- Ə, barı əmi demə, de Çaxır Tahir. Mənə əmi deyirsən, özü də itqusdu atın üstündə ölümə aparırsan.
Əliqulu susdu. Bir az fikirləşib, doğurdan da Tahiri atın üstündə saxlasa kim bilir nə olacaq. Birdən həqiqətən də O, geri qayıtmadı? Demək bir insanın həyatına bais olacaq. Onu buraxsın, onda nə olacaq? Çox götür-qoydan sonra qərara gəldi ki, yola çıxanda Çaxır Tahiri buraxsın. Yola çıxanda fikrini dəyişdi. Fikirləşdi ki, onsuz da Çaxır Tahirin ölməyi qalmağından daha yaxşıdır. Onsuz da O, sağ qalsa, qaçaqlar tapıb öldürəcəklər. Ona görə də Əliquludan onu buraxmağını istədi. Cavab gəlmədiyini görüb, yalvarmağın faydasız olduğunu anladı və birdəfəlik susdu.
Əliqulu Qalaya çatha-çatda dağın birinin hündür yerində atın cilovunu iri qayaya bağlayıb, silahını və atın üstündəki xurcununu götürüb yerə düşdü. Ordan-burdan ot-ələf toplayıb, xurcununa doldurub keçirtdi atın boynuna. Çaxır Tahir Əliqulunun ata necə qulluq etdiyini görüb dedi:
- Qohum, Allahın atı qədər də mənim qiymətim olmadı? Balam ona yem topladın verdin, bəs mən nə olacam?
- Sən, Tahir əmi, mənim geri qayıtmağımı gözləyəcəksən. Allaha dua edəcəksən ki, ölməyim. Çünki mənim ölümüm, möcüzə baş verməsə, elə sənin ölümün olacaq.
Çaxır Tahir dodağının altında nəsə dedi, amma, Əliqulu başa düşmədi. Ona elə gəldi ki, Çaxır Tahir kəlmeyi-şəhadət gətirir. O, vaxt itirmədən oradan uzaqlaşdı.
Qala divarlarına çatanacan az qala qaça-qaça getmişdi. Susundan ciyəri yanırdı. Qala divarının lap yanından axan arxı görüb özünü suya yetirdi. Doyunca içdi, əl-üzünü yudu. Sudan boynuna-boğazına, sinəsinə sürtdü. Özünə gəlib arxın axarının əksinə divar kənarıyla irəlilədi. Axır ki, qalaya girmək üçün əlverişli yer tapdı. Qala divarı həmin yerdə təməlinəcən də olmasa ordan az yuxarıyacan uçmuşdu. O, bünövrənin üzərindən qala divarını aşıb, qalaya girdi. Gün günortanı keçmişdi. Günün bu vaxtı, isti adamı yandırdığı vaxt çətin ki, qaçaqlardan hansısa buralara keşik çəkə. Çünki, kimin ağlına gələ bilərdi ki, Əliqulu Çaxır Tahiri tərksilah edib təkbaşına hücum çəkəcək qaçaqlara. Onun bu ehtimalları özünü doğruldurdu. Əliqulu maneəsiz-filansız düz rus ofiseri saxlanan qapıya qədər gəlib çıxdı. Ətrafa göz gəzdirdi. Heç kim gözə görünmürdü. O, qapının çöl tərəfindən qapını bağlamaq üçün istifadə edilən qalın ağac parçasını götürdü. İlk əvvəl qapını özünə tərəf çəkdi, açılmadığını görüb içəri tərəfə itələdi. Qapı azacıq aralandı. Bu dəfə O, qapını daha bərkdən itələdi, qapı cırhacırla azacıq da aralandı. İçəridə kimsə bir neçə dəfə öskürdü. Əliqulu dayandı. Ona elə gəldi ki, içəridə öskürən rus ofiseri deyil. O, əl saxlayıb bir az ətrafına göz gəzdirə-gəzdirə gözlədi. Öskürən adam bu dəfə zarıdı, rus dilində “Oy mama” dedi. Əliqulu axtardığı yeri tapdığına tam əmin olub, var gücü ilə qapını itələdi. Qapı bir az da aralandı amma açılmadı. Bir neçə cəhddən sonra axır ki, Əliqulu adam keçəcək qədər qapını aralaya bildi. İçəri keçdi. Qapının ağzını günəş işıqlandırsa da içəri qaranlıq idi. Əliqulu gözü qaranlığa öyrəşənəcən yerindən tərpənmədi. Elə ki, gözü qaranlığa öyrəşdi, rus ofiserinin zarıdığı tərəfə getdi. Yanılmamışdı, bu o idi. Əliqulu ona yaxınlaşıb
-Yoldaş ofiser, siz qalxa bilərsiniz? – deyə zabitdən soruşdu.
Rus ofiseri cavabında ondan soruşdu:
-Sən kimsan?
-Deyəsən tanımadınız məni, Əliquluyam. Atobusda birgə gedirdik.
-Xa, malodoy çelovek tanıdım.
-Qalxa bilərsiniz, yoxsa sizə kömək edim? – Əliqulu soruşdu.
Rus zabiti divardan tutaraq zarıya-zarıya ayağa qalxdı, dikəlib dedi:
-Mane su istər. İki qun su yox.
Əliqulu zabitin su istədiyini anlayan kimi onun qoluna girib,
- Getdik – deyib onu çölə çıxardı.
Rus zabiti çölə çıxan kimi döyülməkdən suluqlanmış gözlərini qapadı. Əliqulu onu divara söykəyib, qapını örtdü. Ağac parçasını da keçirib Zabitə dedi:
- İndi gedək, siz yuyunub özünüzə gəlin, sonra qızınızı qurtarmağa gedəcəyik.
Zabit qızının haqqında eşidən kimi sanki canlandı.
-Yox man heç na yox, kızım qde ora gedak.
- Darıxmayın, onun yerini öyrənmişəm. Siz özünüzə gəlin, köməyinizə ehtiyacım var.
Əliqulu rus zabitini gəldiyi yolla aparıb, qala divarının yanıyla axan arxın üstünə çatdırdı. Zabit acgözlüklə doyunca sudan içdi. Yaxşıca yuyundu. Sonra Əliquludan soruşdu.
- Kızım xarda?
- İndi gedəcəyik onu xilas etməyə. Sizinn üçün silah da əldə etmişəm. Alın götürün, bu tapanca, bu da güllələri.
Əliqulu Çaxır Tahirin tapancasını və güllələrini rus zabitə verdi. Beş dəqiqə də gözlədikdən sonra Əliqulu rus zabirinə:
- İndi gedə bilərik. Ancaq, baxın siz özünüzü yaxşı hiss etmirsinizsə, burda qalın. Mən Lidanı xilas edim, birlikdə qaçaq.
Rus zabiti qalxıb şax dayandı.
- Man yaxşı, von! – deyib baş barmağını yuxarı qaldıraraq Əliquluya döyüşə hazır olduğunu nümayiş etdirdi.
Əliqulu gördü ki, rus zabitində adamlıq qoymayıblar. Onun üz-gözü göm-göydür. Gözləri şişib, tuluqlanıb. Dodaqları da lap zənci dodaqları olub. Sifətinin sağ tərəfində iri kəsik yeri var, boyun boğazı cırıq-cırıqdır. Ona elə gəldi ki, bu vəziyyətdə rus zabiti nəyinki ona kömək edəcək, əksinə mane olacaq. Ona görə zabitə dedi:
- Gəlin belə danışaq. İlk əvvəl biz hücum edək atlar olan tövləyə. Orda qaçaqlardan varsa onları aradan götürək. Özümüzə lazım olan atlardan seçib saxlayaq. Atların qalanını qaladan uzaqlaşdıraq. Siz də seçdiyimiz həmin atları bax elə bura gətirib məni gözləyin.
Zabit qəti şəkildə etiraz etdi. Lakin Əliqulu onun etirazını qəbul etməyərək dediyindən dönmədi və ona dedi:
- Yoldaş ofiser, siz qızınızın sağ-salamat qurtarılmasını istəyirsinizsə, xahiş edirəm mənə qulaq asın. Əks halda biz hər şeyi korlaya bilərik.
Rus zabiti birdən soruşdu.
- Bas san neça ozunu spasal?
Əliqulu ona cavab verdi.
- Bu uzun söhbətdi, sonra danışarıq, indi isə gedək.
Əliqulu rus zabiti ilə özünün saxlandığı yerə - qaçaqların at tövləsinə gəldi. Atlardan üçünü seçib onları yedəkləyərək zabitə dedi:
- Siz atları indicə yuyunduğunuz yerə aparın, mən də Lidanın ardınca gedirəm.
Rus zabiti kəskin və amiranə şəkildə:
- Man da!
- Xeyr, biz danışdıq axı, siz mənə mane ola bilərsiniz. Sizin özünüzə kömək lazımdır. Bu vəziyyətinizdə yeriyirsinizsə buna min şükür. Xahiş edirəm, mənə kömək edin atları aparın arxın yanına.
Rus zabiti bir neçə dəfə yenə də təkidlə onunla qalmaq, qızını xilas etməkdə iştirak etmək istədiyini desə də Əliqulu razı olmadı. Rus zabiti seçdikləri üç atı və qalan atları özüylə apardı. Əliqulu ona tapşırmışdı ki, seçdikləri üç atı saxlasın, qalanlarını buraxsın meşəyə. Çünki, işdir birdən qaçaqlar onları tətbiq etməyə qalxsalar ən azından atlarını tapana qədər onlar aradan çıxa bilərdilər. Beləliklə rus zabiti başını bulaya-bulaya atları arxasına salıb Əliqulu deyən yerə tərək getdi.
Əliqulu isə Çaxır Tahirin nişan verdiyi yerə- Lidanın saxlandığı Dəmir Qulamın ”Gərərgahına” tərəf yollandı.
Hava isti olduğundanmı, yoxsa təsadüfdənmi ətrafda heç kim yox idi. Ona deyilən yerə çatanda da Əliqulu heç kimsəylə rastlaşmadı. Ancaq Dəmir Qulamın otağına çatanda yanaşı otaqdan qulağına səs gəldi. İki nəfər bir-biri ilə danışırdı. Onlardan biri deyirdi. “Surxay, sən ölsən, Zəli bizim axırımıza çıxacaq, gəl hələ ki, gec deyil aradan çıxaq” O biri isə “Aradan çıxdıq, hara gedək? Azadlıqda hökumət axtarır, burada da Zəli minib-çapır.” – deyə cavab verəndə əvvəlki qaçaq ona dedi: “Qaçaq İrana, ordan da Türkiyəyə” Əliqulu qapı arxasından onların söhbətlərinə qulaq asıb anladı ki, qaçaqlar belə həyat tərzindən cana gəliblər. Ağlına gəldi ki, ən azından içəridə danışan qaçaqlardan can qurtarmaq üçün qapını çöldən bağlasın. Belə də etdi. İri ağac parçası tapıb keçirdi qapının çərçivəsinə. Qala qapılarının əksəriyyətində qapını çöldən bağlamaq üçün xüsusi yer düzəldilmişdi. Bunu qaçaqların yoxsa elə əvvəldən qalanı tikənlərin özlərinin etdiyini Əliqulu təyin edə bilmədi. Əlbətdə ki, heç yeri də deyildi.
Əliqulu Dəmir Qulamın qaldığı yerə qəflətən gözlənilməz hücum edib içəridəkiləri güllələyib, Lidanı götürüb özünü atlara çatdırmağı düşünürdü. Ürəyində Allahdan ona qüvvə və kömək diləyib, bir neçə dəfə dərindən nəfəs alıb qapıya tərəf getdi. Çiyni ilə qapıya zərbə vurub qapını açdı. Dəmir Qulamın otağında arıq çəlimsiz bir nəfər qəflətən içəri girən silahlı gənc oğlanı görən kimi yerindən sıçradı. Əllərini göyə qaldırıb “Mən təslim, öldürmə!” deyə Əliquludan aman istədi. Əliqulunun gözləri Dəmir Qulamı axtardı və tapdı. Əllərini qaldırıb aman istəyən qaçaqdan ikicə metr aralıda saqqallı, arıq biri gecə geyimində yatmışdı. Əliquluya elə gəldi ki, əllərini qaldırıb aman dinləyən Dəmir Qulamın xidmətçisidir. Ancaq, ona etibar etmək olmazdı. Ona görə də Əliqulu beşaçılanının qundağıyla düz onun boğazından bir zərbə endirdi. Qaçaq heç xırıldamadı da arxası üstə yerə sərildi.
Hələ ki, Əliqulunun işi istədiyi kimi gedirdi- maneəsiz. İçəridəki tarak-turak, danışıq Dəmir Qulama təsir etməmişdi. O, necə arxası üstə yatmışdısa, eləcə də yerindəydi, heç tükünü də tərpətmirdi.
Əliqulu sakitcə otağın içindəki Çaxır Tahirin nişan verdiyi daş qapıya tərəf getdi. Ancaq, tez-tez dönüb Dəmir qulama baxırdı. O, isə öz “kefindəydi.” Əliqulu qapını itələdi, qapı açılmadı. Geriyə özünə tərəf çəkdi, yenə qapı açılmadı. Ona elə gəldi ki, Lida qapını arxadan bağlayıb. Ağzını qapının çərçivəsinin boş yerinə dirəyib yavaşca “Lida qapını aç mənəm Əliqulu.” O, belə deyib təkrar Dəmir Qulama baxdı. Qulam isə xorha-xorla yatmağında idi. Arada dərindən nəfəs alıb-verir, ilan kimi fişıltı səsi çıxarırdı. Otaqdan spirt iyi gəlirdi. İy aləmi götürmüşdü. Əliqulu yəqin etdi ki, Dəmir Qulam keflidir, möhkəm içib, yatır. Çünki, onun yatdığı taxta çarpayının altında iri parç, bir neçə şüşə balon və çölmək qabı vardı. Hadisələrin belə cərəyan etməsi hələ ki, onu qane edirdi. Ancaq, di gəl ki, nə Lida onun çağırışına cavab verdi, nə də onun qapını açmaq cəhdi baş tutdu. Əliqulu fikirləşdi ki, Çaxır Tahir doğru deyib, dəmir Qulam oyanmasa öz köməkliyini etməsə çətin ki, o, qapını aça bilsin.
Vaxt isə gözləmək bilmirdi. Hər an, hər saniyə vəziyyət dəyişib alt-üst ola bilərdi.
Əliqulu daha bir neçə dəfə qapını gah içəri, gah çölə dartışdırdı. Gücünü qapıya tətbiq etdi lakin, nə fayda, qapı açılmadı. Lidadan da səs çıxmadı. Əliquluya elə gəldi ki, ya Lida Çaxır Tahir dediyi kimi o otaqda yoxdur, (bəlkə də onu ayrı yerə aparıblar...) ya da onun ağzını bağlayıblar ki, səsi çıxmasın. Ona elə gəldi ki, yəqin onu aparıblar. Çünki, ən azından Lida mızıldaya bilərdi ki, bu da kifayət edərdi onun içəridə olduğunu bilməyə. İstənilən halda Əliqulu həmin otağa baxmalıydı. Çünki, hər şey ola bilərdi. Əlbətdə ki, Əliqulunun Lidanı axtardığı otaqda olması daha çox qane edirdi. Çünki, bu halda qaçaqların ona hələ ki, toxunmadığı ehtimalı çox idi.
Əliqulu qapıya güc gələ bilmədiyini görüb Dəmir Qulama yaxınlaşdı. Vurduğu qaçaq ağzı üstə döşəməyə necə düşmüşdüsə eləcə də qalmışdı. Bəlkə də bilərəkdən tərpənmirdi, kim bilir... Ancaq Əliqulu hər dəfə onun yanından oyan-buyan keçdikcə ehtiyyatlanırdı.
O, Dəmir Qulamın lap taxta çarpayısına yaxınlaşdı. Əyilib onun başı altına qoyduğu şalvarını götürdü. Dəmir Qulam heç qımıldanmadı da. Necə ilan kimi fışıldaya-fışıldaya yatmışdısa eləcə də yatırdı. Əliqulu onun şalvarından uzun rus kəmərini açdı, ilgəh edib Dəmir Qulamın ayağına keçirdi, var gücüylə çəkdi və Qulamla döyüşə hazır dayandı. Amma döyüş və ya müqavimət baş vermədi. Dəmir Qulam ayılmadı. Əliqulu Dəmir Qulamın qollarını da qoşalaşdırıb bağladı. Sonra onu bir neçə dəfə dümsüklədi. Dəmir Qulam ayılmadı ki, ayılmadı. Bu dəfə Əliqulu əl atdı taxta çarpayının ayaq tərəfindəki satıldakı suya, iri parçla suyu götürüb tökdü Dəmir qulamın üzünə. O, gözünü açıb, nəsə mızıldadı. Ağzından çıxan sarımsaqla çaxırın iyi ətrafı bürüdü. Əliqulu burnunu tutub satıla tərəf getdi, qaldırıb satıldakı suyun hamısını Dəmir Qulamın başına tökdü. Dəmir Qulam yerindən sıçradı, ancaq, qalxa bilmədi. Özünü əli-ayağı bağlı görüb söyüşün biri bir qəpikdən səpələdi ətrafa. Başı üzərində Əliqulunu görüb çaşqın halda.
- Alə anası... sən kimsən alə? – deyə soruşdu.
Əliqulu soyuqqanlı şəkildə
-Mən əzrayılam, gəlmişəm sənin canını alam dedi:
- Mənim? – deyə dəmir Qulam təəccüblü halda soruşdu və əlavə etdi – mənim canımı alanın iki canı olsun gərək. Oğraş köpək oğlu, sərxoşluğumdan istifadə edirsən. Bilsən Dəmir Qulam bunu sənə bağışlamayacaq.
Əliqulu gülə-gülə
- Gəl hərbə- zorbasız kişi kimi danışaq. Mənə sən lazım deyilsən, o biri otaqdakı qız lazımdır. Sən onu mənə verirsən mən də sənin əl-ayağını açıb sakitcə çıxıb gedirəm. Sizdə necə deyərlər “bir daş altdan, bir daş üstdən” sən “pazordan” qurtarırsan mən də əmanəti yiyəsinə çatdırıram.
Dəmir Qulam bir neçə dəfə dartındı, qışqırdı lakin, çənəsinə dirənmiş beşaçılan onun səsini boğdu. Dəmir qulamın gözləri böyüdü. Çəlimsiz bədəni tir-tir əsirdi.
- Deyəsən anlaşmağa başlayırıq, yoldaş Dəmir Qulam. Mən səninlə zarafata gəlməmişəm. Özü də bilirsən səni öldürməyəcəyəm. Sənin alnına xaç çəkib gedəcəyəm, bu sənə ölümdən betərdi, bunu bilirsən. Onsuzda mən qızı aparacağam, ancaq, sən fikirləş ya xoşduğnan qızı azad edirsən, mən gedirəm, sən yatmağına davam edirsən, biabırçılıqdan qurtulursan, mən də öz istəyimə çatıram, ya da “Fironluğuna” son qoyulur.
-Dəmir qulam başını tərpətdi, bu razılıq işarəsi idi.
Əliqulu gördü ki, burda da işi rast gəlir, soruşdu:
-Qapını necə açım?
Dəmir Qulam mızıldandı.
- Aç əl-ayağımı, kişi sözü, özüm açacağam. Sənə ananın südü halaldır ələ. O qıza da.
Əliqulu sakitcə onun əl-ayağını açdı. Dəmir Qulam da verdiyi sözünə xilaf çıxmadı. Qalxıb qapıya tərəf getdi, bir əlini qapının üstündəki rəzəyə ilişdirib, o biri əliylə kilid yerinə barmağını soxdu və itələyib qapını açdı. Lida yerdə döşəyin üstündə cırıq-cırıq pal-paltarda uzanıqlıydı. Dəmir Qulam Lidanı göstərib dedi:
- Götür apar. Ona toxunulmayıb çünki, özünə gətirə bilmədik, belə vəziyyətdə ona yaxınlıq kişilikdən döyüldü. Bizim də öz qanunlarımız var. Get, ancaq, bir saat vaxtın var. Bir saatdan sonra dalınca gələcəyik, ələ keçsən aman diləmə qədeş. O, belə deyib qıza – Lidaya tərəf getdi. Onun başı üzərində durub əlavə etdi – Yaxı gəl onu mindirib kürəyinə aradan çıx.
Əliqulu Lidanı çarpazına boynuna alıb, Dəmir Qulamın otağından çıxdı. Demək olar ki, qala divarının dibinə qədər qaça-qaça getdi. Ora çatar-çatmaz Zabiti səslədi:
-Yoldaş zabit, atı bəri sür!
Əliqulu Lidanı öz atının üstünə qoyub özü də ata mindi. Artıq rus zabiti də atlamnışdı.
Əliqulu zabitə:
-Min şükür Allaha, qansız-qadasız onu xilas etdim. Amma bir saat vaxtımız var. Bu vaxt ərzində mümkün qədər burdan uzaqlaşmalıyıq. Onlar bizi təqib edəcəklər. Şərtimiz belə olub.
Beləcə düzəldilər yola. Lida Əliqulunun atında, rus zabiti isə öz atının belində, yedəyində daha bir at dağ aşağı enməyə başladılar.
Bəlkə də indiyə kimi heç kəs bu yolla at üstündə yenməmişdi qala altından. Hər şeyin ikili çətin olduğu kimi yol da çətin idi.
Ardı var...