Qadin.NET / Əhd-peyman

Əhd-peyman

  

Əhd-peyman

 

Yenə yaz gəlişi ilə bütün təbiəti, insanları, həyatı canlandırmışdı. Aprelin 10-u... Nazilənin ən əziz, ən kədərli günü... Bu gün ona görə əziz idi ki, onun ilk görüş günü idi. Ömrünün ən əziz, ən şirin xatirələrini yaşadığı gün... Ramizlə ilk görüşü... Bütün bədənini titrədən, səsini titrədən, üzünü allandıran bir ecazkar qüvvəni özündə həmin gün kəşf etdi...

Yenə həmin gün, ömrünün ən əziz günü... Son görüş, son ayrılıq... Ona ömrünün ən əziz dəqiqəsi ilə birgə həyatının ən acı dəqiqələrini yaşamağı bəxş edən gün...

Həmin gün o, Ramizi gül-çiçəklə, təyyarə meydanında yola saldı. Ramiz özünü əsl təyyarəçi kimi aparırdı. Axı bu gün nişanlısı Nazilə onu növbəti uçuşa yola salırdı. Bir həftədən sonra toyları olacaqdı.

Müharibənin çox qızğın vaxtları idi. Torpaqlarımızın çox hissəsi düşmən tapdağı altında idi. Ölkədə vəziyyət çox pis olmuşdu. Üzdəniraq qonşularımızın bizimlə müharibəsi bütün cavanlarımızın qolunu-qanadını qırmışdı. Bütün cavanların qəlbində vətənimizin düşmən tapdağı altında olan torpağının geri almaq ümidi var idi.

Hər iki tərəf toy tədarüklərini görmüşdülər. Dəvətnamələr də yazılmışdı... Lakin səkkiz saat sonra gələn teleqram hər şeyi alt-üst etdi.

Aprelin 10-u... Nazilə həmin gün özünün ən çox sevdiyi paltarı geyinər, iri, böyük bir gül dəstəsi bağlatdırar, rayondan Bakıya, Ramizin görüşünə gələrdi. O, Ramizlə ancaq ürəyində görüşürdü. Onun şəklinə baxıb, dərdlərini ancaq şəkilləri ilə bölüşürdü.

Həyatın necə də qəribə qanunları var. Beş il bir-birini sevəsən, həsrətini beş il çəkəsən. Bir-birinə qovuşmağa beşcə gün qalmış, vüsalla göz-gözə duran həsrət, vüsalın qapılarını bir dəfəlik onların üzünə bağlı qoya.

Niyə belə qəddarsan, dünya! Bu bahar ömrə gül xəzəlini necə qıyırsan, dünya? Məgər bir az insaflı ola bilməzdinmi? Onların baharını solmaz gül-çiçəklə əvəz edə bilməzdinmi? Ramiz təki igidin ölümünə necə qıydın, dünya? Eh, dünya, dünya, dünya...

Düz yeddi ildir ki, Nazilə bu dərdi özü ilə daşıyır. O, öz Ramizi ilə ürəyində yaşayır. Ürəyində onunla hər sirrini bölür. Hər məsləhətini ondan alır. Ancaq ürəyində, bir də yuxularında...

Əhd-peyman

Bütün kənd onu danlayır. Neçə yerdən, Ramizdən də qəşəng, cəsarətli oğlanlar ona elçi göndərib, hamısına yox deyib, onları qapıdan qovur.

Axı biz Ramizlə əhd-peyman bağlamışıq. Əhdimizi poza bilmərəm. Onun əhdini amansız qəfil ölüm pozdu. Mənim əhdimi də ölümdən başqa, heç bir qüvvə poza bilməz. Mənim ürəyimə ancaq Ramizin məhəbbəti, həsrəti sığır. Ondan başqa orda heç kəsə yer yoxdur. Görüşlərimizdə həmişə o mənə gül-çiçək gətirərdi. Axırıncı görüşümüzdə isə mən ona gül-çiçək gətirmişdim. Elə həmin gündən sonra gül-çiçək gətirmək mənim vəzifəm oldu. Bu həyat, bu amansız ölüm, bir də bu amansız müharibə - onu mənə bəxş etdi.

Azərbaycanımızın çox şəhidlərinin nisgilli Nazilələri var. Amandır, qoruyun onları, qoruyun onları... Şəhid Ramizlərimizin ruhu xətrinə...

Ağanənə Seyidqızı

28 may 2013
GO BACK