Qadin.NET / "Nəsib və tale"

"Nəsib və tale"

"Nəsib və tale"

Allahın insana bəxş etdiyi ən gözəl nemətlərdən olan - cansağlığı. Sağlam fiziki, zehni və əqli inkişafla yanaşı, bizim doğulduğumuz, boya-başa çatdığımız ailəmiz də var! Bəli, biz doğulacağımız, boya-başa çatdığımız ailəni seçmək imkanında olmuruq! Ata-anasızlar, doğum evinə atılanlar - valideynləri olanlara, valideynlərindən birini itirənlər - iki valideyni də olanlara, iki valideyni də olanlar isə - valideynləri daha qayğıkeş olanlara həsəd aparır... Amma heç də insanın tam səadəti onun boya-başa çatdığı ailəsindən asılı olmur... Yeni bir ailə sahibi olana qədər insan daim ailə, sevği, hüzur axtarışında olur...
Qadın - onu sevəcək, himayə edəcək, qoruyacaq, nazını çəkəcək, təmin edəcək, daim arxalana bildiyi, anlayışlı, romantik bir kişi, həyat yoldaşı arzusunda, axtarışında olur... Hər qadının arzusu nisbətən özünə yaraşan xarici ğörkəmli, əsasən əzmli, amma nəvazişli və incəliyi də olan bir sevgili kişidir... Amma bütün cəhətləri kamil insan demək olar ki, yoxdur!
Kişilər də adətən ğözəl, özünə diqqətcil, ismətli, daha yaxşı ailədə tərbiyə görən, sevgili, özlərini də sevən və s. həyat yoldaşı - qadın arzusu və axtarışında olurlar...
Hər iki tərəfin axtardığı ilə qane olduğu heç də həmişə eyni olmur bəzən...

Samirənin Allah verdiyi sağlamlıqda, gözəllikdə, ağıl və insani keyfiyyətlərdə heç bir qüsuru yox idi. Allahın sevərək xəlq etdiyi, sevgili qullarından idi... Amma bir sınaq idi, ya bir alın yazısı, qədər - doğulduğu ailə heç də belə mələk kimi övlada uyğun deyildi. Atası Hikmət kişi daim içki içən, gündüzlər çalışıb ailəsini bir babat keçindirəcək pul qazanıb, axşamlar daim evə içkili gələn bir pinəçi idi. Anası Solmaz xanım imkansızlıqdan baxımsız halda olan, daim zəhməti ilə, alın təri ilə ailəsinə halal ruzi gətirən, amma daim söyüşcül, deyingən, həyatından narazı bir ev qulluqçusu idi...
Samirəni dünyaya gətirmək də istəmirdilər. Bilsəydilər ilk övladları qız olacaq, yəqin ki, indi Samirə də olmayacaqdı, bu hadisələr də...
Altıncı sinifə qədər daim dərsdən evə tələsər, kiçik işlərdə anasına yardımçı olardı. Amma altıncı sinifdən sonra dolanışıqları ucbatından daha çox çalışmalı oldu. Pırtlaşıq saçları, daim kirli üzü belə iri ala gözlü, çox gözəl simalı bu kiçik məleykənin huritək camalını ört-basdır edə bilməzdi...
Məhlədə hamı kiçik məleykədən pıçıldaşardı. Pinəçi Hikmət və qulluqçu Solmaza Allahın bəxş etdiyi bir hurinin - Samirənin hələ kiçik yaşdan adı dillər əzbəri olmuşdu....

"Nəsib və tale"

On üç yaşı tamam olanda Samirə namaz qılmağa, ibadətə başladı. Atasının daim içki içməsinin namazlarını batil edəcəyindən nigaran olsa da, sonradan bunun ona maneə olmadığını, namaz qılmaması üçün bir səbəb olmadığını dəqiqləşdirdi. İndi özünə baxar, daim təmizliyə riayət edər, hicabla gəzərdi. Məktəbdə hicaba icazə verilmədiyindən, örtüyünü çarəsiz açan qız, məktəbi yarımçıq da qoymaq istəmirdi. Amma hicabla təhsil ala biləcəyi bir məktəb də yox idi...

Allah sevgisi ilə namaza başlayıb, geyiminə diqqət yeirdikdən sonra onun gözəlliyinin, gözəl üzü ilə yanaşı, gözəl xislətinin də tərifi aləmə yayıldı. İndi məhlədə bu qıza baxmaq üçün gələn oğlanların sayı artmışdı. Namaz qılan oğlanların anaları da bu məhlədə tez-tez görünərdilər. Yaxşı və pis daim vəhdətdədir, pis gözlə bu qızı aldatmaq eşqi ilə bura gələn oğlanlar da var idi...
Allahın sevgili quluna daha bir ənamı Sərxan oldu. Atasını vaxtsız itirmiş, qeyrəti, isməti ilə yanaşı qüvvəti ilə də məhlədə hörmətli olan Sərxana bacısı bu qız haqda danışmışdı. Sərxan ilk olaraq bu qıza sadəcə hamilik etmək, onu pis gözlü əclaflardan qorumaq üçün laqeyd qalmadı. Samirənin arxasınca düşən “çaqqallar” cüdo ustası olan, çox sərt xasiyyətli, şəhərdə çox hörmətli Sərxanın qorxusundan, yalançı sevdalarından vaz keçməli oldular.....
Amma Sərxan qızın arxasınca gedib-gəldiyi vaxt, şəhərin zəngin ailələrindən olan, ibadəti, şücaəti ilə, isməti və tərbiyəsi ilə hörmət qazanan Rəsul adlı birinin də qızı güddüyünü sezmişdi...
Rəsulla cümə namazlarından tanış idi. Zəngin olduğu qədər sadə, xeyriyyəçi insan idi Rəsul. Sərxan Rəsulun bu qızı sevdiyini biləndə geri çəkilməli oldu. Hələ bu qıza heç nə deməmiş, onu uzaqdan-uzağa seyr etmişdi. Amma ürəyində gızli eşqi vardı... Bu eşqi elə içindəcə söndürmək qərarına gəldi...

Samirə həm Rəsulun, həm də Sərxanın onu təqib etdiyini, aralarındakı kiçik mübahisəni rəfiqələrindən eşitmişdi. Rəsul onların ailəsinə heç cür uyğun biri deyildi. Düzdür, çox yaraşıqlı, qızların çoxunun arzuladığı bir oğlan olsa da, Rəsulun ailəsini öz ailəsi ilə heç cür uyuşdura bilmirdi Samirə...
Atasını vaxtsız itirən, kiçik bir evdə anası və bacısı ilə qalan Sərxan çox yaraşıqlı olmasa da sevimli idi. Samirə ona gözucu baxsa da, bu oğlanın çox ismətli və ləyaqətli biri olduğunu dərk etmiş, onu sevmişdi...

"Nəsib və tale"

Rəsul öz ailəsini bu kasıb ailəyə elçi saldı. Anası Məryəm xanım əsl ibadət əhli idi. O oğlunun kasıb da olsa, ismətli qız seçdiyinə şad idi. Ərini də razı salmışdı. Çox qəribə də olsa, bu zəngin ailə Samirəyə görə onun kasıb ailəsini də qəbul etməyə hazır idilər. Özü də səmimi qəlbdən...
Elçilik xəbəri Samirəni çaşdırdı. Yaşı az olsa da, dərrakəsi iti, əqli kamil, ibadəti yetişkin olan bu qız bilmədi nə etsin. Anası qızının hələ kiçik olduğunu bəhanə edib, hələ bir söz vermədi...
Beləcə bir il ötdü... Amma Rəsul və ailəsi əl çəkmədilər. Qız on beş yaşına çatmamış nişanı və kəbini kəsmək istəyirdilər. Bu arada Sərxandan səs-səmir yox idi...
Sərxanın Samirəyə sevgisi olsa da, Rəsulun ciddiyəti və qarşılıqlı hörmətləri ucbatından Sərxan Samirə sevdasından vaz keçməli olmuşdu. Samirə isə Sərxanın fikirlərini bilmirdi. Məsum qız dərdini necə və kimə anlatacağını da bilmirdi. Nəhayət, ona namazı öyrədən, daim ağıllı yol göstərən müəlliməsi Fatma xaladan nəsihət istədi. Fatma xala da bu məsələni eşidəndə duruxdu. Hələ Sərxanın niyyətini bilmirdi, amma səbrin hər xeyirli qapının açarı olduğunu da bilirdi....Samirəyə də səbrli olmağı tövsiyyə etdi...
Fatma xala əl altından Sərxanın anası və bacısından onun Samirəyə qarşı niyyətini araşdırmaq istədi. Amma fayda olmadı. Axırda açıq söhbət etməli oldu. Sərxanın kiçik bacısı Nərmin də namaz qılardı. Daim din kitabları üçün Fatma xalaya üz tutardı. Bu barədə Fatma xalaya yalan demədi. Sərxanın yalnız bacısına dediyi sirrləri Fatma xala da Samirəyə çatdırdı. İndi qız lap çaşıb qalmışdı. Rəsulu sevmədiyinə əmin idi. Amma Rəsul da elə-belə "yox" deyiləsi oğlan da deyildi. Samirəgilin ailəsinin qapısına gələn qismətə ”yox” deməsi, Sərxanın da olara elçi göndərməsi lazım idi...
Beləcə, Sərxan bacısından eşitdiyi xəbərdən sevincini gizləyə bilmədi. Samirənin ilk baxışdan onu sevməsi, onu seçməsi xəbərindən qanadı olsa quş kimi uçardı yəqin...

Sərxangilin ailəsi pinəçi Hikmət və qulluqçu Solmazın halal süd əmmiş qızlarına, Samirəyə elçi düşdülər...

Ailəsi - qisməti, Rəsul və Sərxan isə nəsibi idi, taleyini isə Samirə özü seçməyə qərarlı idi... O həyatının qalan hissəsini Sərxanla birgə, kasıb da olsa bəxtəvər olacağına ümidlə həm ağlının, həm də qəlbinin hökmünü verdi...

P.S. Dəyişə bilmədiyin qədər - yaranışın, ölümün; seçə bildiyin - nəsib; yaşayacağın - bir taleyin var!

22 dekabr 2013
GO BACK