Qadin.NET / Dülgər oğlu

Dülgər oğlu

Dülgər oğlu

Nazim ətraf məhlələrdə tanınmış usta idi. Kimə dülgər işi lazım olsa, ona müraciət edərdi. Əlindən hər iş gəlirdi. İki mərtəbəli evinin birinci mərtəbəsini emalatxana üçün ayırmışdı. Onun işi əvvəllər yaxşı gedirdi. Hətta iki işçisi də var idi. Lakin plastik qapı-pəncərələr çıxdıqdan sonra sifarişləri azaldı. İmkansızlıqdan işçilərini işdən azad etdi. O zəhmət çəkirdi ki, ailəsi imkansızlıqdan korluq çəkməsin. Nazimin bir oğlu var idi. Adı Elxan olan oğlu atası üçün əlindən gələni edirdi, dərsləri ilə əla məşğul olurdu. Elxan bir neçə dəfə demişdi:

 -Ata qoy sənə kömək edim.

 -Yox, oğlum, sən dərslərinlə məşğul ol. Sənin mənə ən böyük köməyin budur.

 Bir gün usta Nazimin bir sifarişi var idi. Sabaha 4 qapı çatdırmalı idi. Səhər tezdən durub işləməyə başladı. Yenicə dəzgahını işə salıb, taxtaları kəsməyə başlamışdı ki, birdən elektriklər kəsildi. Nazimin qanı qaraldı. “Bu işıq verənlərin heç insafı yoxdur” - deyə düşündü. Bir müddət dəzgahını təmizlədi. Amma işıq yanmırdı ki, yanmırdı. Nəhayət, səbri tükəndi. Emalatxanadan çıxıb, elektrk lövhəsinə nəzər saldı. “Aaa, bu elektrik dəstəyini kim aşağı salıb?” Ətrafa boylandı, amma ətrafda heç kim görünmürdü. Nazim emalatxanaya döndü. Aləti işə salırdı ki, yenidən elektrik kəsildi. Qaça-qaça elektrik lövhəsinin olduğu yerə getdi. O, pilləkənlərlə cəld yuxarı qalxan Elxanı gördü.

 Dülgər oğlu

- Dayan! Sən burada nə edirsən?! Düş aşağı görüm. İşığı sən söndürdün?
 -Hə.
 -Mən bütün günü çalışıarm ki, evə pul gətirim. Sən isə mənimlə oyun oynayırsan?!
Elxan ağlamağa başladı və tez evə getdi.
Axşam evdə hamının qanı qara idi. Hamı Elxanın niyə belə hərəkət etdiyini düşünürdü. Şam yeməyindən sonra Elxan öz otağına getdi. Nazim qapını örtüb yoldaşına dedi:
-Özün də görürsən ki, səhərdən axşamacan işləyirəm, yoruluram. Niyə Elxanın tərbiyəsi ilə məşğul olmursan?
-Nazim, vallah, bilmirəm bu gün ona nə olmuşdu. Bilirsən ki, o elə uşaq deyil. Sən Allah, get, könlünü al. Yoxsa dərslərindən də zəifləyər.

Dülgər oğlu

Nazim Elxanın otağına tərəf yollandı. İçəri girəndə Elxanın yatdığını gördü. Amma gecə lampası yanırdı.
-Görünür, lampanı söndürmək yadından çıxıb. Heç nə olmaz, sabah danışaram.
Nazim getmək istəyirdi ki, birdən gözü masadakı dəftərə, Elxanın günlük xatirələrini yazdığı dəftərə sataşdı. İçini açdı, oxudu, sanki oğlunu daha da yaxşı tanımağa başlayırdı. Sonuncu qeydin üstündə bu tarix yazılmışdı:
“21 noyabr 2012-ci il. Səhər saat 8.30. Bu gecə pis bir yuxu gördüm. Gördüm ki, atam emalatxanada işləyərkən onu elektrik vurur. Allahım, yalvarıram, onu qoru. Mən bunun olmaması üçün əlimdən gələni edəcəyəm”.
Nazim ayaq üstə qala bilməyib stula əyləşdi. Onun gözləri yaşarmışdı.

 

22 aprel 2014
GO BACK