya gəlsə də, nə deyəcəyinə, necə danışacağına qərar verməmişdi. Onu bu çətin vəziyyətdən qurtardıqları üçün öz şagirdlərinə daha çox minnətdar idi.

Uşaqlar isə öz aləmlərində idilər. Samirə  nə isə göstərir, dərsə gəlmədiyi gün hansı mövzuların keçirildiyini, evə verilən tapşırıqları izah edirdilər. Bir-birinə imkan vermədən elə hey danışırdılar. Hətta hamıdan az danışmağı ilə seçilən Gülnar da dil-boğaza qoymurdu. Başqa vaxt olsaydı, bəlkə də müəllim uşaqlara acıqlanar, bir az sakit olmalarını tapşırardı. İndi isə bu səs-küy onu narahat etmirdi.

- Hə, bu da çaylar! - Samirin anası əlində çay dolu sini ilə içəri girdi. Oğlunun gülümsəməsi sanki ananı yenidən həyata qaytarmışdı.

Ana çay süfrəsi açdı. Uşaqlar birtəhər yerləşdilər. Gülə-gülə məktəbdəki hadisələrdən danışırdılar. Samir də bütün incikliyi unutmuş, onlara qoşulmuşdu.

Daha sonra Samirin  albomuna, uşaqlıq şəkillərinə baxdılar. Ana məmnuniyyətlə oğlunun uşaqlığından, dəcəl olmasından danışırdı.

Samirgildən çıxanda artıq hava qaralmışdı. Vaxtın necə keçdiyindən heç kəsin xəbəri olmamışdı.

Səhər isə...

Səhər isə Samir yenə də V b sinfinin şagirdi idi. Birinci partada Nəzrinin yanında əyləşmişdi. Nəzrin dərs əlaçısı idi. Samirə başa düşmədiyi mövzuların izahına, geri qalanda yazını dəftərə köçürməyinə  kömək edirdi. İndi kimsənin onunla işi yox idi, heç Namiqin də. Əksinə, başqa sinfin uşaqları Samirə söz deyəndə hamıdan əvvəl Namiq onun müdafiəsinə qalxırdı:

- Samirlə işiniz olmasın. Axı o da bizdən biridir. 

8 may 2014
GO BACK