Ağaclar artıq çiçəkləməyə başlamışdı. Həmişə olduğu kimi nahar fasiləsində təmiz hava almaq üçün dənizkənarı parka yollandım. Burda adam çox idi. Kimisi xanımı ilə, kimisi rəfiqəsi, uşaqları, sevgilisi, hətta, pişiyi, iti ilə gəzişirdi...
Boş oturacaqların birində əyləşib dənizin seyrinə daldım. Həftənin beş gününü bilgisayarla işlədiyimdən gözlərimdə ağrılar baş qaldırmışdı. Həkim demişdi ki, yorğunluqdan, normal yatmamaqdan irəli gələn simptondandır. Kimsə demişdi ki, dənizi seyr etmək gözə xeyirdir. Mən də hər gün nahar fasiləsində parka çıxırdım.
Beş-on dəqiqə sonra 25-30 yaşlarında bir xanım gəlib məndən bir az aralıda əyləşdi. Hiss etdim ki, xanım dodağının altında nəsə danışır. O, bulvarda gəzişən adamlara baxıb dərindən köks ötürür, tez-tez ah çəkir və öz-özünə deyirdi: “Allahım, indi mən bu axşam nə edəcəyəm? Bəxtəvərlər, elə bilirlər ki, hamı bunlar kimi dünyanın bəxtəvərləridir. İnsanlarda insaf, mürvət qalmayıb. Biganəlik o həddə çatıb ki, daha heç kimsə bir-birinin halından xəbər tutmur. Nə ziddiyyətli zamanda yaşayırıq, İlahi! Bir yanda heç bir şeydən ehtiyacı olmayan, qayğısız, firavan yaşayan insanlar, o bir yanda qayğılar, problemlər, fikir, qəm-kədər, qüssə, əzab və iztirablar içərisində çabalayan, axşama körpəsini yedizdirmək üçün yavan çörək tapa bilməyən çarəsiz ana! Sanki xeyirxahlıq, insanlıq qəbiristanlıqda dəfn olunub. Bəs, indi mən nə edim?! Başqa qadınlar kimi... Yox, yox, lənət şeytana! Gör bir ağlıma nələr gəlir?! Əstəğfurullah!!! Əgər başqa qadınlar kimi mən də iyrənc yola düşsəydım, indi bu vəziyyətdə olmazdım”.
Onun öz-özünə danışması ötüb keçənlərin də diqqətini cəlb edir, güman ki, mənimlə danışdığını zənn edirdilər.
Bu yerdə özümü saxlaya bilməyib, üzümü xanıma tutub soruşdum:
- Xanım, üzr istəyirəm. Görürəm, dərdli adama oxşayırsınız, nəsə probleminiz var?
- Fərz edək, problemim var. Məgər siz problem həll edənsiniz? - Xanım gözləmədiyim bir əda ilə sualıma sualla cavab verdi.
Əvvəlcə tutulub qaldım, ancaq tez də özümü ələ ala bildım:
- Siz mənimlə tanış olmaq istəyirsiniz, yoxsa həqiqətən də problemimi həll etmək? Siz kişilər hamınız bir bezin qırağısınız. Qadın gördünüzmü, özünüzü elə göstərirsiniz, guya onların halına acıyırsınız, onlara nəsə kömək etmək istəyirsiniz. Amma çox çəkmir əsl məqsədiniz aydın olur...
- Xanım, tanımadığınız bir adamı bu tərzdə ittiham etmək heç də yaxşı hal deyil. Ola bilsin ki, kimsə sizi aldatsın, amma bu o demək deyil, bütün kişilər eynidir. Mən bu fikirlə qətiyyən razı deyiləm. Hər kəsin özünə görə mənliyi, şəxsiyyəti var. Qaldı ki, bəndənizin də mənasız söhbətlərdən xoşu gəlmir. O ki ola, tanımadığım bir xanımla. Yəqin hamısı əsəb gərginliyindəndir. Gəzintiyə çıxmaqda düzgün seçim etmisiniz. Dəniz insan əsəblərinin məlhəmidir.
- Mən bura, əsəblərimi sakitləşdirməyə deyil, özümü dənizə yem etməyə gəlmişəm, - xanım üzümə tərs bir nəzər saldı.
Mən onu fikrindən daşındırmağa çalışdım:
- İntihar etmək Allah-Təala yanında ən böyük günah hesab olunur. Özünüzü günaha batırmayın! Dərdinizi anladın, bəlkə çarə tapdıq. Ölümdən savayı hər şeyə çarə var.
- Əgər özünü öldürmək günahdırsa, bəs onda Allah-Təala niyə yaratdıqlarının hamısına sahib çıxmır? Niyə insanları
bir-birindən fərqləndirir? Kimisini bər-bəzəkli, cah-cəlallı saraylarda yaşadır, kimisini isə zillət içində çabaladır. Bəs deyirlər Allah adildir, rəhmlidir. Bəs hanı onun adilliyi, rəhmliliyi?! Ərim bu torpaq uğrunda şəhid oldu. Dörd yaşlı oğlumla çarəsiz qalmışam, kimsə də kömək əlini uzatmır. Əksinə, iş üçün kimə müraciət etdimsə, qarşılığında iyrənc təkliflər aldım. Budurmu insanlıq? İndi zillət içində yaşayanlardan Allahın da xəbəri yoxdur! Daha heç bir insana inamım qalmayıbdır! Sanki Allah-Təala məni nəyə görəsə cəzalandırır.
Bu yerdə dözə bilməyib dilləndim:
- Xanım, küfr danışmayın! Allah hər şeyi görən və biləndir. O, lütf və kəramət sahibidir. O, yaratdığı bəndələri heç zaman darda qoymaz!
- Sözlə demək asandır. Bəs hanı Onun mərhəməti, hanı Onun lütfkarlığı? Bəs niyə biz çarəsizə kömək etmək istəmir? Hər şeyi görəndirsə, onda niyə acından ölən körpəyə mərhəmət göstərmir?! - Xanımı ağlamaq tutdu, onu qəhər boğdu.
- Ağlamağa gərək yoxdur, xanım. Sizin vəziyyətinizi anladım. Amma Tanrı həmişə olduğu kimi yenə haqlı çıxdı.
- Başa düşmədim. - xanım təəccüblə gözünü döydü.
- Deyim, başa düşün: Allah-Təala sizi istəməsəydi, bu oturacaqda əyləşdirməzdi. Sizin burada oturmağınız məhz Tanrının istəyi ilə olub ki, dərdinizə çarə qılan tapılsın. Bəli, şükür olsun Onun böyüklüyünə ki, hər şeyə qadirdir. Sizin probleminizi mən həll edəcəyəm. Bu, Tanrının sizə göndərdiyi qismətdir. Mən sizə maddi-mənəvi dəstək olacağam. İmkansız insanlara kömək etmək hər bir müsəlmanın borcudur. Bu, həm də böyük savab iş hesab olunur. Axirət dünyasında sorğu-sual zamanı insanlardan bu dünyada gördükləri savab işlərin haqq-hesabı sorulur.
- Sizin kimilərdən çox görmüşəm. Əvvəlcə kömək edirlər, sonra da ...
- Eh!.. – Xanım qəfil ayağa qalxdı və iti addımlarla məndən uzaqlaşdı.
Arxadan onu nə qədər səslədimsə, dönüb heç geri belə baxmadı. Mən isə bir neçə dəqiqə bu əhvalatın təsiri altında qaldım. Sonra oturduğum yerdən qalxıb, asta addımlarla işə tərəf getməyə başladım. Yüz əlli, iki yüz metr aralanmışdım ki, qarşıda adamların toplaşdığını gördüm. Nə baş verdiyini öyrənmək üçün mən də adamların toplaşdığı yerə gəldim. Hələlik kimsə burada nə baş verdiyini dəqiq bilmirdi. Bu arada adamların öz-özlərinə danışıqlarını eşidirdim: “Yazıq, görən, özünü niyə öldürmək istəyirmiş?... Ailə münaqişəsinə görə də ola bilər... Bəlkə, əri onu atıb... Ola bilsin ki, maddi sıxıntısı olub... Bəlkə, kimsə onu aldadıb... Borc üzündən də ola bilər... Bəlkə, ruhi xəstədir...”
Mən adamları aralayıb, bir az da irəli getdim. Gözlərimə inana bilmədim. Bir az öncə, məndən “küsüb” gedən həmin qadın idi. Təcili yardım maşını çağırmışdılar. Amma hələ gəlib çıxmamışdı. Mən nə baş verdiyini öyrənməyə çalışdım. Qadınlardan biri dedi ki, yaxında oturub körpəsi ilə dənizə baxırmış. Həmin qadın iti addımlarla gəlib, “tükünü belə darağa vermədən” özünü dənizə atıb. Yaxşı ki, yaxınlıqda bulvarın mühafizə xidmətinin əməkdaşları varmış. Qadın haray salıb. Onlar qadını xilas ediblər. İlk tibbi yardım göstəriblər. Xanım gözlərini açıb matdım-matdım ətrafına toplaşmış adamlara baxırdı. Sanki qadının bu vəziyyətində bütün insanlar ona doğmalaşmışdı. Hamı heyfsilənib təəssüf hissi keçirirdi...
Bir azdan təcili tibbi yardım maşını gəldi. Qadın ağ xalatlı həkimləri görən kimi ayağa qalxdı:
- Mən heç bir yerə getmək istəmirəm. Mən ölmək istəyirəm. Axı, məni niyə xilas etdiniz?!
Həkimlər nə qədər cəhd göstərsələr də qadını maşına mindirə bilmədilər. O, xəstəxanaya getməkdən qəti imtina etdi. Bir qadın ondan harada yaşadığını öyrənmək istədi. O, yaşadığı ünvanı da heç kimə söyləmədi. Mən onun ünvanını soruşan qadına dedim: “Əgər, sizə zəhmət deyilsə, təcili olaraq onu sizinlə birlikdə taksi ilə yaşadığı ünvana aparaq, yoxsa soyuqdan dona bilər. Mən bu qadının özünü dənizə atmasının əsl səbəbini bilirəm. Sadəcə, bu qadının insanların köməyinə ehtiyacı var”.
Qadın mənimlə razılaşdı. Taksi tutub, adamların köməyi ilə biçarə qadını mindirdik. Özüm keçib qabaqda, yardımçı olan qadın isə arxada oturdu. Çarəsiz qadın biixtiyar sürücüyə yaşadığı ünvanı söylədi...
Ümumi həyət idi. Həyətdəki qadınlar zavallı qonşularını görən kimi, bir ağızdan soruşdular:
- Sevda, sənə nə olub? Uşağı da evdə tək qoymusan. Biz də səndən ötrü nigaran qalmışdıq. Dedik görəsən, Sevda bu qədər vaxtı harada qaldı belə. Uşaq da sən gedəndən bəri oyanmayıb.
Sevda isə ona indi canıyananlıq göstərən qonşularının suallarına cavab vermək əvəzinə, onları nifrət dolu baxışlarla süzdü. Sonra mən birlikdə gəldiyimiz qadınla Sevdanın yaşadığı otağa girdik. Burada rütubətdən beyin çatlayırdı. Xırda - 15-18 kvadrat metr sahəsi olan kiçik bir otaq idi. Sınıq-salxaq çarpayıdakı körpə hələ də yatırdı. Otağın küncündə köhnə paltar şkafı və bir də qabaq şüşəsi qırılmış servant vardı...
Mənimlə gələn xanıma Sevdanın islanmış paltarlarının dəyişməsini xahiş edib, yarım saata qayıdacağımı bildirdim.
Yaxınlığındakı mağazadan iki zənbil bazarlıq edib, qayıtdım. Xanım aldığım ərzağı köhnə soyuducuya qablaşdırdıqdan sonra üzünü Sevdaya tutdu:
- Darıxma, bacım, hər şey yaxşı olacaq. Mən də sənə kömək edəcəyəm.
- Bundan sonra siz heç narahat olmayın. Mən sizə hər həftə kömək edəcəyəm. Yetər ki, siz bundan sonra bir daha özünüzü öldürmək fikrinə düşməyəsiniz, evi də təmir etdirərik, münasib işə də düzəltdirərik. Biz altı qadaşıq, bacımız yoxdur, sən də bacımız olarsan, - gülərək bildirdim. - Daha ünvanınızı da öyrəndik. Bundan sonra, sizdən yalnız bircə balanıza qulluq etmək qalır. Çalışın ki, o, körpəni heç vaxt ac saxlamayasınız. Bu da mənim mobil telefonumun nömrəsi. İstədiyiniz vaxt heç nədən çəkinmədən mənə zəng vura bilərsiniz. Hətta, gecənin hansı vaxtı olursa-olsun, məni narahat edə bilərsiniz. Eşitdinizmi?
- Heç bilmirəm, sizə necə təşəkkür edim, qardaş!.. Deyirdilər ki, dünya yaxşı insanların çiyni üstündə dayanıb, inanmırdım!..
Sevda yuxudan indicə oyanmış ciyərparəsini bağrına basıb kövrəldi.
Özümü həyatım boyu indiki qədər məmnun və rahat hiss etməmişdim. Və mənə elə gəldi ki, həyatda insanın Allah lütfi olan inamını özünə qaytarmaqdan şərəfli missiya yoxdur.
Bakı, 19 aprel 2011-ci il.
Camal Zeynaloğlu