Qadin.NET / Xəbər

Xəbər

Xəbər

 Gülxar  bekarçılıqdan  lap  darıxmağa  başladı. Otaqları o baş, bu başa  gəzdi, sonra da  bədənnüma güzgünün  qarşısında  durub xeyli qamətinə baxdı. "Deyəsən məni alan olmayacaq. Artıq 30 yaşım var, belə getsə evdə qarıyıb qalacam". Öz-özünə fikirləşdi: "Yəni heç bir oğlanın xoşuna gəlmirəm? Məhlədə gör nə qədər oğlan var, hmm, mənim yaşda olanlar artıq  evləniblər. Subay oğlanlar da məndən kiçikdir. Bir oğlan tanışım da yoxdur, yəni elə bir vasitə də yoxdur ki, heç olmasa bir oğlanla tanış olum, bəlkə xoşuna gəldim, kənddə  yaşamaq məni lap bezdirdi, şəhərdə olsaydım məni görən çox olardı və tez də bəyənərdilər. Lap fikir aldı onu, sonra  yadına düşdü ki,  evdə qalan bircə o deyil, ondan  başqa  qızlar da  var , qonşuda,  qonşu məhəllələrdə. Ürəyinə  bir az toxtaqlıq verdi. İri qara gözlərini lap aynaya  yaxınlaşdırdı, aynada  gözünün içinə baxmaq istəyirdi ki, birdən yadına düşdü ki, anası ona  dükana getməyi tapşırmışdı. Çörək, yağ, qənd və digər ərzaqlar almaq lazım idi.  "Elə bil balaca uşağam,  dükana da məni göndərirlər, bir də ki, evdə məndən başqa kimsə yoxdur axı, özüm getməliyəm"  Pulu və səbəti götürüb evdən çıxdı.

           Hava  getdikcə istiləşirdi, günortaya az qalırdı. Gülxar ərzaqları almaq üçün  qonşu məhəlləyə getməli idi. Yolu bir qədər uzun idi. Xeyli getmişdi, dükana çatmağa az qalırdı. Uzaqdan Güləxanım nənə görünürdü. Küçə qapısının ağzında durmuşdu. Əllərini belinə qoyub  yuxarı-aşağı gedənə tamaşa edirdi. Bəzilərini yolundan saxlayıb, nə isə danışır, elə hey üyüdüb tökürdü. Kim idisə  söhbəti bitirib Güləxanım nənədən uzaqlaşdı. Tək durub baxırdı, deyəsən yenə də danışmağa adam axtarırdı. Gülxarı  ürəyində gülmək tutdu,  onunla danışmaq üçün beynindən keçənləri götür-qoy etdi. Artıq nənəyə çatırdı, bir anlıq fikirləşdi ki, görəsən bu arvad  xəbəri neçə dəqiqəyə yayır, Güləxanım nənənin bildiyi xəbəri  bir-iki dəqiqənin içində bütün kənd bilməlidir. Bəlkə yoxlayım, görüm, bəlkə deyim ki, rəfiqəm  Dilşad  qaçıb,  elə-belə yalandan. Artıq nənəyə yaxınlaşmışdı. Salaməleykum  edəndən sonra , "Sən necəsən? Mən yaxşıyam. Bəs sən necəsən? Mən də yaxşıyam". Bu şablon hal-əhvaldan sonra, Gülxar bir anlıq duruxdu, sonra  "Güləxanım nənə, deyirlər  Dilşad bir oğlana qoşulub qaçıb" deyərək ondan uzaqlaşdı. Güləxanım nənə  Gülxarı çağırsa da, Gülxar " Tələsirəm" deyib  yeyin addımlarla ondan uzaqlaşdı.  Nənəni  fikir aldı, görəsən düz deyir, belindəki adyalı  möhkəm dartıb  arxadan düyününü  bərk-bərk çəkdi. Nə isə fikirləşirdi.

          Gülxar dükana çatmışdı, ərzaqları almağı bir qədər çəkdi. Alış-veriş edəndən sonra evə döndü. Günəşin istisi  adamın lap başına vururdu. İstidən yerimək olmurdu. Birtəhər yaşadığı məhəlləyə çatdı, elə qapının ağzına çatmışdı ki, qonşu qız onu yaxaladı:

         - Ay qız Gülxar, deyirlər rəfiqən Dilşad  bir oğlana  qoşulub qaçıb.

         Gülxar bir anlıq əlində dolu səbət yerində ləngər vurdu, iri ala gözlərini biraz da  iri açdı, boğazı istidən qurumuşdu, ya nədən idi, elə bil kim isə ortadan iti ülgüclə kəsirdi, qulaqlarında sanki şimşək çaxdı. Nənə xəbəri  ildırım sürətilə yaymışdı.

15 iyun 2013
GO BACK