Qadin.NET / Afrika heç kəsi və heç nəyi bağışlamır

Afrika heç kəsi və heç nəyi bağışlamır


Hamının gözü müttəhhimlər kürsüsündə oturmuş qadına zillənmişdi. Hakim ona indicə söz vermişdi. Qadın qalxdı. Onu adam öldürməkdə ittiham edirdilər. Doğurdan da o öldürmüşdü. Öz ərini, cənab Ceymsi öldürmüşdü. İndi onu mühakimə edirdilər. Qadın vəkildən imtina etdiyindən indi hakimlərə, ittihamçıya, müxbirlərə, açıq məhkəməyə toplaşmış həmvətənlərinə  və qohum-əqrəbasına cavab verməli idi.

Qadın sözə başladı: "Mən onu sevirdim. Ona 3 il bundan əvvəl rast gəlmişdim. O zaman mən zəncilərə məxsus kolleci qurtarandan sonra şəfqət bacıları hazırlayan əlavə kursu yenicə bitirmişdim. Çox iş axtarmalı olmadım. Dərhal " Ric Qospital"  adlanan xəstəxanaya qəbul olundum. Bu xəstəxana əvvəllər ingilislərə aid idi. İstiqlaliyyətdən sonra həmin xəstəxanada zəncilərin də eyni hüquqla müalicə olunacağını  eşidən əsas personal-ingilislər köçüb getmiş, qanalıları müalicədən imtina etmişdilər. Bir neçə pul qazanmaq istəyən həkimdən başqa .Onlardan biri də Ceyms idi. Mən elə bilirdim ki, Ceyms qaraları  müalicədən imtina edən  həmvətənləri ilə razılaşmadığı üçün Akkarada qalıb. Mən elə bilirdim ki, o hələ ölkəsində milli təbib kursları olmayan qanalılıra acıyıb.  O,  yüksək insanpərvərlik naminə Akkarada qalıb xidmət edir. Onun üçün irq ayrı-seçkiliyi yoxdur. O, mənim nəzərimdə əsl insan kimi yüksəmişdi.Mən onu xəyalımda ucaltmışdım.Onun ən kiçik arzusu, ən adi istəyi mənimçün bir əmr idi. Bunları elə ürəkdən edirdim ki,o bunu hiss etməyə bilmirdi. Ara sıra-adət etdiyi sadə bir sözü "təşəkkür edirəm"  dedikdə bütün yorğunluğumu unudurdum".                 Qadın bir anliq duruxdu. Zalda xəfif pıçıltı keçdi. Hakim göyümtül dırnaqlı qara barmaqlarını ağ sədəf zəngə basdı, sakitlik çökdü. Qadın özünü ələ alıb, sözünə davam etdi: "Xəstəxanada mənimlə bir növbədə gənc bir qanalı işləyirdi. Biz onunla eyni vaxtda kursu bitirmişdik. O, çox gülərüz sadə bir gəncdi. Hələ kursdan mənə laqeyid olmadığını duymuşdum. Mən də qəlbimdə ona qarşı nə isə xoş bir hissin baş qaldırdığını duymuşdum. Hər ikimiz tez-tez evlilikdən söz açmadan birgə planlar qururduq. Xəstəxanada işlədiyimiz ilk aylar belə keçdi. Lap kursdakı kimi. Amma artıq Ceyms barədı düşünməyə başladıqda gənc dostum ikinci, üçüncü plana keçdi. Artıq o qədər Ceymslə məşğul idim ki, bütüm vaxtım, düşüncə və duyğularım Ceyms idi. Gənc dostuma vaxtım qalmamışdı. Onlar hər ikisi məndə olan dəyişikliyi başa düşürdü. Ceyms gənc dostumdan xəbərsiz olduğundan  heç bir düşüncəyə yol vermədən hərəkət edir,tez-tez mənə oxumağa kitablar verirdi. Kitabların çoxu məhəbbətdən, insanlıqdan danışırdı.

Gənc dostum mənim nə isə dəhşətli fəlakətə sürükləndiyimi görürdü. Amma gücsüz idi mən ona heç bir vəd verməmişdim. Qəlblərimizi bir birinə bağlayan heç bir hərəkət etməmişdim. Dostum çox qətiyyətsiz adam idi. Qətiyyətsiz olsa da görünür məni çox sevirmiş. Kaş bir qədər cürətli olaydı...Yox, kömək edə bilməzdi. Mən bütün qızlıq qəlbimlə arzu və xəyallarıml Ceyms haqda qurmuşdum. Dostum bir dəfə hətta məni  bu çirkabdan xilas etmək üçün təşəbbüs də göstərdi. Bir axşam mənə yaxınlaşıb dedi:

- Aili ,icazə ver səni ötürüm.

Könülsüzcə razılaşdım. Bunun yaxşı nəticə verməyəcəyini, onun mənə nəsə deyəcəyini duymuşdum. Buna baxmayaraq qayğısız, laqeyid bir görkəm alıb dostumula yola çıxdıq. Biz piyada gedirdik. Küçələr qaranlıq idi. O, bütün yolu susur sanki nəyisə düşünürdü. Elə mən də düşünürdüm. Onun susqunluğuna fikir verəcək halda deyildim. Ürəyim elə bir sevinclə dolu idi ki,bu gün Ceymsdən 3 dəfə "təşəkkür" , bir dəfə də "okey" almışdım. 

Afrika heç kəsi və heç nəyi bağışlamır

Qaranlıqda  nəyəsə ilişib büdrədim.Dostum cəld qolumdan yapışıb, məni arxdan adladıb qismən genış yerə çıxartdı. Nədən başlayacağını bilmirmiş kimi duruxa duruxa dedi:

-Aili səndən bir söz soruşacaqdım...Sən səhv etmədiyinə əminsənmi?

Özümü bilməməzliyə qoymadım, gizlətmədim. Onsuz da bu söhbət gec-tez olmalı idi. Yaxşısı budur ki, bu gecə qurtaraq. Dedim :

-Düşünürəm...

O, qətiyyətimdən diksindi. Sanki bunu gözləmirdi:

-Nə etdiyini bilirsənmi?

-Bilirəm.

-Təəssüf etməyəcəksən ki? Sonra peşiman olmayacaqsan?

-Yox.

-Onlarla bizimki tutan deyil Aili.

-Zəmanə dəyişib. Həm də o elə adam deyil.

O, səsində açıq kədər duyulan ahəhglə son sözünü  dedi:

-Nə olar ki, təki xoşbəxt ol. Amma hər halda mən sənı kömək etmək, səhvini anlatmaq istədim...

-Təşəkkür edirəm.

Bu da mənim son sözüm idi. Mən bununla öz dostuma, onun simasında məni  irqimə, xalqıma, ailəmə bağlayan bütün ipləri söküb atdığımı duymadan qəti qərar verdim. Dostum sözsüs-sovsuz getdi.Nə öz məhəbbətindən danışdı nə də ki, Ceymsdən. Kaş o bir qədər qətiyyətli olaydi... Bu işdə mənə kömək edəydi.

Yox mənası yox idi. Heç nə mənə kömək edə bilməzdi. Mən öz  hökmümü özüm vermişdim. Gözümə dünyada Ceymsdən başqa heç nə və heç kim görünmürdü. Nə anamım göz yaşları, nə atamın tutqun qəzəbli baxışları, nə də nənəmın qarğışları, qohum-qonşunun tənəsi.

Fikrim, məhəbbətim, arzularım kimi zövqüm də dəyişmişdi. İndi mən qoyun yununu xatırladan saçlarımı bəyənmir, onu at quyruğu kimi düz və cod tüklü pariklə əvəz edirdim. Qəhvəyiyə çalan dodaqlarıml pomada ilə, dırnaqlarımı boya ilə qızardırdım. Müasir modalı paltarları seçir, dar qısa yubka və kofta geyinirdim. Hər şeyi dəyişmişdim. Bircə bu nifrət etdiyim, lakin çarə tapa bilmədiyim üçün utandığım qara dərimi dəyişə bilmirdim. Üzümü, boynumu nə qədər ağ, xoş rayihəli pudra ilə pudralayırdımsa da olmurdu. Ağ pudra qara sifətimdə köhnə divarın qopuq-qopuq əhəngi kimi damğa-damğa qalırdı. Pis silinmiş yazı taxtası!"

Qadın yenə də durdu . Dərindən köks ötürdü və davam etdi...

Ardı var...

Müəllif: Əzizə Cəfərzadə

9 sentyabr 2013
GO BACK