Qadin.NET / Nişan üzüyü

Nişan üzüyü

Nişan üzüyü

Gülər hələ yatmamışdı. Saat 12 olardı. Oğlu ezamiyyətə getdiyi üçün bu gün də gəlmədi. Bir az oğlundan ötrü narahat idi. Ürəyinin başından keçənlərə "Allah şeytana  lənət  eləsin", deyərək yatmağa hazırlaşırdı. Kimsə qapını döyürdü, o fikirli olduğu üçün  qapının səsini  eşitmirdi, nəhayət qapı bir xeyli döyüləndən sonra Gülər o biri otağa keçib  asta-asta qapıya yaxınlaşdı,  "gecənin bu vaxtı kim olar", deyə  qapının gözlüyündən baxdı. "Hə, qonşu qızdır, görən bu vaxt niyə gəlib, yəqin nə isə vacib bir işi var", düşünərək qapının kilidini açdı.

- Nigar, nə olub, xeyir ola ?

Nigar bir az həyəcanlı  idi,  ovcunda nə isə bir şey tutmuşdu elə bil, yoxsa Gülərə elə gəldi, bir şey anlamadı.

- Gülər bacı, axşamın xeyir.

- Axşamın xeyir, qızım.

Nigar həyəcanını gizlətməyə çalışırdı, amma yenə də biruzə verirdi.

- Gülər bacı, "mənim qardaşımın bir işi düşüb, ona bir az pul lazımdır, bu üzüyü verdi ki, bir adama sat. Mən də gecənin bu vaxtı bunu kimə satım, gümanıma siz gəldiniz, dedim bəlkə aldınız", deyərək ovcunu açdı.

Gülər üzüyə baxdı. Bilmədi neyləsin. Olub keçənlər kino lenti kimi bir anlıq gözü önündən gəlib keçdi. Donub qalmışdı. Nigara baxdı, sonra da bir xeyli üzüyə baxdı, gözləri dolmağa başladı. Nə edəcəyini bilmirdi. Fikir onu uzaqlara aparmışdı. Nigarın ondan cavab gözlədiyi yadından çıxmışdı. Nigar ovcunu yenidən bağladı. Gülər sanki indi ayıldı. Əlini Nigara uzadaraq üzüyü əlinə aldı. Sanki əlləri əsirdi.  Birdən qorxmağa başladı. Nigarın ondan üzüyü alacağından qorxub qiymətini soruşdu. Tələsik içəri keçib deyilən pulu gətirdi və üzüyü aldı. Nigar Gülərə "sağ ol bacım, nə yaxşı ki, aldın, yoxsa gecənin bu vaxtı mən nə edərdim" - deyib, sağollaşaraq ayrıldı. Hər kəs  öz otağına keçdi. Axı qonşu idilər.

Gülər içəri keçdi, ürəyində  sevinc dolu bir kədər var idi. Gəlib yerinə uzandı. Yuxusu tamam  qaçmışdı. Gözlərini yumdu, yatmaq istəyirdi, amma  yuxusu gəlmirdi ki, gəlmirdi. Üzüyü  ovcunda möhkəm-möhkəm  sıxmışdı. Elə bil kimsə ondan alacaqdı.  Yadına nisgil, kədər dolu  günləri düşdü. O zaman da  belə yata bilməmişdi - əzabdan, kədərdən, qəmdən. Səhərədək fikir onu almışdı. O, pulu hardan tapsın. Anası xəstə idi. Uzun illərin xəstəsi. "Necə edim", anasının bu kədərli çöhrəsi ona bir dərd olmuşdu. Ay aman, həkimin yazdığı bu resepti almağa artıq pulum qalmayıb. Bu sağalmaz xəstəlik bizim  olan-qalanımızı bizə satdırdı. "Ana, ay ana, bəs indi neyləyim, nəyi satım" yerinə uzanar-uzanmaz  fikirləşməyə başlamışdı. Əllərini boynunun arxasına qoyub gözlərini tavana zilləmişdi. Bir yol, bir çarə axtarmışdı. Ana sağalmaz xəstəliyə tutulmuşdu. Ah, Gülərin ürəyi qövr edirdi. Arxası üstə uzana bilmədi, sağ böyrü üstə çevrildi. Dizlərini qarnına yığıb, yumaq kimi yığıldı. Ayaqlarının barmaqları buz kimi idi. Gözləri dolmağa başladı. İndi göz yaşları bulaq olmuşdu. Yaş sel kimi axırdı. Artıq özüylə bacarmırdı. İçəri otaqdan anasının öskürək və  zarıltı səslərini eşidən kimi yorğanı  başına çəkdi ki anası ağlamağını duymasın. Onsuz da anası görməyəcəkdi, çünki qalxa bilmirdi. Yox,  bu tərəfi üstə yata bilmədi, böyrü yaman ağrıdı, sol böyrü üstə çevrildi. Pulu necə tapsın, neyləsin, yenə fikirlər onu aldı. Yerinin içində o qədər fırlanmışdı ki, saçları qarma-qarışıq olub gözlərinə iynə kimi batırdı. Bu iynə sözündən də heç xoşu gəlmirdi. Bu söz elə bil  iynə olub beyninə işləyir, onun ucundan  sızan zəhərli maye isə sanki bütün vücudunu əridib yox edirdi. Bu iynələr anasının qoluna yox, elə bil Gülərin beyninə işləyirdi. Hər dəfə çanta dolu  dərmanla  aptekdən çıxanda  sanki gözləri gülürdü. Ürəyində "ala bildim" deyə sevinirdi. Elə bil anasının ad gününə  gözəl bir hədiyyə alırdı. Üzünə tökülmüş saçlarını əli ilə yuxarı daradı, bu zaman  saçları barmağındakı üzüyə ilişdi. Birdən üzüyü yadına düşüdü. Necə olub ki, mən bunu görməmişəm, üzüyə baxdı. Gözlərinə kədər dolu bir işartı gəldi. Əslində o bu üzüyü hər gün görürdü. Üzüklə bağlı əziz, kövrək xatirələri vardı.

Nişan üzüyü

Üzük qədim və bahalı üzük idi. Sevgilisinə  anasından  yadigar qalmışdı. O da bu üzüyü Gülərin nişan günündə barmağına taxmışdı. Gülər bu üzüyü nə qədər sevirdi. Nişan günündə Əli bu üzüyü onun barmağına necə taxmışdısa da xatirində  o gün silinməz bir iz buraxmışdı. Gülərin barmaqları sanki əsirdi onda. Bir röya görürdü, şirin bir röya. İndi Əli də yox idi. Onu əzablar içində qoyub bu dünyanı tərk edib getmişdi. Əlidən yadigar qalan bircə bu üzük və bir də körpəsi idi. Gülər körpə oğlu və xəstə anası ilə qalmışdı. Olan qalanını satıb dava-dərmana vermişdi. Üzüyü bərk-bərk köksünə sıxdı. Sanki  üzüyü kimsə onun əlindən alacaqdı. Deyəsən anası yatmışdı, daha həniri gəlmirdi. Gülər isə  fikirlər içində yerində vurnuxurdu. İndi də arxası üstə çevrilmişdi. Qərarı qəti idi, üzüyü kimə satsın. Hə, qonşu arvadın bu  üzükdən  xoşu gəlmişdi. Bir dəfə "gözəl üzükdür, satmaq istəsən  mən alaram" - demişdi. O zaman Gülər də üzüyü  qonşu qadına satmışdı.

Bir gün Gülər anasının solmuş  çöhrəsi ilə  vidalaşmalı oldu. "Ay ana, məni niyə qoyub gedirsən, quru nəfəsin mənə bəs idi, ay ana, sənzisliyə mən necə dözəcəm, sənsiz mən neyləyəcəm", nə qədər "ana, ana ", çağırsa da  anası  bu əbədi yuxusundan oyanmamışdı. Gülər bu illər ərzində "anam ölməyib, sadəcə dünyasını dəyişib" - deyərək özü-özünə təsəlli  verirdi.

İndi o zamandan uzun illər keçmişdi. Artıq bircə balası, Əlinin yadigarı Gülərin min bir əziyyəti sayəsində böyüyüb boya-başa çatmışdı, ali təhsil alaraq yaxşı bir işdə işləyirdi. Gülər  qalan ömrünü  oğluna  həsr etdmişdi. Çətin günləri arxada qalmışdı. Amma qəlbində üzüklə bağlı bir nisgili qalmışdı. Üzüyü satdığı qonşu da rəhmətə getmişdi, amma övladları dururdu. Gülər "yəqin üzüyü oğluna bağışlayar", deyə o zaman düşünmüşdü.

İndi Gülər üzüyü ovcunda bərk-bərk sıxaraq  fikirləşirdi "həyat necə də qəribədir". Artıq  gözlərindən  yuxu tökülürdü. Bu dəfə  ürəyində nə isə bir arxayınlıq var idi. Bir zamanlar öz əliylə  sanki bütün  xəyallarını o üzüyə büküb verdiyi  əziz  xatirəsi indi ovcunun içində idi. Ona elə gəlirdi ki,  anası indi  əbədiyən yatdığı yerindən qalxacaq və yenə əvvəlki  tək xəstə halı ilə  gözlərini  onun üzünə dikəcək, ondan  bu xəstəlikdən qurtulmaq üçün  işığı sönmüş gözləri ilə  sanki kömək diləyəcəkdi. Gülərin gözləri yumulurdu. Yuxu onu aparmışdı. Röyasında bu dəfə də  üzüyünü satdı, anasına  dava-dərman  aldı. Amma  bu dəfə anası  tamam sağalmışdı,  digər sağlam analar  kimi. "Ah, mən necə də xoşbəxtəm"  üzündə bir körpə  təbəssümü  var idi. Anası  başının üstündə  durub uşaqkən  etdiyi kimi yenə də əllərini onun alnında, telində, üzündə, gözündə gəzdirirdi. "Ana, sənsən, nə zaman  gəldin, gəldiyini  heç görmədim. Nə  yaxşı ki, gəldin..."

28 iyun 2013
GO BACK