Hakim boşanmaq üçün müraciət etmiş yetmiş yaşlarında olan cütlükdən soruşdu:
- Bu qədər ildən sonra nə üçün ayrılmaq istəyirsiniz?
Yaşlı qadın:
- Hakim bəy, bir ay əvvələ qədər ağlımda belə bir şey yox idi. Yoldaşım mənə mina çiçəyi gətirdi, mən də çiçəkləri çox sevirəm.
Çiçək çox sulanması lazım olan bir çiçəkmiş və ərim nizamlı aralıqlarla sulanmadığı zaman öləcəyini söylədi. Xüsusilə də gecə sulamaq lazım imiş. Mən sümük xəstəliyi olan insanam. Gecələr yuxudan oyanıb çiçəyi sulamağım lazım olduğu halda, bir gün fərq etdim ki, ərim bir dəfə olsun mənim ağrılarıma baxmayaraq gecə qalxıb çiçəyi sulamayıb. Buna görə də mən bu qədər düşüncəsiz bir insanla yaşaya bilməyəcəyimə qərar verdim.
Hakim qadına haqq verdi, amma bir də qoca ərindən soruşdu:
- Sənin deyəcək sözün varmı?
Yaşlı adam:
- Yoldaşımın danışdığı hər şey doğrudur, tək bir şeydən başqa. Mina çiçəyi çox sulandıqda ölər. Arvadımın sümük xəstəliyi var və yaxşılaşması üçün nizamlı idman hərəkətləri etməlidir. Amma yoldaşım bunu etmədiyi üçün mən bu yalanı uydurdum. Çiçəyi ölməsin deyə hər gecə qalxmaq məcburiyyətində qaldı. O, oyandığı zaman mən də oyanıq olardım, işini bitirib yatdıqdan sonra gedib çiçəyin suyunu boşaldar, salfetlərlə torpağını qurudardım. Sonra da yatağa gəlib, mənə həyatı bəxş edən, canımdan çox sevdiyim yoldaşımı doyunca sevərdim...
Bu hekayə realdırmı bilmirəm, bəlkə həyat yoldaşım kimi: "Ola bilməz belə şey, kiçik bir problemə görə boşanmaq, həm də bu yaşda, uydurmadır" - deyə düşünənlər də var. Amma real olmasa da dərs götürüləcək hekayədir. Öz həyatımıza baxaq - əslində nə qədər səbr edəcəyimiz, zamanı gələndə qarşılıqlı danışaraq çözə biləcəyimiz problemlərimiz olur ki, şişirdərək qarışqadan fil düzəldirik. Yaradan insana dil vermişdir. Danışaraq, amma yenə də səbrlə, güzəştə getməyi bacararaq həyatımızı daha problemsiz edə bilərik.
Bir də diqqət çəkmək istədiyim məqam - görün nə qədər xoş rəftardır: "həyatının yoldaşı"nın rahatlığı üçün öz rahatlığını pozmaq. Bunu edən bəxş etdiyi xoşbəxtliyin qarşılığında xoşbəxtdir! Bir düşünək, bəlkə bizim də həyatımızda belə yoldaşlar var, bəlkə biz "görmürük"? Bəlkə biz də hekayədəki yaşlı qadın kimi nələrisə nəzərdən qaçırırıq, bəlkə kimlərəsə diqqət və təşəkkür borcumuz var?..
Həyat çox qısadır, günahkar olmasaq belə üzr istəyəcək qədər qısa...