- Ana, noldu?
- Nə bilim, ay bala. Görək də.
- Sən görüncən iş-işdən keçəcək.
- Keçsin də. Qız qəhətdi bəyəm? Ondan da yaxşısını taparam oğluma.
Bu söhbət neçə dəfə təkrar olunmuşdu. Gah telefonda, gah oğlu ilə üzbəüz söhbətdə. Ana hər dəfə söhbətdən yayınmağa çalışmışdı. Çünki həqiqəti oğluna deməkdə çətinlik çəkirdi. Axı necə deyəydi ki, Sevil nişanlanıb. Onsuz da bunu gizlətmək mümkün deyildi. Ana istəyirdi ki, söhbət açılanda oğlu burda olsun. Ana istəyirdi ki, ona təskinlik verə bilsin, ovundura bilsin. İstəmirdi ki, müharibənin od-alovunun içində olan oğlunu bir də bu xəbərlə üzsün. Bu fikirlərin içində xəyala dalan ana havanın qaraldığının da fərqinə varmamışdı. Onu xəyaldan qonşudakı səs-küy ayıltdı.
Bu gün... Bu gün Sevilin nişanıydı. Onun ciyərparəsinin - əsgər balasının gözaltısının nişanıydı. Həyətə çıxdı, içəri girdi. Heç cür rahat ola bilmirdi. Ürəyi içəridə sıxılır, nəsə onu darıxdırırdı. Nə qədər özünə təskinlik verməyə çalışsa da, alınmırdı.
- Xala, ay xala!
Kimsə çağırırdı. Hay vermək istəmədi. Çünki kimsə ilə danışmaq istəmirdi. Fikirləşdi ki, kimdisə çağırıb, çağırıb, çıxıb gedəcək.
- Xala, evdəsən? - Deyəsən, çağıranın getmək fikri yox idi. Əksinə səsi daha da həyəcanlı və inadkar olmuşdu.
Ana çölə çıxdı. Qəribə də olsa, qonşudan səs gəlmirdi. Ətrafı sakitlik bürümüşdü. Həyət də qaranlıq idi. Ana birdən axşam düşməsinə baxmayaraq, həyətin işığını yandırmadığını xatırladı. Əlini uzadıb işığı yandırdı. İlahi, bu nədir? Anaya elə gəldi ki, bütün bunları yuxuda görür: həyət adamla dolu idi! Sanki bütün kənd bura axışmışdı. Onu çağıran Züleyxa (qonşunun qızı) ağlayırdı. Birdən adamların içərisindən hərbi geyimli iki nəfər anaya yaxınlaşdı. Deyəsən, onları tanıyırdı. Oğlunu axtardı. Birdən ananın gözləri üstünə bayraq çəkilmiş tabuta sataşdı.
- Asif!!!
Bu, onun ciyərparəsi idi. Anası ilə son görüşə gəlmişdi.