Qadin.NET / Günəş batmasın

Günəş batmasın

Günəş batmasın
Günəş yavaş–yavaş qüruba enirdi. Pəncərə önündə dayanan Nəriman günəşin necə batmasına tamaşa edirdi. Onun beş yaşı olsa da üzündə yaşlı adamlara məxsus kədər var idi. Uşağı fikirdən bacısı Nərminin səsi ayırdı. Bacı özündən yaşca kiçik qardaşına dedi:
- Nəriman, gəl gedək həyətdə bir az gəzişək. Sənə nə olub, nə fikirləşirsən?
Nəriman cavab verdi:
- Yox bacı, mən həyətə getmirəm. Sən bura gəl, mənim yanıma. Sənə söz deyəcəm.
Nərmin ona yaxınlaşıb saçlarına sığal çəkdi, üzündən öpüb soruşdu:
- Nə olub mənim şahzadə qardaşıma, danış görək?...
Nəriman:
-Bacı, dünən axşam dayımla anam söhbət edirdi. Mən də dayımın mənə hədiyyə etdiyi avtomatla oynayırdım. Onların söhbətlərini eşitdim.
Günəş batmasın
 Nərmin qardaşının sözünü kəsdi:
- Qaqaş, bəs sən bilmirsən ki, böyüklərin söhbətinə qulaq asmaq olmaz? Bir də belə eləmə.
Nəriman:
- Mən onlara qulaq asmırdım, sözlər özləri gəlib mənim qulağıma girirdi, mən neyniyim...
Nərmin:
- Yaxşı, onda de görüm nə eşitdin?
Nəriman:
- Dayım deyirdi ki, Qarabağda ermənilər işıq məftillərini kəsib aparıblar. Meşələri qırıb yandırıb, məktəbləri, evləri uçurublar.
Nərmin:
- Hə, qaqaş, axı orada müharibə gedir. Müharibədə isə pis şeylər olur.
Nəriman:
- Bacı, əgər Qarabağda gecələr işıq yanmırsa, onda deməli günəş batanda oralar çox qaranlıq olur, eləmi...?
Nərmin:
- Hə, şahzadə qardaşım, hə... Ancaq sən darıxma, bizim igid əsgərlər torpaqlarımızı geri alacaqlar, onda hər şey əvvəlki kimi gözəl olacaq...
Günəş batmasın
 Nəriman:
- Bizim atamız da Qarabağda şəhid olub. Müəlliməmiz deyirdi ki, şəhidlər heç vaxt ölmür, onlar göylərə gedirlər. İndi atamız Qarabağın göylərindədi, hə!?.. Bəlkə bir gün o, erməni əsgərləri yatandan sonra yerə enib bizi görməyə gəlmək istədi. Gecə orda işıq yanmasa atamız yolu necə tapar? Bacı, gəl Рђllaha birlikdə yalvaraq ki, günəş heç zaman batmasın...
Sənəm Səbayel
24 mart 2014
GO BACK