Qadin.NET / Qar adamı

Qar adamı

Qar adamı

Əziz Qadın.Net-li oxucular, başlıqdan anlamayanlar üçün bu nə nağıldır, nə mistika, nə də dəhşət.. Bir qəribə eşq hekayəsidir, əsərin qəhrəmanı isə xarici görkəmdən çox bədheybət, qorxulu simalı, "qar adamı" ləqəbi ilə tanınan, indi haqq dünyasında olan biridir... Onun başına gələnləri yazdım, uydurdum - siz necə anlaya bilirsiz elə....

1."Bir sevgili övlad"... Şah Dağın zirvəsində, meşəbəyi ailəsində, on iki il həsrətdən sonra dünyaya gəldi Fazil. Onun yaranışdan xisləti çox fərqli idi. Adi uşaqlardan bədəninin hədsiz tüklü, nəhəng olması, vahiməli üzü ilə seçilirdi. Ana-atası isə bundan heç kədərlənmədilər. Allahın verdiyi övlad payına sevindilər. Sadəcə mamaça kəndə qayıdanda, söz-söhbət yayıldı ki, meşəbəyinin bir qorxunc övladı olub, on iki ildən sonra.

Ana-ata sevgisindən məhrum olmadı, daim sevildi, əzizləndi, adi bir uşaq kimi rəftar gördü. Lap son günlərinə qədər onu sevən ailəsi ona çirkinliyini hiss etdirmədilər, özləri də heç hiss etmədilər deyəsən. İlk özünü anlayanda, üzünü suda görəndə anlamadı, axı o burada başqa uşaq görməmişdi, nə də həyatı anlayandan bəri ailəsindən başqa bir insan. Sadəcə ata-anasını görmüşdü...

2."Mən bədheybətəm?"... Bu sualı özünə, sonra da ailəsinə verdi. Ata-ana çaşıb qaldı. Özünün xarici çirkinliyin 5 yaşında anlamış, pərt olmuşdu Fazil. Bədənini örtən sıx tüklər, qozbel cüssə, sərt, çox vahiməli üz quruluşu olan bu uşaq, özünün bədheybət olduğunu anlamış, uşaqlıqdan çıxmışdı. Ana-atası ona təskinlik verir, onun qəlbinin gözəlliyini ona anlatmaq istəyirdi. Amma bu çox çətin idi. Cəmiyyətdən təcrid olunan, meşədə, dağlarda göz açan uşaq, elə burda da tənha qalmağa qərar verdi özü-özlüyündə. Bədheybət olmaq, hamıdan fərqli olmaq, qorxunc olmaq çətindir insan üçün. Bu hissi yaşayanlar daha yaxşı bilər. Adi bir burun sınada, formasın itirib eybəcərləşəndə, sahibinə necə iztirab verir. Buna çarə var. Vay o gündən, yaranışdan eybəcər, vahiməli, bədheybət olasan. Amma Allah Fazilin cisminə verdiyi eybəcərliklərin bir damcısını belə ruhuna, qəlbinə sızdırmamışdı, onu oz nurundan, sevgisindən məhrum etməmişdi. Ata-anasının ibadət adətini o da qavramış, anlamışdı. Beş yaşından namaz qılır, ibadət edir, Allahı tanıyır, sevir, ondan qorxurdu. Həyatda iki qorxusu vardı, biri özündən, ikincisi isə Allahından olan qorxusu. İkinci daha üstün idi. Ona həyat eşqi verən də, onu həyatda xoşbəxt edən də Allah sevgisi və qorxusu idi...

Qar adamı

3."Bir bədheybətin zərif ürəyi!"... Qəribə səslənir, inandırıcı deyil. Amma həqiqətdir. İndiki Ləzə qış idman kompleksinin tikintisi gedirdi. Çox tez-tez, gecələr gizlincə bura gələr, insanın yaratdığı möcüzələrə həsədlə baxardı. İndi on beş yaşı vardı. Bu dağların oğlu idi, hər qarışını tanıyır, hər sərt qayanın, sıldırımın gizli guşələrini - sığınacaqlarını sevirdi. Gecə idi, generator işləyirdi. Səs ona maraqlı gəldi. İlk kəs generator gördü. İşıqdan anladı ki, bu təhlükəli bir şeydi (cihazdır). Maraqla uzaqdan seyr edirdi. İşçilərin səsləri gəldi. Qaranlıqda gizləndi. Səslər təlaşlı, açıq eşidilən idi: "Sıldırımda qar axını olub, iki nəfər qarın altında qalıb, təcili Rusiya ilə kömək çağırın "Vertolyotlar bu havada acizdir, biz tez tədbir tökməsək, ikisi də öləcək, mühəndis də, köməkçisi də"... Bəzi sözlərin mənasını anlamasa da iki nəfərin qar uçqunu altında, ölüm təhlükəsində olduğunu başa düşdü. Onları (xilasetmə briqadasını) izləməyi qərar verdi..

İnsanların onu görməsini istəmirdi, onları qorxutmaq, özünü biruzə verməkdən ehtiyat edirdi. Atası ona, "insanlar səndən qorxduğundan sənə atəş də aça bilər, nə özünə nə də onlara ziyan vurma", deyə məsləhət də vermişdi. Amma insanpərvər idi, bədheybət də olsa, insan idi, ruhu və mənəviyyatı gözəl bir varlıq idi.

4."Xilaskar-bədheybət"... Xilasedicilərin, insanların qaranlıqda fənərlə görmədiyini işıqsız belə görə bilən qeyri-adi gözləri, instinkti vardı. Xilasedicilər hadisə yerinə gəlsələr də aciz idilər. Sərt sıldırımın, qar uçqununun, təbiətin maneələri onlara imkan vermirdi ki, nə isə etsinlər, uçqun altında qalanları tapsınlar. İşığın düşmədiyi, insan ayağı dəyməyən uçurum, bədheybət üçün də təhlükəli idi. Amma gözündə qorxu yox idi, hər işindəki kimi, yenə üzünü Allaha tutdu, dua etdi, Kəlmeyi Şəhadət gətirdi. Ölümə gedirdi, ya da kimi isə ölümdən xilas etməyə. Allah sığınıb, uçuruma yuvarlananları xilasa tələsdi. Çox səbirli, tədbirli həm də bu yerlərə vərdiş idi. Ehtiyatın əldən verməz, cəld olsa da tələsməzdi. Birinci zərərçəkəni (mühəndisi) gördü... Qarın altından təkcə şərfi görünürdü. Səbrlə onu çıxardı. Belində ip bağlanmışdı. Bu ip onu ikinci zərərçəkənin yanına aparacaqdı. Amma zərərçəkən nəfəs almırdı. Ona nəfəs veməli idi. Şərf ilə mühəndisin gözünü, qayışla əlini bağladı. Xeyir verərkən pislik etmək istəmədi. Özünü büruzə vermək istəmədi. Nəfəs verməyi ona anası öyrətmişdi. İlk tibbi yardımı gözəl bacarırdı Fazil bədheybət. Nəhayət mühəndisin nəfəsi gəldi. Öskürdü, çapaladı. Əl-ayağı, gözləri bağlı idi, anlamadı iflic olub ya nədir? Bədheybət Fazil onun fənərini aldı, ipin ucunu kəsdi, ipin apardığı yerə, ikinci zərərçəkənə sarı yolunu davam etdi.

İkinci zərərçəkən pis bir uçuruma yuvarlanmışdı. Qar üstünü tam örtmüşdü. Özünü sığortaladı, ipin ucunu qayaya möhkəmlətdi, uçuruma ayağını qoydu. Yuvarlandı, yıxıldı, qalxdı. Yalnız başı qardan çölə çıxdı. Ayagı ilə zərərçəkəni tapdı. Dərin nəfəs dərib, qara soxuldu. İndi bir insanı xilas etmək eşqi ona özünü, üzünü gizləməyi belə düşünməyə macal verməmişdi. Zərif bir məxluq idi xilas etmək istədiyi, harasa ilişmişdi. Nəhayət gücü ilə onun ilişdiyi qayanı yuvarladı. Zərər vurmadan, xəsər yetirmədən zərərçəkəni, mühəndisin köməkçisi Məleykəni qolları arasında yuxarı qaldırdı. Onu təhlükəsiz yerə çıxarıb, özü də çıxdı bu uçurumdan.. Tərləmiş, yorulmuşdu. Amma istirahət edəcək vaxtı yox idi. Nəfəs dərdi, qızcığaza ilk yardım etdi. İkinci nəfsi verəndə sanki qəfil diksindi. Axı bu məsum onu görsə ürəyi partlayacaqdı. Bu məsum onu görməməli idi. Amma gecikmişdi. Qız özünə gəlmiş, matı-qutu qurumuş halda xilaskarına, bədheybətə baxırdı. Qız çığırmasın deyə, ehmallıca ağzını əski parası ilə tıxadı. Amma qızın qışqıracaq halı, qışqırmaq niyyəti də yox idi. Sanki şokda idi. Fazil, "Sus, səs eləmə, gedim, sonra səslən, sizi axtaranlar yaxındadır... Qorxma, mən insanam", dedi. Beş yaşından bu yana ilk kəs gülümsədi Fazil... Öz sözünə, "Mən insanam" kəlməsinə güldü.

Qaranlıqda itdi, cəld burdan uzaqlaşdı.

4."Bədheybətin gizli sevgisi"... lap nağıla oxşadı. Amma Fazil bu qıza, həyatında ilk dəfə qız gördüyü üçün idi, ya Məleykənin həqiqətən gözəlliyindənmi, aşiq olmuşdu. Gecələr yuxusunda, gün ərzində xəyalında yaşatırdı bu qızı. İndi öz zahiri eybəcərliyi ona dərd olmuşdu. Güclə barışdığı eybəcərliyi ona indi maneə idi. Sevdiyi qıza qovuşmağa heç cür şansı yox idi. Palçıqdan onun heykəlini düzəltdi, ağacdan onun heykəlini yondu. Dərdini daşlara, dağlara, heyvanlara, təbiətə danışdı. Allaha danışdı dərdini. İndi o ağlayırdı. Ürəyi var idi bədheybətin, sevgisi var idi, dərdi var idi...

6."Xilaskarın axtarışında"...Məleykə bu hadisədən üç gün keçsə də özünə gələ bilmirdi. Amma bədheybətin görünüşünün, keçirdiyi çətin sınağın qorxusundan deyildi bu hisslər. İlk dəfə gördüyü xilaskarının gözlərindəki nur, səsindəki səmimiyyət onu tilsimləmişdi. Özü də bilmirdi niyə, bu qeyri-adi vahiməli bədheybəti unuda bilmirdi, ondan, onun xəyalından qorxmurdu...

Qar adamı

5."Minnətdarlıq hissi yoxsa eşq?"...Məleykə hisslərini özü də anlamırdı. Psixoloqla danışmağa qərar verdi. Şəhərə, Bakıya gətirmişdilər. Müayinələrin rəyi müsbət idi, ağır travması yox idi. Psixiator onu ilk dinləmədən sonra ovundurdu: "Sən xilaskarına minnətdarlığını edə bilməmisən. Səni narahat edən budur. Saf ürəyin xilaskarının eybəcər yox, təmiz, saf tərəfini sənə görməyə imkan verib. Ona təşəkkür etmək istəsən, ehtiyatlı ol. O,həqiqətən insan da olsa, cəmiyyətdən təcrid olub, insan sevməz. Sizi niyə xilas edib bilmirəm, amma dəqiq bilirəm, qəlbi var, yardımsevər biridir... Heyvan deyil!...

Bir neçə dəfə psixoloqla söhbətdən sonra Məleykə bir şeyi dərk etdi, xilaskarına təşəkkür etməsə rahatlıq tapmayacaq!

7."Xilaskar bədheybətin axtarışında"...Bu bədheybət haqda çox söhbətlər gedirdi. Ünvanını dəqiq bilməsələr də meşəbəyinin evinin yerini Məleykə araşdırdı. Üz tutdu xilaskarının doğulduğu evə. Ümid edirdi onu da görər. Təşəkkür edər...

Meşəbəyinini evi ucqar bir yerdə idi. Bura gündüz belə hər adam yaxın düşməyə cürət etməzdi. Məleykə qurd-quşa yem olmasın deyə özünə çətinliklə bələdçi tapdı. Buranın sakinlərindən olan ovçu Namiq kişi, onu meşəbəyigilə aparmağa söz verdi, pul müqabilində....

Uzaqdan iki dam gəlirdi. Meşəbəyi ovçu Namiqi tanıdı, amma qızı yox. Səbrlə çatmalarını gözlədi, evə dəvət etdi. Evində 15 ildir qonaq qəbul etmirdi... (mamaça doğum günü onlara gələndən və bir bədheybətin doğuluşunu kənddə danışandan bəri).

Məleykə bu evdəki qonaqpərvərliyə, bədheybətin, xilaskarının ailəsinin qabiliyyət və qanacağına mat qaldı. İndi başa düşdü ki, xilaskarı insanları sevir, sadəcə ehtiyat edir, onlardan çəkinir, özündən və onlardan qaçıb burda gizlənir. Fazilin ailəsi qızın söhbətindən qürurlandılar. Allaha şükr etdilər. Tərbiyələri boşa getmədiyindən, bu cür xeyirxah övladın onlara bəxş edildiyindən sevindilər. Qızın niyyəti onları çaşdırdı. Meşəbəyi "Qızım, qorxarsan, havalanarsan, o qəlbi nurlu, gözəl olsa da zahirən çox vahiməlidir. Sən qaranlıqda dəqiq görməmisən, amma onunla üzləşməyini heç özü də istəməz bəlkə", dedi. Amma Məleykə yalvardı, xahiş etdi ki, xilaskarına onun gəlişini və niyyətini desinlər. Həm də vurğuladı: "Ya məni qovacaqsınız, ya da onu görməmiş, təşəkkür etməmiş getməyəcəyəm"...

8."Xilaskarla görüş"...Meşəbəyi on beş ildən sonra gələn ilk qonağına ehtiramla yer göstərdi, "Öz evin kimi qal, o razılaşsa, görüşərsiniz" -dedi...

Fazil atasının xəbərindən çaşdı, bilmədi sevinsin, ya kədərlənsin. Düşünmək üçün təkliyə çəkildi. Düz üç gün Fazil də, Məleykə də görüşü düşünürdülər... Hərəsi öz aləmində, öz zənni ilə... Nəhayət, Fazil razılaşdı, evə gəldi. Onlar görüşdülər. Məleykənin baxışında vahimə yox, heyranlıq hiss edən Fazil döyükdü. Nə sirr idi. Hətta bu qızla üz-üzə xarici eybəcərliyini də unutdu. Xoşbəxtliyin nə olduğunu hiss etməyə başladı. Qız ona xilasından sonra başına gələnləri danışır, deyib-gülürdü. Məleykənin gözünün önündə Fazilin eybəcərliyi yox, gözəl tərəfləri dayanmışdı. Məleykə təşəkkür edəndən sonra ürəyinin çırpıntısı, titrəyişi sakitləşmədi, əksinə çoxaldı...

Həmin gün Fazil evlərində gecələdi. Məleykə ilə otağın divarı onları aralasa da ürəkləri birgə idi. Fazil bu qızı ilk görüşdən sevirdi, Məleykə isə bu gün anladı, o Fazili sevir. Amma Fazil ona sevgisini deyə bilməzdi. Məleykə isə hələ hisllərindən əmin deyildi. Beləcə bir həftə də keçdi. Fazil çəmənlikdən güllər toplayar, qız üçün ecazkar təbiət nemətləri gətirərdi. Bu gün o daşdan və ağacdan yonduğu heykəllərlə gəlmişdi. Məleykə bu heykəllərdə özünü gördü...

9."Sevginin gücü"... Heykəllər elə canlı idi ki, sözlə ifadə edilməz. Qız özü də bilmədi Fazilə nə vaxt sarıldı. Hoppanıb güclə onun boynundan tutdu, yanağından öpdü. Fazilin ata-anası uzaqda idilər. Amma bu səhnəni gördülər, Allaha təşəkkür etdilər, gözləri sevinc yaşı ilə doldu. İndi bu qız onların oğluna onların sevən gözü ilə, daha üstün sevgi gözü ilə baxırdı. Məleykə və Fazil beləcə sarmaşıq qaldılar. İri cüssəli, nəhəng bu cəngavər Məleykə üçün sevgili idi, bədheybət yox! Sevginin gücü bax, budur...

P.S. "Allahın yaratdığı hər bir varlıq sevgiyə möhtacdır, sevgiyə layiqdir! Allah hər bir varlığı sevərək yaradıb, sevərək yaşadır! Allahın sevgisindən nə özümüzü, nə də başqalarını məhrum etməyək!

11 yanvar 2014
GO BACK