Qadin.NET / Daşıya bilmirəm

Daşıya bilmirəm

       Daşıya bilmirəm

 Bərk  xəzri  əsirdi. Səsi aləmi başına götürmüşdü. Küçələrdə  gücü  çatan nə vardısa qarşısına  alıb aparırdı. Axşamüstünün bu xəzrisində Günel də qaçırdı.  Deyəsən ayağı  yalın idi. Darvazadan necə  çıxmışdısa bir gözü arxada qaçırdı. Əynində  qırmızı ev xalatı idi. Sanki indi  kiminsə  onun arxasınca  gələcəyindən və onu  yolun  yarısında tutub geri  qaytaracağından qorxurdu. Külək  saçlarını  dağıdıb, üzünə -gözünə vururdu.Bir qədər  qaçmışdı, amma  gözü arxada   idi. Günel küləyin istiqamətində qaçmırdı, əks istiqamətdə qaçırdı,  külək də bir tərəfdən qaçmasına mane olurdu, sanki, onu geri qaytarmağa  çalışırdı.  Günel bir də arxaya çevrilib  baxdıqda  qızının darvazadan  çıxaraq ona tərəf  ağlayaraq  qaçdığını gördü. Günel durmadan  qaçaraq, "tez gəl "-deyə  uşağı çağırırdı. Uşaq ananın arxasınca qaçırdı. Darvazadan  yenə də bir uşaq  ağlaya-ağlaya  çıxdı  və o da  anasının arxasınca  qaçmağa başladı. Uşaqlar  analarının arxasınca  qışqırır, ağlayır, ona çatmağa  çalışırdılar, külək də bir tərəfdən aman vermirdi. Uşaqlar  sanki qaça bilmirdilər,  amma  üzü küləyə  bir qədər getmişdilər ki,  darvazadan  daha biri, bu dəfə  yekəpər bir kişi  çıxaraq  uşaqların arxasınca qaçmağa başladı. Ana ürəyi dözmədi, geriyə qayıtdı, tələsik  ona yaxın olan böyük uşağı qucağına aldı, kiçik uşağı da  götürmək istəyirdi , amma  mümkün olmadı, yekəpər artıq kiçik uşağa çatmışdı, uşaqlar ikisi də ağlayırdı, Günel daha  kiçik uşağı götürə bilmədi,  bircə qıznı qucağına ala bildi  və qaçmağa  başladı.

"Qayıt! - deyə yekəpər  qışqırırdı- yoxsa uşağı verməyəcəyəm". Ananın  isə qızına  gücü çatmadığından  uşağı yerə qoyub əlindən tutdu və  durmadan  qızı ilə  bərabər qaçmağa başladılar. Uşaq qaça bilmirdi, ana sanki uşağı arxasınca  sürüyürdaü. Geri qayıda bilməzdi, qayıtsa yəqin ki,  yekəpər onu döyəcəkdi. Kiçik uşaq ağlayır, anasını istəyirdi. Ana isə daha  geri baxmırdı, qaçırdı, ayağı tutduqca qaçırdı. Yekəpər də bir xeyli  onların  arxasınca qaçdı, amma  Günelə çata bilməyəcəyini düşünüb kiçik uşaqla birgə geri qayıtdı.

    Günel birtəhər  özünü  atası evinə  çatdırdı. Üzü küləyə qaçdığından bərk təngnəfəs olmuşdu. İçəri  girər-girməz elə qapıdaca anasının  sual dolu nəzərləri  ona dikildi.  Ana sanki deyirdi: "Yenə nə olub?". Günel  uşağın əlini buraxıb  içəri otağa keçdi, özünü  çarpayıya yıxaraq  gücü çatdıqca hönkürməyə başladı. Küləklə çarpışdığından, yoxsa , ərinin  onu yolun ortasında  yaxalayacağından  belə bərk qorxub  ağlayırdı, ya  zərif çiyinlərnin  bu tale yükünü  daşıya bilmədiyindən  ağlayırdı, bircə onu bilmirdi, amma  ağlayırdı.

Artıq  anası da yanında idi. Başının üstündə oturub qabarlı əllərini  Günelin  saçlarında gəzdirirdi:

-Ağlama qızım, ağlama...

  Ana  qızına  həyat yoldaşı seçimində yanılmışdı. Bir zamanlar  qızı  barəsində qurduğu  o gözəl xəyalları deyəsən bir-bir  puça çıxırdı.

- Ana, yoxsa  talelərimiz  təkrar olur. Bu nədir, ana, sənin yaşadıqlarını  mən də deyəsən  yenidən çəkirəm. Mən bu yükü  daşıya bilmərəm , ana. Sənin qatlaşdığın əziyyətlərə  mən qatlaşa bilmərəm, ana. Amma  ona da  dözə bilmirəm artıq. Nə üzə bilmirəm, nə dözə bilmirəm-  deyərək içini çəkdi. Ana Güneli dinləyir, amma  heç nə deyə bilmirdi.  O , nəvəsinə  yeməyə bir şey hazırlamaq üçün mətbəxə keçdi. 

Daşıya bilmirəm

   Hava qaralmışdı, amma külək hələ də kəsməmişdi. Günel çarpayıdan qalxmaq istəmirdi, elə buradaca yatıb, yuxusuyla  bu dünyaya  əlvida demək istəyirdi. Bu zaman  qızı  da  anasının  yanına  gəldi . Uşaq  deyəsən yatmaq istəyirdi, anasının  qucağına  girdi. Günel qızını  bərk-bərk qucaqladı, gözlərində  həyat eşqi  yenidən  yanmağa başladı  və  yenə kövrəldi, gözləri doldu. Günelin anası ondan xəbərsiz  yenə başının üstündə durmuşdu, qızı ilə nəvəsinə baxırdı.

Günel hiss etdi, hiss etdi ki, anası başının üstündə durub:

-Ana, yanımızda uzan.

Ana qızının  çarpayısında  oturdu

-Ana, bizə layla oxu, mən uşaq ikən oxuduğun laylanı.

Ana  dolmuşdu ,qəhər onu boğurdu, amma  oxumaya bilməzdi ,ürəyi dolu idi  və ana  iki  əziz övladına lay-lay oxumağa başladı.Eləcə qızının telinə sığal  çəkə-çəkə  həzin səslə oxuyurdu. Uşaq  bu şirin avazın təsirindən yuxuya getmişdi, ana və qızı isə yata bilmirdi. Günel özünü yatmış kimi göstərirdi, amma  yata bimirdi.Sadəcə gözlərini yummuşdu.

Ana fikirləşirdi, ərim ya oğlum olsaydı, bəlkə qızımın  başına  bu işlər gəlməzdi. Günel də gözləri yumulu eyni şeyləri fikirləşirdi, atam  ya qardaşım olsaydı bəlkə ərim onlardan  çəkinərdi. Hər ikisi eyni  şeyləri düşünürdü, bir-birindən xəbərsiz.

Artıq səhər açılırdı. Günel oyananda  anasını başının üstündə görmədi.

Yerindən qalxdı, üstünü-başını səliqəyə saldı, əl-üzünü yuyub, saçına  daraq  çəkdi. Gəlib  hələ də yatmış qızına baxmağa başladı, oyatmaq istəyirdi və sakitcə qızını çağırmağa başladı, bu zaman  anası içəri girdi:

-Ay qızım, niyə oyadırsan, qoy yatıb.

-Yox ana, oyatmalıyam, gedirəm.

-Hara, qızım?

-Evimə gedirəm ,ana. 

- Axı...

-Yox, ana, oğlumsuz  dözə bilmirəm. Uşaq atasının yanında qaldı, bu gecə necə yatdı, necə yedi bilmədim. Bir az xəstə idi, bəlkə də gecə üstüaçıq qalıb, yenidən soyuqlayar, dözə bilmərəm, ana, oğlumsuz  dözə bilmərəm...

Qızını oyatdı, çarpayıdan düşürdü, səliqə ilə saçlarını darayıb sonra da  hördü. Və əlindən tutub həyətə çıxdılar, Günel qapıdan ayağına bir şey geyib, ata həyətindən çıxaraq  öz evinə sarı üz tutdu. Dünəndən əsən külək hələ də kəsmək bilmirdi.Dünən Güneli  geriyə qovan külək, indi onu evinə aparırdı. Bu dəfə Günelə rahat  idi, axı külək onu  öz istiqamətində aparırdı, evinə doğru. Yol boyu  nələr düşündü, nələr. Güneli qorxudan taleyin amansız  küləkləri idi.

Artıq evinə  çatmışdı.  Evinin qapısını açıb içəri girdi. Qaynanasının  sual və məzəmmət dolu baxışları ona dikilmişdi. Yekəpər  stolun arxasında oturub, səhər-səhər nə isə yeyirdi, tikələri ağzında marçıldada-marçıldada udurdu, birinci tikəni udmamış digərini ağzına dürtürdü. Heç geri də çevrilmədi.

-Gəldin? Niyə gəldin? Bilirdim gələcəksən. Gəlməyib neyləyəcəkdin ki?

7 sentyabr 2013
GO BACK