Qadin.NET / O, yaşlı bir ədib idi...

O, yaşlı bir ədib idi...

O, yaşlı bir ədib idi...
O, yaşlı bir ədib idi. Saçları ağarmış, qəddi əyilmişdi. Uzun sürmüş həyatında çəkdiyi iztirablar üzündə ifadə olunurdu. Sanki getdiyi tikanlı, toz-torpaqlı, palçıqlı, əyri-üyrü yollar simasında qırışlarla ifadə olunmuşdu.. Təkcə gözləri dəyişməmişdi. Cavan vaxtlarında gözəl təbiət qoynunda sevgilisinə məktub yazarkən, arabir başını yuxarı qaldıraraq ana təbiəti müşahidə edən parlaq gözləri eyniylə qalmışdı. Fərq o idi ki, taqətdən düşüb tarımlığını qoruya bilməyərək gözlərin üstünə yıxılan kələ-kötür qırışlar onların üzərini örtməyinə baxmayaraq, o gözlər əvvəlki kimi özünü qoruyub saxlayırdı. Eynən 18 yaşlı oğlanın gözləri idi. Yaşlı ədibin gözlərinin sabit qalması, nədənsə onun baxışlarının da sabit qalmasına gətirib çıxartmışdı. Cavan vaxtlarında hamıya diqqət göstərib, nazın çəkməyə həvəs göstərən bu yaşlı kişi, indi uşaq tək nəvazişə möhtac idi. Ah, o günlər... Şux qaməti, ütü çəkilmiş şax qalan libası, daranmış saçları, işım-işım işıldayan ayaqqabları... Ah, o günlər...
O çıxışlar, o alqışlar, saysız-hesabsız təriflər, medallar, diplomlar, fəxri fərmanlar, şöhrət ordenləri... Sovet dönəmində partiya haqqında yazdığı poemanın palaz-palaz səhifələri hələ də evdə dururdu... Arabir nəticəsinin o vərəqlərdən bir neçəsini gizli oğurlayaraq kiçik bir gəmi düzəldib axar çaya buraxdığından xəbəri yox idi ancaq. O cavanlıq günlərinin məhsulundan yaranmış sözlərin vərəqlərə ötürülüb, çayın suları ilə axıb getməsini bilsəydi, əcəba nə düşünərdi? Ağlına gələrdimi, cavanlığı da çay sularına qərq olaraq üzüb gözdən itən gəmi kimi yoxa çıxıb?
Hətta bir dəfə evin tavanını rəngləyən usta taxçadakı qəzet səhifələrindən birini cıraraq özünə papaq düzəltmişdi. Başını rəng damlalarına tuş gəlməməsi üçün o zərif qəzet vərəqlərini sipər etmişdi. Bunu görən yaşlı ədib, onun üstünə çığırmış, hətta evdən belə qovmuşdu. Səbəbi isə, sevgilisinə yazdığı ilk şerinin həmin qəzetdə çap olan hissəsinin usta tərəfindən acımasızca cırılıb məişət əşyasına çevirilməsi idi. Yaşlı ədib o rəngə bulaşaraq cırılmış qəzet parçasını bağrına basaraq iki tərəfə açılmış nərdivanın üstündə oturub ağlamışdı da. Yəni, sözə heç dəyər verilmir?
O, yaşlı bir ədib idi...
Ona qalan yalnız prezident təqaüdü idi. Bu təqaüdlə özünü dolandırırdı... Cavanlığında karyerası üçün canfəşanlıq göstərmiş bu ədib, ona yalnız quru adlardan başqa heç nəyin qalmadığını anlamışdı... Onu bəzən məddah da adlandırırdılar. Deyirdilər ki, bu yaşlı ədib gah Sovet hakimiyyətini, gah onların süqutu, gah bir neçə dəyişmiş Azərbaycan prezidentlərini çox tərif etmişdi. Bir sözlə, zəmanəsinə uyğun ədiblik siyasəti yeritmişdii. Bəlkə ona görə də keçmiş dostlarının əksəriyyəti onun qapısını döyməyib, hal-əhval tutmurdular? Lakin, bu ədib heç zaman bu haqda kiməsə açıqlama verməmişdi.
Məktəblərdə, universitetlərdə dərs demiş, daha sonra Elmlər Akademiyasında akademik da işləmişdi. Tələbələri, iş yoldaşları tərəfindən gizlincə ona "qoca qurd" ləqəbi də verilmişdi. Lakin o buna önəm vermir, bu ləqəbi özünə tərif kimi qəbul edərək, üstündən keçirdi.
Bəs nə üçün yüzlərlə yetişdirdiyi tələbələr, çayxanalarda yüzlərdə qəfədan çay içərək, nərd oynadığı dostları yanında deyildi? Haradaydı onlar? Hətta illər boyu "Səni Fransaya aparacağam" - deyib, lakin aparmadığı və uzun illərin həsrətini qəlbinə gömərək özü də gömülüb nəhayət o dünyaya səfərə gedən Firəngiz xanım da onu tək qoymuşdu.
O, yaşlı bir ədib idi...
İndi ona qalan bir noutbuk idi. O da İngiltərədə hüquq fakültəsində çalışan və o ölkədə əri ilə yaşayan qız nəvəsinin hədiyyəsi idi. Yaşlı ədib artıq bu noutbukdan istifadə etməyi də bacarırdı, Hərdən, yazdıqları əsərləri də paylaşırdı. Keçmiş adı, fəaliyyəti və nüfuzu sayəsində xeyli virtual dostlara da sahib olmuşdu. Yazılarının bəyənilməsi, şərhlərin yazılması, yenə də təriflərin yağdırılması onu yaşadan yeganə səbəb olmuşdu artıq. Həyatdan əlini üzmüş bu qoca, ümidini virtual həyata bağlamışdı...
O tələbələr, o çayxana dostları, iş yoldaşları bəlkə də elə Firəngiz xanım da bu naməlum dostlarla əvəz olmuşdu... Üzünü həyatda görməyib, tanımadığı, lakin arabir "Əhsən şair", "Halal olsun!", "Millətimin qəhrəman oğlu" və s. kimi sözlər yazan naməlum şəxslərə çox bağlanmışdı. Yenə də özünü tribunalarda çıxış etdiyini, ona deyilən tərifləri və alqışları xatırlamışdı. Yenə də  şux qaməti, ütü çəkilmiş şax qalan libası, daranmış saçları, işım-işım işıldayan ayaqqabları var idi...
Fərid Abdullah
29 mart 2014
GO BACK