Qadin.NET / Həsrət

Həsrət

 

 

Həsrət

 

Həsrət
(Esse)
İndi həsrət yağışı yağır içimə. Sənin səsinə tamarzı qalmışam. Sənsizlik ürəyimi yandırıb-yaxır, içimdəki tufan sanki sal qayadan daşı qoparıb apardığı kimi, nəyisə alıb aparır. Bundan sonra içimdə bir boşluq yarandı. Bu şaxtalı qış axşamı odlu baxışlarına həsrət qalmışam. Çünki o baxışlarla isinirdim həmişə. Heç bilmədim hardan yol alıb gəldi bu həsrət?! İndi sənsiz duyğularım da yetim qalıb. Gözlərimdən qəm-kədər süzülür. Qəlbimdə sənsizlikdən bir həsrət ağacı cücərib indi. Bütün ümidlərim bu həsrət ağacının arxasından boylana-boylana qalıb. Gözlərim sənin həsrətindən yollarda qalıb. Hiss edirəm ki, sənsizlik dərdi məni son mənzilə səsləyir. Heç olmasa bircə dəfə görüm, nəfəsini, ətrini duyum. Axı ümidlərim, kövrək duyğularım, arzularım sənin nəfəsinlə boy atırdı.
Mən şehli çiçəkləri, qönçə gülləri bəxtimin üzünə tutmaq istədim. Bütün dünyanın dərdi-sərini unudub, ancaq sənin dizlərində yatmaq istədim. Nə olar, qayıt, gəl! Yenidən dünyanı bağışla mənə. Qoy bitsin bu həsrət, bu acılar. Sənsiz ürəyim bu həsrəti, qəm yükünü çəkə bilmir, inan! Qayıt, gəl, gülüm, qayıt! Əgər indi gəlməsən, bir gün məzarım önündə göz yaşı tökəcəksən. İstərdim həsrət bizim dünyamızdan qaçaq düşsün, kədərsə həmişəlik yox olub getsin! Qoy ümid bağçasında həsrət həmişəlik solub-soluxsun! Vüsal atəşindən  çiçəklər açsın. Bitsin bu həsrət, bitsin bu ayrılıq! Nə olursa olsun, harda olursan ol, unutma ki, səni dualarımda hər gün dilə gətirəcəyəm...
 Baxdıqca özümə həyat görmürəm, amma içimi dinlədikdə ürəyimin döyüntüsü mənə bir ümid verir - haradasa Sən varsan deyə. Sən mənim içimdə kədər, sevinc, göz yaşları və gülüş olan kiçik ürəyimdə böyük Dünyam idin. İndi sənin varlığından başqa, həyatda hər şeyim var. Amma  buna baxmayaraq, özümü dünyanın ən miskin və kasıb bəndəsi hesab edirəm. Çünki sən yanımda deyilsən! Gəl, əzizim, yenidən qayıt, gəl mənə! Yenə əvvəlki tək tələs görüşə!!!
                                                                                                                                                               24.08.2013

 

Həsrət

 

Sən gedəli...
(Esse)
Sən gedəli cığırları ot-ələf basıb. Sən gedib-gəldiyin cığırlar sənin addımlarına indi yaman qəribsəyib. Sən gedəli cığırlar da həsrətinə tab gətirə bilməyib, üstündən yorğunluq yükünü atmağa hazırlaşır. Mən haradan biləydim ki, bəzi cığırların ancaq gedişi var, dönüşü yoxdur. Gedişli-gəlişli cığırlara alışmışdım. Səbəbi nə oldu bu gedişin? Anlaya bilmədim ki! Niyə aramızda sərhəd çəkildi, ikiyə bölünmüş Azərbaycantək?! Ürəyimdə kök salan sevgin, nədən sənin qəlbində bir tikan oldu? Mən səni qəlbimdə sevgi atəşi ilə isindirirdim. İndisə hardasa soyuqlamısan.
Son dəfə məndən ayrılanda nədənsə gözlərini gizlədirdin. İndi anlayıram ki, gözlərini məndən niyə gizlədirdin. Sən ondan qorxurdun ki, gözlərində başqa birisinin gizləndiyini görə bilərəm. Bundan bildim ki, niyə son vaxtlar gözlərin gözümə baxmaqdan utanır. Çünki günahkar sən idin. O günah yükü kirpiyindən sallanaraq göz qapaqlarını aşağı dartırdı...
Sənə vəfasızmı deyim, bilmirəm. Allah da şahiddir ki, sevgimizə heç zaman xəyanət etmədim. Bu ülvi, saf eşqi həmişə qoruyub saxlamağa çaılşdım. Sən isə bu eşqin qədir-qiymətini bilmədin. Görünür, sevgi, məhəbbət yollarında naşı bir yolçusanmış. Onun üçün də sevgimi bu cür ucuz tutdun, onu anlamağa heç çalışmadın da. İçimdə açmış sevda çiçəklərini nə tez soldurdun?!
Sən gedəli bu eşq atəşindən yaşıl ot odda necə qıvrılaraq  yanırsa, mən də onun kimi yanıb-yaxılıram. Sən gedəli intizarından gecələr də uzun göründü mənə. Yatmaq istəyirəm. Deyirəm, bəlkə yuxularıma girərsən. Heç olmasa yuxuda səni görmək istərdim. İndi yeganə təsəllim budur.
Sən gedəli bağçadakı o bülbül də daha nəğmə oxumur. Sanki o yazıq quşcuğaz da bizim nakam eşqimizə yas saxlayır. Sən gedəli daha çiçəklər də açmır. Sən demə güllər, çiçəklər də həsrətə dözə bilmirmişlər. Sən demə çiçəkləri, gülləri də təravətləndirən eşq, sevgi imiş...
 24.08.2013
Camal Zeynaloğlu
26 aprel 2014
GO BACK