Qadin.NET / Göyərçin

Göyərçin

Göyərçin

Hər şey adiləşmişdi gözündə ,heç kimlə danışmırdı. Axı nə danışa bilərdi ki... Danışdıqca əsəbləri pozulurdu, susmaq ona daha rahat idi. Belə qərara gəldi ki, artıq tək yaşamalıdır, belə də etdi. Bir otaqlı mənzil kirayələyib ora köçdü. Beləcə bəlkə hər şey unudular, dərdi ilə barışardı. Yoxsa ətrafdakıların pıçhapıçları onu yaşamağa qoymurdu, onsuz da bu həyata yaşamaq demək olmazdı. Hər səhər yuxudan durub pəncərələri açar, hava qəbul edib sonra hamam otağına keçərdi. Bu gün də tez oyanmışdı. Adəti üzrə pəncərəni açıb qarşısında dayandı. Birdən hardansa bir ağ göyərçin gəlib pəncərənin kənarına qondu. Ağappaq idi, qar kimi... Ona baxdıqca sanki özünü gördü-əlacsız, köməksiz, zəif. O, quşa baxırdı, quş ona. Birdən nəsə yadına düşdü, mətbəxə qaçıb qayıtdı, əlində çörək vardı. Ovuntu halına salıb göyərçinin qabağına tökdü. Dayanıb onları dənləməsinə tamaşa elədi. Göyərçin də çörək ovuntularını dənləyir, arabir başını qaldırıb ona baxırdı. Sanki minnətdarlıq bildirirdi.

İnsanlar da belə olsaydı nə olardı ki?! Quş Allahın yaratdığı canlıdır, amma ona çörək verən insanı tanıyır, ona minnətdarlıq hissiylə baxır, bəs insan? İnsan da Allahın yaratdığı canlıdır, lakin o niyə ona çörək verənə minnətdar olmaq əvəzinə nankorluq edir?! Öz özlüyündə bu suallara cavab tapmaq istədi, amma tapa bilmədi. Nə qədər vaxt beləcə göyərçinə baxaraq fikrə getdiyini də dəqiq bilmədi.

Göyərçin

Səhər yenə adəti üzrə pəncərəni açanda həmin göyərçin uçub pəncərənin kənarına qondu. Ağ göyərçinə baxıb gülümsədi: 

-Yenə çörək istəyirsən?!

Mətbəxə çörək gətirməyə getdi.

Artıq sanki “dost” olmuşdular. Hər səhər ağ göyərçin uçub gəlir, çörək ovuntularını dənləyirdi. Göyərçin ona, o da göyərçinə öyrəşmişdi. Sanki bura onların görüş yeri idi, hər gün görüşürdülər. Artıq olanları unutmağa başlamışdı. Bütün fikri ancaq o ağ göyərçində idi, o necə də sadiq idi. Kaş insanlar da belə sadiq olardılar...

Bir gün pəncərəni açanda quşu görmədi. Gözlədi, gözlədi, amma yox idi. Sanki quş yox olmuşdu. Gözlərinə inana bilmirdi, bəlkə başına nəsə gəlib?! Pəncərəni bağlayıb getmək istəyəndə uzaqdan işıq düşdü gözünə. Diqqətlə baxdı, qəribə bir işıq seli idi və bu selin axarında həmin ağ göyərçin oturmuşdu. Birdən göyərçin havaya qalxdı, qanadlarını geniş açdı Qanadları yana uzandı, qollara çevrildi, sonra ayaqları uzandı. Başı böyüdü, sinəsi genişləndi. Gördüklərinə inana bilmirdi, amma maraqla baxırdı, nə baş verdiyini anlamağa çalışırdı.

Göyərçin

Ağ göyərçin onun gözünün önündə ağ, hündür bir oğlana çevrildi. Dəhşət içində oğlana baxırdı. O, yavaş-yavaş pəncərəyə yaxınlaşırdı. Gözləri, baxışları eynilə göyərçinin baxışları, onun gözləri idi. Üzündə yumşaq bir təbəssüm vardı... Gözlərinə inana bilmirdi, axı bu mümkün olan şey deyildi.

Ola bilməz! Ola bilməz! Ola bilməz!!!... Öz qışqırığına yuxudan oyandı. Tər-su içində idi. Qalxib yerində oturdu, ətrafa göz gəzdirdi, heç kim yoxdu. Pəncərəyə tərəf baxdı, bağlı idi. Saata baxdı, artıq gec idi. Yerindən qalxıb pəncərəni açdı, göyərçin orda idi. Onu gözləyirdi həmişəki kimi. Gülümsədi və mətbəxə getdi... Kim bilir, bəlkə də gördüklərinin yuxu olduğunu anlayıb sevindi və buna görə gülümsədi...

16 mart 2014
GO BACK