Qadin.NET / Afrika heç kəsi və heç nəyi bağışlamır (2-ci hissə)

Afrika heç kəsi və heç nəyi bağışlamır (2-ci hissə)

 

 

Ceyms məndəki təbəddülatı çox tez dərk etdi. O ara-sıra məni ucuz klublara, gecələr səhərəcən müxtəlif adamların ”haylay, roki-n-rol, ça-ça” vurduğu və yıxılanacan içki içdiyi yerlərə dəvət edirdi. Amma heç vaxt varlıların getdiyi məşhur kinoteatrlara, kazinolara,  restoran və otellərə aparmırdı.

Mən bu fərqə əhəmiyyət verəcək halda deyildim. Nəhayət bir dəfə Ceyms növbəti kino səfərindən sonra məni evinə dəvət etdi. Ürəyim  çılğınlıqla çırpındığı halda bir it kimi ardınca düşüb getdim. Mən müqəddəsimin yaşadığı sehrli məkanı görəcəkdim.

Ceymsin otaqlarında, xüsusilə mətbəxdə hər şey ağ idi. Qoy nə deyirlər desinlər, biz qaralar ağ  rəngi ağların özündən də çox  sevirik. Burda hər şey Ceymsin özü kimi ağ və təmiz idi.

Ceyms üç otaqlı mənzildə yaşayırdı. Bunlardan biri qonaq qəbul olunan  zal, biri iş otağı, üçüncüsü yataq otağı idi. Yataq otağında  tənzimedici işləyir, otağa  Afrikaya xas olmayan sərin bir hava doldururdu. İş  otağının divarlarındakı  rəflər, yazı masası və şkaflar  kitablarla dolu idi. Qonaq otağında heç vaxt görmədiyim əşyalar var idi. Hamam və tualet ağ kafellə örtülmüşdü, vanna, əlüzyuyan  par-par parıldayırdı. Mətbəxdə ömrümdə görmədiyim qablar, ən başlıcası soyuducu var idi. O, buradan bir şüşə viski çıxarıb badələrə süzdü və mənimlə birlikdə içdi. Sonra mətbəxdən keçib geniş bir dəhlizə gəldik. Bu dəhlizdə sadə çarpayı və bir kürsü qoyulmuşdu. Tənzimedici yoxdursa da, tavanında, o biri otaqlarda və mətbəxdə gördüyüm fenlərdən biri asılmışdı. Şəbəkə pəncərələri meşə kimi  sıx ağac dolu arxa həyətə açılırdı. Onun dəhlizə və küçəyə çıxan yolu, içində çimmək üçün vannası olan hamamı  da  ayrı  idi. Ceyms bu otağı  mənə  göstərib  gülə-gülə  dedi:

-Bu  da sənın otağın...

  Mən  diksindim.  Ömrüm uzunu 8-9  nəfərlik ailə ilə qaranlıq, pəncərəsiz,  işığı  yalnız  pərdə  salınmış  qapıdan  düşən  bircə  otaqda  böyümüşdüm.  Ömrümdə  çarpayım  olmamışdı...

Mən  sonralar bildim ki, bu  otaq mister Ceymsin  xidmətçi  otağı  imiş. Məni  bura  gətirəcəyinə  əmin  olduqda  xidmətçini  ixtisara  salıbmış... Bunu  sonra bildim. O gün isə səadətimə qovuşmuşdum. Bu  otağın  Ceyms  üçün  ingilis  dostları  və  həmvətənləri  qarşısında  xilas  otağı  olduğunu, lazım  olmadığım  zaman  buraya  qapanacağımı  bilmirdim.

O gecə  mən  Ceymslə  birgə  adət  etmədiyim  bəyaz  və  zərif  qablarda  yemək  hazırladım,  sonra  hollda  qarşı-qarşıya oturub  yedik,  hər ikimiz çoxlu viski  içdik.  Mənim viskiyə  ehtiyacım  yox  idi. Mən  onsuz  da  səadətimdən  məst  idim. O,  məndən  razılıq  almadan hər  şeyi  qət  etmişdi. Elə  birinci  gecədən  mənim  rəyimi  soruşmadan  məni  yatağına  çəkdi...

Heç   on  gün   keçməmişdi  ki, Ceymsin  evində  və  qəlbindəki  yerimi anlamağa  başladım.  Amma  getdikcə  artan  dərdimi  heç  kəsə  deyə  bilmirdim.  Mən  öz  əlimlə  arxaya  qayıdacaq  yolumu  kəsmişdim. Qohum-əqrəbam,  ən  yaxın  dostlarım  məndən  üz  çevirmişdi. Ceyms  mənimlə  bir  xidmətçi  kimi  rəftar  edirdi. İlk  günlər  hələ  birgə  yemək yediyimiz  vaxtlarda  daima  gözü  əlimdə  olurdu. Ən yaxşı  tikələri  onsuz da sevdiyimin  qabına qoyurdum.  Bunu öz qadınlıq haqqım hesab  edirdim. Buna baxmayaraq  qabımda  daha  dadlı  nə  görsə,  guya  zarafatla  qapırdı.  Onunla  yemək  yeyəndə daima daxilən qısılır, əzab  çəkirdim,  elə  bilirdim  ətimi  yeyirəm. Əslində mən heç  də  Ceymsə  yük  deyildim. Xəstəxanadan  aldığım  maaşım mənə  artıqlaması ilə bəs  edərdi.  Amma   mən  hələ  ilk  günlərdən  evimizi,  cibimizi,  xərcimizi  ümumu bir şey hesab  edib aldığım  maaşımı  da ona  verirdim. Ceyms  nəinki  özünün, hətta  mənim  də  pulumdan  bir  pens  mənə  qıymırdı. Əgər  mən  tamamilə  yeyib-içməməyi  bacarsaydım,  o, bundan  razı  olardı. Siz elə bilməyin ki, Ceyms  xəsis  idi. Yox, özünə lazım  olanda, xüsusilə  dostları  ilə  gecəyarısına  kimi restoranlarda,  özünün təşkil  etdiyi qonaqlıqlarda çox  əliaçıq  olurdu. Bu  zaman  qətiyyən  xəsislik  etmirdi. Onun xəsisliyi yalnız  mənə  idi. Heç  yadımdan  çıxmaz,  bir dəfə  əksərən qaraların  getdiyi  bir  kinoteatra  getmişdik. Evdən  tələsik  çıxdığımdan  su  içməmişdim, susuzluqdan  yanırdım. Arxasınca kino zalına girdikdə gözüm sərinləşdirici  sular  satılan  köşkə sataşdı. Yanğım bir az da  artdı. Ona  dedim: "Mənə su al". Əlini cibinə  aparanda ciddiyətlə dedi: "Burda bufetdə sular elə  bahadır ki..." Yavaşca  qolundan  tutdum. İstəmədiyimi  deyib  yerimdə  oturdum. Dilim-dodağım  təpimişdi.  Yaxşı  ki,  zalda  işıqlar  söndü. Göz  yaşlarımın  qurumuş  dodaqlarımı  necə  islatdığını görən olmadı.  Ceyms bunu  duydu, görünür  ki, narahat  oldu. Yavaşca  pıçıldadı:  “Mən  ona  görə  demədim, burda  bufet  çox  çirklidir. Xəstələnərsən, istəyirsən  gedim  alım". "Yox, lazım  deyil” dedim.

Kinodan  çıxanda  qadınlara  məxsus  tualetə  keçdim. Bir  az  sonra  foyeyə  qayıdanda  gördüm  ki, bayaq "çirkli" dediyi bufetin  yanında dayanıb sakit-sakit  məndən xəlvəti sərin  su sümürür. Şüşənin dibində azca  su  qalmışdı. Məni  görcək diksinən kimi  oldu, amma  tez  özünü sındırmayıb  "İçirsən?" dedi. "Yox" deyib yenə  imtina  etdim. Amma nə  çəkdiyimi bir olan Allah yaxşı bilir. Evdə  də  çörəyimi-suyumu gizlicə  yeyirdim.

Başqa bir vaxt da  bir kitaba 10 pens verdiyimi duyunca  "Sənə pul veriləsi, nəsə etibar ediləsi deyilsən" deyə küçənin ortasında, camaatın içində  bağırdı. Hamı bizə baxırdı. Sonralar o kitabı oxumaq istəyəndə oxuya bilmirdim, sanki  kitab  əllərimi yandırırdı.

Belə olan hallarda ona deyirdim:

 

Ardı var

15 sentyabr 2013
GO BACK