Bir zamanlar ər-arvad yaşayırdı. Kişi işdən gəlib televizor önündə otururdu, qəzet oxuyurdu. Onun həyat yoldaşı isə yemək bişirirdi, süfrə hazırlayırdı və elə hey deyinirdi, ərinin fərsiz olmağından, az pul qazanmağından şikayətlənirdi. Deyingən arvad kişini qıcıqlandırsa da, ər kobudluqla cavab vermirdi. Amma özlüyündə düşünürdü ki: "Özü bir şey deyil, mənim üçün deyinir. Təzə evlənəndə isə başqa cür idi - gözəl və mehriban".
Bir gün arvad deyinərək kişidən zibil atmağı tələb edəndə, televizorun önündən həvəssiz də olsa ayrılan ər zibili götürüb həyətə çıxdı. Geri qayıdanda qapının önündə dayanaraq içindən Allaha dua etdi: "Allahım, Allahım! Taleyim şirin olmadı mənim. Yəni mən ömürümün sonuna qədər bu deyingən, üstəlik heç də gözəl olmayan qadınla yaşamalı olacağam?! Bu həyat deyil, başdan-başa əziyyətdir..."
Və birdən səmadan bir səs eşitdi:
- Oğul, sənə yardım edə bilərəm: sənə arvad olaraq gözəl, ilahə kimi qadın verə bilərəm. Lakin qonşulara, tanışlara bu ani dəyikşikliyi necə izah edəcəksən? Gəl belə edək: mən sənin arvadını hər gün az-az dəyişəcəyəm, ona yavaş-yavaş ilahə xüsusiyyətləri yerləşdirəcəyəm. Amma sən unutma, indi ki ilahə kimi həyat yoldaşı istəyirsən, sənin həyatın da, özün də ilahəyə layiq olmalıdır.
- Allahım, təşəkkür edirəm. İlahənin naminə həyatını hər kəs dəyişə bilər. Yalnız mənə de görüm ki, mənim arvadımı nə vaxt dəyişdirməyə başlayacaqsan?
- Yüngülcə indi dəyişdirəcəyəm. Və hər an mən onu yaxşıya doğru dəyişəcəyəm.
Sevincək ər evə daxil oldu, qəzetini götürüb yenidən televizoru işə saldı. Lakin nə isə nə qəzet oxumağa, nə də kino izləməyə həvəsi yox idi. Səbri yoxdur, baxmaq istəyir ki, görəsən arvadı azacıq da olsa dəyişibmi? O, qalxıb mətbəxin qapısını açdı və diqqətlə həyat yoldaşını izləməyə başladı. Arvadı arxası qapıya axşam yeməyindən sonra qalan qab-qacağı yuyurdu. Qadın anidən yoldaşının nəzərlərini üzərində hiss etdi və qapıya sarı çevrildi. Onların baxışları görüşdü. Ər həyat yoldaşını diqqətlə nəzərdən keçirirdi və düşünürdü: "Xeyr, həyat yoldaşımda heç bir dəyişiklik baş verməyib."
Ərinin qeyri-adi diqqətini görən və heç bir şey anlamayan qadın, birdən əlini saçlarına yüngülcə gəzdirərək düzəliş verdi, yanaqlarına incə qızartı çökdü:
- Nə olub, niyə belə diqqətlə baxırsan mənə?
Qəfil sualdan özünü itirən ər, birdən dedi:
- Fikirləşdim ki, bəlkə qabları yumağa kömək edim sənə?
- Qabları? Mənə, kömək ?- çaşqın halda olan qadın çirkli önlüyünü çıxararaq soruşdu. - Mən artıq yuyub bitirmişəm - dedi.
"Bax a, göz qabağında dəyişilir,- düşündü ər - qəşəngləşib elə bil..." Və dəsmalı götürüb qabları silməyə başladı.
Növbəti gün işdən sonra ər evə tələsirdi. Onun həyat yoldaşının tədricən ilahəyə çevrilməsini görməyə səbri çatmırdı: "Bəlkə artıq ilahə xüsusiyyətləri daha da çoxalıb arvadımda? Hər ehtimala qarşı bir gül alım ki, ilahənin qarşısında pis vəziyyətdə qalmayım".
Evin qapısı açıldı və ər gödüklərinə heyran qaldı. Arvadı onun keçən il aldığı gözəl paltarda idi. Saçları səliqəli şəkildə yığılmışdı. Ər özünü itirmış vəziyyətdə gözlərini arvadından çəkmədən əlində tutduğu gül dəstəsini ona uzatdı.
Qadın gülləri aldı və yüngülcə "ah" çəkib nazlanaraq kipriklərini endirdi. "Oh, ilahənin kiprikləri necə də gözəldir! Onların təbiəti necə də incə olurmuş!". Masanı görən ər də öz növbəsində bir "ah" çəkdi. Masa, servis qabları, şam və iştah açıcı qoxuları olan yeməklərlə bəzənmişdi.
O masada oturduğu zaman, onunla üzbəüz oturan həyat yoldaşı birdən yerindən atılaraq dedi:
- Bağışla, mən televizoru yandırmağı unutdum, budur, təzə qəzet də var.
- Lazım deyil televizor, qəzetlərə də ehtiyac yoxdur, eyni hadisələr haqqında oxumaq istəmirəm daha- deyərək ər səmimi cavab verdi. - Daha yaxşı olar ki, sabahki şənbə gününü necə keçirmək istədiyini de mənə.
Olduqca karıxmış qadın yenə soruşdu:
- Bəs sən?
- Teatra iki bilet almışam bu gün. Lakin gündüz bəlkə alış-veriş etmək istəyərsən? Teatra gedəcəyiksə, sənin üçün layiqli paltar almaq lazımdır axı.
Az qalmışdı ki, kişi ağzından: " İlahəyə layiq geyim" sözlərini qaçırsın. Utanaraq arvadına baxdı və yenidən "ah" çəkdi. Onun qarşısında bir İlahə oturmuşdu. Üzü xoşbəxtlik saçırdı, gözləri isə işıldayırdı. Sual dolu gülmsəmə vardı çöhrəsində. "Pərvərdigara, ilahələr necə də gözəl olur! Və əgər o günbəgün gözəlləşirsə, mən ilahəyə layiq ola biləcəyəmmi? - düşünürdü ər və birdən ağlına ildırım kimi bir fikir gəldi - Yetişmək lazımdır! Nə qədər ki, İlahə yanımdadır yetişmək! Gərək uşaq barəsində ondan xahiş edim, hətta yalvarım. Məndən və gözəllər gözəli İlahədən olacaq bir uşaq!"
- Nə düşünürsən, yoxsa üzündə həyəcan görürəm mən? - deyə qadın ərindən soruşdu.
O isə həyəcanlı halda oturmuşdu, bilmirdi ki istəyi barədə necə soruşsun. Zarafat deyil - İlahədən uşaq istəmək. Süfrənin kənarını əlində didişdirən ər üzü qızarmış halda soruşdu:
- Mən bilmirəm... Mən... Mən... demək istəyirdim ki... çoxdan... Bəli, mən səndən övlad istəyirəm ey, gözəl İlahəm.
Qadın ərinə yaxınlaşdı. Məhəbbətlə dolu gözlərindən xoşbəxt damla endi yanağına. İsti nəfəsi ilə yandıraraq əlini ərinin çiyninə endirdi...
"Ah, necə gecə idi! Ah, bu səhər! Bu gün! Ah, bir İlahə ilə olan həyat nə gözəl imiş" - ikinci nəvəsini gəzinti üçün hazırlayan ər düşünürdü...