Qadin.NET / Yetim dünya

Yetim dünya

Son günlər nədənsə işlərim heç alınmırdı, maddi cəhətdən sıxıntı çəkirdim. Evdəki ehtiyat pullar da tükənmək üzrə idi. Heç zaman belə bir duruma düşməmişdim. Pul sıxıntısı da acizliyim ucbatından olmamışdı. Yaxşı işim var idi, pul cəhətdən korluq çəkmirdim. Tanış-bilişlərə həmişə əl tuturdum. İndi isə borc almağı düşünürdüm. Bu haqda fikirləşirdim ki, telefonuma zəng gəldi. Rayondan böyük qardaşım idi...

Anamın ölüm xəbərindən sarsıldım. Anamı son mənzilə yola salmaq üçün məni gözləyirdilər. Təbii ki, ailəvi getməli idik. Təcili iş yerinə getdim ki, yol pulu da olsa, tapa bilim. Amma alınmadı. Kor-peşman qayıtdığım zaman blokda əl dəsmalına bükülmüş bağlama gördüm. Tələsik götürüb evə gəldim. Bükülü dəsmalda 7 ədəd 100-lük dollar, 20 ədəd 10 min manatlıq pul var idi. Arvad-uşağa dedim: "Yığışın, gedirik". Elə çıxmaq istəyirdik ki, blokda vay-şivən qopdu. Qapıbir qonşumuz Firəngizin qışqırtısı idi.
- Firəngiz, nə oldu sənə birdən-birə?! - həyat yoldaşım  özünü ona yetirib hövlnak soruşdu.
- Evimiz yıxılıb, anam alver üçün gətirdiyi pulları salıb itirib!
Firəngizin anası ayda iki-üç dəfə şəhərə gəlib rayonda satmaq üçün buradakı “optovoy”lardan şey-şüy alıb aparırdı. Bu dəfə də ona lazım olan şeyləri almaq üçün taksi ilə “optovoy”a gedib. Pulu çıxarmaq istəyəndə pullarının yerində olmadığını görüb və həmin taksi ilə yenidən qızının evinə qayıdıb. Düşünüb ki, bəlkə pulları unudub, qızının evində qoyub. Ancaq pullar evdə də tapılmayanda ana-bala əmin olublar ki, arvad pulları haradasa salıb itirib. Mən hadisənin nə yerdə olduğunu dərhal anladım. Demək, dəhlizdə tapdığım pul Firəngizin anasının pulu imiş. 
Onların hər ikisini sakitləşdirməyə çalışdım. Firəngizlə anasını evimizə dəvət etdim. Firəngizin anasından soruşdum:
- Məsmə xala, pulun nə qədər idi?
Məsmə xala pulunun miqdarını dəqiqliklə dedi.
- Narahat olmayın, pulunuzu mən tapmışam - dedim.
Bunu eşidən kimi ana-bala sevincdən heç bilmədilər nə etsin. 
- Məsmə xala, pullarını verirəm, ancaq bir şərtlə. Həmin puldan mənə 100 dollarını bir həftəliyə borc verirsən. Bu  mənə çox vacibdir. Bir az bundan öncə rayondan qardaşım  zəng vurdu ki, anam rəhmətə gedib, rayona getməliyəm. Bir  həftədən sonra pulunuzu qaytaracağam.
Yenidən bayıra çıxmaq istərkən qardaşım ikinci dəfə zəng vurdu.Telefonu açdım. Qardaşım dedi: “Daha əziyyət çəkib gəlməyin! Anam artıq özünə gəldi. Bayılmışdı, indi artıq yaxşıdır”. Mən qardaşımın yalan danışdığını zənn etdim. Hökmən gələcəyimi bildirdim. O, Allaha and içdi ki, anam özünü daha yaxşı hiss edir. Dönə-dönə gəlməməyimizi tapşırdı. Rahat olmaq üçün qardaşım telefonu anama verdi və onunla danışdım. Anam telefonda: “Oğul, zəhmət çəkib o qədər yolu gəlməyin. Mən indi yaxşıyam. Bir balaca huşumu itirmişdim, uşaqlar da qorxub, sənə zəng vurublar. Daha narahat olmayın! Gəlməyə heç gərək yoxdur. İş-gücündən ayrılma, oğul! Di, salamat qal, gözümün nuru, oğlum!”
Anamla danışandan sonra rahat oldum. Dünyanın bəzəyi, çiçəyi analar! Övladlarına azca da olsun zərər gəlməsini, inciməsini, ayağına daş dəyməsini belə istəməyən analar! Nə yaxşı ki, siz varsınız! Yoxsa, dünya yetim  qalardı!!!
19 aprel 2014
GO BACK