Tanya doqquz yaşlı, qəşəng, amma yaşına görə çox ciddi bir qız idi. Onuun Andrey adında bir qardaşı var idi. Tanya onu çox sevir, böyüklər kimi onun hər şıltaqlığına dözürdü. Bir dəfə o, təsadüfən valideynlərinin Andrey haqqında söhbətini eşitdi. Atası ümidsiz halda deyirdi: ”İndi Andreyi yalnız möcüzə xilas edə bilər”. Tanya bilirdi ki, qardaşı ağır xəstədir və valideynlərinin onu müalicə etmək üçün yetəri qədər pulu yoxdur. Hətta mənzilllərini də dəyişmişdilər. Andreyi yalnız çox bahalı bir əməliyyat xilas edə bilərdi.
Atasının sözlərini eşidən Tanya öz otağına getdi və öz daxılını sındırıb içindəki pulları saymağa başladı. Otuz rubl otuz qəpik idi. Pulları cibinə qoydu, əczəxanaya getdi.
Tanya kənarda durub əczaçının ona diqqət yetirəcəyini səbrlə gözləyirdi. Lakin başqa bir adamla söhbə edən əczaçı ona fikir vermirdi. Tanya onun diqqətini cəlb etmək üçün yavaşca öskürdü. Sonra daha bərkdən öskürdü. Yenə heç nə alınmadı. O, pullarını çıxarıb şüşəni döyəclədi. Bunun təsiri oldu.
-Hə, bağışla balaca, - deyə əczaçı nəhayət ki, Tanyaya tərəf döndü. -Neçə ildir qardaşımı görmürdüm. Başım söhbətə qarışıb.
-Lap yaxşı, elə mən də öz qardaşım haqda danışacağam. Bilirsiniz, o, çox, çox xəstədir və mən möcüzə almaq istəyirəm.
-Nə?!
-Onun başında pis bir şey böyüyür və atam deyir ki, onu ancaq möcüzə xilas edə bilər. Deyin, onun qiyməti neçəyədir. Mənim pulum var. Düz otuz rubl otuz qəpik.
-Hmmm, balaca, biz möcüzə satmırıq.
-Amma, mənim pulum var, istəsəniz, yenə taparam.
Birdən əczaçının yanındakı adam dilləndi:
-De görüm, harada yaşayırsınız?
-Mənimlə gəlin.
Əczaçının qardaşı qızın əlindən tutub evlərinə tərəf getdi. Bu gözəl geyimli adam, sən demə, məşhur cərrah imiş. O,Tanyanın qardaşı Andreyi heç bir pul almadan müalicə etdi. Nəhayət, Tanyanın qardaşı sağaldı.
-Bu həkimin gəlişi əsl möcuzə oldu! - deyə Tanyanın anası dedi. - Maraqlıdır, görəsən, bu əməliyyat neçəyə başa gələrdi?
Tanya gülümsədi. O möcüzənin qiymətini dəqiq bilirdi: otuz rubl otuz qəpik. Bir də Tanyanın böyük inamı.