Qadin.NET / Gözlənilməyən oğurluq (1-ci hissə)

Gözlənilməyən oğurluq (1-ci hissə)

 

Gözlənilməyən oğurluq (1-ci hissə)

 

Nərgiz son zamanlar evlərində nə baş verdiyini anlaya bilmirdi. Onsuz da çətin olan həyatı daha da çətinləşmişdi. Həyat yoldaşı işlə əlaqədar hər həftəsonu haq-hesab apararkən, pulu əksik çıxırdı. Dəfələrlə hesablasa da əksiklik özünü göstərirdi. Evlərinə kiçik baldızı Sevda və uşaqlarından başqa kimsə gəlmirdi.

   Sevdanın həyat yoldaşı yenicə avtomobil qəzasından rəhmətə getmişdi. O gün-bu gün kimsə bir kəlmə sözlə belə xətrinə dəyməz, hörmətlə yanaşmağa çalışardı. Nərgizin onun xasiyyətindən xoşu gəlməsə də halına acıyır, hər cür köməyi ondan əsirgəmirdi. Lakin qəribə xasiyyətli bu qadın, heç nəyə qane olmur, şikayətlənir, başqalarının qeybətini edir, sonunda həyat yoldaşını yadına salıb, için-için ağlayardı. Nərgiz də ona qoşulub ağlayardı. Hər nazını çəkməyə çalışar, gedəndə çantasını boş buraxmaz, əlinə gələni yığardı.

         Hər şənbə günü gələndə,uşaqların da Nərgizin də canına qorxu düşürdü. Bu nə iş idi onların başına gəlirdi, anlayan yox idi. Sabir hər dəfə Nərgizlə dalaşır, min cür günah sayırdı. Nərgiz isə evi, uşaqları ilə məşğul olur, Sabirin verdiyi puldan başqa pula əl vurmazdı. Onun qəlbinin təmizliyinə qarşı eşitdiyi bu əsassız günahlar onu incidirdi.

   Qapının zəngi çalındı. Gələn Sevda idi. Nərgiz baldızı ilə salamlaşıb, hal-əhval tutdular. Nərgiz çay tədarükü görməyə başladı. Sevda da adəti üzrə televizyada qəmli mahnılar olan kanalı tapıb, qəmli bir görkəmlə qulaq asırdı. Nəhayət, Nərgiz süfrəyə şirniyyat və çay gətirdi. Onlar əyləşdilər. Nərgiz Leylanı və Bəhruzu da çağırdı. Onlar istəmədilər. Sevda qardaşının işini-gücünü xəbər aldı:

          -Sabir neyləyir, canı-başı, işi nə yerdədir?

           -  Eh ay Sevda, heç bilirsən başımıza nə gəlir? Vallah başımı itirmişəm. Hər həftəsonu Sabirin pulu əskik çıxır. Dəli oluruq, ay bacı. Yəni, bilinmir ki, daş hardan dəyir. O da əsəbləşir, bizi günahlandırır, uşaqların üstə düşür ki, yəqin siz aparıb məktəbdə uşaqlara xərcləyirsiniz. Onlar da, yazıq balalarım,deyib kövrəldi  Nərgiz.

         -Sən uşaqlara ciddi nəzarət elə, Nərminə yox, oğlanlara nəzarəti gücləndir, bəs evin içindən pul necə ola bilər ki.

    Sevdanın sözündən incisə də, biruzə vermədi Nərgiz, söhbəti uzatmaq istəmədi. Sevda Nərgizə dedi:

        -Sən də elə bil qoca qarısan. Niyə düşüb həyətdə oturmursan? Gəl düşək bir az təmiz havada oturaq. Təklif Nərgizin ürəyindən olmasa da çarəsiz razılaşdı. Onlar həyətə düşdülər. Sevdanın qızı Leyla kompüterin arxasında oturmuşdu deyə, çölə getmədi. Sevda da bənd olmadı. Həyətdə bir xeyli oturub söhbətləşdilər. Axşama az qalırdı, Nərgiz dedi:

           -Sevda, bir azdan qardaşın gələcək, gedək yemək tədarükünü edim, çay hazırlayım.

    Sevda dinmədi ,evə qalxdılar. Sabir bu zaman zəng çaldı və dolabın siyirtməsindən hansısa bir sənədi tapmağı tapşırdı. Nərgiz siyirtməni çəkəndə, siyirtmənin yerində düz oturmadığını gördü. Nə qədər etdisə düzəldə bilmədi:

       -Min dəfə demişəm, a bala, atanızın sənədləri olan yerə əl vurmayın. Kimə deyirsən, yenə öz işlərindədirlər. Əslində isə uşaqlar heç vaxt bu siyirtməyə əl vurmazdılar. Çünki,bu siyirmənin üstəki siyirmədə Sabirin pulu saxlanılırdı.

     Bir azdan Sabir gəldi, bacısı ilə görüşdü. Halını xəbər aldı.Sevda qaş-qabaqlı halda cavab verdi:

       -Yaxşıyıq, sağ ol. Sən necəsən?

       -Sag ol, belə də, yaxşıyam.

  Sevda yığışıb getmək istəyəndə Sabir dedi:

      -Niyə gedirsən, otur, gedərsən də. O, yenə eyni ahənglə dedi:

      -Yox ay qaqa, gedirəm, uşaqların dərsi var.

     Sevda gedəndən sonra Sabir fikirli halda dedi:

   -Görəsən bumu aparır pulumu yavaş-yavaş?

    Eşitdiyi sözdən şoka düşən Nərgizin ilk ağlına gələn bu oldu ki, ilahi,  gör dul bacısı haqqında nə danışır. Anasının yanında desə, elə bilər mən demişəm. Ona görə də əsəbi və qorxmuş bir halda dedi:

    -Utanmırsan, dul bacının haqqında belə danışmağa? Yanında demə, gedib özünü öldürər.

  Sabir əsəbi səslə bağırdı:

      -Sən vurmadın, mən yıxılmadım .Bəs kimdi bu?-deyib, əlləri ilə başını tutdu.

   Bir neçə gün keçmişdi. Uşaqlar dərsdə idilər, Sabir isə işə getmişdi. Nərgiz rəfiqəsi Arzunun xəstələndiyini eşidib onlara hazırlaşırdı. Bir az peçenye bişirmişdi.Qalan şeyləri də magazadan alacaqdılar Qapının zəngi çalındı. Gələn Sevda idi. Nərgizi geyinmiş görüb soruşdu:

       -Hara belə?

      -Rəfiqə zəng eləyib ki, Arzu xəstələnib, onun yanına gedəcəyik.

      -Hə, mən də gedirəm, elə-belə gəlmişdim, oturan deyiləm, uşaqlar aşağıda məni gözləyir.

   Nərgiz bişirdiyi şirniyyatdan baldızına da verdi:

         -Al çantana qoy, uşaqlar evdə çay içər dedi. Qalanını da büküb öz çantasına qoydu. Onlar birlikdə çıxdılar. Nərgiz içəridəki qapını örtmədi. Düşündü ki, onsuz da kilidi qırıqdır, örtsəm nə fərqi, örtməsəm nə fərqi... Çöl qapısını bağlayıb getdilər.

 

(Ardı var)

6 iyul 2013
GO BACK