Qadin.NET / Acı çörək

Acı çörək

Acı çörək

Məktəbdən evə dönən Saleh tələsik buterbrod alıb həyətə endi. İştahla yeyir, gözəl may gününün insanı rahatlayıcı, dinc, şən akkordlarına köklənirdi.

Birdən yuxarı məhəllədə oynayan uşaqların şən səs-küylərini eşitdi. Ət qarışıq çörəkdən bir neçə dişlək alıb onu divarın dibinə qoydu. Getmək istədi. Amma duyduğu yumşaq, tanış səs onu dayanmağa məcbur etdi.

Dönüb baxdığında gözündə eynək, əlində əsa olan məhəllənin yaşlı ağsaqqalı, Qədir baba dedikləri qocanı görüncə özünü itirdi.

- Nə edirsən?

- Mənim... mən... - Ah! Nə oldu dilinə yenə, bir neçə saniyə anlamadı. Həyəcanlanınca həmişə özünü itirir, dili dolaşırdı. İxtiyar maraqla baxırdı:

- Bala, neçə yaşındasan?

- On bir yaşındayam. Mən sizi tanıyıram, Qədir baba.

Qoca heç bir söz söyləmədən əyilib divarın dibindəki çörəyi yavaşca qaldırdı. Əsasına söykənərək qamətini doğrultdu. Çörəyi öpüb gözləri üstə toxundurdu və təmiz, ağ dəsmal çıxarıb bükdü .

- Oğlum, insan oğlu Allahın nemətinə belə hörmətsizlik edərmi? Çörəyi ayaqlar altına atmanın günah olduğunu sənə söyləməmişlərmi? Əgər çörəyə hörmətsizlik etsən, o da səni hörmətdən salar - deyərək gileyli halda gözaltı Salehə baxdı. - Görürəm ki, sözlərim səni çox da maraqlandırmır. Elə hey bir ayağını qaçaq qoymusan.

- Çünki uşaqlarla sözləşdik, getməliyəm - deyə Saleh yenə yuxarı məhəlləyə doğru boylandı.

- Tələsmə, oğlum, heç tələsmə. Gəl bir yer tapıb oturaq. Gör sənə nə söyləyəcəm.

Qoca ətrafa baxdı. O, yaxınlıqdakı iri, tənha, yaşı bəlkə də yüz il olan şabalıd ağacının altında oturaraq Salehi səslədi:

- Gəl, oğlum, gəl otur.

Saleh könülsüz qocaya yaxınlaşdı.

- Eh, bala - dərindən ah çəkib dedi. - Danışacağım əhvalat başıma gələn ən acı hadisələrdəndir. Kədərli də olsa, yaxşı dinlə.

Qoca susdu. İlləri bir-bir yadına salmaq istədi. Xatirələri yaddaşında bir də çözələdi. Dumanlı illərindən, xəyallarından müharibənin qucağında tozlu, köhnə paltarlarında böyütdüyü uşaqlığı boylandı, gülümsədi. Gözləri doldu ...

- Müharibənin ən dəhşətli illəriydi. Savaşın başlamasından çox keçmədi ki, bazarlar xalça, kilim, yorğan-döşək, paltarla doldu. Gəlinlər çörək üçün gəlinlik paltarlarını, nişan üzüyünü, bəzək əşyalarını satmağa məcbur olurdular. Anamı erkən itirmişdim. Bu, savaşdan əvvəl olmuşdu. Anamı demək olar ki, xatırlamıram. İki yaşından ata nənəm məni böyüdüb. Atamı da çox görmək nəsib olmadı. Onu müharibəyə yola salandan sonra evdə bir nənəm qaldı, bir də ki, mən...

Acı çörək

Bəzən günlərlə ac qalır, yemək üçün çörəyimiz belə olmurdu. Köpəyimiz də acından ulayırdı. Bu ulartı hər gün artdıqca daha çox qorxurdum. Nənəm deyirdi ki, itin ulamağı bəd, pis hadisəyə işarədir.

Aydının hardansa tapıb gətirdiyi jımıx, qurumuş çörəyi yeyirdik. Qəndə, çaya həsrət qalmışdıq. Heyva budağını qaynadıb içir, ya da kəklikotu dəmləyirdik .

-Aydın kimdir, baba? - deyə Saleh həyəcanla soruşdu.

- Bizimlə qonşu olan uşaqlıq yoldaşım, müharibənin, dəhşətli illərimin məhrəm dostu. Eyni ildə doğulmuşduq. Dostum da atasını erkən itirmişdi. Anası Bəyim xaladan özgə heç bir kimsəsi yox idi.

Yetimliyin acısını dada-dada böyüyür, çörək parçasını belə yarı bölürdük. Bəyim xala məni çox sevir, anamı xatırladırdı. Simasını belə xatırlamasam da sanırdım ki, anam Bəyim xalaya bənzəyirmiş. Yanaqları qırmızı, ağbəniz, gözləri badamı, saçları şabalıdı olan bu qadın həyatımda gördüyüm ən gözəl qadın idi. Ağ, yumşaq əlləri ilə saçlarımı oxşayıb, məni bağrına basarkən, elə bilirdim ki, əsla anamı itirməmişəm, o, heç ölmədi, yanımdadır. Onun şəfqətini, sevgisini heç görmədiyim anamın xəyalında yaratdığım simasına həkk etmişdim.

Qışı çətinliklə yola salıb ümidimizi yaza bağlayırdıq. Çünki o bizə istiliyi, yaşamağı vəd edirdi. Meşəyə gedib göbələk, çiyələk toplayırdıq...

Saleh heyrətlə qışqırdı:

-Bəs meşə qorxulu deyildimi, baba?!

Qoca gözlərini məchul bir nöqtəyə dikib itkin xatirələrini axtarırmış kimi söylədi:

-Ac adamın nədən qorxusu olacaq? Biz meşənin hər tərəfinə bələddik. Savaş başlamamışdı hələ… Atam Aydınla məni zirvəsindən qar əskik olmayan Böyük Qafqaz dağlarına, sıx meşələrə ova aparırdı.

Qocanın dodaqlarına qürurlu təbəssüm qondu :

-Atamın gülləsi boşa çıxmazdı. Yaxşı ovçu idi. Bəlkə o günahsız quşların, ahuların qarğışına düşdük? O yetim quşcuğazların ahı, naləsiydi ki, atasız qaldıq, yetim böyüdük? Bəlkə də...

- Sonra... Sonra nə oldu? - deyə Saleh səbirsizliklə soruşdu.

- Dəhşət... Dəhşət oldu. Bir dəfə qış elə ağır gəldi ki, heç bir zaman o qışı unuda bilmədim. O qışın soyuğu ömrüm boyu məni üşüdüb. Lap yayın cırhacır istisində belə...

Qoca susdu. Məhzun gözlərində o qış gününün yaşatdığı ağrının, acının sonsuzluğu canlandı. Xəyallarında yenə tozlu, çirkli paltarda titrəyən, müharibənin "hədiyyələrini" əndişəylə qarşılayan kiçik, zəif uşaq qışqırır, yoldaşını haraylayırdı: "Aydın! Aydın... Aa..."

-Baba, nə oldu?

Səsdən diksinən qoca gözlərini illərin arxasından əllərini uzadaraq çağıran balaca oğlanın xəyalından ayırdı. Bu gerçək qarışıq illüziyalar ona rahatlıq vermir, həmişə ruhunu izləyirdi.

- Artıq bir neçə gündür ac yaşayırdıq. Nənəmin döymədiyi qapı qalmamışdı. Əslində hər kəs elə bizim vəziyyətdə idi. Elə bilirsən bizim qapımızı döymürdülər? Döyürdülər. Çünki ümid edirdilər, yalnız ümid. Ümid edirdilər ki, ağlayan uşaqlarını sakitləşdirə bilmək üçün çörək tapacaqlar. Məgər səhərdən axşama qədər çalışaraq işləyəndən sonra çörək tapmasalar da, ata, qardaş yolu gözləyən bu insanları yaşadan ümid deyildimi? Boğuq hıçqırtıların, aclığın, səfalətin xoş günlərlə əvəz olacağına, döyüş adlı şərin öləcəyinə inanırdıq. Hər kəs kimi biz də gözləyirdik. Gözləyirdik ki, atalarımız dönəcək. Biz də doyunca yeyəcəyik. Ova gedəcəyik. Amma yox!.. Atama yalvaracaqdım ki, daha quşlara, heyvanlara əl qaldırmasın. Çünki onların günahlarının cəzasını ödəməyə artıq gücümüz yoxdu. Biz isə gözləyirdik... Lakin gözləmək ən acı ümiddir! Sonu olmayan iztirab dolu ümid! ...

Acı çörək

Tərslikdən o qış Bəyim xala sətəlcəm oldu... O qorxunc gün çox soyuq qış günlərindən biriydi. Nənəm Bəyim xalanın başı üzərindən çəkilmirdi.

Aydınla mən qərar verdik ki, meşəyə gedib yeməyə bir şey tapar, quru budaq yığıb istisinə qızınarıq.

Soyuq adamı qılınclayır, onsuz da yalın olan bədənimizi bizləyir, külək ac canavar kimi hey ulayırdı. Aydın bədəncə zəif olduğundan aclığa dözə bilməyib tez-tez huşunu itirirdi.

Qar altında qalmış göbələk tapıb yedik. Ağac budaqları toplamaq üçün bir-birimizdən ayrıldıq. Mən bir az quru budaq yığmışdım ki, birdən tükürpədici səs eşitdim. Aydının səsi idi. Beynimdə ildırımlar çaxdı. Səs gələn tərəfə qaçdım. O, yerə yıxılmışdı. Əlini gözünün üstünə qoyub qışqırırdı. Güc-bəla ilə onu ayağa qaldırıb aparmağa çalışdıım. Getməyə belə gücü olmadı...

Ortaya ağır, qəhərli səssizlik çökdü. Salehin yenə həyəcan dolu sualı bu kədərli səssizliyi pozdu:

-Təəssüf!

- Eh ... - deyə qoca dərindən köks ötürdü. – Sən demə, bədbəxtin gözünə şax batıbmış. Kəndimizin təbibi Kərim ona çarə edə bilmədi. Rayon mərkəzinə getməksə mümkün deyildi. Yolları qalın qar örtüyü bürüdüyündən yalnız piyada, heç bir atla da getmək olmazdı.

Kəndə səs-küy düşdü. Bəyim xalanı sakitləşdirmək mümkün olmurdu. Ağlamaqdan yazıq, xəstə qadının göz yaşları qurumuşdu. Ağrının şiddətindən, aclıqdan gecə-gündüz qışqıran, inləyib ağlayan Aydına necə kömək edə bilərdik?

O hər gün çörək istəyirdi. Əlimizdən bir şey gəlmir, ona göz yaşları, ümidsiz baxışlarımızla cavab verirdik. Qışın o qar fırtınasında çörəyi haradan tapa bilərdik?

Yazıq dostum "Çörə " deyə-deyə ruhunu ölümə təslim etdi. Onun ölümü məni çox sarsıtdı. Həm də Bəyim xalanın gözləri önündə… Ana üçün ən sonsuz acı öz balasının aclıqdan ölümünü görməkdir. İndi də özümü günahkar hiss edirəm.

-O hansı günahdır, baba?

-Aydın ölərkən solğun, parçalanmış dodaqlarını zorla tərpədərək məndən bir loxma çörək istədi. Daha dözə bilmədim. Göz yaşları içində rast gəldiyim ilk qapıları var gücümlə vurdum. Dəli kimi ağlayır, soyuğu belə hiss etmirdim. Yıxıla-dura qara qərq olsam da, əliboş dönmək istəmirdim.

Yalnız Fatma xala göz yaşlarıma acıdı. Köhnə təknəsində nəvəsi üçün saxladığı çörək loxmasını könülsüz halda mənə uzatdı. Quru, kiflənmiş, göyərmiş olsa da, bir loxma çörək mənə dünya boyda sevinc vermişdi. Axı mən çörək tapmışdım. Qürurla çörəyi ovcumda bərk-bərk sıxıb dostumun yanına qaçdım.

Mən həyətə girəndə nənəmin ağısını eşitdim. Artıq gec idi. Qonşular ağlayırdı. Lakin nədənsə qadınların gözlərində yaş görə bilmirdim, sanki inildəyirdilər. Müharibə onların ruhunu əlindən alaraq, göz yaşlarını oğurlamış, qurutmuşdu .

Bəyim xala sevimli oğlunun ölümünə dözə bilmədi. Onun ağlını itirməsi məni dəhşətli dərəcədə sarsıtdı. Heç kim ona təsəlli verə bilmirdi. Oğul dərdi yazıq qadına xəstəliyini də unutdurmuşdu. Qışın o soyuq günlərində başıaçıq, ayaqyalın halda Aydının gəzdiyi hər yeri dolanırdı.

Axşamları qonşular onu qapıya söykənmiş halda görürdü. Mən daha anamı Bəyim xalaya bənzətmirdim. Qəflətən qəhqəhə çəkərək gülməsindən çox qorxmuşdum. Özümə elə acığım tuturdu ki... Kaş ki, çörəyi zamanında çatdıra biləydim.

Hər gün yoldaşımın məzarına gedirdim. Onunla sanki eşidirmiş kimi danışır, göz yaşlarımla özümü ovundurmağa çalışırdım.

Bir gün yenə onun məzarına ziyarətə getdim. Gördüyüm mənzərədən dəhşətə gəldim.

Aydının məzarı üstündə son nəfəsdəykən ona gətirdiyim çörək loxması vardı. İnana bilmədim. Bəyim xala isə saçları dağınıq, dodaqları, gözləri açıq halda qəbrə söykənərək əsla oyanmacağı əbədi yuxuya getmişdi. Nifrətlə çörək loxmasına baxdım.

O zamandan bəri çeynədiyim, yediyim hər loxma çörək mənə acı gəlir, sanki boğuluram. Bəlkə mənim qədər o loxmalar da "günahkardır"?!...

Qoca susdu. Saleh isə müqəssir kimi başını sinəsinə əymişdi.

Yalnız arabir külək əsir və əsən bu külək tənha şabalıd ağacının budaqlarını yelləyirdi. Yarpaqlarsa bu titrəyişdən riqqətə gəlirmiş kimi qayğısızcasına rəqs edirdilər.

14 sentyabr 2013
GO BACK