Qadin.NET / İblisin vəkili (II hissə)

İblisin vəkili (II hissə)

İblisin vəkili (II hissə)

Şəhərin səs-küyündən uzaq, təbiətin qoynunda,yaşıl meşədə istirahət başqa bir aləmdir. Göz oxşayan yaşıllıq, sakitlik, quşların cəhcəhi insanın əsəblərini dincəldir.

Oğlanlar həvəslə kabab çəkmək üçün odun tədarükü görür, qızlar isə yaşıl otların üzərinə süfrə salıb gətirdikləri nemətləri üzərinə düzməklə məşğul idilər.Yeyib-içdikdən sonra dənizə düşəcəkdilər(dənizə yaxın bir yerdə idilər). Şən səs-küy ətrafı götürmüşdü. İlahə həvəslə gətirdikləri meyvəni yuyurdu. Yanlarından şırıltı ilə bulaq axırdı, göz yaşı kimi dumduru olan bulağın suyu buz kimi idi. Hər addımında kömək etmək bəhanəsi ilə yanında olan Altay bulaqdan su götürərək qaba tökdü. Əynində  mavi rəngli idman forması olan İlahə çox gözəl görünürdü, əyiləndə açıq qoyduğu sarışın saçları bir pərdə kimi üzünü gizlədirdi. Altaya da ağ rəng köynəyi və beldən aşağı düşən dar cins şalvarı  çox yaraşırdı.  Söhbət əsnasında əli ilə alnına düşən tellərini arxaya etsə də,sözəbaxmayan tellər yenidən alnına düşürdü. Altayı tanıdıqları müddətdə ona qarşı qəribə hissləri  baş qaldırmışdı. Lakin nəzərləri toqquşanda onun baxışlarına dözə bilmirdi, sıxılırdı. Altay imkan düşdükcə ona daha çox yaxınlaşır, yanından əl çəkmirdi. İlahə gülümsünüb ondan uzaqlaşdı,  artıq süfrə hazır idi.
Faiq "kabab qanlı, igid canlı "-deyərək əlində xına kimi qızarmış şişləri tutaraq, süfrəyə yanaşdı. Bişmiş kababları qaba çəkib ,üstünə doğranmış soğan-göyərti qarışığı vurdular. Hamı süfrənin ətrafına toplandı. Məzəli söhbətlər, şən gülüşlər meşənin sakitliyini pozdu. İlahə isə həmişəkindən daha az danışırdı. Buna səbəb Altayın ona zillənmiş oğrun baxışları idi. Bir azdan süfrəni yığışdırıb maşınlara doluşdular. Dəniz kənarına düşdülər. Hava hələ tam qızmadığından su sərin idi. İlahə ayaqqabılarını soyunub əlinə almışdı, şalvarının balaqlarını islanmaması üçün qatlamışdı. Dəniz kənarı boyu ikibir, üçbir gəzişirdilər. Altay da onun yanı ilə gedirdi. Dənizin lacivərd dalğaları sahilə çırpınır, yenidən geri qayıdırdı. Göz qarşısında əsrarəngiz bir mavilik, bir gözəllik vardı .Dənizin səsi onların səsinə qarışmışdı, onlarla söhbətləşirdi sanki.  Sükutu Altay pozdu:
-İlahə, bir azdan hərəniz bir yerə gedəcəksiniz, bu il axırıncı ilinizdi. Darıxacaqsız bir-birinizçün?
-Əlbəttə darıxacam. Heç təsəvvür etmirəm onlarsız nə edəcəm?!
-Bəs məni görməsən necə, darıxmazsan?
İlahə gözlərini yerə dikib susdu. Altay qarşısına keçdi, əli ilə onun başını qaldırıb gözlərinə baxdı:
-Niyə susdun? Mən heç burdan getmək istəmirəm. İlahəm, səni tanıdığım bu az müddət içində çox sevdim. Həyatımda ilk dəfədir belə hisslər keçirirəm. Sən qarşıma çıxan gündən həyatım dəyişib.
Yer İlahənin ayağının altından qaçdı. İndiyə kimi heç kim ona belə sözlər deməmişdi. Düzdü onu sevən oğlanlar çox olmuşdu, ancaq heç kim cəsarət edib ona belə sözlər deməmişdi. Bəlkə də özü heç kimə bu ixtiyarı verməmişdi. Bütün bunlar yeni idi onun üçün, Altay xoşuna gəlirdi. Dinmədən yoluna davam etməyə başladı. Altay bildiyi bütün gözəl sözləri ona deyərək onun tam etimadını qazandı, ona öz telefon nömrəsini verdi. Hər şey bundan sonra başladı. Telefonuna gələn sevgi dolu mesajlar, hər gün dərsən çıxarkən Altayla birgə gələrkən, yolda Altayın ona dediyi şirin, sehrli, sevgi dolu sözləri onu özünü nağıllar aləmində hiss etməyə vadar idi. Çox xoşbəxt idi. Sevgi ilə dolu gənc qəlbi sinəsinə yerləşmirdi.

***

İblisin vəkili (II hissə)

 

Ceyhun Mahmud kişi ilə birgə nərd oynayırdı. İlahə onlara çay verir, uduzan Ceyhunun pərt olmasını görüb ləzzətlə gülürdü. Ceyhun İlahənin gülüşünü görüb gülümsündü, uduzması yadından çıxdı. Bu qız güləndə, dodağından qabaq gözləri gülür. Necə də gözəl yaraşır ona gülmək, görəsən özü bilirmi bunu? İlahəyə bəslədiyi təmiz hisslərini indiyə kimi dilinə gətirə bilməmişdi. Atasını erkən itirdiyinə görə, Mahmud kişini atası gözündə görürdü. Artıq neçə illərdi onu tanıdığına görə arzularından da xəbərdardı. Bilirdi ki, ən böyük arzusu İlahəni xoşbəxt görməkdi. Bu artıq Ceyhunun da arzusu idi. Ancaq fərq onda idi ki,  İlahəni o özü xoşbəxt etmək istəyird. Onu o qədər çox sevirdi ki... Bircə hisslərini dilə gətirə bilsəydi. Niyə hər dəfə danışmaq istəyəndə bütün sözlərin yadından çıxmasını anlaya bilmirdi.  Özünə acığı tuturdu,ancaq özü ilə bacarmırdı. Söz demək bir yana, utandığından İlahənin üzünə şax baxa bilmirdi. İlahə onun hisslərindən xəbərdardı, hərdən buna görə onu cırnatmağı da unutmurdu. Elə bil oğlanın hər dəfə onunla danışarkən sıxılıb, utanmasından,  rəng-verib, rəng almasından həzz alırdı.
İlahənin süzdüyü çayı içib sağollaşdı, artıq gec idi. Evə getmək lazım idi. Mahmud kişi ilə əl verib görüşdü, İlahə də göyərçinə bənzər balaca ağ əlini uzatdı. Ceyhun ağ göyərçini qabarlı möhkəm əlinə aldı, incidəcəyindən qorxurmuş kimi tez də əlini çəkdi.
Bayırda gözəl yay havası vardı. Hələ havalar tam qızmamışdı, yoxsa şəhərin bürküsünə dözmək çox çətin olur. Sərin meh bir sərinlik gətirdi canına. İlahəni düşündü, bu il ali məktəbi qurtardı. Ceyhun  alın təri ilə qazandığı pullarla öz toyunun hər hazırlığını görmüşdü. Keçən il bacısına toy etdi. Atalıq etdi ona, qoymadı kiminsə yanında başı aşağı olsun. Hər zəhmətə qatlaşıb toyunu layiqincə etdi,  kürəkən də yaxşı insandı.Hələ bir pis hərəkətini görməyib. Anası da : "Ay bala, evlən. Mən də nəvə görüm"- deyir həmişə. Əsl vaxtdı . "Görəsən anamı göndərim İlahənin özü ilə danışmamış? Yox,  yaxşısı budu əvvəl özü ilə danışım".
***
-Sən mənə inanmırsan İlahəm? Deyirəm axı sevdiyin filmi tapmışam, gedək evimə birgə baxaq, xahiş edirəm.
-Yox Altay, yaxşı düşməz. Yaxşısı budur, diski ver mənə özüm evdə baxım.
-Yoox, elə şey yoxdu. Birgə baxacayıq vəssalam. Yoxsa sən mənə inanmırsan?  -İlahə nə deyəcəyini bilmirdi, Altay artıq neçə müddətdi onu evinə dəvət edirdi. Altayı nə qədər çox sevsə də hər dəfə bir bəhanə ilə onun evinə getməyə etiraz edirdi. İndi isə Altay əl çəkmək bilmirdi:
-Film neçə saat çəkir ki, gözəlim? Birgə baxarıq, sonra sən də evə gələrsən?
Altay yalvarış dolu nəzərlərlə baxırdı ona:
-Yoox, belə olmayacaq, getdik.-İlahənin əlindən tutdu. İlahənin təəccübdən gözləri böyüdü:

-Altay nə edirsən, əlimi burax.
-Yaxşı... Onda qucağımda aparacam -Onu qucağına götürürmüş kimi əyiləndə İlahəni gülmək tutdu, ətrafa boylandı:
-Yaxşı, yaxşı özüm gəlirəm. Filmə baxıb, tez qayıdacam onsuz da.
Adətən atasından icasəz, heç yerə getmirdi. O, işdə olsa belə mütləq zəng edib icazə alırdı.İndi tərəddüd etdi, atası kəndə toya getmişdi. Bir də sabah gələcəkdi: "O gələnə artıq evdə olacam. Həm də zəng edib nə deyim?" -düşündü.
Artıq Altayın mənzilində idilər. Tək yaşamasına baxmayaraq otaqlar çox səliqəli idi.  Otaqları yığışdıran xadimə elə bu gün gəlib evə əl gəzdirmişdi. Salona keçdikdə, İlahə gözlərinə inanmadı otaqda divar boyu şamlar yanırdı, pəncərələr qalın pərdə ilə örtüldüyündən otaq qaranlıq idi. İlahənin gəzişdiyi yerlərə çiçəklər səpələnmişdi, eynən filmlərdə olduğu kimi. İlahə bir anlıq çaşdı, harda olduğunu kəsdirə bilmədi. Altay əlindən tutub süfrəyə doğru çəkdi. Süfrədə hər hazırlıq vardı. Altayın buna öncədən hazırlaşdığı hiss olunurdu:
-Xoş gəlmisən İlahəm! Ömrümə, evimə xoş gəlmisən!
-Altay, bunlara nə ehtiyac vardı? Filmə baxmağa gəlmişdik...
-İlk dəfə evimə gəlmisəm mələyim, qonağımsan. Qonaq ev sahibinin gülüdür, hara qoysa orda olar.
Süfrədə hər cür nemət vardı. İlahə həyacandan pörtmüşdü ,həzin melodiya eşidildi. Altay onunla üzbəüz əyləşdi:
-Bu musiqini çox sevirəm, sən necə bəyəndinmi? -İlahə titrək səslə :
-Hə, xoş bir musiqidir-dedi. Altay özünə və ona yemək çəkdi. Həmişəki kimi xoş sözlər, xoş söhbətləri ilə İlahənin eynini aça bildi. Özünə şərab süzdü, ona da süzmək istəyənədə İlahə əli ilə qədəhin ağzını tutdu:
-Mənə süzmə Altay.
-Alkoqolu az olan şərabdı İlahəm, təsir etməyəcək inan mənə. Əksinə insana çox xeyri var.
İlahənin qədəhin üstünə qoyduğu əlini götürüb dodaqlarına yaxınlaşdırdı:
-Sadəcə mənə yoldaşlıq et, bu qədər.
İlahə bu təmasdan diksindi. Əlini od toxunubmuş kimi hiss etdi.

İlk dəfə idi ki, şərab içirdi. Altay hər dəfəsində : "Nə olar, mənim xətrimə"- deyərək, demək olar ki, güclə qədəhi ona verirdi. Artıq beyni dümanlanırdı, Altayın hər sözünə gülürdü. Qədəhi yenidən götürmək istərkən üstünə dağıltdı. Əynindəki zoğalı rəng yüngül yay donu yaş oldu. Öz hərəkətinə güldü:
-Vaay, süfrəni nə günə qoydum. Üstümə də töküldü ki..
Yenidən cingiltili gülüşü eşidildi:
-Eybi yox indi quruyar, heç bilinən deyil. Yaxşı ki, bu donumu geyindim-başını arxaya atıb yenidən güldü. Altay yerindən durub ona yaxınlaşdı:
-Yox İlahəm ,belə olmaz. Əynində qurusa soyuqlaya bilərsən. Evdə bacımın xalatı var onu geyin. Dur ayağa o biri otağa gedək.

 

Ardı var...

27 iyul 2013
GO BACK